Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1127/2021 04.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi İsgəndərova Aygül Vulqar qızı, iddiaçı Şəmkir rayonu X2 sədri İddiaçı Cavabdeh qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, Müəyyən e t d i: İddiaçı Şəmkir rayon X2 sədri İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin adına verilmiş JN-3303 nömrəli şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bələdiyyə mülkiyyətinə aid olan 16 ha örüş torpaq sahəsi Dəllər-Cəyir bələdiyyəsinin 06.05.2003-cü il tarixli 08 saylı qərarı ilə Cavabdeh 50 il müddətində icarəyə ayrılmış, bunun əsasında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh adına JN-3303 nömrəli şəhadətnamə verilmiş, lakin qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən yay və qış otlaqları, örüş sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq on ildən on beş ilədək verilə bilər. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd edir ki, fiziki şəxs olan hazırki Cavabdeh qarşı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Belə ki, inzibati məhkəmə icraatında baxılan işlərdə cavabdeh qismində inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş, yəni publik-hüquqi səlahiyyətləri həyata keçirmək hüququ olan fiziki şəxs çıxış edir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Hazırki iddia tələbi isə fiziki şəxsə qarşı yönəlmişdir ki, fiziki şəxslərə qarşı yönələn tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmır. Bundan başqa, Cavabdeh adına verilmiş şəhadətnamənin ləğvi edilməsi tələbinə dair iddiada şəhadətnamə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «İnzibati icraat haqqında» Qanununun) müddəalarına əsasən inzibati akt hesab edilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra «İnzibati icraat haqqında» Qanununun) 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 13-cü maddəsində göstərilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (kokret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlındığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. İnzibati hüquqi akt qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İş materiallarında olan «Torpaqdan müvəqqəti istifadə hüququna» dair JN-3303, KOD 50405018 şəhadətnamənin surətindən məlum olur ki, həmin şəhadətnamənin verilməsinə əsas Şəmkir rayonu Dəllər-Cəyir bələdiyyəsinin 06.05.2003-cü il tarixli, 08 saylı qərarı və eyni tarixli icarə müqaviləsidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsinin 22.12.2020-ci il tarixli 08/508-İNŞ nömrəli təklif məktubundan görünür ki, bələdiyyə mülkiyyətinə aid 16 ha örüş torpaq sahəsi X2 06.05.2003-cü il tarixli 08 saylı qərarı ilə Cavabdeh 50 il müddətinə icarəyə ayrılmış, bunun əsasında keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh adına JN-3303 nömrəli şəhadətnamə verilmiş, lakin qanunvericiliyinin tələbləri nəzərə alınmamışdır. Həmçinin Şəmkir rayonu X2 15.12.2020-ci il tarixli, 16 nömrəli iclas qərarı ilə sözügedən 16 ha örüş torpaq sahəsinin X1 verilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən “Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər, örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir. Ona görə də, hazırkı təklifin 5 iş günü müddətindən gec olmayaraq bələdiyyə iclasında müzakirə edilməsi, bələdiyyə qərarında icarə müddətinin qanuna uyğun dəyişdirilərək icarə müqaviləsinə xitam verilməsi, 16 ha örüş torpaq sahəsi bələdiyyə sahibliyinə qaytarılması, Şəmkir rayonu X2 15.12.2020-ci il tarixli, 16 nömrəli iclas qərarının ləğv edilməsi, X2 mülkiyyətinə aid 16 ha örüş torpaq sahəsinin subicarəyə ayrılması barədə Cavabdeh ilə X4 arasında Şəmkir rayon 1 saylı notariat ofisində bağlanmış 15.12.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı tədbirlər görülməsi Şəmkir rayonu Dəllər Cəyir bələdiyyəsinə təklif edilmişdir. İş materiallarında olan Şəmkir rayonu X2 19.01.2021-ci il tarixli protokol-qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir Regional Ədliyyə İdarəsinin 22.12.2020-ci il tarixli 08/508-İNŞ nömrəli məktubu nəzərə alınaraq Şəmkir rayonu X2 15.12.2020-ci il tarixli, 16 nömrəli iclas qərarı ləğv edilmiş, bələdiyyə qərarı dəyişdirilərək icarə qərarına xitam verilmiş, 16 ha örüş torpaq sahəsinin bələdiyyə sahibliyinə qaytarılması istiqamətində tədbirlər görülməsi qərara alınmışdır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun: 5.0. maddəsinə əsasən inzibati nəzarət icraatının başlanması üçün əsaslar aşağıdakılardır: 5.0.1. bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda; 5.0.2. hüquqlarına və ya qanuni mənafelərinə bələdiyyə tərəfindən zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının (qurumunun) müraciəti daxil olduqda. 7.2. maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan müraciətə daxil olduğu tarixdən 15 iş günü müddətində, əlavə araşdırmalar tələb olunarsa, 30 iş günü müddətində baxır. İnzibati nəzarət icraatı üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu maddədə nəzərdə tutulmuş müddətdən daha artıq vaxt tələb olunduğu hallarda inzibati nəzarət icraatının müddəti inzibati nəzarəti həyata keçirən orqan tərəfindən 30 iş günü müddətinə uzadılır. İnzibati nəzarət icraatının ümumi müddəti 60 iş günündən çox ola bilməz. İnzibati nəzarəti həyata keçirən orqan tərəfindən müddətin uzadılması barədə ərizəçiyə üç iş günü ərzində məlumat verilir. Müddətin uzadılmasına səbəb olan hallar inzibati nəzarəti həyata keçirən orqan tərəfindən əsaslandırılmalıdır. 7.3. maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə dair aşağıdakı iki qərardan birini qəbul edir: 7.3.1. bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş icraata başlayır; 7.3.2. müraciətə baxmaqdan imtina edir və bu barədə müvafiq şəxsə və ya orqana əsaslandırılmış yazılı cavab göndərir. 8.1. maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan daxil olmuş müraciətə baxarkən həmin müraciətdə göstərilmiş və mübahisə doğuran bələdiyyə aktının, habelə əlavə sənədlərin və ya məlumatların ona göndərilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə bu sənədləri və ya məlumatları həmin sorğunu aldığı andan 5 iş günü ərzində inzibati nəzarəti həyata keçirən orqana təqdim etməlidir. 8.3. maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan müraciətin araşdırılması nəticəsində bələdiyyənin fəaliyyətinin qanunazidd olduğunu aşkar etdikdə, həmin fəaliyyətin dayandırılması və vurulmuş ziyanın aradan qaldırılması barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. 8.4. maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. 8.5. maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. 8.6. maddəsinə əsasən hər hansı bələdiyyə aktı və ya bələdiyyənin fəaliyyəti dövlət mənafelərinə və ya ictimai mənafelərə ziyan vura bilərsə, inzibati nəzarəti həyata keçirən orqan müvafiq bələdiyyəyə dərhal həmin aktın ləğv edilməsini (dəyişdirilməsini) və ya həmin fəaliyyətə xitam verilməsini təklif edir. Bu təklif 3 iş günü müddətində yerinə yetirilmədikdə, inzibati nəzarəti həyata keçirən orqan dərhal məhkəməyə müraciət edir və həmin iddianın təmin edilməsi ilə bağlı qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş edir. Sadalanan normalardan məlum olduğu kimi inzibati nəzarəti həyata keçirən orqan pozuntu aşkar etdiyi aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə müvafiq bələdiyyəyə müraciət edir, bələdiyyə tərəfindən həmin müraciətə bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. İnzibati nəzarəti həyata keçirən orqanın müraciəti müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 iş günü ərzində məhkəməyə müraciət edir. Hazırki iş üzrə bələdiyyə inzibati nəzarəti həyata keçirən orqanın göstərişlərinə əməl etməmiş, tərəfindən qəbul edilmiş qərarı dəyişdirmək və ya ləğv etmək səlahiyyəti qanunla müəyyən edildiyi halda, fiziki şəxsi cavabdeh qismində qeyd etməklə tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsinə dair iddia tələbi irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddia ərizəsində mübahisələndirilən JN-3303 nömrəli şəhadətnamənin verilməsinə əsas olmuş Şəmkir rayonu X2 06.05.2003-cü il tarixli 08 saylı qərarının dəyişdirilməsi və ya ləğv edilməsi bələdiyyənin səlahiyyətlərinə aid olduğundan, hazırki iddia tələbi yuxarıda qeyd olunanlara əsasən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən Q ə r a r a a l d ı: İddiaçı Şəmkir rayonu X2 sədri İddiaçı Cavabdeh qarşı şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1127/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1127/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver