Məhkəmə qərarları › İş №2-1(114)-1121/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1121/2020

02.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1121/2020 02.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid statusunun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı X3 şəhid statusu verilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qardaşı X4 xx.xx.1992-ci il tarixdə könüllü olaraq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanmışdır. Qardaşı ilk gündən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq hərbi qulluqçusu olmuşdur. Qardaşı X4 «Boz Qurd» dəstəsinin sıravi üzvü kimi Ağdam rayonunun Gülablı kəndi ərazisində xx.xx.N-cü il tarixdə Ağdam RPİ-nin əməkdaşları ilə birlikdə kəşfiyyat tapşırığını yerinə yetirən zaman erməni quldurları tərəfindən atılan tank mərmisinin partlaması nəticəsində həlak olmuşdur. Lakin hazır ki, vaxta qədər qardaşına şəhidlik statusu verilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 9/2-3876 nömrəli arxiv arayışında da göstərilir ki, qardaşı aıravi X4 N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 1 nömrəli əmrilə şəxsi heyyətin siyahısına, bütün növ təminatlara salınaraq 1-ci bölüyün 2-ci tağımında snayper vəzifəsinə təyin edilmişdir. Lakin həmin arxiv arayışında göstərilir ki, N nömrəli hərbi hissə komandirinin fevral N-cü il tarixli nizami hissə üzrə əmrlərində X2 həlak olması barədə məlumat aşkar olunmamışdır. Qartdaşı Azərbaycan Respublikasını azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. O, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinə müraciət etmiş, ona həmin faktın təsdiqlənməsi üçün məhkəməyə müraciət etməsi izah olunaraq, ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tartixli, 9/2-3876 nömrəli arxiv arayışından görünür ki, X4 N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 1 nömrəli əmrilə şəxsi heyyətin siyahısına daxil edilmişdir. X4 uzun müddət hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin ştatından xaric edilmişdir. Ona görədə iddia ərizəsinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki-mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsən hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının (bundan sonra mətndə Qaydalar) 4.1-ci bəndinə əsasən, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri,mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. İş materiallarında olan sənədlərdən məlum olur ki, X4 Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli Hərbi Hissənin tərkibində xx.xx.1992-ci il tarixdən xx.xx.1992ci il tarixədək xidmət etmiş, uzun müddət icazəsiz hərbi hissəsni özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli N nömrəli əmrilə ştatdan xaric edilmişdir. Göründüyü kimi, mərhum X4 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tərkibindən ölümündən əvvəl xaric edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki işdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh ola bilməz. Məhkəmə iddiaya cavab verməli olan inzibati orqanın müəyyən olunması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə sorğular vermiş, həmin sorğulara verilmiş müvafiq cavab məktublarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsi DİN-in Baş Əməliyyat və X1 bilavəsitə tabe olan Arxiv-uçot şöbəsində S.Fətullayev və «Boz Qurd» dəstəsi barəsində məlumatın, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin məktubunda qeyri-kommersiya qurumlarının dövlət reyestrində adı çəkilən qurum barədə hər-hansı məlumatın aşkar edilmədiyi göstərilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, X4 həlak olarkən mülki şəxs olmuşdur. Bu səbəbdən də iddiaçı Qaydaların 4.1-ci bəndinə əsasən iddianı Müdafiə Nazirliyinə qarşı deyil, həmin arayışı almaq üçün mərhum qardaşının hərbi qeydiyyatda olduğu rayon icra hakimiyyətinə müraciət etməlidir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı şəhid statusunun verilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80. maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı mərhum qardaşı X3 şəhid statusu verilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usamədin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar