Məhkəmə qərarları › İş №2-1(114)-1122/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1122/2025

10.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1122/2025 10.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə:

1. İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1976-cı il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılır.

2. İddiaçının bacısı Xanım Abbasova qardaşına veteranlıq statusunun verilməsi üçün 05 sentyabr 2024-cü il tarixdə müraciət etmiş, vətəndaş İddiaçı "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən (hərbi biletinin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş qalan səhifələrinin yalnız surətini və ya hərbi bilet əvəzi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, əgər varsa hərbi xidməti haqqında arxiv arayışını və s. sənədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etməyini qeyd etməklə sənədlərini ətraflı ərizəsinə əlavə edərək Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya göndərməsi barədə 12 sentyabr 2024-cü il tarixli 3-25-2/2-A-99xx-xx/2024 nömrəli xaric olma ilə məlumat verilmişdir.

3. İddiaçı “veteranlığın verilməsi” tələbinə dair xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır.

5. Daha sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur.

7. Məhkəməyə təqdim edilən ərizələrdə iddiaçı 17 yaşında 1992-1993-cü illərdə müxtəlif rayonlarda Başkənd, Gülüstan kəndi, Ballı qaya, Ağdərə rayonunda N nömrəli hərbi hissədə düşmənə qarşı mübarizə fəal iştirak etmişdir.

8. İddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir.

9. Cavabdeh iddiaya dair təqdim etdiyi etirazında bildirmişdir ki, iddia ərizəsi mümkünsüz sayılmalıdır, çünki iddiaçı komissiyanın rəyini almadan, hər hansı imtinanı mübahisələndirmədən məhkəməyə müraciət etmişdir. Müharibə veteranı adı müvafiq komissiyanın rəyi əsasında verilir. Müdafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2025-ci il tarixli 3-25-14 /2-968/2025 nömrəli məktubuna əsasən vətəndaş Xanım Abbasova qardaşı İddiaçı veteranlıq statusunun verilməsi üçün 05 sentyabr 2024-cü il tarixdə müraciət etmiş, vətəndaş İddiaçı "Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakını təsdiq edən (hərbi biletinin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş qalan səhifələrinin yalnız surətini və ya hərbi bilet əvəzi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, əgər varsa hərbi xidməti haqqında arxiv arayışını və s. enədlər) hansı hərbi hissələrdə nə vaxt xidmət etməyini qeyd etməklə sənədlərini raflı ərizəsinə əlavə edərək Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya göndərməsi barədə 12 sentyabr 2024-cü il tarixli 3-25-2/2-A-99xx-xx/2024 nömrəli xaric olma ilə melumat verilmişdir. Yəni, Müadafiə Nazirliyinin Aparatı nəzdində "Veteran adlarının və vesiqələrinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçıya imtina olunmamış, senədlərin toplanıb müraciət etdikdən sonra ərizəsinə baxılacağı bildirilmişdir.

10. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

11. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi).

12. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli, 3-25-29/2- 177/2025 nömrəli məktubunda qeyd etmişdir ki, Müdafiə Nazirliyin Mərkəzi Arixində olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1991-xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti, yaralanması barədə məlumat aşkar edilməmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-xx.xx.1992-ci il tarixli nizami hissə üzrə əmrləri, hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabları və “Yaralıların qeydiyyatı” kitabı Nazirliyin Mərkəzi Arixinə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Yuxarıda qeyd edilən normaların tələbindən də göründüyü kimi, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının faktiki olaraq hüquqi marağı tələb edilən ona müharibə veteranı adının verilməsinə nail olmaqdan ibarət olsa da, iddiaçı döyüşlərdə iştirak etdiyi müddət və hərbi hissə barədə məlumatı, eləcə də bunu təsdiq edən hərbi biletini, əmrdən çıxarışı təqdim edə bilmir. Cavabdeh inzibati orqan da iddiaçı tərəfindən hərbi biletinin birinci səhifəsi notarial qaydada təsdiq olunmuş, qalan səhifələrinin yalnız surətini və ya hərbi bilet əvəzi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, əgər varsa hərbi xidməti haqqında arxiv arayışını və digər sənədlərin, eləcə də hansı hərbi hissələrdə nə vaxt xidmət etməyini qeyd etməklə sənədlərini ətraflı ərizəyə əlavə etməklə müraciət etməsini təklif etmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozuntusuna yol verilməmişdir. Belə ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır Ona görə də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar