Məhkəmə qərarları › İş №2-1(114)-1114/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1114/2022

05.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1114/2022 05.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) sərəncamın ləğv edilməsi və Ali Hərbi Məktəbə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli, 029 nömrəli sərəncamının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2021-ci il tarixli 265 nömrəli əmrinin ləğv edilməsi və onun Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə daxil olmuş, 2019-cu ildə həmin hərbi məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. Həmin Məktəbin Hərbi Hava Qüvvələri fakültəsinin 3-cü kursunda "Yüngül reaktiv təyyarə (vertolyot) bölmə və hissələrinin döyüş tətbiqi ixtisası üzrə təhsil alarkən 2021-ci ilin iyun ayının 09-da müayinə olunmaq üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmiş və 30 iyun 2021-ci il tarixdə hospitalın həkim uçuş komissiyası tərəfindən şəhadətləndirilmişdir. Şəhadətnamə ilə o, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının qərarı ilə uçuş təliminə yararsız, hərbi xidmətə yararlı hesab olunmuşdur. "Hərbi-həkim ekspertizası haqqında əsasnamə"nin 5.1-ci maddəsinə görə o, uçuş təliminə yarasız hesab olunduğu üçün hərbi xidmətə yararlı olduğu digər ixtisas üzrə hərbi təhsilini davam etdirməli idi. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin 01 noyabr 2021-ci il tarixli 029 sərəncamı ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən xaric olunmuş və müddətli həqiqi hərbi xidmət keçmək üçün əsgər kimi N saylı hərbi hissəyə göndərilmişdir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin 11 noyabr 2021-ci il tarixli 265 nömrəli əmrində göstərilir ki, məktəb nizamnaməsinin 9.16.2-ci yarımbəndinə (səhhətinə görə) əsasən İddiaçı 3-cü kursdan xaric olunmaqla "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 28.4-cü maddəsinə uyğun olaraq müddətli həqiqi hərbi xidmət keçmək üçün əsgər kimi N saylı hərbi hissəyə göndərilmişdir. Lakin nə sərəncamda, nə də ki, əmrdə İddiaçı müvəffəqiyyətsilziyinin nədən ibarət olması öz əksini tapmamışdır. Onun təhsildə heç bir müvəffəqiyyətsizliyi olmamış, təhsilini davam etdirmək istəməməsi ilə bağlı məktəb rəhbərliyinə müraciət etməmiş və şəxsi intizamsızlığa yol verməmişdir. xx.xx.2021ci il tarixdə İddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə bərpa olunması ilə bağlı Müdafiə Nazirliyinə rəsmi müraciət olunmuş, lakin bundan imtina edilmişdir. İmtinanın səbəbi kimi onun sağlamlıq durumunun imkan verdiyi və onun təhsil aldığı ixtisasa uyğun ixtisasın olmaması göstərilmişdir. Lakin İddiaçı təkcə uçuş təliminə yararsız hesab olunmuş, hərbi xidmətə yararlı hesab olunmuşdur. Buna görə də o Hərbi Hava Qüvvələri fakültəsinin "Yüngül reaktiv təyyarə (vertolyot) bölmə və hissələrinin döyüş tətbiqi ixtisasından hərbi xidmətə yararlı olduğu həmin fakültənin "Aviasiya mühəndisliyi" ixtisasına keçirilməli idi. Odur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin 01 noyabr 2021-ci il tarixli 029 sərəncamı və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisinin xx.xx.2021-ci il tarixli 265 nömrəli əmri qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Eyni zamanda məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2021-ci il tarixli, 029 nömrəli sərəncamın ləğv edilməsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçının vəkili Vəkil iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin əmri özü yanlışdır, çünki iddiaçı « təhsildə müvəffəqiyyətsizliyə görə » xaric edilməyib. Bu hal Müdafiə Nazirliyinin Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda əks olunub. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb həmin əsasla yuxarı komandanlığa məlumat verdiyinə görə iddiaçının xaric edilməsi barədə əmr verilib. Üçüncü şəxsin nümayəndəsi X1 iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi tərəfindən Müdafiə Nazirliyinə iddiaçının ixtisasının dəyişdirilməsi barədə təklif verilmişdir, lakin həmin ixtisaslar üzrə təhsil fərqli olduğuna görə Müdafiə Nazirliyi tərəfindən təklif nəzərə alınmamışdır. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 11/1729 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı uçuş təliminə yararlılıq dərəcəsinin təyin edilməsi üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb rəisinin xx.xx.2021-ci il tarixli göndərişinə əsasən Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmiş və həkim uçuş komissiyasına təqdim edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixədək müayinə aldıqdan sonra HUK və HHK-ı tərəfindən şəhadətləndirilmiş və onun "Xəstəliklər cədvəli"nin 36 "b" maddəsinin İ qrafasına əsasən uçuş təliminə yararsız olduğu, həmçinin "xəstəliklər cədvəli"nin "-" maddəsinin, İİ qrafasına və ƏTC-yə əsasən hərbi xidmətə yararlı olduğu qeyd edilmişdir. Qeyd edilən səbəbdən İddiaçı Müdafiə nazirinin birinci müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli 029 nömrəli, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb rəisinin xx.xx.2021-ci il tarixli 278 nömrəli əmri ilə məktəbdən xaric edilərək müddətli həqiqi hərbi xidmət keçmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Odur ki, iddia tələbinin mümkün olmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli 27 nömrəli « Xəstəlik haqqında » şəhadətnamədən görünür ki, İddiaçı uçuş təliminə yararsız, hərbi xidmətə isə yararlı hesab edilmişdir. -Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin Hərbi Təhsil İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 2393 nömrəli məktubundan görünür ki, İddiaçı MHHK tərəfindən “uçuş işinə yararsız” olması barədə şəhadətləndirildiyinə görə “uçuş təlimində iştirak etməmiş, müvəffəqiyyət qazana bilməmiş, Ali Hərbi Məktəbin Elmi Şurasının qərarına əsasən ixtisasının dəyişdirilərək “təyyarə, vertolyotların radioelektron avadanlıqlarının istismarı və təmiri” ixtisası üzrə davam etdirilməsi məqsədə uyğun hesab edilmişdir. -Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin 01 noyabr 2021-ci il tarixli 029 nömrəli sərəncamından çıxarışdan görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 28.4-cü maddəsinə uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən xaric edilərək müddətli həqiqi hərbi xidmət keçməsi üçün müvafiq hərbi hissə komandirlərinin sərəncamına gödərilmişdir. -surəti işə əlavə edilmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2021-ci il tarixli 265 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi'nin 9.16.2 və 9.16.3-cü yarımbəndinə əsasən 3-cü kursdan xaric edilmiş hesab edilərək müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissə komandirinin sərəncamına göndərilmiş, əmrin verilməsinə əsas Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli 029 nömrəli əmri, Şəxsi Heyət Baş İdarəsi Hərbi Təhsil İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 362 nömrəli məktub, polkovnik-leytenant E.Vəliyevin raportu olmuşdur. -surəti işə əlavə edilmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2021-ci il tarixli 278 nömrəli əmrindən çıxarışdan görünür ki, İddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi'nə əsasən 3-cü kursdan xaric edilmiş hesab edilərək müddətli həqiqi hərbi xidmət keçmək üçün müvafiq hərbi hissə komandirinin sərəncamına göndərilmiş, əmrin verilməsinə əsas Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli 029 nömrəli əmri, Şəxsi Heyət Baş İdarəsi Hərbi Təhsil İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 408 nömrəli məktub, polkovnik-leytenant E.Vəliyevin raportu olmuşdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli 250 nömrəli məktubundan görünür ki, kursant İddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsi'nin 9.16.3-cü (təhsildə müvəffəqiyyətsizliyə görə) yarımbəndinə görə deyil, yalnız 9.16.2-ci yarımbəndinə (səhhətinə görə) əsasən Məktəbdən xaric olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, iddiaçı Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin kursantı olduğu vaxt xx.xx.2021-ci il tarixdə uçuş təliminə yararlılıq dərəcəsinin təyin edilməsi üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına göndərilmiş və Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə « uçuş təliminə yararsızdır » və » hərbi xidmətə yararlıdır » sayılmışdır. Daha sonra, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin 01 noyabr 2021-ci il tarixli 029 sərəncamı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 28.4-cü maddəsinə uyğun olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən xaric edilərək müddətli həqiqi hərbi xidmət keçməsi üçün müvafiq hərbi hissə komandirlərinin sərəncamına gödərilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq edilmiş Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Nizamnaməsinin:- -1.1-ci bəndində qeyd edilmişdir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi (bundan sonra – Məktəb) ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir. -1.3-cü bəndində qeyd edilmişdir ki, Məktəbin fəaliyyətinin əsas məqsədi Azərbaycan Ordusu üçün xüsusi ixtisaslar üzrə ali təhsilli zabit kadrları hazırlamaq və müvafiq elmi sahələr üzrə tədqiqat işləri aparılmasını təşkil etməkdir. -1.4-cü bəndində qeyd edilmişdir ki, məktəb öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası müdafiə nazirinin əmr və sərəncamlarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi nizamnamələrini və bu Nizamnaməni rəhbər tutur. -6.1-ci bəndində qeyd edilmişdir ki, Məktəbdə tədris işi bu Nizamnaməyə və müdafiə naziri tərəfindən təsdiq edilən “Xüsusi təyinatlı ali təhsil müəssisələrinin təhsil fəaliyyətinin təşkili haqqında Təlimat”a əsasən təşkil olunur və aparılır. - 9.16-cı bəndində qeyd edilmişdir ki, təhsilalanlar Məktəbdən aşağıdakı hallarda xaric edilirlər: 9.16.1. öz arzusu ilə; 9.16.2. səhhətinə görə (hərbi-həkim komissiyasının qərarına əsasən); 9.16.3. təhsildə müvəffəqiyyətsizliyinə görə; 9.16.4. şəxsi intizamsızlığına görə; 9.16.5. hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə; 9.16.6. törətdiyi cinayət əməlinə görə məhkum olunduqda. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun:- -28-ci maddəsinə əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti həqiqi hərbi xidmətin növlərinə aiddir. -28.3-cü maddəsinə əsasən, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. -28.4-cü maddəsinə əsasən, müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilən şəxslər istisna olmaqla) kursantlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Bu zaman həmin kursantların hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrində aldıqları təhsil müddətinin hər 4 günü 1 gün sayılmaqla müddətli həqiqi hərbi xidmət müddətinə hesablanır və onlar xidmət müddəti başa çatdıqda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən ehtiyata buraxılırlar. Qeyd edilməlidir ki, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin Nizamnaməsinin 9.16.2-ci bəndində təhsilalanların səhhətinə görə (hərbi-həkim komissiyasının qərarına əsasən) məktəbdən xaric edilmələri nəzərdə tutulmuşdur. Qeyd onunan Nizamnamədə təhsilalanların xaric edilmələrinin əsaslarını və səbələrini müəyyən edən normalar sadalansa da, habelə iddiaçının səhhəti oxuduğu ixtisası davam etdirməyə imkan verməsə də belə, Təhsil müəssisəsinin özü tərəfindən verilmiş yuxarıda qeyd olunan rəydə iddiaçının digər ixtisas (təyyarə, vertolyotların radioelektron avadanlıqlarının istismarı və təmiri) üzrə təhsil ala bilmək imkanı və məqsədəuyğunluğu öz əksini tapmışdır. Belə olduğu təqdirdə, eyni zamanda dövlətin müvafiq sahələr üzrə təhsilli hərbi kadrlara ehtiyacı olduğu halda 3 kurs müvafiq sahə üzrə hərbi təhsil almış şəxsin Məktəbdən xaric edilməsi Azərbaycan Respublikasının Hərbi doktrinasına və hərbi sahə üzrə digər qanunvericilik aktlarına ziddir. Əlavə olaraq qeyd edilməlidir ki, mübahisələndirilən əmrə əsasən iddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 28.4-cü maddəsinə əsasən Məktəbdən xaric edilmişdir. Qeyd edilən maddə təhsildə müvəffəqiyyətsizliyin əsasını özündə ehtiva edir. İddiaçının isə xaric edilmə motivi işdə olan sənədlərdən göründüyü kimi səhhəti ilə əlaqədar təhsil aldığı ixtisasını davam etdirə bilməməsi ilə bağlıdır. Qeyd olunan hal “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından həmin inzibati aktın ləğvi üçün əsas hesab edilir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin 01 noyabr 2021-ci il tarixli 029 sərəncamı İddiaçı münasbətdə ləğv edilməli və onun Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbə bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin 01 noyabr 2021-ci il tarixli 029 sərəncamı İddiaçı münasbətdə ləğv edilsin və onun Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar