Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1118/2021 07.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Şəmkir rayonu Keçili bələdiyyəsi) qarşı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Keçili bələdiyyəsi tərəfindən 26.12.2001-ci il tarixdə 12 saylı qərarla verilmiş 0.08 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Şəmkir rayon Keçili bələdiyyəsinin 26.12.2001-ci il tarixli 12 saylı qərarına əsasən Şəmkir rayon Keçili bələdiyyəsinin ərazisindən 0.08 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsi üzrə torpağın plan və ölçüsü hazırlanmış və qeydiyyata alınması üçün arxiv sənədləri ilə birlikdə dövlət rüsumu ödənilməklə cavabdehə təqdim edilmiş, lakin cavabdeh həmin əmlak üzərində hüquqlarının qeydiyyata alınmasından əsassız olaraq imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin 13.08.2021-ci il tarixli qərardadı ilə Şəmkir rayon Keçili bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur(Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi (vəkili) X4 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, torpaqların alqı-satqısına dair akt Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş torpaqların alqı-satqı Qaydalarına uyğun olaraq üç nüsxədən ibarət tərtib edilir və müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxsin imzaları və möhürlərlə təsdiqlənir. Bundan başqa torpaqların alqı-satqısına dair akt, ödəniş haqqında qəbz, yerli icra hakimiyyəti orqanının, bələdiyyənin satdığı torpaq sahəsinə dair rəyi, DT və XK-nın bələdiyyənin satdığı torpaq sahəsinə dair rəyi, qiymət arayışı, baxış aktı, bələdiyyənin qərarı və baş memarın rəyi təqdim edilmədiyinə görə hər hansı sənədləşmənin aparılması mümkün olmamışdır. Həmçinin iddiaçı tərəfindən «Daşınmaz Əmlakın Dövlət Reyestri» haqqında Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən hüquqmüəyyənedici sənədlər tam təqdim edilməmiş və məhkəməyə müraciət etmək üçün daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş verilməmişdir. Məhkəmə araşdırmasının predmetini Şəmkir rayon Keçili bələdiyyəsinin 26.12.2001-ci il tarixli 12 nömrəli qərarı, Şəmkir rayon Keçili bələdiyyəsinin yerquruluşu planından çıxarış, Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının 06.11.2018-ci il tarixli K-1-943 nömrəli, 13.08.2021-ci il tarixli K-1-406 və 23.08.2021-ci il tarixli k-3-116 nömrəli arxiv arayışları, Şəmkir rayon Keçili bələdiyyəsinin 23.08.2021-ci il tarixli 112 nömrəli məktubu, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin 05.04.2021-ci il tarixli **********13 nömrəli məktubu və 13.08.2021-ci il tarixli **********70 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını və iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə «İnzibati icraat haqqında» Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. İşdə olan Şəmkir rayon Keçili bələdiyyəsinin 26.12.2001-ci il tarixli 12 nömrəli qərarından görünür ki, həmin qərar əsasında Şəmkir rayon Keçili bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararlı torpaq sahəsindən alqı-satqı qaydasında Şəmkir rayon Keçili kənd sakini X2 həyətyanı məqsədlə 0.08 ha torpaq satılmışdır. İşdə olan Şəmkir rayon Keçili bələdiyyəsinin yerquruluşu planından çıxarışda İddiaçı qanuni istifadəsində olan 0.08 ha həyətyanı torpaq sahəsi olması qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının 06.11.2018-ci il tarixli K-1-943 nömrəli, 13.08.2021-ci il tarixli K-1-406 və 23.08.2021-ci il tarixli k-3-116 nömrəli arxiv arayışlarından görünür ki, X6 Filialında mühafizə olunan Keçili kənd bələdiyyəsinin 26.12.2001-ci il tarixli 12 nömrəli əmri ilə X1 adına 0.08 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Lakin 26.12.2001-ci il tarixli 12 nömrəli əmrlə verilmiş torpaq sahəsinin yerquruluşu planı və bələdiyyə ilə vətəndaş arasında bağlanmış həyətyanı torpaq sahəsinə dair alqı-satqı müqaviləsi arxivə təhvil verilmədiyi üçün həmin sənədlərin verilməsi mümkün deyildir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinin tələblərinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinin tələblərinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir(Qanunun 6.5-ci maddəsi). Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər(Qanunun 9.1-ci maddəsi). Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir (Qanunun 9.6-cı maddəsi). Bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, ipotekası, nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyətvə icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir(Qanunun 20.1-ci maddəsi). Bələdiyyə torpaqlarının idarə edilməsi ilə bağlı, habelə bələdiyyələr ilə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir (Qanunun 27.2-ci maddəsi). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən ;
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
3. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən; Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İşdə olan sübutlardan göründüyü kimi iddiaçı 26.12.2001-ci il tarixli 12 nömrəli Şəmkir rayon Keçili bələdiyyəsinin qərarından və Şəmkir rayon Keçili bələdiyyəsinin yerquruluşu planından çıxarışdan başqa yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbinə uyğun hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə iş üzrə təqdim olunmuş subutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı cavabdehə, həm də məhkəməyə sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün yuxarıda qeyd olunan qanunlarla tələb olunan sənədləri təqdim edə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsigöstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Şəmkir rayonu Keçili bələdiyyəsi) qarşı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Usaməddin Osmanov