Məhkəmə qərarları › İş №2-1(114)-1124/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1124/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1124/2023 04.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı vəkili X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1979-cu ildə orta məktəbi bitirdikdən sonra xx.xx.1980-сi ildə SSRİ Silahlı Qüvvələrində Həqiqi Hərbi Xidmətə Çağırılmış və Arimburiski Oblasa hərbi xidmətə göndərilmiş və xx.xx.1982-ci ildə hərbi xidmətini başa vuraraq evə buraxılmışdır. Hərbi xidməti bitirib geri qayıtdıqdan sonra xx.xx.1983-cü ildə Ermənistan Vardenis rayonu Əzizli kəndində kolxozda kolxozçu kimi işə başlamışdır. xx.xx.1985-ci ilə kimi orada işləmiş, xx.xx.1985-ci ildə X7 hərbiləşdirilmiş mühafizə dəsdəsində atıcı vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu ilə kimi orada çalışmış, həmin taxixdə məlum hadisələr ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.1989-cu ildə Gəncə şəhəri Telefon Şəbəkəsində 2 saylı ATS-ə xətt sahəsinə kabelçi kimi işə qəbul edilmiş, xx.xx.1997-ci ildə idarənin adı dəyişdirildiyindən xx.xx.1997-ci ildə sərəncama götürülmüşdür. Həmin tarixdə də Gəncə Telekommunikasiya İdarəsinin 2 saylı ATS xətt sahəsinə 5-ci dərəcəli kabel-cilalayicisi təyin edilmiş və xx.xx.2004-cü ilə kimi orada həmin işdə işləmiş və həmin tarixdə öz ərizəsilə işdən azad olunmuşdur. xx.xx.2006-cı ildə Gəncə Şəhər Elektrik şəbəkəsində еnегј satış şöbəsinə nəzarətçi vəzifəsinə təyin edilmiş və xx.xx.2006-сı ildə öz ərizəsilə işdən azad olunmuşdur. xx.xx.2006-cı ildə Çalmalı İnşaat MTKA-da elektrik montyoru təyin edilmiş və xx.xx.2011-ci ilə kimi orada çalışmışdır. xx.xx.2014-cü ildə Göygöl Spirt MMC-yə elektrik montyoru olaraq işə qəbul edilmiş və halhazırda da orada işləyir. Beləliklə, onun hərbi xidmətlə birlikdə ümumilikdə iş stajı 36-37 il təşkil edir və hazırda da işləyir. Hazırda onun 61 yaşı var və 60 yaşından artıq yaşı olduğu üçün onun güzəştli şərtlərlə əmək pensiyası hüququ yarandığından ona pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona güzəşli şərtlərlə işləməyi ilə bağlı Gəncə Telekommunikasiya İdarəsinədən arayış gətirməli olduğu bildirilmiş, o, Azərbaycan Respublikası Rəqamsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin Gəncə Telekommunikasiya İdarəsindən arayış alaraq təqdim etmişdir. Həmin arayışda onun güzəşli şərtlərlə 14 il 11 ay 13 gün işləməyi göstərilsə də cavabdeh xx.xx.2022-ci il tarixdə **********5 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina edilməsinə dair məktub vermişdir. Orada onun guya ki, güzəşli şərtlərlə işləməyi müddət 14 il 11 ay 13 gün yox, 7 il 4 ay 29 gün təşkil edir. Onun güzəştli şərtlərlə 14 il 11 ay 13 gün işləməyilə bağlı arayışı var. O, işlədiyi işdən azad edilməmiş, arayışda da açıq aydın göstərilir ki, sadəcə işlədiyi idarənin adı dəyişdirilmişdir. Beləliklə, onun ümumi iş stajı 36- 37 ildən artıq olmaqla həmin iş stajının təxminən 15 il müddətini ağır əmək şəraitində işləməyi açıq-aşkar görünür. Bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinə icazə verir, buna baxmayaraq cavabdeh orqan bunu etmir və güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edir. Buna görə də o məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət edir və iddianın təmin olunmasını xahiş edir. İş üzrə şifahi məhkəmə baxışı iclası 04 may 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçının vəkili X3 iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1985-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasının surətində onun xx.xx.1997-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Gəncə Telekommunikasiya İdarəsində kabel cilalayıcısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. "xxxx" MMC-nin Gəncə Telekommunikasiya İdarəsinin xx.xx.2022-ci il tarixli KŞ-12 nömrəli arayışında İddiaçı işlədiyi vəzifə kabelcilalayıcısı vəzifəsi göstərilmişdir. Hazırda iddiaçının güzəştli iş stajı mübahisələndirilir. İddiaçı tərəfindən Mərkəzi filiala təqdim edilmiş sənədlərə əsasən, mübahisəsiz güzəştli iş stajı 7 il 4 ay 29 gün (xx.xx.1989-xx.xx.1997-ci il tarixləri arasındakı dövr) təşkil edir. İddiaçı bu dövrlərdə "xxxx" MMC-nin Gəncə Telekommunikasiya İdarəsində kabelçi-lehimləyici vəzifəsində işləmişdir. Mübahisəli güzəştli staiı 7 il 7 ay 14 gun (xx.xx.1997-xx.xx.2004-cü il tarixləri arasındakı dövr) təşkil edir. İddiaçı bu dövrlərdə "xxxx" MMC-nin Gəncə Telekommunikasiya İdarəsində kabelcilalayıcısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Rabitə bölməsində (30) qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilərlehimləyicilər vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda göstərilmiş qərarla təsdiq olunan qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər vəzifəsinə uyğun deyil. Belə olan halda, N.Ə.Həsənova “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur; - işə əlavə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC Gəncə Telekommunikasiya İdarəsinin KŞ-12 nömrəli, xx.xx.2022-ci il tarixli «Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair» arayışdan görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası Rabitə Nazirliyinin xx.xx.1996-cı il tarixli 141 saylı əmrinə əsasən Gəncə şəhər Telefon şəbəkəsinin ləğv edilməsi ilə əlaqədar Gəncə Telekommunikasiya İdarəsinin sərəncamına göndərilmişdir. (əmr № 248 § 11, xx.xx.1996-cı il) xx.xx.1997-ci il tarixdən Gəncə Telekommunikasiya İdarəsinin 2 nömrəli ATS xətt sahəsinə 5-ci dərəcəli kabel-cilalayıcısı təyin edilmişdir. (əmr № 21/3, xx.xx.1997 il) xx.xx.2004-cü il tarixdə öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilmişdir. (əmr № 367k/ə, xx.xx.2004-cü il) İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 14 il 11 ay 13 gündür. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvunul üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin vəzifələrin və göstəricilərin Siyahısı"nın 30.Rabitə bəndində kabelçi vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. - işə əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1997-ci il tarixdən Gəncə Telekommunikasiya İdarəsinin 2 nömrəli ATS xətt sahəsinə 5-ci dərəcəli kabel-cilalayıcısı təyin edilmişdir və xx.xx.2004-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. - işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********5 nömrəli məktubundan görünür ki, iddiaçının güzəştli iş stajı qanunvericilikdə tələb olunan müddətdən az olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir; Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu güzəştli iş stajının qanunvericilikdə tələb olunan müddətdən az olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 01 yanvar 2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, xırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, qanunun da mənasından göründüyü kimi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün iki əsas şərt ödənilməlidir: 1) iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Siyahısında göstərilən işlərə aid olmalı, 2) iddiaçının azı 25 il iş stajı olmalı, bu müddətin azı 12 il 6 ayını Siyahıda göstərilən işlərdə çalışmalıdır. Məhkəmə hesab edir ki, şəxsin hansı vaxtdan pensiya hüququnun təmin edilməsi üçün müraciət edildiyindən asılı olmamalı, yəni onun müraciət etdiyi vaxt deyil, məhz hüququnun yarandığı tarix ona pensiyanın təyin edilməsi üçün nəzərə alınmalıdır. Belə ki, şəxsin pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş qanunvericiliyin tələbləri tətbiq edilməlidir. Yəni əgər iddiaçı pensiya hüququnun yarandığı tarixdə pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsəydi, həmin orqan həmin anda pensiya təminatı ilə bağlı qanunvericiliyin müddəalarını tətbiq etməli və onlara uyğun olaraq iddiaçının pensiyasını hesablamalı idi. Həmin müddətdən sonra qanunvericilikdə hər hansı bir dəyişikliyin baş verməsi iddiaçıya pensiyanın təyin edilməsi qaydasında dəyişikliyə səbəb ola bilməz, çünki yuxarıda istinad edilmiş maddədən də göründüyü kimi, pensiya hüququnun yarandığı tarixdən müraciət edilməsi iddiaçının pensiya təminatını hər hansı bir qaydada çətinləşdirə, əlverişsiz vəziyyətə qoya bilməzdi. Əks yanaşma həm konstitusion normalarda, həm inzibati qanunvericilikdə təsbit olunmuş bərabərlik prinsipininin pozulması kimi də qiymətləndirilə bilər, çünki eyni faktiki və hüquqi əsaslara söykənməklə pensiya ilə təmin olunmuş və vaxtında müraciət etmiş şəxslərlə müqayisədə daha sonra müraciət etmiş şəxslərə münasibətdə fərqli qaydaların tətbiq edilməsi ilə nəticələnə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.1. və 12.2 maddələrində qeyd edilir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Sadalanmış maddələrin mənası onunla bağlıdır ki, 60 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı ilə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda qeyd edilən işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajda işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də qanunvericiliyin müddəalarına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər. Məhkəmə iddiaçıya münasibətdə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün birinci şərtlə bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1997xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində Gəncə Telekommunikasiya İdarəsinin 2 nömrəli ATS-də işlədiyi “kabel-cilalayıcısı” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında göstərilmədiyindən həmin vəzifədə işlədiyi dövr güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş stajına daxil etməkdən imtina etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan iddiaçının “Gəncə Telekommunikasiya İdarəsinin 2 nömrəli ATS-də xx.xx.1997-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “kabel-cilalayıcısı” vəzifəsində işləməsini mübahisələndirməmişdir. Odur ki, məhkəmə “kabel-cilalayıcısı” vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə olub-olmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “kabel-cilalayıcısı” vəzifəsinin sözügedən siyahıda qeyd edilməməsinə baxmayaraq, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC Gəncə Telekommunikasiya İdarəsinin KŞ-12 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan da görünür ki, sonuncu “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının rabitə bölməsinin (30.0) birinci bəndində qeyd edilmiş “kabelçilər-lehimləyicilər” vəzifəsinin iş xüsusiyyətləri ilə eynilik təşkil edir və bu səbəbdən də iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, “kabel-cilalayıcısı” vəzifəsinin yuxarıdakı siyahıda qeyd edilməməsinə əsaslanaraq həmin dövrün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməməsi hüququn hamılıqla qəbul edilmiş bərabərlik və ədalətlilik prinsiplərinə ziddir. İkinci şərtlə bağlı isə qeyd edilməlidir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verilməsi üçün qanunvericiliklə tələb olunan ümumi iş stajı mübahisələndirilməmişdir. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət etmək hüququ verildiyindən hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyi tarixdən, yəni iddiaçının hüququ yarandığı tarxidən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, İddiaçı hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar