Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1123/2023 18.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə İddiaçı, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı əmrin ləğvi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı iddia ərizəsi ilə xx.xx.N2-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun işdən azad olunmağı barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli, 062 saylı əmri “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) qanunsuz və əsassız olduğundan həmin əmrin ləğv edilməsinə və əvvəlki vəzifəsinə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2009-cu ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra, xx.xx.2014-cü il tarixdə müddətdən artıq hərbi qulluqçu kimi Müdafiə Nazirliyinin Şəmkir Korpusunun N saylı hərbi hissəsinin zenit-raket artileriya batareyasının 1-ci taburunun 3-cü heyətinin sürücüsü kimi işə qəbul olunmuşdur. 2019-cu ilin avqust ayında N saylı hərbi hissəsinin 1-ci dağ-atıcı taborunun maddi-texniki təminat tağımında sürücü işinə dəyişirilmişdir. 44 gün davam edən İkinci Vətən müharibəsi dövründə Kəlbəcər uğrunda gedən qanlı döyüşlərdə fəal iştirak etmişdir. Onun hərbi xidmət dövründə heç bir inzibati cəzası olmadığı halda Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin N iyun N1-ci il tarixli, 062 saylı əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-сı maddəsinin “e” bəndinə (xidmətə uyğunsuzluğa görə) əsasən qanunsuz olaraq işdən azad edilmişdir. İşdən azad olunmağının səbəbi odur ki, N0-ci ilin dekabr ayının 3-də həyat yoldaşı keysəriyyədən ağır əməliyyat olunmuşdur, yoldaşına baxmaq üçün komandanlığa müraciət edib xahiş etmişdir ki, ya onu yaxın yerə N saylı hərbi hissəyə dəyişdirsinlər, ya da yoldaşı müalicə olunub qurtarana kimi onu sərəncama versinlər. Müsbət cavab ala bilmədiyinə görə məcbur qalıb ailə vəziyyətilə bağlı ordu sıralarından tərxis olunmağı barədə raport yazmışdır. Qardaşı Ceyhun hərbiçi olmaqla Zəngilan rayonu ərazisində xidmət edir, başqa həyat yoldaşına baxan yardımçı yaxın qohumu olmadığına görə o bu addımı atmışdır. İddiaçı dəfələrlə müraciət edib, işə qaytarılmağını xahiş etsə də bu mümkün olmamışdır. İddiaçı xx.xx.N3-cü il tarixli iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi ilə əvəz olunmuşdur. İddiaçı xx.xx.N3-cü il tarixli iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx.xx.N1-ci il tarixli, 062əç nömrəli əmrinin ləğv edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bundan əlavə iddiaçı məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və ərizəsini həyat yoldaşının xəstəliyi, həmçinin işə qaytarılması ümid etməyi ilə əsaslandırmışdır. İddiaçı məhkəmə iclasında ərizəsini müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər İddiaçı, xx.xx.2007-ci il tarixdə Daşkəsən rayon SHXÇDX tərəfindən hərbi xidmətə çağırılmış, 05 sentyabr 2014-cü il tarixdə N nömrəli hərbi hissədə sürücü vəzifəsinə təyin edilmişdir. MAHHXHQ əsgər İddiaçı xx.xx.N1-ci il tarixdə raportla yuxarı komandanlığa müraciət edərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Ordu sıralarından ehtiyata buraxılmasını xahiş etmişdir. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, o hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil, işinə məsuliyyətlə yanaşmır, verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirməyi bacarmır, İşinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. Hərbi nəzakət və davranış qaydalarını bilmir. MAHHXHQ əsgər İddiaçı N nömrəli hərbi hissənin 1-ci dağ- atıcı taborun maddi texniki təminat taqımında sürücü vəzifəsində xidmətdə olarkən ordu sıralarından ehtiyata buraxılmasına dair raportla yuxarı komandanlığa müraciət etmiş, bağlaşma müddəti başa çatmadığına görə (bağlaşma müddəti xx.xx.N2-ci il tarixdə bitir) o N nömrəli hərbi hissə komandirinin vəsatəti əsasında "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqqında qərar qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli xx.xx.N1-ci il tarixli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cs maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Mübahisələndirilən N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 07 iyun N1-ci il tarixli əmri, həmin əmrin qəbulundan təxminən 1 il 6 ay vaxt keçdikdən sonra qaldırılmışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, iddiaçı mübahisələndirdiyi əmrdən məlumatlı olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş raportdan görünür ki, iddiaçı “Həqiqi hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını özü xahiş etmişdir. Bundan əlavə, sonuncu özü də sözügedən əmrin ona məlum olmamasını iddia etməmiş, həyat yoldaşının səhhəti ilə bağlı şikayət müddətini buraxdığını bildirmişdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 161. bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Həmin Əsasnamənin 165. bəndinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Göründüyü kimi, iddiaçı sözügedən əmri – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmiş, əmrin qəbul edildiyi xx.xx.N1-ci il tarixdən iddia müddətinin ötürülməsini üzürlü hesab edəcək əsaslar ərizəyə əlavə olunmamış və hazırkı məhkəmə iclasında da təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. Məhkəməyə daxil olmuş ərizədə və məhkəmə iclasında verdiyi izahatda iddiaçı prosessual müddətin ötürülməsinə dair əsaslar təqdim edə bilməmiş, bununla bağlı hər hansı bir sənəd təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi K.N.Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarında müddətin üzrlü hesab edilməsi ilə əlaqədar göstərmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetiriməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhəddində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 24.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. 24.2. maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. 24.4. maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. 24.6 maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın əmrin ləğv edilməsi hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən həmin hissədən asılı olan, xidmətə bərpa olunması üzrə mümkünlük şərtlərinin yoxlanılması zərurəti aradan qalxmışdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.Qeyd olunan maddənin tələbinə görə iddiaçı inzibati aktın qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda məhkəmə inzibati mübahisəyə baxa bilər. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı əmrin ləğvi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı əmrin ləğvi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1123/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1123/2023
18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver