Məhkəmə qərarları › İş №2-1(114)-112/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-112/2022

09.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-112/2022 09.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X2, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş “tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın və həmin qərarın aid olduğu xx.xx.2021-ci il tarixli, **********443400 nömrəli qərarın ləğv edilməsi, mükəlləfiyyətini qanuna uyğun əvvəlki “sadələşdirilmiş vergi ödəyicisi” vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qəbul edilmiş “tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarı ilə vergi ödəyicisi olaraq iddiaçı tərəfindən 4663,99 manat əsas, 966,12 manat faiz, 0.00 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 5660,11 manat məbləği qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********443400 nömrəli qərarının xx.xx.2021-ci il tarixdən icraya yönəldilməsi qərara alınmışdır. İcraya yönəldilməsi qeyd olunan vergi, ona hesablanmış faizlər və maliyyə sanksiyası cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli **********443400 nömrəli qərardan irəli gəlmişdir. Lakin adı çəkilən qərardan iddiaçının xəbəri olmamışdır. Ona göndərilmiş icraya yönəldilmə ilə bağlı xx.xx.2021-ci il tarixli qərarı alandan sonra həmin qərar barəsində xəbər tutmuşdur. Həmçinin aydın olmuşdur ki, adı çəkilən və hazırkı iddia ilə mübahisələndirilən cavabdeh tərəfindən qəbul edimiş, xx.xx.2021-ci il tarixli **********443400 nömrəli qərarına əsasən üzərinə qanunsuz olaraq əlavə vergi öhdəlikləri, faizlər və maliyyə sanksiyalarının ödənilməsi qoyulmuşdur. Mübahisəli qərarların qəbul edilməsinə əsas cavabdəh tərəfindən “vergi ödəyicisi olaraq fəaliyyətimlə bağlı” düzgun olmayan bir sıra dəlilləri qəsdən qeyd etməklə, yanlış olaraq mükəlləfiyyətini dəyişməsi olmuşdur. Əslində isə cavabdehin fəaliyyəti ilə barəsində qeyd etdiyi dəlillər yanlış olmaqla, nəticəsində tərtib edilmiş mübahisələndirilən qərarların qəbul edilməsi qanunsuz həyata keçirilmişdir. İddiaçı fərdi sahibkar olmaqla, onun fəaliyyəti şeben, qırma-daş kimi məhsullar istehsal edib satmaqdan ibarətdir. Vergi Məcəlləsinin tələblərini əsasən o sadələşdirilmiş verginin ödəyicisidir və fəaliyyət göstərdiyi müddətdə sadələşdirilmiş vergini hesablayıb, vaxtında dövlət büdcəsinə ödəmişdir. Lakin cavabdeh əsassız olaraq onun mükəlləfiyyətini 2 faiz sadələşdirilmiş vergi ödəyicisindən, gəlir vergisinin ödəyicisi kimi dəyişdirmişdir. Məlumdur ki, istehsalçılar da istehsal etdiyi məhsulu topdansatış qaydasında sata bilir. İstehsalçının istehsal etdiyi malları elektron qaimə ilə satması şəxsin fəaliyyətinin dəyişməsinə səbəb ola bilməz və sahibkarın topdansatış fəaliyyəti ilə məşğul olması kimi əsas götürülə bilməz. Bu istehsal fəaliyyətini həyata kəçirmək üçün o şüben və qum istehsalı ücün müvafiq istehsal avadanlıqları olan vergi ödəyiciləri ilə müqavilə bağlayır və malları həmin avadanlıqlarla istehsal edir. Bu baxımdan da cavabdehin iddiaçının fəaliyyətinə aid olmayan hallara istinadən mükəlləfiyyətini dəyişməkdə haqlı olmadığı aşkar vəziyyət ve vergi qanunvericiliynə zidd hərəkətdir. Vergi orqanı nəzarət orqanıdır və onun topdansatış fəaliyyətini həyata keçirdiyini bildirirsə mütləq qaydada məhsulu hansı qarşı tərəfdən almağını sübut etməlidir. Əgər bu yoxdursa vergi orqanı əsassız qaydada mükəlləfiyyətini dəyişmək, eləcə də onu qanunda nəzərdə tutulmamış vergilərin ödənilməsinə məcbur etmək səlahiyyətinə malik deyil. İddiaçı bildirir ki, istehsal fəaliyyəti ilə məşğul olmuş və qanunda nəzərdə tutulmuş qaydada uyğun büdcəyə hesablanmalı olan sadələşdirilmiş vergini büdcəyə ödəmişdir. Fəaliyyəti onun gəlir vergisi ödəyicisi olmağına imkan vermir. Əks təqdirdə gəlirləri ilə yanaşı xərclərin də uçotu aparılıb, nəticəsi ilə bağlı nəzərə alınmalıdır. Ona görədə vergi orqanı tərəfindən ona gəlir vergisi hesablana bilməz. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(114)-1789/2021 nömrəli qərardadı ilə iddiaçının cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli, **********831300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi” tələbinə dair iddianın dəyişdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının vəkili X4 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən 2018-ci ilin rübləri üzə təqdim olunmuş sadələşdirilmiş vergi bəyannamələrinin təhlili zamanı vergi ödəyicisinin bəyan etdiyi dövriyyəsinin 100 faizinin elektron qaimə fakturalarla təqdim edilmiş mallar olduğu müəyyən olunmuşdur. Belə olan halda da Vergi Məcəlləsinin normalarına əsasən vergi ödəyicisi İddiaçı sadələşdirilmiş vergi ödəyicisi olmaq hüqunu itirmiş olduğundan vergi orqanı tərəfindən vergi ödəyicisinə Vergi Məcəlləsinin 151.5.8-ci maddəsinə əsasən gəlir vergisi üzrə cari ödəmə bildirişləri göndərilmişdir. Vergi orqanı vergi ödəyicisinin mükəlləfiyyətini sadələşdirilmiş vergidən gəlir vergisinə dəyişərkən ödəyicinin istehsal fəaliyyəti ilə məşğul olub-olmadığını əsas tutmamışdır. Vergi ödəyicisinin dövriyyəsinin 100 faizi elektron qaimə-fakturalarla təqdim edilmiş mallar (iş, xidmət) təşkil etdiyindən, həmçinin vergi ödəyicisi tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə xidmət göstərildiyindən Vergi Məcəlləsinin 218.5.9 və 218.5.10-cu maddələrinə əsasən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirdiyi üçün onun istehsal fəaliyyəti ilə məşğul olduğu səbəbindən sadələşdirilmiş verginin ödəyicisi olması barədə dəlili əsaslı hesab edilməməlidir. "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2021-ci il tarixli **********831300 nömrəli qərarla bağlı qeyd olunur ki, vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2020-ci il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmişdir. Bəyannamənin kameral qaydada yoxlanılması həyata keçirilərkən bir sıra kənarlaşmalar aşkar olunmuş və bununla bağlı vergi ödəyicisinə **********700200 nömrəli 05 avqust 2021-ci il tarixli "kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilərək həmin dövr üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən həmin dövr üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Kameral vergi yoxlaması zamanı vergilərin düzgün hesablanmaması aşkar edildiyi üçün vergi ödəyicisinə vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilmişdir. Vergi ödəyicisi bəyannaməsində 98315,67 manat məbləğində xərc bəyan etmişdir. Qeyd olunan xərc məbləğindən 66695 manatı elektron qaimə-fakturalarla təsdiqlənsə də, xərcin digər hissəsi rəsmi sənədlərlə təsdiq edilməyən xərclər olmuşdur. İddiaçı ərizəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarından istifadə edərək özünün sonuncu təqdim etdiyi bəyannamə məlumatlarına yaxın olan xərc çıxarmış və vergi orqanı tərəfindən hesablanmanın həmin qaydada aparılmalı olmasını tələb etmişdir. İddiaçının qeyd olunan dəlili cavabdeh orqan tərəfindən əsaslı hesab edilmir. Belə ki, Vergi Məcəlləsinin 67.14-cü maddəsindən istifadə edilməsi hüququ yalnız vergi orqanına verilmişdir. Vergi ödəyicisinin Vergi Məcəlləsinin həmin normasına istinad edərək vergilərini o qaydada hesablamaq hüququ yoxdur. Vergi ödəyicisi yalnız özünün rəsmi sənədlərlə təsdiq edə bildiyi xərclərə istinad edərək öz vergilərini hesablamaq hüququ vardır. Vergi ödəyicisinin gəlirlərinin hesablanmasının hüquqi əsasları Vergi Məcəlləsinin 96.1, 101.3, 108, 129, 130.1, 130.2-ci maddələri, habelə iddiaçının müvafiq mühasibatlıq sənədlərinin uçotunun aparılması vəzifəsi 16.1.3, 16.1.7 və 16.1.9-cu maddələrində müəyyən edilmişdir. Həmin müddəaların ümumiləşdirilmiş mənasına görə, vergi ödəyicisinin gəlir vergisinin hesablanması üçün ilk olaraq vergiyə cəlb edilməli olan gəliri müəyyən edilməlidir. Vergiyə cəlb edilməli gəlir isə gəlirdən çıxılan xərc arasındakı fərqdir. Beləliklə, gəlir vergisinin hesablanması üçün zəruri olan şərtlər kimi gəlirlər və xərclər müəyyən edilməlidir. Bunun üçün isə vergi ödəyicisi müəyyən edilmiş qaydada mühasibatlıq sənədlərinin uçotunu düzgün aparılmalıdır. Lakin vergi orqanı tərəfindən iddiaçının bəyan etdiyi xərclərini təsdiq edən sənədlər tələb edilməsinə baxmayaraq iddiaçı tərəfindən vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Belə olan halda vergi orqanı iddiaçı tərəfindən xərcləri təsdiq edəcək hər hansı rəsmi sənəd təqdim edilmədiyi üçün iddiaçının gəlirin əldə edilməsi ilə bağlı elektron qaimə-faktura ilə təsdiq olunan 66695 manat xərc qəbul edilərək vergi ödəyicisinin əldə etdiyi 118022 manatdan çıxılmış, beləliklə vergitutma bazası müəyyən edilmiş, həmçinin Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizinin vergidən azad olunan gəlir olmasını nəzərə alaraq 2566,35 manat gəlir vergisi hesablamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -”Kameral vergi yoxlaması üçün zəruri sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********700200 nömrəli məktubdan görünür ki, İddiaçı kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlərin təqdim edilmədiyi halda Vergi Məcəlləsinin 37, 67, və 83-cü maddələrinə əsasən vergi orqanının vergi ödəyicisinin vergi öhdəliklərini yenidən hesablamaq hüququ olduğu izah edilmişdir. -surəti işə əlavə edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********831300 nömrəli qərardan görünür ki, İddiaçı barəsində vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 2566,35 manat müəyyən edilmişdir. -Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/1005 nömrəli ekspert rəyində İddiaçı fəaliyyəti ilə bağlı sənədlər tam şəkildə təqdim olunmadığından ona hesablanmış vergi borcunun düzgün hesablanması və onun xx.xx.2021-ci il tarixə qədər nə qədər vergi borcu yaranması barədə konkret hesablamalar aparılmasının mümkün olmadığı, eyni zamanda təqdim olunan sənədlər nəzərə alındığı təqdirdə İddiaçı tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergi borcunun 2566.35 manat müəyyən olunduğu qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********831300 nömrəli qərarı ilə iddiaçıya 2566,35 manat məbləğində gəlir vergisi hesablanmışdır. İddiaçı isə sadələşdirilmiş vergi ödəyicisi olmasını iddia edərək vergi orqanının qeyd olunan qərarını mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicilərinin vəzifəsidir. -16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. -16.1.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş müddətdə uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. -16.3-cü maddəsinin 2-ci hissəsinə əssən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur. -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinin 1-ci hissəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -37.4-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. -218.5-ci maddəsinə əsasən aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur: 218.5.9. topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər; 218.5.10. vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla); -218.6-cı maddəsinə əsasən aşağıdakı hallarda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır: 218.6.1. bu Məcəllənin 218.5.9-cu maddəsinin müddəalarından asılı olmayaraq pərakəndə satış qaydasında malların təqdim edilməsini həyata keçirən vergi ödəyicisi, eyni zamanda, topdansatış qaydasında malların satışını həyata keçirdikdə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi ümumi ticarət əməliyyatlarının (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda; 218.6.2. bu Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda. 151.5.8-ci maddəsinə əsasən əvvəllər fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri bu Məcəllənin 16.2-ci və 151.5.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq arayışı təqdim etmədikləri halda, vergi orqanı cari vergi ödəmələrinin məbləğini bu Məcəllənin 67-ci maddəsinə uyğun olaraq vergini əlaqəli məlumatlar əsasında hesablayır və vergi ödəyicisinə müvafiq bildiriş göndərir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən 2018-ci ilin rübləri üzə təqdim olunmuş sadələşdirilmiş vergi bəyannamələrinin təhlili zamanı vergi ödəyicisinin bəyan etdiyi dövriyyəsinin 100 faizi elektron qaimə-fakturalarla təqdim edilmiş mallar (iş, xidmət) təşkil etdiyindən, həmçinin vergi ödəyicisi tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə xidmət göstərildiyindən Vergi Məcəlləsinin 218.5.9 və 218.5.10-cu maddələrinə əsasən iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olmaq hüqunu itirmiş, bu səbəbdən də vergi orqanı tərəfindən vergi ödəyicisinə Vergi Məcəlləsinin 151.5.8-ci maddəsinə əsasən gəlir vergisi üzrə cari ödəmə bildirişləri göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2020-ci il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş və vergi orqanı tərəfindən həmin bəyannamənin kameral qaydada yoxlanılması həyata keçirilərkən bir sıra kənarlaşmalar aşkar olunmuş, bununla bağlı vergi ödəyicisinə məktub göndərilərək həmin dövr üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən həmin dövr üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilməmişdir. Kameral vergi yoxlaması zamanı vergilərin düzgün hesablanmaması aşkar edildiyi üçün vergi orqanı tərəfindən vergilərin hesablanmasına qərar qəbul edilmişdir. Vergi ödəyicisi bəyannaməsində 98315,67 manat məbləğində xərc bəyan etmişdir. Qeyd olunan xərc məbləğindən 66695 manatı elektron qaimə-fakturalarla təsdiqlənsə də, xərcin digər hissəsi rəsmi sənədlərlə təsdiq edilməyən xərclər olmuşdur. Qeyd edilməlidir ki, vergi ödəyicisi vergi orqanına, eyni zamanda ekspertə 98315,67 manat məbləğində xərcin 66695 manatı hissəsi istisna olmaqla digər hissə üzrə elektron qaimə-faktura və digər sübut təqdim etmədiyindən vergi orqanı haqlı olaraq qanunvericiliyin tələbinə uyğun qaydada vergi ödəyicisinin gəlir vergisini müəyyən etmişdir. Qanunvericilikdə istinad olunan normalara və işin faktiki hallarına əsasən iddiaçının vergi öhdəliyinin düzgün müəyyən edilməməsi səbəbindən cavabdeh orqan Vergi Məcəlləsi ilə ona verilmiş hüquqi imkanlardan istifadə edərək əsaslı kameral vergi yoxlaması aparmışdır. Göründüyü kimi, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlamaları vergi qanunvericiliyinin müddəaları gözlənilməklə həyata keçirilmişdir ki, həmin yoxlamanın nəticəsində qəbul edilmiş qərar əsaslıdır və ləğv edilməsi üçün əsas yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********831300 nömrəli qərarı qanunidir və ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar