Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-112/2023 23.08.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştiraklar ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12 saylı Ərazi Vergilər Baş İdarəsinin barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərarlarının və həmin qərarlar əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2022-ci il tarixli qərarı ilə ondan ümumilikdə 7740,40 manat pulun alınıb dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Qeyd olunan qərarın qəbul edilməsinə səbəb isə cavabdehin xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarlarının olması göstərilmişdir. Qeyd olunan qərarlardan onun ümumiyyətlə xəbəri olmamışdır. Belə ki, o, xx.xx.2019-cu il tarixdən Rusiya Federasiyasında yaşayır. Bu da onu deməyə əsas verir ki, göstərilən tarixlərdə Azərbaycan Respublikasında hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olub vergi ödəniləcək əməliyyatlar etməyi mümkün deyildir. Bu yalnız etibarnamə əsasında mümkün olar ki, qüvvədə olan belə bir etibarnamə də mövcud deyildir. Yəni, o Rusiya Federasiyasına gəlməzdən əvvəl başqa şəxsə vermiş olduğu etibarnaməni X6 Xidmət Mərkəzinin Notariat Ofisində ləğv etdirmişdir. Bundan əlavə əgər onun dövlət qarşısında hər hansı borc və ya vergi öhdəliyi olsaydı Rusiya Federasiyasına gedə bilməzdi. Həmçinin mübahisə olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli qərarları və həmin qərarlar əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı ona təqdim edilməmişdir. Bu səbəbdən də həmin qərarların mövcudluğundan xəbəri olmamışdır. Qeyd olunan qərarlardan o, cavabdehin Gəncə Kommersiya məhkəməsində ona qarşı qaldırmış olduğu iddia tələbinə dair məhkəmə bildirişini aldıqdan sonra xəbərdar olmuşdur. Hesab edir ki, sözügedən qərarlar ləğv edilməlidir. Daha sonra iddiaçının vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixli, **********375500 və xx.xx.2021-ci il tarixli, **********602800 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-2062/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbi ilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. İşin şifahi məhkəmə baxışı iclası 23 avqust 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə qeydə alınmış etibarnaməni xx.xx.2021-ci il tarixdə ləğv etdirmiş, həmin müddət ərzində də elektron imzası etibarnamə verdiyi şəxsdə olmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının iddia tələbləri əsaslı deyil, yalnız vergi öhdəliyinin yerinə yetirilməsindən azad edilməsinə xidmət edən hallardır. İşin faktiki halları ondan ibarətdir ki, yük gömrük bəyannamələrinə əsasən Həsənov X4 Respublikasından 2020-ci ildə malın dəyəri 110000,2 manat, idxal rüsumu 16465,35 manat, əlavə dəyər vergisi 22904,2 manat, digər rüsumları 1050 manat olan ümumi dəyəri 150419.75 manat olan, 2021-ci ildə isə malın dəyəri 31492,5 manat, idxal rüsumu 4723,88 manat, əlavə dəyər vergisi 6563,95 manat, digər rüsumları 310 manat olan ümumi dəyəri 43090.33 manat olan mebel məmulatları idxal etmişdir. İddiaçı tərəfindən həmin illər üzrə gəlir vergisinin bəyannamələri vergi orqanına təqdim olunmamışdır. Həmçinin vergi orqanlarında mövcud olan uçot-baza məlumatlarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Göygöl rayonu, Üçtəpə kəndində yerləşən mağazada nəzarət kassa-aparatının quraşdırılmadığı müəyyən edilmişdir. İddiaçının bütün xərclər daxil olmaqla 2020-ci ildə 150419.75 manatlıq, 2021-ci ildə 43090.33 manatlıq idxal əməliyyatı vergi tutma obyektini formalaşdırmışdır. VM-nin 77.3-cü maddəsinin tələblərinə əsasən qeyd edilməlidir ki, iddiaçı tərəfindən həyata keçirilmiş idxal əməliyyatına gəlir vergisinin ödənilməsini nəzərdə tutan şərait kimi baxılmalıdır. Sözügedən idxal əməliyyatına VM-nin 67.14, 83.9, 95.96, 101.3-cü maddələri, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin xx.xx.2001-ci il 55 nömrəli Qərarını tətbiq edilərək xx.xx.2021-ci il tarixli **********375500 nömrəli, xx.xx.2021-ci il tarixli **********602800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilərək 2020-ci il üzrə 6016.79 manat, 2021-ci il üzrə 1723.61 manat vergi hesablanmışdır. Gəlir vergisinin hesablanması mexanizmi birbaşa xx.xx.2001-ci il 55 nömrəli Qərarın 6.1.2-ci yarımbəndində əks olunmuş düstur əsasında həyata keçirilmişdir. Belə ki, 2020 və 2021-ci illər üzrə gəlir vergisi bu qaydada hesablanmışdır, yük gömrük bəyannaməsinə əsasən ümumi xərc 150419.75 manat/100*20%=6016.79 manat gəlir vergisi (2020-ci il üçün), yük gömrük bəyannaməsinə əsasən ümumi xərc 43090.33 manat/100*20%=1723.61 manat gəlir vergisi (2020-ci il üçün) müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi qanunvericiliyin tələblərinə tam əməl etmiş, maddi hüquq normalarının tələbləri daxilində əsaslı inzibati akt qəbul etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş və iddia İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilmişdir. Göründüyü kimi hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 iyul 2021-ci il tarixli, **********375500 nömrəli və 20 sentyabr 2021-ci il tarixli, **********602800 nömrəli qərarlarının qanuniliyinin yoxlanılmasıdır. İş materiallarında olan fiziki şəxs haqqında məlumatın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** nömrəli VÖEN verilmişdir. -“Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktubları təsdiqlənmiş surətlərindən görünür ki, İddiaçı kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlər tələb edilmişdir. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 iyul 2021-ci il tarixli, **********375500 nömrəli qərarın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı əlaqəli məlumata əsasən 6.016,79 manat vergi hesablanmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 20 sentyabr 2021-ci il tarixli, **********602800 nömrəli qərarın təsdiqlənmiş surətindən görünür ki, İddiaçı əlaqəli məlumata əsasən 1.723,61 manat vergi hesablanmışdır. -təsdiq edilmiş surəti işə əlavə edilmiş yük gömrük bəyannamələrindən görünür ki, malların idxal edilməsi iddiaçı tərəfindən həyata keçirilmişdir. -işə əlavə edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı tərəfindən verilmiş və xx.xx.2020-ci il tarixdə qeydə alınmış etibarnaməyə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli **********375500 nömrəli, xx.xx.2021ci il tarixli **********602800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlikdən sığortası haqlarının hesablanması barədə” qərarlar qəbul edilərək 2020-ci il üzrə 6016.79 manat, 2021-ci il üzrə 1723.61 manat vergi hesablanmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. -23.1.1-ci maddəsinə əsasən Məcəllədə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. -37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. -67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. -77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. -83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata, bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata, vergi yoxlaması materiallarına və vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlardan birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır. -96.1-ci maddəsinə əsasən Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. Xüsusi notarius tərəfindən bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlar (xərclər nəzərə alınmadan) vergitutma obyektidir. Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Qaydaların 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. Məhkəmə maddi hüquq normalarını işin faktiki hallarına tətbiq edərək qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən qərarlar qanunveriliciyin tələblərinə əməl edilməklə qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, yük gömrük bəyannamələrinə əsasən Həsənov X4 Respublikasından 2020-ci ildə ümumi dəyəri 150419.75 manat olan, 2021-ci ildə isə ümumi dəyəri 43090.33 manat olan mebel məmulatları idxal etmiş və həmin illər üzrə gəlir vergisinin bəyannamələri vergi orqanına təqdim olunmamışdır. İddiaçının bütün xərclər daxil olmaqla 2020-ci ildə 150419.75 manatlıq, 2021-ci ildə 43090.33 manatlıq idxal əməliyyatı vergi tutma obyektini formalaşdırmışdır. Vergi Məcəlləsinin tələblərinə əsasən isə iddiaçı tərəfindən həyata keçirilmiş idxal əməliyyatına gəlir vergisinin ödənilməsini nəzərdə tutan şərait hesab edilməlidir. Sözügedən idxal əməliyyatına vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin xx.xx.2001-ci il 55 nömrəli Qərarını tətbiq edilərək vergi hesablanmışdır. Göründüyü kimi, cavabdeh qanunvericiliyin tələblərinə tam əməl etmiş, maddi hüquq normalarının tələbləri əsasında inzibati akt qəbul etmişdir. Bundan əlavə məhkəmə iddiaçının ölkə ərazisində olmadığı üçün barəsində vergi öhdəliyinin yarana bilməməsi ilə bağlı dəlili ilə bağlı qeyd edir ki, mübahisələndirilən inzibati aktlar yük gömrük bəyannamələri əsasında qəbul edilmişdir. Sözügedən məlumatlar verginin hesablanmasını nəzərdə tutan mənbəyi bəlli məlumatdır. Göründüyü kimi, müxtəlif vaxtlarda iddiaçı tərəfindən idxal əməliyyatları aparılmışdır. Bu baxımdan iddiaçının 2019-cu ildən ölkə ərazisində olmaması əsasına görə onun barəsində vergi öhdəliyinin yaranmaması ilə bağlı dəlili əsaslı hesab edilə bilməz. Göründüyü kimi, əməliyyatlar bütün təqvim dövrünü əhatə etməmişdir. Həmçinin vergi qanunvericiliyində məhz iddiaçının qeyd etdiyi dəlil əsasında vergi öhdəliyinin yarana bilməməsini nəzərdə tutan norma mövcud deyil. Bu xüsusda iddiaçı barəsində olan yük gömrük bəyannamələrinin mövcudluğuna görə onun üçün artıq verginin ödənilməsi şəraitinin yaranmasının baş verdiyini nəzərə alaraq iddiaçının iddia tələbi təmin edilməməlidir. Odur ki, məhkəmə iddiaçının ərizəsində qeyd etdiyi dəlilləri iş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarla qarşılıqlı təhlil edərək o qənaətə gəlmişdir ki, iddiaçının dəlilləri heç bir hüquqi əsası olmayan, məsuliyyətdən boyun qaçırma məqsədi daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -68.2. maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda ləğv edilə bilər: Beləliklə qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunacaq maddi hüquq normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 iyul 2021-ci il tarixli, **********375500 nömrəli və 20 sentyabr 2021-ci il tarixli, **********602800 nömrəli qərarlar qəbul edərkən yuxarıda sadalanan normaların tələblərinə əməl edildiyindən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 09 iyul 2021-ci il tarixli, **********375500 nömrəli və 20 sentyabr 2021-ci il tarixli, **********602800 nömrəli qərarların ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-112/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-112/2023
23.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver