Məhkəmə qərarları › İş №2-1(114)-1106/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1106/2021

29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1106/2021 29.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bərdə rayon filialına qarşı sosial müavinətin ödənilməsi tələbinə dair işə və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bərdə rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, sosial müavinətin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddiaçı hazırki tələblə müvafiq inzibati orqana müraciət etməli və sonuncu 30 gün müddətində bundan imtina etdikdə və inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı müvafiq orqan tərəfindən müraciətin edildiyi vaxtdan 35 gün müddətində qərar qəbul edilmədikdə bu tələblə məhkəməyə müraciət edə bilər. Lakin İddiaçı müvafiq inzibati orqana müraciət etməmişdir. Beləliklə də, Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən iddiaçının onun hüquqularının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməməsi qənaətinə gəlir ki, bu hal da Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmamasına səbəb olur. Məhkəmə iddiaçıya izah verməyi lazım bilir ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına, sonradan isə həmin inzibati orqan tərəfindən imtina aldıqda məhkəməyə müraciət etməlidir. Məhkəməyə müraciət edərkən cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı, iddia ərizəsi ilə müraciət ediləcək məhkəmə isə Bakı İnzibati Məhkəməsi olmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının inzibati və apelyasiya instansiyası məhkəmələrinə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkminləşdirilməsi məqsədilə Azərbaycan Respunlikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1077 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin” 4.5.6-cı və 4.5.7-ci yarımbəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs tərəfindən xx.xx.2020-ci il tarixli, **********2 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarın 4-cü bəndində əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respunlikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial siğorta haqları hesabına ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyinatı, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi, sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təsis etdiyi təqaüdlərin, həmçinin kompensasiyaların təyinatı ilkin mərhələdə Bakı şəhərinin Qaradağ, Binəqədi, Nizami, Nərimanov, Sabunçu, Suraxanı, Xətai, Nəsimi, Yasamal, Səbail, Xəzər, Pirallahı rayonları və Şamaxı, Qobustan, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Mingəçevir, Yevlax, Naftalan, Ağsu, Goranboy, Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Laçın, Füzuli, Beyləqan, Daşkəsən, Göygöl, Samux, Kəlbəcər, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Şuşa, Zəngilan rayonları və Xocalı şəhəri üzrə prosessual tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının yerləşdiyi ünvan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 23-dür. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən cavabdehin yerləşdiyi ərazi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir. Beləliklə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Bakı şəhərində yerləşdiyi üçün iddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə deyil, aidiyyəti üzrə müvafiq İnzibati Məhkəməyə - Bakı İnzibati Məhkəməsinə müraciət edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bərdə rayon filialına qarşı sosial müavinətin ödənilməsi barədə iddiası mümkün sayılmasın. İddiaçı müvafiq inzibati orqana müraciət etməsi, müraciəti müsbət həll olunmadığı təqdirdə yenidən müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar