Məhkəmə qərarları › İş №2-1(114)-1112/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1112/2020

03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1112/2020 03.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri Qərb Ərazi Baş Gömrük İdarəsinə qarşı dəymiş ziyanın ödənilməsi iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, aşıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Gəncə şəhəri Qərb Ərazi Baş Gömrük İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq alınan 9500 manat rüsumun, 30 manat dövlət rüsumunun, cavabdehin süründürməçiliyi səbəbindən sürücülərə ödədiyi 1500 ABŞ dollarının, poçt göndərişləri üçün ödənilmiş 166.55 manatın, maddi və mənəvi ziyana görə 2000 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə etirazda göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikası Gömrük Məcəlləsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 25 saylı qərarı ilə təsdiq olunmuş «Gömrük ödənişlərinin qaytarılması Qaydaları»nın tələblərinə riayət etmədən qanunvericiliklə müəyyən edilmiş 1 (bir) il müddəti ötürmüşdür. Ona görədə iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia öhdəliyin icrası haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. Lakin iddianın xüsusi mümkünlük şərtinə olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 267.1-ci maddəsinə əsasən Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır:- 267.1.1-ci maddəsinə əsasən mallar qüsurlu olduqda; 267.1.2-ci maddəsinə əsasən gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3-cü maddəsinə əsasən «Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2-ci maddəsinə əsasən Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 270.1-ci maddəsinə əsasən Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 270.2-ci maddəsinə əsasən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 25 saylı Qərarı ilə təsdiq olunmuş «Gömrük ödənişlərinin qaytarılması Qaydaları»nın 5.1-ci bəndinin tələblərinə görə gömrük ödənişlərinin qaytarımalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. İşin halları araşdırıldıqda görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixli **********3939, **********3916 və **********3932 nömrəli gömrük bəyannamələri üzrə gömrük ödənişlərinin qanunsuz olaraq artıq tutulmasından şikayətçi olmasına baxmayaraq cavabdehin hərəkətlərinin qanunsuz sayılmasını 1 il 3 ay 26 gün sonra tələb edib, cavabdeh tərəfindən qanunsuz olaraq alınan 9500 manat rüsumun cavabdehdən alınaraq ona verilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. «İnzibati icraat haqqında» Qanunun 73-cü maddəsində inzibati şikayətin verilməsi üçün müddətlər müəyyən olunaraq göstərilmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsində deyilir ki, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Bu müddətlər təkcə inzibati aktdan verilən şikayətlərə (mübahisələndirmə haqqında iddialara) deyil, həm də digər inzibati şikayətlərə aid edilmişdir. Çünki «İnzibati icraat haqqında» Qanunun 71.2-ci maddəsində deyilir ki, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır («İnzibati icraat haqqında» Qanunun 1.2, 48.1 və 48.2-ci maddələri). Nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən hərəkəti xx.xx.2018-ci il tarixdə baş vermişdir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə Gömrük Məcəlləsində nəzərdə tutulmuş 1 (bir) illik xüsusi iddia müddətini buraxmışdır. İddiaçı müddətin buraxılmasını onunla izah edir ki, həmin vaxt başı qarışıq olduğu üçün şikayət etməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə xüsusi mümkünlük şərtlərinə riayət edilmədiyindən iddia tələbi mümkün sayıla bilməz. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 24 və 80-ci maddələrinə əsasən məhkəmə, qərara aldı : İddiaçı cavabdeh Gəncə şəhəri Qərb Ərazi Baş Gömrük İdarəsinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr., 105) Gəncə Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk pr., 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar