Məhkəmə qərarları › İş №2-1(114)-1109/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1109/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1109/2025 01.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hazırda qüvvədə olan qanunvericiliyin tələbinə görə onun 58 yaş, 6 ayı tamam olduğu 17 fevral 2024-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, 17 avqust 1965-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, hal-hazırda ünvan 1 ünvanında yaşayır. O, xx.xx.1982-ci il tarixdə "X5" Məhdud Məsuliyyətli Cəmiyyətində 2 nömrəli toxucu sexinə nizamlayıcı şagirdi işinə qəbul olunaraq, xx.xx.1983-cü il tarixdə həmin sexdə 3-cü dərəcəli nizamlayıcı işinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdə Əyrici sexinə dəyişirilərək əyrici şagirdi işinə qəbul olunmuş, xx.xx.1986-cı il tarixdə Əyrici sexinə 3-cü dərəcəli əyrici işinə keçirilmişdir. xx.xx.2000-ci il tarixdə işdən azad olunmuşdur. İddiaçı hesab edir ki, onun işlədiyi həmin peşə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ağır iş olduğundan güzəştli peşələr qrupuna aiddir. xx.xx.2000-ci il tarixdə Gəncə şəhəri 43 saylı tam orta məktəbə analıq məzuniyyəti yerinə kitabxanaçı işinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdə daimi kitabxanaçı işinə təyin edilmişdir. xx.xx.2003-cü il tarixdən kitabxana müdiri vəzifəsinə təyin edilərək, hal-hazıra kimi həmin vəzifədə işləyir. 58 yaş, 6 ayı 17 fevral 2024-cü il tarixdə tamam olduğu vaxt qüvvədə olan qanunvericiliyin tələbinə görə onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yarandığından, həmin vaxtı qadınlar üçün güzəştli şərtlərlə pensiya yaşı 58 yaş, 6 ay olduğundan onun xx.xx.2024-cü il tarixdə 58 yaş 6 ayı tamam olduğu vaxtdan ona şüzəştli şərtlərlə pensiya təyin edilməli və almadığı ayların pensiyası ona ödənilməlidir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 53a saylı şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair onun adına verdiyi arayışdan da görünür ki, onun "xxxx" MMC-də 1982-2000-ci illərdə işlədiyi staj 18 ildir, həmin işlərdə işlədiyi peşə güzəştli peşə hesab edilən stajdır. Bir aydan sonra 59 yaşı tamam olacaqdır, xx.xx.2024-cü il tarixdə 58 yaş, 6 ayı tamam olan vaxta kimi ümumi əmək stajı 42 il, bunun da 18 ili zərərli işdə, güzəştli şərtlərlə işdə işləmişdir. Pensiya almaq üçün həmin stajı kifayət edir. Ona görə də, iddiaçı qanunvericiliyin tələblərinə əsaslanaraq 58 yaş, 6 ayı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya almaq hüququ yarandığından, o, ümumi əmək stajını özündə əks etdirən əmək kitabçasını nəzərə alıb xx.xx.2024-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən ötrü Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də, cavabdeh 07 iyun 2024-cü il tarixli, 3-17-1/2-C-133816/2024 nömrəli imtina məktubu ilə ona cavab göndərmişdir. İddiaçı cavabdehin onun güzəştli peşə hesab edilən işdə işlədiyi illərin müvafiq aylarını güzəştli stajına hesablamamasını yanlış hesab edir, ona görə ki, 1988-ci ildən, 1990-cı ilin may ayına kimi analıq məzuniyyətində olmuş, həmin illərdə konkret olaraq 1989-cu ilin fevral ayında 110 manat, 1989-cu ilin mart ayında 690 manat, 1989-cu ilin iyun ayında 789 manat analıq məzuniyyəti pulu almışdır. Ona görə də, həmin illərin və ayların onun güzəştli stajına hesablanmaması yolverilməz olmaqla, Konstitusiyada təsbit olunmuş insan haqlarının kobud şəkildə pozulması deməkdir. İddiaçı cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Ona görə ki, onun imtina cavabı ilə onun Konstitusiyada nəzərdə tutulmuş güzəştli şərtlərlə pensiya almaq hüququ kobud şəkildə pozulmuşdur. O, Ümid edir ki, yuxarıda qeyd etdiyim əsas və səbəbləri nəzərə alınıb cavabdeh tərəfindən pozulmuş hüququ məhkəmə tərəfindən bərpa ediləcəkdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı R.X4 ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-C-133816/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtina məktubunda qeyd edilənlərlə razılaşmayan İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh orqan hesab edir ki, imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Sözügedən Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 06 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normaların məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatmalı, 2) azı 25 il sığorta stajı olmalı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işləməli. Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən ИТ-1 ******* nömrəli əmək kitabçasında onun xx.xx.1982-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "X5" MMC-də işlədiyi qeyd olunmuşdur. Sözügedən müəssisənin iddiaçıya dair əməkhaqqı arayışında 1982-ci il üzrə 2 ay, 1988-ci il üzrə 12 ay, 1989-cu il üzrə 9 ay, 1990-cı il üzrə 4 ay ona əməkhaqqı ödənilmədiyi göstərilmişdir. Eyni zamanda iddiaçının adıçəkilən müəsissədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə sorğu göndərilmiş və müvafiq sorğuya cavab olaraq 1991-cı il üzrə 6 ay, 1992-ci il üzrə 6 ay, 1993-cü il üzrə 1 ay, 1994-cü il üzrə 5 ay, 1995-ci il üzrə 2 ay, 1996-cı il üzrə 6 ay, 1999-cu il üzrə 6 ay sizə əməkhaqqı ödənilmədiyi məlum olmuşdur. Bu fakt "X5" MMC tərəfindən 19 aprel 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarına müvafiq olaraq pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Qeyd olunan səbəblərdən, İddiaçı əməkhaqqı ödənilməyən, işləmədiyi müddətləri (ümumilikdə 59 ay) iş stajına daxil etmək mümkün hesab edilməmişdir. Beləliklə, iddiaçının güzəştli iş stajı 10 ildən az (9 il 9 ay (xx.xx.1986xx.xx.1986-cı il tarixləri arasındakı dövr, 1987-ci il üzrə 12 ay, 1989-cu il üzrə 3 ay, 1990-cı il üzrə 8 ay, 1991-ci il üzrə 6 ay, 1992-ci il üzrə 6 ay, 1993-cü il üzrə 11 ay, 1994-cü il üzrə 7 ay, 1995-ci il üzrə 10 ay, 1996-cı il üzrə 6 ay, 1997-ci il üzrə 12 ay, 1998-ci il üzrə 12 ay, 1999-cu il üzrə 6 ay, 2000-ci il üzrə 8 ay)) təşkil edir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də məhkəmə tərəfindən təmin edilməməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “X5” MMC-də işləmiş, hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur. “X5” MMC-nin arxiv arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il ildən 2 saylı toxucu sexinə nizamlayıcı şagirdi qəbul edilmiş (əmr xx.xx.1982-ci il tarixli, 155k nömrəli), xx.xx.1983-cü ildə 2 saylı toxucu sexinə 3-cü dərəcəli nizamlayıcı keçirilmiş (əmr xx.xx.1983-cü il tarixli, 177 nömrəli), xx.xx.1986-cı ildə əyrici sexinə əyrici şagirdi keçirilmiş (əmr xx.xx.1986-cı il tarixli, 3k nömrəli), xx.xx.1986-cı ildən əyrici sexinə 3-cü dərəcəli əyrici keçirilmiş (əmr xx.xx.1986-cı il tarixli, 150k nömrəli), xx.xx.2000-ci ildən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinə əsasən işdən azad edilmişdir (əmr xx.xx.2000-ci il tarixli, 54k nömrəli). “X5” MMC-nin “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli, 53 nömrəli arayışından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) 2 saylı toxucu sexində nizamlayıcı işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 18 il təşkil edir. (xx.xx.1982-ci il tarixli, 155k nömrəli əmrlə işə daxil olmuş, xx.xx.2000-ci il tarixli, 54k nömrəli əmrlə işdən azad edilmişdir.) İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri xalça toxuyan dəzgahlara iplik düzən, 3 növbəli ağır işdən (tozlu) ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 2 bəndinə (yarımbəndinə) və (və ya) 32 vəzifə koduna uyğundur. “X5” MMC-nin “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2023-cü il tarixli, 53a nömrəli arayışından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) əyrici sexində əyrici işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta stajı 18 il təşkil edir. (xx.xx.1982-ci il tarixli, 155k nömrəli əmrlə işə daxil olmuş, xx.xx.2000-ci il tarixli, 54k nömrəli əmrlə işdən azad edilmişdir.) İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri əyrici-yun, ipək, sintetik sapla, kəndir sapla, 3 növbəli ağır işdən (tozlu) ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 2 bəndinə (yarımbəndinə) və (və ya) 32 vəzifə koduna uyğundur. “X5” MMC-nin “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışında qeyd edilmişdir ki, İddiaçı “X5” MMC-də işlədiyi nizamlayıcı vəzifəsi kord toxuyan dəzgahlara iplik düzəndir. xx.xx.2024-cü il tarixli ərizəyə əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. X1 xx.xx.2024-cü il tarixli aktından görünür ki, “X5” MMC-də aparılan yoxlama nəticəsində müəyyən olunmuşdur ki, müəssisədə saxlanılan arxiv sənədlərinə əsasən, vətəndaş İddiaçı xx.xx.1982-ci il tarixdə xx.xx.1992-ci tarixli 155k №-li əmrlə M.D.Hüseynov adına Xalça-mahud kombinatının toxucu sexinə qəbul edilmişdir. xx.xx.2000-ci il tarixdə xx.xx.2000-ci il tarixli, 54k №-li əmrlə işdən azad olunmuşdur. Əmək haqqı cədvəllərindən məlum olur ki, vətəndaşa 1991-ci ildə 6 ay, 1992-ci ildə 6 ay, 1993-cü ildə 11 ay, 1994-cü ildə 7 ay, 1995-ci ildə 10 ay, 1996-cı ildə 6 ay, 1997-ci ildə 12 ay, 1998-ci ildə 12 ay, 1999-cu ildə 6 ay, 2000-ci ildə 8 ay, əmək haqqı hesablanmışdır. Qeyd: M.D.Hüseynov adına Xalça-mahud kombinatının hal-hazırki adı “X5” MMC-dir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubundan görünür ki, yuxarıda qeyd olunan iddiaya qarşı etirazda göstərilən əsaslarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 36058,00 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası

5. Əmək pensiyalarının təyin edilməsi və hesablanması 5.2. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir:

Qadınların yaş Dövr Kişilərin yaş həddi həddi 1 iyul 2023 - 30 iyun 2024 65 il 63 il 6 ay

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı onun hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2-ci bəndinə görə, 1 iyul 2023 - 30 iyun 2024-cü illər arasındakı dövr üzrə qadınlara yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş 63 il 6 aydır. Qeyd olunan normaların tələbinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qadınların yaşı 58 il 6 ayına çatmalı, 25 il ümumi iş stajı, 10 il güzəştli iş stajı olmalıdır. İddiaçı xx.xx.1965-ci il təvəllüdlü olmaqla xx.xx.2024-cü il tarixdə yaşı 58 il 6 ay olmuşdur. İddiaçı ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “X5” MMC-də işləmiş, hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur. İddiaçının xx.xx.2024-cü il tarixinədək 25 ildən artıq ümumi iş stajı mövcuddur. Hazırda cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilir. Cavabdeh iddiaçının “X5” MMC-də işlədiyi nizamlayıcı vəzifəsini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmadığını qeyd etməklə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş hesab etmir. Eyni zamanda qeyd edir ki, iddiaçının işlədiyi əyirici vəzifəsi üzrə əmək haqqı almadığı ayları çıxdıqdan sonra güzəştli iş stajı 9 il 9 ay təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 32-ci (Toxuculuq istehsalatı) bəndində “əyiricilər” və “kord toxuyan dəzgahlara iplik düzənlər” vəzifələri nəzərdə tutulmuşdur. Məhkəmə cavabdehin iddiaçının əyrici işlədiyi dövrdə əmək haqqı almadığı ayların güzəştli iş stajına daxil edilməməsi əsası ilə razılaşır. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının “X5” MMC-də xx.xx.1983-cü ildən xx.xx.1986-cı ilədək “nizamlayıcı” işlədiyi dövr güzəştli iş stajı kimi qəbul edilməlidir. Belə ki, “X5” MMC-nin “şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışında İddiaçı “X5” MMC-də işlədiyi nizamlayıcı vəzifəsinin kord toxuyan dəzgahlara iplik düzənlər vəzifəsi ilə eyni olduğu qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin dövr iddiaçının güzəştli iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının X5” MMC-də işlədiyi işlər ona güzəştli şərtlərlə pensiya hüququ verməklə sonuncunun xx.xx.2024-cü il tarixinədək 10 ildən çox güzəştli iş stajı mövcuddur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar