Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1121/2023 19.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Kamil qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli, **********404900 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Mübahisənin qısa şərhi: İddiaçı Kamil qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin xx.xx.2020-ci il tarixli, **********404900 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının iştirakı olmadan VÖEN açıb adına 6.377 manat borc yazılmışdır. İddiaçının heç bir anlayışı yoxdur, heç bir sahibkarlıq xidməti olmadan borclu qoyurlar. Gəncə İcra İdarəsinin İcra məmuru iddiaçıya zəng edərək ona 6.377 manat vergi cəriməsi hesablandığını və həmin pulun ödənilməsi tələb olunduğu bildirildi. İcra məmuruna heç yerdə işləmədiyini və onun heç vaxt 200.00 manat pulunun olmadığını bildirsə də, icra məmuru onu sənədlərlə tanış etdikdə yadına düşmüşdür ki, Bakı şəhərində evində qulluqçu işlədiyi Fidumə xanımın tapşırığı ilə aldığı ABŞ dollarına görə cərimə hesablanmışdır. Belə ki, 2020-ci ildə Bakı şəhərində Fidumə adlı xanımın evində qulluqçu işləyirdi. Fidumə xanım bankdan iddiaçının adına ABŞ dolları almağı tapşırmış, Fidumə xanımın qızı və sürücüsü ilə Kapital Bankın filillalarından birindən 20.000 (iyirmi min) manat məbləğində pul müqabilində ABŞ dolları almış və bankın içində elə qızına vermişdir. 20.000 (iyirmi min) manata nə qədər ABŞ dolları düşdüyünüdə bilməmiş, çünki pulu kassadan götürdüyü şəkildə saymadan qızına vermişdir. Kapital Bankın müşahidə kameralarına baxıldığı halda yazdıqlarının doğru olduğunu görmək mümkündür. Həmin vaxt Fidumə xanımın qızı ilə birlikdə filialında telefonuna pul ödənilmişdir. 16 mart 2020-ci ildə iddiaçının adından onun iştirakı olmadan Azərbaycan Beynəlxalq Bankından 12.935 manat müqabilində 7600 ABŞ dolları alınmışdır. Bu vəsaitin alınmasından xəbəri yoxdur. Əlavə olaraq qeyd etmək istəyir ki, oğlu 2-ci Qarabağ müharibəsi qazisidir, himayəsində yaşlı anası olmaqla işsizdir. Göründüyü kimi 12 saylı Ərazı Vergilər Baş İdarəsi tərəfindən 3 il əvvəl xx.xx.2020-ci il tarixdə **********404900 nömrəli qərarla 6377 manat borc yazılmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2023-cü il tarixli, **********260600 nömrəli etirazını təqdim etmişdir. Etirazda bildirilir ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən əldə olunmuş məlumata əsasən İddiaçı Kamil qızı tərəfindən 32 848,20 manat (19 300,0 USD) məbləğində valyuta mübadiləsi əməliyyatının aparılması müəyyən olunmuşdur. İddiaçı Kamil qızı xx.xx.2020-ci il tarixli **********078600 nömrəli məktubla qeyd olunan vəsaitin əldə edilməsi (muzdlu işdən gəlir, sahibkarlıq fəaliyyətindən gəlir, qeyri- sahibkarlıq fəaliyyətindən (faiz, dividend, icarə haqqı, royalti və s.) borc, kredit və s.)) ilə bağlı ətraflı izahatın verilməsi üçün Baş İdarənin inzibati binasına dəvət olunmuşdur. Lakin İddiaçı Kamil qızı tərəfindən yuxarıda qeyd olunan məktuba cavab verilməmiş, onun tərəfindən əldə edilmiş vəsaitin mənbəyi ilə bağlı hər hansı sənəd təqdim olunmamışdır. Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Vergi Məcəlləsinin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Qeyrisahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlir 14 faiz dərəcə ilə vergiyə cəlb edilir. **********563400saylı xx.xx.2020-ci il tarixli "kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktuba əsasən vergi ödəyicisi İddiaçı Kamil qızı (VÖEN: **********) 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəlarına əsasən vergi orqanı vergi ödəyicisinin vergi öhdəliklərini Baş İdarənin **********404900 saylı xx.xx.2020-ci il tarixli "vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarı ilə müəyyən etmişdir. İddiaçı sonradan vergi orqanına etdiyi **********418100 nömrə ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli şikayət məktubunda 2020-ci ilin mart ayında Bakı şəhərində bankda 32848.20 manat pulu ABŞ dollarına mübadilə etdiyini, həmin məbləği 1997-ci ildən həmin tarixədək Rusiyada qazandığını, Rusiyada müxtəlif fəaliyyətlə, o cümlədən bərbərxana fəaliyyəti ilə məşğul olduğunu qeyd etmişdir. İddiaçının şikayət məktubuna vergi orqanında baxılmış və iddiaçıya "Müraciətin cavablandırılması haqqında" **********112800 nömrəli xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. Vergi Məcəlləsinin 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq olunur. İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilənin tələblərindən irəli gələrək iddiaçıdan Rusiya Federasiyasında əldə etdiyi gəlirin həmin ölkədə (muzdlu işdən gəlir, qeyrisahibkarlıq fəaliyyətindən gəlir (dividend, faiz, icazə, royalti, hədiyyə, maddi yardım, miras və.), pensiya, digər gəlir, vergiyə cəlb olunub olunmaması, əldə etdiyi gəlirdən vergilərin ödənilib ödənilməməsi barədə sənədlərin təqdim edilməsi tövsiyyə olunmuşdur. Lakin iddiaçı tərəfindən vergi orqanına hər hansı təsdiqləyici sənəd təqdim olunmamışdır. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdikləri ilə sözügedən şikayət məktubunda qeyd olunanlar tamamillə fərqlidir və bu da onu təsdiq edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi dəlillər əsassızdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanları müdafiə edərək iddianın təmin olunmamasını xahiş etmişdir. İşdəki sənədlərə görə: xx.xx.2020-ci il tarixli, **********078600 nömrəli məktub ilə iddiaçı valyuta mübadiləsi əməliyyatı nəticəsində əldə edilmiş vəsaitin əldə edilməsi ilə bağlı ətraflı izahatın verilməsi üçün cavabdehin inzibati binasına dəvət edilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********404900 nömrəli qərarı ilə iddiaçıya 4.598,57 manat məbləğində vergi hesablanmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********535400 nömrəli qərarına əsasən borclu İddiaçı Kamil qızı tərəfindən 4.598,75 manat əsas, 1.264,66 manat faiz, 0,00 manat maliyyə sanksiyası olmaqla, ümumilikdə 5.863,41 manat vergi, faiz və maliyyə sanksiyası qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə ödənilmədiyinə görə tələbkar 12 saylı Ərazi Vergilə Baş idarəsinin xx.xx.2020-ci il tarixli, **********404900 nömrəli qərarları xx.xx.2021-ci il tarixdən icraya yönəldilmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********58400 nömrəli qərarı ilə iddiaçının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibayi şikayəti baxılmamış saxlanılmışdır. Bank BTB tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli GNCF-2023/115 nömrəli arayışa əsasən, iddiaçı Bank "xxxx" ASC-nin Gəncə filialında xx.xx.2019-cu il tarixdə MUD-00226- 06/19A saylı müqaviləyə əsasən 15.000 manat məbləğində əmanət yerləşdirmiş, lakin xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən əmanət müqaviləsinə vaxtından əvvəl xitam verilmişdir. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 6-2-41/2- 16239/2023 nömrəli məktuba əsasən iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 10.000 manat müqabilində 5.880 ABŞ dolları və 12.935,20 manat müqabilində 7.600 ABŞ dolları məbləğində valyuta alışı həyata keçirilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1121/2023 nömrəli qərardadı ilə iş üzrə buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən əldə olunmuş məlumata əsasən iddiaçı tərəfindən 32.848,20 manat məbləğində valyuta mübadiləsi əməliyyatı nəticəsində 19.300,00 ABŞ dolları məbləğində xarici valyutanın əldə edilməsi müəyyən olunmuşdur. Bununla bağlı cavabdeh kameral qaydada Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına istinad edərək xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçıya 2019-cu il üçün 14 faiz dərəcə ilə 4.598,75 manat gəlir vergisi hesablamışdır. Hazırda iddiaçı həmin qərarı qanunsuz hesab edərək ləğv edilməsini xahiş edir. Cavabdehin etirazının dəlillərinə görə iddiaçı gəlirin əldə edilməsi mənbələri barədə təsdiqedici sənədlər təqdim etməmiş, bu səbəbdən Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin tələblərinə əsasən vergi məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı 16 mart 2020-ci il tarixdə Azərbaycan Beynəlxalq ASC-nin filialında (başqa hansı banklarda olması barədə nə iddiaçı tərəf, nə də cavabdeh tərəf sübut təqdim etməmişdir) cəmi iki dəfə ümumi məbləği 22.935,20 manat olan valyuta mübadiləsi əməliyyatı aparmış, banka milli valyuta təqdim edərək ABŞ dolları almışdır. Cavabdeh konvertasiya olunmuş vəsaitin vergiyə cəlb edilməli olduğunu bildirib iddiaçının belə gəlirini onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirmiş, Vergi Məcəlləsinin 16 və 33-cü maddələrinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış, həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə gəlir vergisi hesablanmaqla 4.598,75 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicilərinin vəzifələrindən, 33-cü maddəsində isə vergi ödəyicilərinin uçotundan bəhs olunur. İş materialları ilə müəyyən olunur ki, İddiaçı valyuta mübadiləsi əməliyyatı aparan vaxt 2020-ci ilin mart ayında sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar statusuna malik olmamışdır. Bu səbəbdən apardığı əməliyyatla bağlı hesabat və bəyannamə təqdim etmək vəzifəsi daşımamışdır. Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin, yəni fərdi sahibkarın bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Qanunvericiliyin tələbinə görə sahibkarlıq fəaliyyətini həyata keçirən fərdi sahibkar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. İddiaçı valyuta mübadiləsi əməliyyatı aparması zaman vergi ödəyicisi kimi qeydiyyatda olmamışdır. 2020-ci ilin mart ayında iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına dair cavabdeh məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. 2020-ci ilin mart ayında valyuta mübadiləsi əməliyyatı aparan iddiaçının gəlir götürməsi hər hansı sübutla təsdiq olunmur. Məhkəmə onu da qeyd edir ki, Vergi Məcəlləsində 20.000 ABŞ dolları dəyərində valyuta mübadiləsi əməliyyatı aparan fiziki şəxsin gəlir vergisi ödəmək öhdəliyi daşıması nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı valyuta mübadiləsi əməliyyatı aparmaqla qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə etməmişdir. Belə ki, Vergi Məcəlləsinin 97.3-cü maddəsinə əsasən fiziki şəxsin gəlirlərinə muzdlu işlə əlaqədar əldə edilən gəlir, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir və vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər aiddir. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Valyuta mübadiləsi əməliyyatının fiziki şəxsin qeyrisahibkarlıq fəaliyyətindən gəliri hesab edilməsi üçün Vergi Məcəlləsinin 99.3-cü maddəsində hər hansı norma mövcud deyil. Fiziki şəxs istehlak məqsədi ilə ərzaq, nəqliyyat vasitəsi və ya daşınmaz əmlak əldə etdikdə və yaxud yığım vasitəsi kimi qiymətli metal aldıqda gəlir əldə etmədiyi kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da hər hansı gəlir əldə etmir. Həmçinin daşınar və danışmaz əmlak əldə etdikdə fiziki şəxsin vergi orqanlarında uçota durmaq (VÖEN almaq) və ya vergi bəyannaməsi vermək öhdəliyi olmadığı kimi valyuta mübadiləsi əməliyyatı apardıqda da vergi orqanlarında uçota durmaq (VÖEN almaq), vergi bəyannaməsi vermək və digər bu kimi hərəkətlərin edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Digər tərəfdən, məhkəmə cavabdehin “Vergi Məcəlləsinin 66 və 67-ci maddələrinə əsasən iddiaçının gəlirinin vergiyə cəlb edilməli və əlaqəli məlumatlardan istifadə edilməklə ödənilməli olan verginin məbləğini hesablanması” barədə mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Vergi Məcəlləsinin 66-cı maddəsi qeyri-qanuni gəlirin vergiyə cəlb edilmə qaydasını tənzimləyir. Vergi Məcəlləsinin 66-cı maddəsinə görə qeyri-qanuni əldə edilən gəlirin qeyri-qanuniliyi onun vergiyə cəlb edilməsinə təsir göstərmir. Eyni zamanda, valyuta mübadiləsi əməliyyatı habelə valyuta əməliyyatlarının həyata keçirilməsi prinsiplərini, valyuta tənzimi və valyuta nəzarəti orqanlarının səlahiyyətlərini və funksiyalarını, hüquqi və fiziki şəxslərin valyuta sərvətlərinə sahib olmaq, bu sərvətlərdən istifadə etmək və onlar barəsində sərəncam vermək sahəsində hüquqlarını və vəzifələrini, valyuta qanunvericiliyinin pozulmasına görə məsuliyyət “Valyuta tənzimi haqqında” Qanunla tənzimlənir. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 4-cü bəndində “Valyuta sərvətləri” anlayışı verilmişdir ki, xarici valyuta, xarici valyutada qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar valyuta sərvətləri hesab olunur. Həmin qanunun 4-cü maddəsinə əsasən valyuta sərvətləri həm rezidentlərin, həm də qeyri-rezidentlərin mülkiyyətində ola bilər və valyuta sərvətləri üzərində mülkiyyət hüququ digər mülkiyyət obyektləri üzərində mülkiyyət hüququ ilə yanaşı dövlət tərəfindən müdafiə olunur. Bu səbəbdən iddiaçının Azərbaycan Beynəlxalq ASC-nin filialında valyuta mübadiləsi əməliyyatının aparması qeyri-qanuni gəlir kimi şərh edilə bilməz. İşdə olan sənədlərlə iddiaçının 2020-ci ilin mart ayında valyuta mübadiləsi əməliyyatı aparan zaman qeyri-qanuni gəlir əldə etməsi sübuta yetməmişdir. Cavabdeh Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edərək iddiaçıya hesabladığı verginin məbləği ilə bağlı əlaqəli məlumatlardan istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən yuxarıda da qeyd edildiyi kimi valyuta mübadiləsi əməliyyatının fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri hesab edilməsi üçün Vergi Məcəlləsinin 67-ci maddəsini tətbiq edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin olunsun. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********404900 nömrəli qərarı ləğv olunsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1121/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1121/2023
19.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver