Məhkəmə qərarları › İş №2-1(114)-1105/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1105/2025

03.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1105/2025 03.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “ona güzəştli şərtlərlə əmək pensiyasına hüquq verən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasına hüquq verən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o, 1985-ci ildən Gəncə 4 saylı Enerji Təhcizatı sahəsi Qazax dartma yarımstansiyasında elektrik mexaniki vəzifəsində işləyir. İşlədiyi sahə birbaşa zərərli sahədir və buna görədə dövlət tərəfindən ona və digər işçilərə zərərə görə əlavə ödəniş verilir. Həmin sahədə iddiaçı ilə birlikdə eyni vəzifədə işləyən iş yoldaşları zərərli sahədə çalışdıqları üçün güzəştli şərtlərlə əmək pensiyasına çıxmışlar və hazırda da həmin sahədə işləyirlər. İddiaçı 60 yaşı olduğu üçün işlədiyi sahədən zərərə görə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq istəmiş və bu barədə DSMF tərəfindən bildirilmişdir ki, onun yaşı zərərli sahədə işlədiyi üçün əmək pensiyasına çıxmasına imkan verir, lakin iddiaçının işlədiyi müəsissə tərəfindən “şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış” verilməlidir ki, pensiya təminatına baxılsın. İddiaçı işlədiyi Gəncə 4 saylı Enerji Təhcizatı sahəsi Qazax dartma yarımstansiyasından arayışı tələb etmiş, cavab olaraq həmin sənədin baş idarə tərəfindən verildiyi bildirilmişdir. İddiaçı hazırkı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixdə yazılı şəkildə müraciət etmiş və ona həmin arayışın verilməsini xahiş etmişdir. xx.xx.2024cü il tarixdə cavabdeh təşkilat "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ona həmin arayışın verilməsindən imtina cavabı gəlmiş və imtinada bildirilmişdir ki, onun işlədiyi vəzifə yəni elektrik mantyoru və elektrik mexaniki vəzifəsi peşəsi zərərli sahələrə aid edilmir. Odur ki, iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı hazırkı işə irəli sürdüyü iddia tələbi şəklində baxaraq iddianın təmin edilməsini xahiş etdi. İşin halları 112 nömrəli xidməti vəsiqədən görünür ki, İddiaçı "xxxx" QSC İnfrastruktur Departamentinin 4 nömrəli X1 sahəsi DYS Qazax idarəsində elektrik mexaniki vəzifəsində işləyir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024 tarixli “müraciətin baxılmasının nəticəsi haqqında” məktubdan görünür ki, vətəndaşların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ çalışdığı işin zərərlilik dərəcəsinə, işçinin əmək funksiyalarını icra etməsinin keyfiyyət göstəricilərinə və yaxud digər amillərə əsasən deyil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən müəyyən edilir. İddiaçı ADY-nin X1 sahəsində işlədiyi dartı yarımstansiyasının elektrik montyoru və elektrik mexaniki vəzifə və peşələrinin sözügedən Siyahılara daxil olmaması səbəbindən müvafiq vəzifə və peşələr üzrə mövcud sosial sığorta (əmək) stajı əlavə etməklə Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavə əsasında yeni güzəştli arayışın tərtib edilməsi uyğun deyildir. Gəncə İnzibati Məhkəməsinin İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərlə bağlı xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək vaxt verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarı

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

12. İnzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır.

“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iddianın mümkünlük şərtlərinin mövcudluğunu yoxlayaraq qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddianın mümkünlük şərtlərindən biri olan məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı cavabdeh "xxxx" QSC tərəfindən ona güzəştli şərtlərlə əmək pensiyasına hüquq verən arayışın verilməsidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı məxsus 112 nömrəli xidməti vəsiqəyə əsasən o, "xxxx" QSC İnfrastruktur Departamentinin 4 nömrəli X1 sahəsi DYS Qazax idarəsində elektrik mexaniki vəzifəsində işləyir. İddiaçı iş yeri olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müraciət edərək ona güzəştli arayışın verilməsini xahiş etmiş, cavabdeh QSC tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. "xxxx" QSC inzibati orqan deyil, həmçinin tərəflər arasında olan münasibətlər əmək münasibətləridir və hazırkı mübahisə həmin münasibətlər çərçivəsində yaranmışdır. Məhkəmə tərəfindən qeyd edilənlərlə bağlı olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə iddiaçıya xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif olunmuş, bununla əlaqədar məhkəmə iclasının tarixinədək vaxt verilmiş, lakin iddiaçı tərəfindən sərəncama əməl edilməmişdir. Həmçinin məhkəmə iclasında iddiaçı hazırkı işə irəli sürdüyü iddia tələbi şəklində baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətlərindən yaranan mübahisə deyil, tərəflər arasında yaranan əmək münasibətləri ilə bağlı mübahisə olmaqla mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmə tərəfindən baxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “ona güzəştli şərtlərlə əmək pensiyasına hüquq verən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin iddiaçıya izah edilir ki, hazırkı tələblə müvafiq cavabdehə qarşı müvafiq rayon (şəhər) məhkəməsinə müraciət edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “ona güzəştli şərtlərlə əmək pensiyasına hüquq verən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar