Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1128/2021 22.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X6 iştirakları ilə, “Əmrin ləğv edilməsi, işə bərpa olunması və işləmədiyi dövr üçün əmək haqqının ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: X7 Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəis müavini X1, baş əmək müfəttişləri X2 və X10 tərtib etdikləri 20.11.2020-ci il tarixli aktdan görünür ki, şöbənin əmək müfəttişi İddiaçı heç bir səbəb göstərmədən 20.11.2020-ci il tarixdə işə gəlməmişdir. X7 Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəis müavini X1, baş əmək müfəttişləri X2 və X10 tərtib etdikləri 25.11.2020-ci il tarixli aktdan görünür ki, şöbənin əmək müfəttişi İddiaçı icazə almadan 25.11.2020-ci il tarixdə saat 14:45 radələrində iş yerini tərk etmiş və 16:15-də işə gəlmiş, iş yerini öz başına tərk etməsi ilə bağlı izahat verməkdən imtina etmişdir. X7 Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin rəisi Fuad Heydərova ünvanlanan xidməti məruzədən görünür ki, şöbənin məsləhətçisi-əmək müfəttişi İddiaçı 18.01.2021-ci il tarixdə heç bir üzrlü səbəb göstərmədən işə gecikmişdir, bu hallar dəfələrlə olmuş, hər dəfə bir bəhanə gətirmişdir. X7 Xidmətinin Gəncə regional ərazi şöbəsinin rəisi Ayaz Rəhimov tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin rəisi Fuad Heydərova ünvanlanan xidməti məruzədən görünür ki, şöbənin məsləhətçisi-əmək müfəttişi İddiaçı icraatında olan X7 Xidmətindən daxil olan 19.01.2021ci il tarixli **********7 saylı məktubla bağlı "xxxx" ASC-nin Gəncə regional yüksək gərginlikli elektrik şəbəkəsinə ünvanlandığı məktubun düzgün tərtib edilməməsi ilə bağlı iki dəfə imtina edilməsinə baxmayaraq heç bir nəticə çıxartmamış, həmin müraciət əmək müfəttişi İddiaçı icraatından çıxarıb baş əmək müfəttişi X2 icraatına verilmişdir. X7 Xidmətinin rəisi Fuad Heydərovun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə ünvanlanan 11.03.2021-ci il tarixli **********2 nömrəli yazılı məruzədən görünür ki, Xidmətin Daxili nəzarət şöbəsi tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, məsləhətçi - əmək müfəttişi İddiaçı ötən ilin 19- 20 noyabr tarixlərində üzrlü səbəb olmadan işə gəlməmiş, cari ilin 18 yanvar tarixində isə işə gecikmişdir. Şöbə rəisi xidməti məruzəsində İddiaçı iş yerini tez-tez özbaşına tərk etdiyini bildirmiş və sözügedən hallar barədə 19.11.2020-ci il, 20.11.2020-ci il və 18.01.2021-ci il tarixlərdə şöbənin digər əməkdaşları tərəfindən akt tərtib edilərək Xidmətin Daxili nəzarət şöbəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X3 Komitəsinin 15.03.2021-ci il tarixli 07 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə regional ərazi şöbəsində məsləhətçi - əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən xitam verilməsinə etiraz etmirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17.03.2021-ci il tarixli, **********0 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, öhdəsinə düşən vəzifələri yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə regional ərazi şöbəsində məsləhətçi - əmək müfəttişi vəzifəsində qulluq keçən İddiaçı 17 mart 2021-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla 07 yanvar 2013-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 17.03.2021-ci il tarixli, **********0 nömrəli əmrinin ləğv olunmasına, işə bərpa edilməsinə və işləmədiyi dövr üçün əmək haqqının ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2000-ci ildən Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə Regional Ərazi şöbəsində məsləhətçiəmək müfəttişi vəzifəsində 17.03.2021-ci il tarixədək işləmişdir. Həmin tarixdə nazirliyin dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova onu yanına çağıraraq bildirmişdir ki, işdən çıxmağı barədə ərizə yazsın, o isə könüllü ərizə yazmaqdan imtina etmişdir. Həmin gün ondan heç bir izahat alınmadan, işdən çıxarılmağının səbəbi ona bildirilmədən “Dövlət qulluğu” haqqında Azərbaycan Respublikasının Qanununun 33.1.6-cı maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi 20 illik əmək fəaliyyəti ərzində heç bir nöqsana yol verməmiş, rəhbərlik tərəfindən ona heç vaxt intizam tənbehi tətbiq olunmamışdır. Buna baxmayaraq barəsində xidməti yoxlama təyin olunmadan, heç bir araşdırma aparılmadan və izahat alınmadan əmək müqaviləsinə xitam verilmişdir. Dövlət qulluğu haqqında qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Lakin Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi tərəfindən onunla bağlı araşdırılma aparılması barəsində əmr verilməmiş və heç bir araşdırma aparılmamışdır. X7 Xidmətinin Gəncə Regional Ərazi şöbəsinin rəisi şöbənin sabiq əməkdaşı Sənan Ələsgərova fiziki təsir göstərməyi və məhkəmədə ona qarşı saxta şahidlik etməyi göstərişini yerinə yetirmədiyinə görə ona qarşı qərəzli mövqe nümayiş etdirmişdir. İşlədiyi dövr ərzində vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verməmiş və Ayaz Rəhimovun qanunsuz göstərişlərini yerinə yetirməmişdir. Ona sabiq rəis Xəqani Səfərov tərəfindən aktla verilmiş 120 manat öz vəsaiti ilə təmir etdirdiyi xidməti planşeti əlindən alınaraq Fizuli Verdiyevə verilmişdir. Ayaz Rəhimov tərəfindən daim onun normal əmək şəraitində işləməyinə maneələr yaradılmışdır. Belə ki, ona Nazirliyin mərkəzləşmiş elektron informasiya sisteminə daxil olmağa imkan verməmiş və xidməti otağına internet xəttinin çəkilməsini daim əngəlləmişdir. Əmrdə əsas kimi göstərilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 11 mart 2021-ci il tarixli **********2 nömrəli xidməti məruzəsi ilə cavabdeh onu tanış etməmiş və həmin məruzədə göstərilən hallar üzrə ondan heç bir izahat alınmamışdır. Hətta o, öhdəsinə düşən vəzifələri yerinə yetirmədiyinə görə ona intizam tənbehi tətbiq ediləcəyi halda dövlət qulluğuna xitam verilməsini qanunauyğun hesab etmir. Cavabdeh məhkəməyə etiraz və etiraza əlavə ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı 17 mart 2021-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə (mütəmadi olaraq pozuntulara yol verildikdə) əsasən işdən azad edilmişdir. İddiaçı işdən azad edilməsinə əsas Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 11 mart 2021-ci il tarixli, **********2 nömrəli xidməti məruzəsi olmuşdur. Məruzədən göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Gəncə regional ərazi şöbəsinin məsləhətçi-əmək müfəttişi İddiaçı nizam-intizam qaydalarını dəfələrlə kobud şəkildə pozduğu aşkar edilmişdir. Məruzədə göstərilir ki, xidmətin Daxili nəzarət şöbəsi tərəfindən aparılan araşdırılma zamanı müəyyən edilmişdir ki, məsləhətçi-əmək müfəttişi İddiaçı ötən ilin 19-20 noyabr tarixlərində üzrlü səbəb olmadan işə gəlməmiş, cari ilin 18 yanvar tarixində isə işə gecikmişdir. Şöbə rəisi xidməti məruzəsində İddiaçı iş yerini tez-tez özbaşına tərk etdiyini bildirmiş və sözügedən hallar barədə 19.11.2020-ci il, 20.11.2020-ci il və 18.01.2021-ci il tarixlərdə şöbənin digər əməkdaşları tərəfindən akt tərtib edilərək Xidmətin Daxili nəzarət şöbəsinə təqdim edilmişdir. Məruzədə qeyd olunanları nəzərə alaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.3-cü (dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli) və 18.0.4-cü (başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli) maddəsinin tələblərinin pozulduğunu nəzərə alaraq və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti haqqında Əsasnamə”nin 5.7.9-cu yarımbəndini rəhbər tutaraq əmək müqaviləsi üzrə dövlət qulluqçusunun vəzifələrini icra edən Gəncə regional ərazi şöbəsinin məsləhətçi-əmək müfəttişi İddiaçı barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbirlərindən birinin tətbiq olunmasını məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı işdən çıxarılarkən həmin təşkilatda fəaliyyət göstərən Həmkarlar ittifaqının rəyinin alınmaması ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 21.01.2020-ci il tarixli, 2-1(102)-225/2020 və 23.09.2020-ci il tarixli 2-1(102)-105/2020 nömrəli qərarlarına istinadən iddiaçının dövlət qulluğuna Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla deyil, “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsi ilə xitam verildiyindən Həmkarlar İttifaqının rəyinin alınması zəruri deyildir. Bununla belə Bakı şəhəri üzrə X3 Komitəsinin 15 mart 2021-ci il tarixli, 07 nömrəli rəyi alınmışdır. İddiaçı alınmış izahatlarda səhhəti ilə əlaqədar işə gəlmədiyini qeyd etsə də bunu sübut edə bilməmişdir. Həmçinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən döviət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin birinci hissəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmək əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, 19 noyabr 2020-ci il tarixdə qan təzyiqi yüksəlmiş və təcili tibbi yardım çağırmışdır. Həkim onu müayinə etdikdən sonra bir neçə gün hərəkət etməməli olduğunu bildirmiş, lakin onun vəziyyətini təsdiq edən hər hansı bir sənəd təqdim etməmişdir. Yalnız 19.11.2020-ci il tarixli çağırışa əsasən tərtib edilmiş tibbi yardım vərəqi verilmişdir. Odur ki, həmin gün və sonrakı gün işə gedə bilməmişdir. 20.11.2020-ci il üçün xəstəliyinə dair heç bir sənəd mövcud deyildir. Bundan başqa ona işdən azad olunması barədə heç bir məlumat verilməmiş və izahatı alınmamışdır. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrdən ona poçt vasitəsilə 08.04.2021-ci il tarixdə göndərildikdən sonra məlumatı olmuşdur. Odur ki, tərəfindən prosessual müddətin ötürülmədiyini hesab edir və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında cavabdehin etirazı ilə eyni məzmunlu izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirmiş və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE ******** nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - İddiaçıya X7 Xidmətinin Gəncə regional ərazi şöbəsi tərəfindən göndərilən zərfin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17.03.2021-ci il tarixli **********0 nömrəli əmrinin təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 26.05.2021-ci il tarixli **********5 nömrəli məktubuna əlavə edilmiş məruzələr, aktlar və izahatlar; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X3 Komitəsinin 15.03.2021-ci il tarixli 07 nömrəli məktubu. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir və iddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış, məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsində nəzərdə tutulan müddətdə iddia ərizəsini təqdim etmişdir. Belə ki, iş materiallarında olan X7 Xidmətinin Gəncə regional ərazi şöbəsi tərəfindən göndərilən zərfin surətinindən məlum olur ki, hazırda mübahisələndirilən əmr və əmək kitabçası iddiaçıya 08.04.2021-ci il tarixdə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi vəsatətində iddiaçının 17.03.2021-ci il tarixdə Nazirliyə dəvət edilərək əmrin məzmunun ona rəsmi elan edilməsini qeyd etsə də, bunu sübut edəcək hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati aktın qəbul edilməsi haqqında məlumatın birbaşa elan edilməsini təsdiq edəcək mötəbər sübutlar olmadığından, inzibati aktın rəsmi qaydada təhvil verilməsi barədə iddiaçı tərəfindən məhkəməyə X7 Xidmətinin Gəncə regional ərazi şöbəsi tərəfindən göndərilən zərfin surəti təqdim edildiyindən hazırkı iş üzrə prosessual müddət ötürülməmiş hesab edilməlidir. Göründüyü kimi, iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən tutduğu vəzifədən azad edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17.03.2021-ci il tarixli **********0 nömrəli əmri mübahisələndirmiş və ləğv olunmasını xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 18.0-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. Həmin Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 25.6-cı maddəsinə əsasən 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən bu Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-ci maddəsinin 2-ci hissəsində qeyd edilmişdir ki, bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, dövlət qulluqçusu vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verdikdə onun barəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş (dövlət qulluğundan azad edilməsi) intizam tənbeh tədbiri tətbiq oluna bilər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda “kobud pozuntular”ın təfsiri verilməsə də, məhkəmə hesab edir ki, bu təfsir Azərbaycan Respublikası Əmək Məcəlləsində ətraflı şəkildə göstərilmişdir. Belə ki, dövlət qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsi şamil edilir. Yəni “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dövlət qulluqçularının əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Yuxarıda qeyd edilən Əmək Məcəlləsinin 72-ci maddəsinə “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İş materiallarından məlum olur ki, iddiaçı 19-20 noyabr 2020-ci il tarixdə işə gəlməməsinin səbəbi kimi səhhətində yaranan problemi göstərmiş, 19.11.2020-ci il tarixinə dair Gəncə şəhər Səhiyyə İdarəsi Təcili və X5 Stansiyasının 23.11.2020-ci il tarixli, 1976 nömrəli arayışını təqdim etsə də, 20.11.2020-ci il üçün xəstəliyi ilə bağlı heç bir sənəd təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.01.1993cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimat”ın 1-ci hissəsinə əsasən sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Sığorta haqları ödəyən şəxslərə müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında digər şəhadətnamə və arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan başqa qadağan olunur. Göründüyü kimi iddiaçının 19.11.2020-ci il tarixinə dair təqdim etdiyi Gəncə şəhər Səhiyyə İdarəsi Təcili və X5 Stansiyasının 23.11.2020-ci il tarixli, 1976 nömrəli arayışı yuxarıda qeyd edilən Təlimata əsasən müvəqqəti olaraq əmək qabiliyyətinin itirilməsi üçün əsas hesab oluna bilməz. Beləliklə iddiaçının öz hərəkətləri ilə xidməti intizamı kobud şəkildə pozması sübuta yetdiyindən onun barəsində hazırda mübahisə olunan inzibati akt qəbul edilmişdir və cavabdehin qəbul etdiyi inzibati akt “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərinə uyğun olaraq əsaslandırılmış, inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı baş verməmişdir Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 19-20 noyabr 2020-ci il tarixlərində iki iş günü ərzində heç bir üzürlü səbəb olmadan işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edildiyindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 17.03.2021-ci il tarixli, **********0 nömrəli əmri qanuni və əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa olunması və işləmədiyi dövr üçün əmək haqqının ödənilməsi tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1128/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1128/2021
22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver