Məhkəmə qərarları › İş №2-1(114)-1115/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1115/2023

08.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1115/2023 08.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı şəxsi işinin tapılaraq bərpa olunması və.s tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xidməti ilə əlaqədar (ZE-61867) şəxsi işinin tapılaraq bərpa olunması, zabitin şəxsi vəsiqəsinin tapılaraq işin içərisinə yerləşdirilməsi və təsdiq olunmuş surətinin ona verilməsi, doğum kağızının tapılaraq işin içərisinə əlavə edilməsi və təsdiq edilmiş surətinin ona verilməsi, hərbi biletinin düzgün yəni ki, ona təhkim olunmuş silahların nömrələri, fakultəsi , ixtisası və bütün vəzifələri tarixi düzgün qeyd edilməklə və hərbi hissə komandirinin əmrləri düzgün və tarixi və yeri ilə qeyd edilməklə yenidən tərtib edilərək dəyişdirilib yenidən ona verilməsi öhdəliyinin Müdafiə Nazirliyinin və SHXÇDX-nin üzərinə qoyulması, ərizələrinə yazılı və rəsmi qaydada cavab verilməsi öhdəliyinin SHXÇDX-nin və SHXÇDX-nin Goranboy rayon şöbəsinin üzərinə qoyulması, X1 391 və 601-ci maddələrinə görə arxiv sənədlərini bərbad hala saldıqlarına və lazım olmayan sənədləri tələb etdiklərinə və Cinayət Məcəlləsinin 313-314-cü maddələrinə əsasən xüsusi qərardad çıxardaraq müvafiq orqana göndərilməsi və şəxsi işinin tapılmadığı halda araşdırılma aparılması barədə xüsusi qərardad qəbul edərək müvafiq orqanlara göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-2011-ci illər ərzində Müdafiə Nazirliyinin 2-ci Ordu Korpusunun 181 saylı Hərbi Hissəsində zabit kimi taborun Kəşfiyyat rəisi və kəşfiyyat tağımının komandiri kimi xidmət etmişdir. Bu xidmət illərimdə o, bir neçə əməliyyatlarda iştirak etmişdir. Aldığı xəsarətdən sonra 2-ci qrup əlil kimi ehtiyyata göndərilmişdir. İddiaçı iştirak etdiyi əməliyyatlarla əlaqədar veteranlar haqqında qanunun tələblərinə uyğun olaraq Müdafiə Nazirliyinə müraciət etmiş, müharibə veteranı adı və vəsiqəsini alması üçün Müdafiə Nazirliyinin nəzdindəki Veteran adlarının və müvafiq sənədlərin verilməsi üzrə Komissiyayaya şəxsi işində olan bəzi sənədləri göndərməyi lazım olmuşdur. Ancaq çox təssüf ki, şəxsi işimin orijinalını əvvəlki Goranboy rayon Hərbi komissarlığı indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsindən tapa bilməmişdir. Ona bildirilmişdir ki, bu əsl nüsxə deyil əsli Müdafiə Nazirliyindədir. Bundan sonra iddiaçı xidmətin özünə ərizə ilə müraciət etmiş, cavab olaraq xx.xx.2022 ci ildə saat 11:30 da ona zəng edib xidmətin binasına çağırmışlar. İddiaçı 16:30-da ora getmiş və ona bildirilmişdir ki, şəxsi işi Müdafiə Nazirliyinə göndərilmişdir. Yenə şəxsi işinə baxmış, qeyd etdiyi sənədlərlə yanaşı doğum kağızı və əmək kitabçası da orda olmamışdır. Bundan sonra onu rəisin otağına aparmışlar, rəis şifahi olaraq cavab vermişdir ki, işin əsli Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsindədir. Amma bir dəfə də olsun rəsmi cavab verilmədi. Bundan sonra iddiaçı Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, Müdafiə Nazirliyindən gələn cavab məktubunda ona bildirilmişdir ki, xx.xx.2011-ci il tarixdə şəxsi işi Goranboy Rayon Hərbi Komissarlığına göndərilmişdir. Çox təəssüf ki, bu gün də iddiaçı şəxsi işinin hansı Nazirlikdə və xidmətdə olduğunu öyrənə bilmir və şəxsi işi ilə tanış ola bilmir. Bundan sonra iddiaçı Müdafiə Nazirliyinin Baş Arxiv idarəsindən gələn məktuba əsasən Goranboy rayon hərbi Komissarlığı vasitəsi ilə şəxsi işi ilə bağlı xidmət etdiyi 181 saylı Hərbi hissəyə müraciət ünvanlamışdır. Eyni zamanda zabitin şəxsi vəsiqəsi və Hərbi hissə komandirlərinin 2,3,4, taborlarda döyüş tapşırıqları barədə əmr və sərəncamları ilə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə də Goranboy rayon Hərbi Komissarlığı vasitəsi ilə müraciət ünvanlamışdır. Bütün ərizələrinə gələn cavab məktublarında bildirilir ki onun şəxsi işi yoxdur. Deməli onun xidmətinə aid şəxsi işi itirilmişdir. Bu səbəbdən də hərbi biletindən heç nə anlamaq mümkün deyil. Hərbi biletdə ona təhkim olunmuş silahlarının nömrəsi, vəzifələri, fakultəsi və ixtisası yazılmayıb. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia “ərizələrinə yazılı və rəsmi qaydada cavab verilməsi öhdəliyinin SHXÇDX-nin və SHXÇDX-nin Goranboy rayon şöbəsinin üzərinə qoyulması, doğum kağızının tapılaraq işin içərisinə əlavə edilməsi və təsdiq edilmiş surətinin ona verilməsi, hərbi biletinin düzgün yəni ki, ona təhkim olunmuş silahların nömrələri, fakultəsi , ixtisası və bütün vəzifələri tarixi düzgün qeyd edilməklə və hərbi hissə komandirinin əmrləri düzgün və tarixi və yeri ilə qeyd edilməklə yenidən tərtib edilərək dəyişdirilib yenidən ona verilməsi öhdəliyinin Müdafiə Nazirliyinin və SHXÇDX-nin üzərinə qoyulması, X1 391 və 601-ci maddələrinə görə arxiv sənədlərini bərbad hala saldıqlarına və lazım olmayan sənədləri tələb etdiklərinə və Cinayət Məcəlləsinin 313-314cü maddələrinə əsasən xüsusi qərardad çıxardaraq müvafiq orqana göndərilməsi və şəxsi işinin tapılmadığı halda araşdırılma aparılması barədə xüsusi qərardad qəbul edərək müvafiq orqanlara göndərilməsi” hissəsində mümkün sayılmamışdır. İddiaçı məhkəmə iclaslarında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ona məxsus doğum haqqında şəhadətnaməni və zabitin şəxsi vəsiqəsini itiriblər, həmin sənədləri tələb edir, həmçinin şəxsi işi natamamdır. Bundan əlavə, doğum haqqında şəhadətnamənin şəxsi işində saxlanılmasının zəruriliyi ondan ibarətdir ki, həmin sənəddə onun uşaqlıqdan xəstəliyinin olması bəlli olardi. Zabitin şəxsi vəsiqəsini ehtiyata buraxılarkən ondan aldılar, ona görə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə təhvil verməmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə göndərilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (aparatında) yalnız hal-hazırda xidmət keçən hərbi qulluqçuların, bu Xidmətdən və ya keçmiş hərbi komissarlıqlardan ehtiyata və ya istefaya buraxılmış pensiya təyin olanların şəxsi işləri saxlanılır. Ehtiyatda və ya istefada olan digər kateqoriyadan olan hərbi qulluqçuların şəxsi işləri Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrində saxlanılır. Silahlı Qüvvələrin Baş Klinik Hospitalın 15 mart 2011-ci il tarixli, 723 nömrəli xəstəlik haqqında şəhadətnaməsinə əsasən, baş leytenant İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında" Əsasnamənin 15 maddəsinin İlİ qrafası ilə "hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız" hesab olunmuşdur. İddiaçıa Şizofreniya, paranoid forma, natamam remissiya mərhələsində, Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" diaqnozu və xəstəliyin səbəb əlaqəsi qoyulmuş və qərar MN-nin Hərbi həkim komissiyası tərəfindən təsdiq olunmuşdur. İddiaçı iddia ərizəsində İİ qrup əlil olmasını göstərmişdir. Belə olan halda, ona istefada olan hərbi qulluqçu kimi pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən aparılmış və bu səbəbdən onun şəxsi işinin birinci nüsxəsi (orijinalı) Müdafiə Nazirliyinin Maliyyə idarəsində saxlanılır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-25-11/2-503/2023 nömrəli etiraz ərizəsində qeyd edilmişdir ki, istefada olan baş leytenant İddiaçı Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsində qeydiyyatdan keçən şəxsi işinin 2-ci nüsxəsi 02 iyun 2011-ci il tarixdə qeydiyyata alınması üçün Goranboy rayon hərbi komissarlığına göndərilmiş və hərbi hissədə saxlanılan şəxsi işinin 1-ci nüsxəsi Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsində saxlanılır. Həmçinin bildiririk ki, Azərbaycan Ordusunda qüvvədə olan müvafiq təlimata əsasən zabitin şəxsi vəsiqəsi hərbi xidmət dövrü başlayarkən hərbi qulluqçuya verilir və hərbi qulluqçu ehtiyata və ya istefaya buraxılarkən şəxsən özü həmin vəsiqəni qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və ya bölmələrinə verir. Eyni zamanda bildiririk ki, Azərbaycan Ordusunda qüvvədə olan müvafiq təlimata əsasən doğum haqqında şəhadətnamənin əslini şəxsi işə əlavə olunması nəzərdə tutulmur və İddiaçı aid doğum haqqında şəhadətnaməsi barədə Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsində məlumat yoxdur. İddia ərizəsinin yeddinci bəndində qeyd olunan məsələ ilə əlaqədar bildiririk ki, zabit həqiqi hərbi xidmət keçərkən, onun xidmət keçməsi və digər müvafiq məlumatları barədə qeydlərin ona aid şəxsi işdə və "Zabitin şəxsi vəsiqəsi"ndə aparılması nəzərdə tutulur. İddiaçı iddia ərizəsində qeyd olunduğu digər məsələləri Müdafiə Nazirliyinə aid olmadığından araşdırması üçün aidiyyət üzrə müraciət edilməsi mədsədəuyğundur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli, 4/2-6783 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı "Hərbi xidmət haqqında" Əsasnamənin 72-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2004-cü il tarixli müvafiq əmrinə əsasən, 2003-cü ildə Azərbaycan Ali Hərbi Məktəbini və 2004-cü ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin zabit ixtisas kurslarını bitirmiş, leytenant İddiaçı N No-li hərbi hissə komandirinin xx.xx.2004-cü il tarixli N №-li əmrilə hərbi hissəyə gəlmiş hesab edilərək şəxsi heyətin siyahısına salınmış, bütün növ təminatlara qoyularaq xüsusi təyinatlı taborun xüsusi təyinatlı bölüyünün xüsusi təyinatlı qrupunun komandiri vəzifəsinə təyin olunmuşdur, 1-ci taborun qərargah zabiti (əməliyyatlar üzrə) baş leytenant İddiaçı Azərbaycan Respublikası Müfdafiə nazirinin xx.xx.2008-ci il tarixli müvafiq əmri ilə N №-li hərbi hissənin 1181-ci motoatıcı taborun qərargah rəisinin kəşfiyyat üzrə köməkçisikəşfiyyat tağımının komandiri vəzifəsinə təyin edildiyinə görə, xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilərək N №-li hərbi hissə komandirinin xx.xx.2008-ci il tarixli 98 №-li əmrilə (əsas: §-7, səh-131) işini və vəzifəsini təhvil vermiş hesab edilmiş, şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin 2008-2011-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Məlumat almaq üçün N №-li hərbi hissəyə müraciət etməyiniz məqsədəuyğundur. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-22/2-403/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, 1981-ci il təvəllüdlü, Goranboy şəhər sakini, istefada olan baş leytenant İddiaçı məxsus olan şəxsi iş mövcuddur, xidməti haqqında məlumatlar vardır, xx.xx.1999-cu ildən xx.xx.2003-cü il tarixədək Azərbaycan Ali Hərbi Məktəbdə kursant, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək SQTTM-də Dinləyici, xx.xx.2004-cü il tarixdən xx.xx.2008-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək N nomrəli hərbi hissədə zabit kimi xidmət etmişdir, xx.xx.2011-ci ildə Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 157 maddəsinin b bəndinə əsasən (xəstəliyə görə) istefaya buraxılmışdır, lakin ona məxsus Şəxsi Vəsiqəsi SHXÇDX-nin Goranboy rayon şöbəsinə daxil olub-olmaması və yaxud təhvil verilməsi haqqında məlumat yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, tələbin “xidməti ilə əlaqədar (ZE-61867) şəxsi işinin tapılaraq bərpa olunması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-22/2- 403/2023 nömrəli məktubu, eləcə də cavabdehlər tərəfindən məhkəməyə iddia ilə bağlı təqdim olunmuş etiraz ərizələrinin məzmunu ilə müəyyən olunur ki, iddiaçının şəxsi işi mövcuddur və xidməti haqqında məlumatlar şəxsi işdə qeyd edilmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mövcud olan şəxsi işin bərpa edilməsini tələb etməkdə haqlı deyildir. Bundan başqa tələbin “zabitin şəxsi vəsiqəsinin tapılaraq işin içərisinə yerləşdirilməsi və təsdiq olunmuş surətinin ona verilməsi” hissəsi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Ordusunda qüvvədə olan müvafiq təlimata əsasən zabitin şəxsi vəsiqəsi hərbi xidmət dövrü başlayarkən hərbi qulluqçuya verilir və hərbi qulluqçu ehtiyata və ya istefaya buraxılarkən şəxsən özü həmin vəsiqəni qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarə, şöbə və ya bölmələrinə verir. İddiaçı məhkəmə iclası zamanı zabitin şəxsi vəsiqəsinin ehtiyata buraxılarkən ondan alındığını, ona görə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə təhvil vermədiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı zabitin şəxsi vəsiqəsinin ondan alındığını iddia etsə də, bu halı təsdiq edə biləcək sübutu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddia edən şəxsin tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu hal xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehlər sözügedən vəsiqənin tapılması ilə bağlı hər hansı öhdəlik daşıya bilməz. Odur ki, məhkəmə tələbi həmin hissədə də əsaslı hesab etməyərək təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təşəkkül tapmış presedent hüququna əsasən sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, sübut etmək yükünün təkzib edənin deyil, iddia edənin üzərinə düşməsi prinsipi rəhbər tutulmalıdır. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, iddia hər iki hissədə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı şəxsi işinin tapılaraq bərpa olunması, zabitin şəxsi vəsiqəsinin tapılaraq işin içərisinə yerləşdirilməsi və təsdiq olunmuş surətinin ona verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar