Məhkəmə qərarları › İş №2-1(114)-1120/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1120/2025

18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1120/2025 18.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçıya xx.xx.2024-ci il tarixində **********902600 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubu ilə 2022-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin və yazılı izahatı, digər sənədlərinin təqdim edilməsi iddiaçıya bildirilmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 12 iyun 2024-cü il tarixli **********278200 nömrəli qərarı ilə 2022 –ci il dövrünə dair Gəlir vergisi üzrə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama ilə müəyyən edilmiş vergi və sığorta haqqı 67.790,32 manat miqdarında, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 63.459,81 manat müəyyən edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən tərtib edilmiş Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixində **********278200 saylı qərarın ləğv edilməsi və borcun silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, un və un məmulatlarının səyyar və parakəndə satışı ilə məşqul olur. Şəki rayonu Böyük Dəhnə kəndi ərazisində dukkanı olmuşdur. 2022-ci il ərzində elektron qaimə əsasında aldığı mallara görə vergilər baş idarəsi tərəfindən haqsız olaraq onun barəsində xx.xx.2024-cü il tarixində **********278200 saylı “Vergilərin, sosial sığorta haqları və işsizlik sığortası haqlarının hesablanması” barədə qərar qəbul olunmuşdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin onun barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixili **********278200 nömrəli Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda bildirilir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərarla onun barəsində 2022-cü il üzrə gəlir vergisi hesablanmışdır. Vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmiş verginin məbləği 63459,81 manat olmuşdur. İşin xüsusatlarından göründüyü kimi, cavabdeh inzibati orqanda vergi ödəyicisi kimi uçotda olan İddiaçı 2022-cü il ərzində elektron qaimə-fakturalar üzrə 1 694 757, 95 manat məbləğində mal almışdır. Müvafiq dövr (2022-ci il) üzrə iddiaçı tərəfindən gəlir vergisi bəyannaməsi təqdim edilməmiş, bununla əlaqədar olaraq vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə **********344700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş və İddiaçı uyğunsuzluq məktubu ilə bağlı hər hansı izah, təsdiqedici sənəd və ya məlumat, vergi bəyannaməsi təqdim etmədiyindən xx.xx.2023-cü il tarixdə kameral vergi yoxlaması aparılmışdır. Nəticədə tərəfimizdən xx.xx.2023-cü il tarixli **********433400 nömrəli qərar qəbul olunmuşdur. Bundan sonra vergi ödəyicisi (iddiaçı) xx.xx.2024-cü il tarixdə 2022-ci il üzrə gəlir vergisi bəyannaməsini cavabdeh inzibati orqana təqdim etmişdir. İddiaçı tərəfindən vergi orqanına təqdim edilən 2022-ci il üzrə cari gəlir vergi bəyannaməsində sözügedən təqvim (vergi) ili ərzində 1 465 155,50 manat məbləğində vergiyə cəlb edilən gəlir, malların dəyəri üzrə 1 443 502, 95 manat xərc qeyd edilməklə 4 330,51 manat gəlir vergisi bəyan edilmiş, eyni zamanda bəyannamənin Əlavə 1 hissəsində “Mallar” sətrində “dövrün əvvəlinə qalıq” sütununda 0,00 manat, “dövr ərzində daxil olmuşdur” sütununda 1 694 757,95 manat, “təqdim edilmişdir” sütununda 1 443 502, 95 manat, hesabat dövrünün sonuna (xx.xx.2022) 251 255,00 manat dəyərində qalıq göstərilmişdir. T əqdim olunan bəyannamədə yaranmış aşkar uyğunsuzluqlara görə tərəfimizdən xx.xx.2024-cü il tarixli **********902600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub İddiaçı göndərilmişdir. **********902600 nömrəli məktubda 2023-cü ilin gəlir vergisi üzrə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi iddiaçının nəzərinə çatdırılmışdır. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddətdə uyğunsuzluq məktubundakı göstərilən dövriyyə kənarlaşması aradan qaldırılmamışdır. Cavabdeh inzibati orqan olaraq vergi qanunvericiliyi ilə müəyyən edilmiş müddət daxilində, yəni xx.xx.2024-cü il də hazırkı iddianın predmeti olan qərar qəbul olunmuşdur. Qeyd olunur ki, iddiaçı mübahisələndirdiyi qərarın ləğv edilməsini şərtləndirən heç bir dəlilə malik deyil. Çünki iddia ərizəsində iddia tələbini əsaslandıran hər hansı fikir əks olunmamışdır. Amma əksinə cavabdeh inzibati orqan iddiaçı barəsində vergi öhdəliyini müəyyən etməkdə tutarlı dəlillərə söykənmişdir. Etirazda qeyd olunan maddi hüquq normalarından görünür ki, iddiaçının fəaliyyəti üzrə tərəfimizdən kameral vergi yoxlaması aparılmışdır. Kameral vergi yoxlamasının aparılmasını tənzimləyən 37.4-cü maddənin 2-ci hissəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar təqdim edilmədikdə vergi orqanı vergi ödəyicisi barəsində vergi hesablamaq hüququna malikdir. **********902600 nömrəli məktuba cavab olaraq xx.xx.2024-cü il tarixə kimi iddiaçı tərəfindən dəqiqləşdirilmiş vergi bəyannaməsi, müvafiq sənədlər və ya məlumatlar vergi orqanına təqdim olunmamışdır. İddiaçının 2022-ci il üzrə 1 694 757,95 manat məbləğində elektron qaimə-faktura əsasında mal (un məmulatları) alması işin təkzib edilməz faktıdır. Vergi orqanında mövcud olan uçot baza məlumatlarına əsasən iddiaçının almış olduğu un məmulatlarını rəsmi sənədlər (elektron qaimə faktura, nəzarət kassa aparatı çeki) əsasında təqdim etməmiedir Yəni iddiaçı 2022-ci il üzrə gəlirini rəsmi qaydada təediqləyən hər maneə malik olmamıedır. Həmin tənzimləmə vasitəsi isə Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 saylı Qərarıdır. VM-nin 67.14-cü maddəsinə əsasən həmin Məcəllənin 67.1-ci maddəsindəki əlaqəli məlumatlarla vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduğu halda mənfəət (gəlir) vergisi VM-nin 83.9-cu maddəsinə əsasən hesablanır. İşin hallarından görünür ki, iddiaçı 1 694 757,95 manat məbləğində elektron qaimə-faktura əsasında mal almış, yəni müvafiq qaydada rəsmi xərc sənədlərinə malikdir. Lakin həmin malların təqdim edilməsini göstərən rəsmi sənədləri olmadığından gəlirini müəyyən etmək mümkün olmamış və 1 694 757,95 manat məbləğində xərci əsasında şərti rentabelliklə gəlir vergisi hesablanmışdır. Hesablama mexanizmi belə olmuşdur:dövriyyəni (gəlirləri) təsdiq edən rəsmi sənədlər olmadığından, eləcə də dövrün sonuna bəyan edilmiş qalıq məbləği (252 255,00 manat ) formal rəqəm kimi göstərildiyindən əldə edilmiş malların dəyəri xərc olaraq qəbul edilmiş və NK-nın 55 saylı Qərarı əsasında gəlirlər ((1 694 757, 95/5)*6=2 033 709,54 manat) müəyyənləşdirilməklə vergi öədyicisinə (iddiaçıya) ( 2 033 709,54-1 694 757,95*0.2= 67 790,32 manat vergi hesablanmışdır. Həmçinin iddiaçı xx.xx.2024-cü il tarixdə təqdim etdiyi gəlir vergisi bəyannaməsində 2022- ci ilin sonuna 251 255, 00 manat mal qalığının olmasını bəyan etmişdir. uu xüsusatla bağlı vurğulanmalıdır ki, hesabat dövrünün sonuna mal qalığı qeyd edilmiş rəqəmlərin hər hansı əsası yoxdur. Belə ki, kameral vergi yoxlaması çərçivəsində iddiaçının qeydiyyat-uçot sənədləri də araşdırılmışdır. Məlum olmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixli vergi ödəyicisinin fəaliyyətinin dayandırılması haqqında ərizə ilə vergi orqanına müraciət edərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixə kimi sahibkarlıq fəaliyyətini 10 il dayandırmışdır. Həmçinin təsərrüfat subyekti kimi vergi orqanında uçota alınmış Şəki rayonu, Böyük Dəhnə kəndindəki 30 kv.m. olan ərzaq mağazasının qeydiyyatını da xx.xx.2023-cü il tarixli “vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) vergi uçotundan çıxarılması haqqında” ərizə ilə həmin tarixdən ləğv etmişdir. Qeyd olunur ki, iddiaçının başqa yerdə təsərrüfat subyekti mövcud deyil. Göstərilənlərdən belə nəticə hasil olur ki, iddiaçı 251 255, 00 manat məbləğində mal qalığının olmasını göstərməklə ancaq vergi öhdəliyindən yayınmaq məqsədi daşımışdır. Nəzərə alınmalıdır ki, həmin mallar un məmulatlarından ibarət mallardır və bu cür malların qısa müddətli saxlama dövrü olur. Maraqlıdır növbəti 10 il ərzində fəaliyyətinin olmadığını bəyan etmiş, hətta obyektə belə sahib olmayan vergi ödəyicisi 251 255, 00 manatlıq un məmulatlarını bu qədər uzun müddətə, harada və hansı şəraitdə saxlaya bilər? Uu baxımdan tərəfimizdən haqlı olaraq 251 255, 00 manatlıq mal qalığının olması qəbul edilməmiş, sahibliyində olan malların faktiki olaraq iddiaçı tərəfindən satılmış olmasına görə vergi hesablanmışdır. VM-nin 67-ci maddəsindəki sıra ardıcıllığı ilə bağlı məqamı da məhkəmənin diqqətinə çatdırmaq istərdik. AR VM-də dəyişiklik edilməsi haqında 3 dekabr 2021-ci il tarixli 406-VİQD № qanuna əsasən Vergi Məcəlləsinə aşağıdakı məzmunda 67.17-ci maddə əlavə edilmişdir: “Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir.” Qeyd olunan maddə 2022-ci ilin yanvarın 1-dən qüvvəyə minməklə tətbiq edilməyə başlanmışdır. Kameral vergi yoxlaması ilə 2022-ci il üzrə gəlir vergisinin yoxlanıldığını nəzərə alsaq, 2022-ci il üzrə hesablama həyata keçirilərkən artıq Vergi Məcəlləsinin 67.17ci maddəsi qanuni qüvvəsini aldığından tətbiq olunmalı, yəni vergitutma obyekti müəyyən edilərkən sıra ardıcıllığının gözlənilməsi istisna edilməlidir. Beləliklə, işin hallarından görsənir ki, cavabdeh inzibati orqan tam qanuni və əsaslı qərar qəbul etmiş, mənbəyi dəqiq məlumata istinad etmiş və vergi ödəyicisinin hər hansı hüquq və qanunla gözlənilən mənafeyini pozmamışdır. Qeyd etməyi zəruri hesab edirik ki, tərəfimizdən həyata keçirilmiş kameral vergi yoxlaması zamanı qanunla müəyyən edilmiş müddətə də əməl edilmişdir. Belə ki, iddiaçı 07 mart 2024-cü il tarixdə cavabdeh inzibati orqana 2022-ci il üzrə cari gəlir vergisi bəyannaməsi təqdim etmişdir. 07 mart 2024-cü il tarixdə isə müvafiq kənarlaşma ilə bağlı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub iddiaçıya göndərilmiş və xx.xx.2024-cü il tarixdə mübahisələndirilən qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən VM-nin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Qanunun tələbindən göründüyü kimi, kameral vergi yoxlaması üçün nəzərdə tutulan müddətin axımı vergi bəyannaməsi təqdim edildiyi gündən başlayır. Vergi orqanı olaraq 12 saylı ƏVBİ tərəfindən qeyd edilən müddət axımına əmıl edilmiş və 60 iş gününü keçmədən (hətta 30 iş günü də keçmədən) xx.xx.2024-cü il tarixli qərar qəbul olunmuşdur. İstinad edilən xüsusatlardan görünür ki, iddia ərizəsi tamamilə əsassızdır. Cavabdehin nümayəndəsi məhəkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İş materiallarına mübahisələndirilən qərar və onun qəbul edilməsi ilə bağlı aparılmış icraat materiallarının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Belə ki,mübahisələndirmə haqqında iddianın mümkünlük şərti olan qərardan şikayət verilməsi üçün nəzərdə tutulan müddət iddiaçı tərəfindən ötürülməmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən: Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.81 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar. Maddə 13.2.82 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5- ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir.. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə ilə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Maddə 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. Maddə 67.2 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.3 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Maddə 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Maddə 67.14 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Maddə 67.17. Bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir. Maddə 83.9 (Mübahisəli dövrdə qüvvədə olan redaksiyada). Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İddiaçı cavabdehin kameral qaydada şərti rentabellik norması tətbiq etməklə ona əlavə gəlir vergisinin hesablanması barədə qərarını mübahisələndirmişdir. Hesablamanın əsası qismində iddiaçının 2022-ci il üzrə təqdim etdiyi dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində göstərdiyi gəlirlərin sənədlərlə təsdiq edilmədiyi qeyd olunmuşdur. İlk öncə qeyd edilməlidir ki, vergi orqanı xx.xx.2024 tarixli **********902600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubunda vergi odəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə “Uçot baza məlumatlarına əsasən mülkiyyətinizdə təsərrüfat subyektiniz olmasına baxmayaraq tərəfinizdən cari il üçün təqdim edilmiş “Gəlir vergisi bəyannaməsi “nin 1 №-li Əlavəsinin 1.1.1 kodlu sətrində göstəricilər əks etdirilməmişdir” uyğunsuzluğunu qeyd etməsinə baxmayaraq kameral hesablama vergi ödəyicisinin gəlirlərinə münasibətdə şərti rentabellik tətbiq edərək hesablama aparmışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin 1 N-li əlavəsində hesabat dövrünü sonuna mal qalığı göstərilməsinə baxmayaraq , inzibati orqan kameral hesablama apararkən mal qalığını nəzərə almamışdır. Belə ki, iddiaçının 2022-ci il ərzində elektron qaimə fakturalar əsasında aldığı malların bir hissəsinin təqdim edilməməsi səbəbindən qeyd edilən malların hesabat dövrünün sonuna mal qalığı kimi əks etdirilməsinə baxmayaraq , cavabdeh vergi orqanı bununla razılaşmamış və vergi bəyannaməsində göstərilən mal qalığını iddiaçının gəliri kimi qiymətləndirərək vergiyə cəlb etmiş, lakin istər vergilərin hesablanması barədə qərarda, istərsə də, məhkəmə araşdırması zamanı bunu hansı səbəbdən etdiyini əsaslandıra bilməmişdir. Hesabat dövrünün sonuna mal qalığının olmaması nə operativ vergi nəzarəti tədbirləri ilə və nədə vergi ödəyicisinin təsərüfat subyektinə baxışın keçirilməsi ilə bağlı sənədlərlə müəyyən edilmir. Məhkəmə araşdırması zamanı bunu vergi ödəyicisinin təsərüfat subyektinin olmaması ilə əsasıandırmağa çalışsa da bu hal öz təstiqini tapmamış , əksinə məhkəməyə təqdim edilmiş vergi ödəyicisinin təsərüfat subyektinin ləğvi barədə məlumatlarda hesabat dövrünün sonuna vergi ödəyicisinin təsərrüfat subyektinin olduğu müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, bir haldakı iddiaçının elektron qaimə fakturalar əsasında aldığı malların bir hissəsinin təqdim edilməməsi səbəbindən hesabat dövrünün sonuna mal qalığı kimi əks etdirilmiş və cavabdeh vergi orqanı da iddiaçının həmin malların təqdim edilməsinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilmir, bu halda mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********278200 nömrəli Qərar əsasında hesablanmış 63459.81 manat əlavə vergi məbləğinin düzgünlüyü öz təsdiqini tapmır. Cavabdeh tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********278200 nömrəli Qərara əsasən hesablanmış 63459.81 manat əlavə vergi məbləği öz təsdiqini tapmadığından ləğv edilməlidir. Cavabdeh tərəfindən Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən qəbul olunmuş xx.xx.2024-cü il tarixli **********278200 nömrəli vergi orqanının qərarında hesablamanın səbəbləri göstərilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin qanuna əsasən yazılı inzibati aktın əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Yuxarıda da qeyd olunduğu kimi vergi orqanı yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında kameral vergi yoxlaması keçirməli və əsas olduqda əlavə vergi məbləği hesablamalıdır. Məhkəmədə aparılan icraat zamanı cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktların qəbul edilməsinin hüquqi əsasını və qanuniliyini sübut edə bilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir. Həmin maddəyə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur. Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi, 55 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə vergi məbləği hesablanmışdır. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 12 iyun 2024-cü il tarixli **********278200 nömrəli qərarı ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar