Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1117/2025 12.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X6 və X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “darvazanın və giriş yolunun bərpası” tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasını əsassız hesab edib, onun üzərinə, qanunsuz sökdürdüyü darvazanın və giriş yolunun bərpa edilməsi öhdəliyinin qoyulması və vurulmuş zərər hesabına 13.000 manat kompensasiya ödənilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naftalan şəhəri X4 küçəsi 11A nömrəli ünvan kimi qeyd edilmiş, faktiki olaraq həmin küçədə yerləşməyən, Koroğlu küçəsində yerləşən 0.05 ha torpaq sahəsi, ilkin onun ilkin mülkiyyətçisi olan X7 ilə iddiaçının arasında bağlanmış 31 oktyabr 2017-ci tarixli, 3M-27 reyestr nömrəli ilkin alqı-satqı müqaviləsi əsasında, iddiaçının ilkin mülkiyyətçiyə ödədiyi 15.000 manat pulun müqabilində İddiaçı faktik mülkiyyətinə keçmişdir. Bundan sonra Tərtər rayon notariat ofisində rəsmiləşmiş xx.xx.2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi həmin ilkin müqavilənin davamı olaraq rəsmiləşdirilmiş və iddiaçının adına xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Həmin çıxarışda ilkin müqavilədə göstərildiyi kimi torpaq sahəsinin hüquqi ünvanı mexaniki olaraq H.Z. Tağıyev küçəsi 11A kimi qeyd edilmişdir. Faktiki olaraq isə iddiaçının adına ilkin müqavilə əsasında keçmiş 0.05 ha torpaq sahəsinin H.Z. Tağıyev küçəsinə aidiyyatı olmamış, həmin torpaq sahəsinin yerləşmə yeri, yəni olduğu yer H.Z. Tağıyev küçəsinə paralel yerləşən Koroğlu küçəsi olmuşdur. Bildirilir ki, Naftalan şəhərində X5 küçəsi ilə Koroğlu küçəsi bir-birinə paralel küçələrdir. 2017-ci ilə qədər ünvan 2 ünvanda yerləşən həyətyanı torpaq sahəsi faktiki olaraq 10 sotdan ibarət olmuşdur. Həmin vaxta qədər həmin 10 sot torpaq sahəsi Naftalan bələdiyyəsinin mülkiyyətində olmaqla, bir tərəfdən H.Z.Tağıyev küçəsi ilə, digər tərəfdən isə Koroğlu küçəsi ilə həmsərhəd yerləşmişdir. Naftalan Bələdiyyəsi 2017-ci ildə həmin 10 sot torpaq sahəsinin 5 sotunu İzulət Bağırovaya, 5 sotunu isə onun ailə üzvü Kamil Həsənliyə satmış, hər bir torpaq sahəsinə onların adına ayrı-ayrılıqda çıxarışlar verilmişdir. Bundan sonra onlar H.Z.Tağıyev küçəsinə baxan 5 sot torpaq sahəsini X2 adlı şəxsə, Koroğlu küçəsinə baxan 5 sotu isə İddiaçı satmaq barədə razılaşmışlar. Yuxarıda qeyd edildiyi kimi Naftalan şəhəri Dövlət Notariat Kontorunda 3M-27 nömrəli reyestrlə qeydə alınmış 31 oktyabr 2017-ci il tarixli alqı-satqısı barədə ilkin müqavilə rəsmiləşdirilmişdir. Həmin müqavilənin 1.1 bəndində də, aydın göstərilmişdir ki, satıçı tərəflər olan İzulət Bağırova və Kamil Həsənli hər biri öz mülkiyyətlərində olan 5 sot torpaq sahəsini birinci şəxsin, yəni alıcı İddiaçı və onun təqdim etdiyi digər şəxsin mülkiyyətinə keçirmək barədə öhdəlik götürmüşlər. 2017-ci ildə Naftalan Bələdiyyəsinə mülkiyyətində olan hər iki 5 sot torpaq sahəsinə koordinatları və istinad nöqtələri müəyyən edilmiş, hər bir torpaq sahəsinə ayrıca Kadastr sənədi verilmişdir. Torpaq sahəsinin hər ikisi əvvəldən H.Z.Tağıyev küçəsi 11 nömrəli ünvan adı altında getdiyinə görə, avtomatik olaraq digər 5 sot torpaq sahəsi 11A adlandırılmışdır. Həmin torpaq sahəsinin formal ünvanı H.Z.Tağıyev küçəsi 11A göstərilsə də, həmin küçəyə aidiyyatı və çıxışı olmamışdır. Kadastr sənədlərinə görə hər iki torpaq sahəsi mülkiyyət hüququnun ayrıca subyekti kimi ara kəsmə nöqtələri olmaqla, biri H.Z. Tağıyev küçəsinə, digəri isə Koroğlu küçəsinə həmsərhəd yerləşməklə göstərilmişdir. Bunları qeyd etməklə bildirilir ki, iddiaçının mülkiyyətində olan hazırki torpaq sahəsinin heç vaxt H.Z.Tağıyev küçəsinə aid olmamış, 2017-ci ildən rəsmi sənədlərə əsasən Koroğlu küçəsinə bitişik yerləşməklə, həmin küçəyə çıxışı açıq olmuşdur. İddiaçı 2017-ci ildə ilkin müqavilə əsasında həmin 5 sot torpaq sahəsini alan vaxtı, həmin torpaq sahəsi 3 tərəfdən qonşularla arabarısı ilə hasarlı olmuş, torpaq sahəsinin bir tərəfi, yəni hazırki Koroğlu küçəsinə baxan hissəsi tam açıq vəziyyətdə olmuşdur. O, həmin torpaq sahəsini alandan bir müddət sonra, yəni 2018-ci ilin əvvəllərində açıq sahəyə özü hasar çəkdirib oraya dəmir darvaza qoydurmuşdur. Təqribən 20 metr uzunluğunda barını çəkdirib darvaza qoydurmağa təqribən 15-20 gün ərzində ustalar işləmişlər. Bu müddətdə heç bir inzibati orqan, (polis, icra, bələdiyyə və sair) tərəfindən tikiliyə müdaxilə olunmamışdır. Tikili başa çatdıqdan bir müddət sonra da, iddiaçıya hər hansı bir etiraz və ya xəbərdalıq edilməmişdir. Bundan bir necə ay sonra, yəni 2018-ci ilin may ayında Naftalan İcra Hakimiyyəti tərəfindən onun darvazı texniki vasitələr ilə kəsilərək sökülüb yararsız hala salınmış, və 3 metr enində olan darvaza yeri cavabdeh tərəfindən hörülərək bağlanmışdır. Bundan sonra iddiaçı həmin qanunsuzluğun aradan qaldırılması üçün müxtəlif yerlərə müraciət etsə də, müsbət nəticə olmadığına görə, inzibati məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-173/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qərarı ilə onun Cavabdehnə qarşı iddiası təmin edilməmişdir. Onlar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin İnzibat Kollegiyası özünün xx.xx.2023-cü il tarixli 2-1(104)-833/2023 nömrəli qərardadı ilə apelyasiya şikayətini “qismən təmin” etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.20203-cü il tarixli qərarını ləğv edərək, iddia tələbini mümkün saymamışdır. Həmin qərardan onlar Ali Məhkəmənin İnzibati Kollegiyasına kasassiya şikayəti verərək, məhkəmənin xx.xx.2023-cü il tarixli 2-l(104)-833/2023 nömrəli qərardadının ləğv edilib, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Ali Məhkəmənin 28.02.24-cü il tarixli qərardadı ilə kassasiya şikayəti guya müddətin ötürülməsi ilə bağlı mümkün sayılmamış, şikayətin qəbulundan imtina edilmişdir. Qərardadda göstərilmişdir ki, iddiaçı apellyasiya şikayətini xx.xx.2024- cü il tarixdə poçtun təqdim edilmiş xəbərnaməsi ilə almış və apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə verildiyindən, müəyyən olunmuş 10 günlük prosessual müddət ötürülmüşdür. Əslində isə 10 günlük müddət ötürülməmişdir. Çünki 8 yanvarda alınmış qərardaddan 18 yanvar tarixdə verilmiş kasassiya şikayəti 10 gün ərzində verilmişdir. Onlar Ali Məhkəmənin İnzibati Kollegiyasına müddətin bərpasına dair xx.xx.2024-cü il tarixli ərizə göndərərək, müddətin buraxılmamasının nəzərə almaqla, həmin iş üzrə verilmiş kassasiya şikayətinin mümkün sayılmasını və şikayətin qəbul edilməsini xahiş etmişlər. Müddətin bərpasına dair ərizəni həm poçt vasitəsi ilə, həm də, elektron portal vasitəsi ilə vermələrinə baxmayaraq, Ali Məhkəmədə həmin ərizəyə mahiyyəti üzrə baxılmamış və onlara rəsmi cavab verilməmişdir. Ali Məhkəmənin həmin əsassız qərardadı dərhal qüvvəyə minib, şikayət verilməsi nəzərdə tutulmadığına görə, yeni əsasla yeni iddia qaldırmaq məcburiyyətində qalmışlar. Yuxarıda qeyd edilənlərə əsasən əvvəlki iddia üzrə mübahisə predmeti olan torpaq sahəsinin hüquqi ünvanı düz göstərilmədiyinə görə, onlar Ərazi Reyest İdarəsinə müraciət edərək, mülkiyyətdə olan torpaq sahəsinin düz qeyd edilməyən ünvanının dəyişdirilərək düzəliş edilməsini xahiş etmişlər. 7 saylı Ərazi İdarəsi düzgün olmayan qeydiyyatda düzəliş edərək, Daşınmaz Əmlak olan torpaq sahəsinin yerləşdiyi yer üzrə ünvanının ünvan 3rış vermişdir. Bundan sonra biz Cavabdehnə müraciət edərək, hüquqi ünvanı Naftalan şəhəri Koroğlu küçəsi, giriş 13 olan xüsusi mülkiyyətə aid torpaq sahəsinin Cavabdeh sabiq rəhbərliyinin göstərişi əsasında 2018-ci ilin may ayında bağlanmış darvaza yerinin açılaraq bərpa edilməsini xahiş etmişlər. Naftalan İcra Hakimiyyəti özünün 27 iyun 2024-cü il tarixli imtina məktubu ilə ərizəyə mahiyyəti üzrə cavab verməmiş, qeyd etmişdir ki, guya torpaq sahəsinin Koroğlu küçəsinə heç bir vaxt giriş və çıxışı olmamış, H.Z.Tağıyev küçəsində yerləşən digər mülkiyyətçinin torpaq sahəsindəki çıxışdan istifadə etməyi tövsiyyə olunmuş, torpaq sahəsinə başqa hissədən giriş yolunun verilməsinin mümkün olmadığını qeyd etmişdir. Torpaq sahəsinin hər ikisi əvvəldən H.Z.Tağıyev küçəsi 11 nömrəli ünvan adı altında getmişdir. 2017-ci ildə Naftalan Bələdiyyəsi həmin 10 sot torpaq sahəsinin 5 sotunu İzulət Bağırovaya, 5 sotunu isə onun ailə üzvü Kamil Həsənliyə satmış, hər bir torpaq sahəsinə onların adına ayrı-ayrılıqda çıxarışlar verilmişdir, çıxarışlar verilərkən torpaq sahəsinin hər ikisi əvvəldən H.Z.Tağıyev küçəsi 11 nömrəli ünvan adı altında getdiyinə görə avtomatik olaraq digər torpaq sahəsi 11A adlandırılmışdır. İddiaçıya aid torpaq sahəsinin formal ünvanı çıxarışlarda H.Z.Tağıyev küçəsi 11A göstərilsə də, həmin küçəyə aidiyyatı və çıxışı olmamışdır. Kadastr sənədlərində də, hər iki torpaq sahəsi mülkiyyət hüququnun ayrıca subyekti kimi, ara kəsmə nöqtələri göstərilməklə, biri H.Z. Tağıyev küçəsinə, digəri isə Koroğlu küçəsinə həmsərhəd yerləşməklə rəsmiləşdirilmişdir. Bundan sonra H.Z.Tağıyev küçəsində yerləşən İzulət Bağırovanın adma olan 5 sot torpaq sahəsini X2 adlı şəxs almış, digər yəni, Kamil Həsənlinin adına olan Koroğlu küçəsində yerləşən 5 sot torpaq sahəsini isə İddiaçı almışdır. Bundan başqa iddiaçı 2018-ci ildə barı çəkib darvaza qoydurduqdan dərhal sonra həmin torpaq sahəsində ev tikdirməyə başlamaq istəmişdir. Cavabdeh tərəfindən onun darvazası sökülüb giriş yolu bağlandığına görə o, ev tikmək planını həyata keçirə bilməmiş və 6 il müddətində ev tikməyə başlaya bilməmişdir. Nəzərə alınsa ki, bu müddətdə dövlət hər il 10 %-dan artıq olmaqla infılyasiya barədə rəsmi məlumat vermişdir. Hesab edirlər ki, 6 il ərzində cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı inşaat materialları, usta xərcləri və digər xərclər nəzərə alınmaqla, bahalaşma (infılyasiya) ilə əlaqədar ən azı 20.000 manat zərərə düşmüşdür. Belə ki, iddiaçıya 2018-ci ildə nəzərdə tutduğu kürsülü və sahəsi 150 kv.m olan evin tikilməsi xərcləri 60 min manata başa gələcəyi halda, hazırda 90 min manat həddində başa gəlməsi mümkündür. Bunları nəzərə alaraq, iddiaçı cavabdehdən ona vurulmuş ən azı 20.000 manat zərərin yarısını, yəni 10.000 manat tələb etməkdə haqlıdır. Bu hesabla ümumi zərərin minimum miqdarını 13.000 manat dəyərləndirməklə tələb edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndələri X6 və X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 2-1(114)-173/2023 nömrəli qərarına (Hakim F.Hüseynov) əsasən İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinə zəruri gediş-gəliş yolunun açılmasına və giriş-çıxış qapısının qoyulmasına maneənin qadağan edilməsi, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(104)-833/2023 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 2-1(114)-173/2023 nömrəli qərarı ləğv edilərək iddia tələbi mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(102_1220/2024 saylı qərardadı ilə kassasiya şikayəti mümkün ayılmamışdır. İddiaçı hazırkı tələbi ilə cavabdeh tərəfindən qanunsuz sökülmüş darvazanın və giriş yolunun bərpa edilməsi və vurulmuş zərər hesabına kompensasiya ödənilməsini tələb edir. Qeyd olunan tələblə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olmasına baxmayaraq, iddiaçı eyni iddia tələbi ilə məhkəməyə yenidən müraciət etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının olması iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı məhkəmə iclasında ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli çıxarış təqdim edərək, ünvanın dəyişərək artıq yeni ünvanın ünvan 7sı zamanı və tərəflərin izahatından məlum olmuşdur ki, iddiaçının tələbi mahiyyət baxımı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 2-1(114)- 173/2023 qərarı ilə nəticə verilmiş iddia tələbi ilə eyni tələbdir. Qeyd edilən ərazidə sadəcə ünvan dəyişilərək yeni qaydalarla yeni ünvan verilmişdir, iddiaçının sökülmüş darvazanın və giriş yolunun bərpa edilməsini tələb etdiyi ərazi isə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cu il tarixli, 2-1(114)-173/2023 qərarı ilə nəticə verilmiş iddia tələbində qeyd edilən ərazi ilə eyni ərazidir. İddianın əsasını iddiaçının cavabdehə qarşı öz tələbini əsaslandırmaq üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquqi münasibətlərin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hüquqi faktlar təşkil edir. İddianın əsasının dəyişdirilməsi iddia tələbini təsdiq edən yeni hallara istinad edilməsində və ya ilkin əsasların bəzilərinin aradan qaldırılmasında ifadə oluna bilər. İddiaçının əvvəl irəli sürdüyü hüquqi faktların məzmununu dəqiqləşdirməsi və ya onları konkretləşdirməsi iddianın əsasının dəyişdirilməsi kimi qəbul edilə bilməz. İddianın predmeti isə iddiaçının cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdir. İddianın predmetinin dəyişdirilməsi zamanı iddia tələbinin mahiyyəti də dəyişdirilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir (8.1-ci bənd); Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir (8.2-ci bənd); Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir (8.3-cü bənd); Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir (8.4-cü bənd); İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd); İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd); Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd). Beləliklə, hazırkı işlə 2-1(114)-173/2023 nömrəli inzibati işlər müqayisə edildikdə məlum olur ki, hər iki iddianın predmeti, yəni iddia tələbi eynidir və iddiaçının dəlilləri iddia tələbinə baxılması üçün yeni əsas kimi qəbul edilə bilməz. İddiaçı həmin inzibati işdə də, hazırkı iş üzrə də tələb etdiyi qanunsuz sökülmüş darvazanın və giriş yolunun bərpa edilməsi və vurulmuş zərərə görə kompensasiya ödənilməsini tələb etmişdir. İPM-in 78-ci maddəsinə əsasən isə, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş və həmin tərəflər üçün məcburi olan məhkəmə qərarı olduğu halda, habelə eyni mübahisəyə dair əvvəlki iş üzrə faktiki halların əhəmiyyətli dərəcədə dəyişdiyinə dair hər hansı yeni sübutlar təqdim olunmadığı halda, əvvəlki iş üzrə məhkəmə qərarının qüvvəsi həmin mübahisəyə yenidən baxılmasını qadağan edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı cavabdehin imtinasını əsassız hesab edib, onun üzərinə, qanunsuz sökdürdüyü darvazanın və giriş yolunun bərpa edilməsi öhdəliyinin qoyulması və vurulmuş zərər hesabına 13.000 manat kompensasiya ödənilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasını tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1117/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1117/2025
12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver