Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1128/2024 01.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə qarşı hərbi qeydiyyata alınma tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə qarşı hərbi qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə müraciət edərək, Ukrayna Respublikasında Dnepropetrovski Dövlət Universitetində təhsil alan zaman hərbi kafedranı da bitirib zabit rütbəsi aldığını bildirmiş və hərbi qeydiyyata alınmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi tərəfindən Ukrayna Respublikasının Dnepropetrovska şəhərinin Novokodaski hərbi komissarlığına xx.xx.2019-cu il tarixdə ünvanlanmış məktubda həmin komissarlıqda qeydiyyatda olan baş leytenant İddiaçı şəxsi işinin göndərilməsi xahiş edilmişdir.
3. İddiaçı xx.xx.2005-ci il tarixdə verilmiş ehtiyatda olan zabitin müvəqqəti vəsiqəsində onun Leninski rayon hərbi komissarlıq tərəfindən zabitlərin müvəqqəti qeydiyyatına alındığı qeyd edilmişdir.
4. Ukrayna Respublikası Ədliyyə Nazirliyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanmış məktubda bildirilmişdir ki, Ukrayna Respublikası Müdafiə Nazirliyindən alınan məlumata görə İddiaçı hərbi qeydiyyatda deyildir. O, Dnepr şəhər hərbi komissarlıqları tərəfindən hərbi xidmətə çağırılmamışdır.
5. Ukrayna Respublikası Müdafiə Nazirliyinin Dövlət Arxivi Filialının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanmış məktubunda bildirilmişdir ki, İddiaçı şəxsi işi mühafizə olunması üçün arxivə təhvil verilməmişdir.
6. Ukrayna Təhsil Nazirliyi tərəfindən İddiaçı Dnepropetrovsk Dövlət Universitetinin “Radiofizika və elektronika” ixtisasını bitirməsi barədə ЛМ ВЕ №003599 nömrəli diplom verilmişdir.
7. Həmin diploma əlavədən görünür ki, İddiaçı hərbi hazırlıqdan dövlət imtahanını kafi qiymətlə vermişdir.
8. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-43/2-Ə-14xx/xx/2023 nömrəli məktubu ilə İddiaçı Xidmətə daxil olmuş müraciəti baxılması üçün Xidmətin Gədəbəy rayon şöbəsinə göndərilmişdir.
9. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-43/2-Ə-15xx/xx/2023 nömrəli və 3-43/2-Ə-1530/1- 41/2023 nömrəli məktubları ilə İddiaçı Xidmətə daxil olmuş müraciəti baxılması üçün Xidmətin Gədəbəy rayon şöbəsinə göndərildiyi bildirilmiş və sonuncuya da həmin orqana müraciət etməsi tövsiyyə edilmişdir.
10. İddiaçı hərbi qeydiyyat alınmasına köməklik göstərilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə 2023-cü ilin aprel ayında müraciət etmiş, həmin müraciəti rəsmi qaydada cavablandırılmamışdır.
11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-21/Ə- 2290/23 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Gədəbəy rayonu Novosaratovka kənd sakini İddiaçı xx.xx.2019-cu il tarixdə Xidmətin Gədəbəy rayon şöbəsinə ərizə ilə müraciət edərək, onun Ukrayna Respublikasında Dnepropetrovski Dövlət Universitetində təhsil aldığını və həmin universitetdə hərbi kafedranı da bitirib zabit rütbəsi aldığını bildirmiş, buna görə də Ukrayna Respublikasına sorğu edilib sənədlərinin gətirilməsini və hərbi qeydiyyata alınmasını xahiş etmişdir. N.M.Əhmədovun müraciətinə əsasən onun hərbi qeydiyyat sənədlərinin Xidmətin Gədəbəy rayon şöbəsinə göndərilməsi üçün xx.xx.2019-cu il tarixdə 1428 nömrəli məktubla Ukrayna Respublikasının Dnepropetrovska şəhərinin Novokodaski hərbi komissarlığına müraciət olunmuşdur. Ukrayna Respublikasından daxil olmuş məktubda İddiaçı göstərilən hərbi komissarlıqda hərbi qeydiyyat və hərbi xidmətə dair sənədlərinin olmaması göstərilmişdir. Buna görə də İddiaçı zabit kimi hərbi qeydiyyata almaq mümkün olmamışdır. II. Məhkəmədə icraat
12. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, hərbi qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü il tarixdə Gədəbəy rayonu Novosaratovka kəndində anadan olmuşdur. 1991-ci ildə təhsil almaq məqsədilə Ukrayna Respublikasının Dnepropetrovski vilayətinin eyni adlı şəhərinə getmiş, orada Universitetə qəbul olmuşdur. 1997-ci ildə Dnepropetrovski Dövlət Universitetinin radiofizika və elektronika fakultəsini bitirmiş, Dövlət İmtahan Komissiyasının müvafiq qərarı ilə radiofizik və elektronik ixtisası üzrə təhsil aldığı dərəcəyə uyğun diplom verilmişdir. 2010cu ildə Azərbaycana qayıtmış, həmin il vətəndaşlığı bərpa olunarq ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. O, şəxsiyyət vəsiqəsi aldıqdan sonra dəfələrlə hərbi qeydiyyata alınmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və həmin Xidmətin Gədəbəy rayon şöbəsinə müraciətlər etsə də, Xidmətin Gədəbəy rayon şöbəsi onu hərbi qeydiyyata götürməmiş, buna əsas olan hal barədə rəsmi heç bir cavab verməmişdir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
15. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
16. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
17. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə daxil olmamışdır.
18. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
19. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
20. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
21. İddiaçı Əhmədov X1 Respublikasında Dnepropetrovski Dövlət Universitetində təhsil aldığı zaman hərbi kafedranı da bitirməklə zabit rütbəsi aldığını iddia edərək, cavabdehdən hərbi qeydiyyata alınmasını tələb etmişdir.
22. İddiaçı ona xx.xx.2005-ci il tarixdə verilmiş ehtiyatda olan zabitin müvəqqəti vəsiqəsinə və Dnepropetrovsk Dövlət Universitetinin “Radiofizika və elektronika” ixtisasını bitirməsi barədə ЛМ ВЕ №003599 nömrəli diploma əlavədə hərbi hazırlıqdan dövlət imtahanı verməsinə istinad edir.
23. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsi iddiaçının xx.xx.2019-cu il tarixdə və sonralar etdiyi müraciətlərinə rəsmi olaraq cavab verməsə də, iş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2019-cu il tarixli müraciətindən sonra Ukrayna Respublikasının Dnepropetrovska şəhərinin Novokodaski hərbi komissarlığına xx.xx.2019-cu il tarixdə məktub ünvanlanaraq, həmin komissarlıqda qeydiyyatda olan baş leytenant İddiaçı şəxsi işinin göndərilməsi xahiş edilmişdir. Ukrayna Respublikası Ədliyyə Nazirliyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanmış məktubda bildirilmişdir ki, Ukrayna Respublikası Müdafiə Nazirliyindən alınan məlumata görə İddiaçı hərbi qeydiyyatda deyildir. O, Dnepr şəhər hərbi komissarlıqları tərəfindən hərbi xidmətə çağırılmamışdır. Ukrayna Respublikası Müdafiə Nazirliyinin Dövlət Arxivi Filialının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanmış məktubunda İddiaçı şəxsi işinin mühafizə olunması üçün arxivə təhvil verilmədiyi bildirilmişdir.
24. Cavabdeh orqan məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli 3-43-21/Ə- 2290/23 nömrəli cavab məktubunda N.M.Əhmədovun müraciətinə əsasən onun hərbi qeydiyyat sənədlərinin Xidmətin Gədəbəy rayon şöbəsinə göndərilməsi üçün xx.xx.2019cu il tarixdə 1428 nömrəli məktubla Ukrayna Respublikasının Dnepropetrovska şəhərinin Novokodaski hərbi komissarlığına müraciət olunduğunu, Ukrayna Respublikasından daxil olmuş məktubda İddiaçı göstərilən hərbi komissarlıqda hərbi qeydiyyat və hərbi xidmətə dair sənədlərinin olmamasının göstərildiyini, buna görə də İddiaçı zabit kimi hərbi qeydiyyata almağın mümkün olmadığı bildirilmişdir.
25. İddiaçı məhkəmə iclası zamanı onun zabit heyəti kimi deyil, sadəcə hərbi vəzifəli kimi qeydiyyata alınmasını istədiyini bildirmişdir.
26. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 2.0.4. hərbi uçot – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədilə çağırışçıların və hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada siyahıya alınmasıdır; 2.0.5. hərbi qeydiyyat – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. 2.0.8. çağırışçılar – ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları; 2.0.10. hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları; 2.0.12. hərbi qeydiyyata götürülməli olmayanlar - Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan, öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa). Maddə 4.1. Bütün çağırışçılar və hərbi vəzifəlilər hərbi qeydiyyata alınmalıdırlar. Maddə 4.2. Çağırışçıların və hərbi vəzifəlilərin (bu Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Maddə 4.3. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 43.1. Həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Maddə 44.1. Ehtiyatda olan hərbi vəzifəlilər yaşa görə dərəcələrə bölünür və aşağıdakı son yaş hədlərinədək ehtiyatda olurlar:
Ehtiyatda olmanın son yaş hədləri Hərbi vəzifəlilərin heyəti birinci dərəcə ikinci dərəcə üçüncü dərəcə Əsgərlər, matroslar, çavuşlar, 35 yaş 45 yaş 50 yaş gizirlər və miçmanlar Kiçik zabitlər 50 yaş - 55 yaş Baş zabitlər: mayor və 50 yaş - 55 yaş polkovnik-leytenantlar polkovniklər 55 yaş - 60 yaş ali zabitlər 60 yaş - 65 yaş
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 26 sentyabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası”na görə: Bənd 1.4. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, bütün çağırışçılar və hərbi vəzifəlilər (bu Qaydanın 1.7-ci bəndində nəzərdə tutulmuş hərbi vəzifəlilər istisna olmaqla) yaşayış yeri və ya olduğu yer üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra – SHXÇDX) yerli baş idarə, idarə, şöbə və bölmələrində hərbi qeydiyyatda durmalıdırlar. Bənd 1.6. Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan, öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa) hərbi qeydiyyata götürülmürlər.
28. Göründüyü kimi, əvvəla, cavabdeh orqan iddiaçının müraciətinə əsasən onun hərbi qeydiyyat sənədlərinin əldə edilməsi üçün Ukrayna Respublikasının Dnepropetrovska şəhərinin Novokodaski hərbi komissarlığına müraciət etmiş, lakin Ukrayna Respublikasından daxil olmuş məktubda İddiaçı göstərilən hərbi komissarlıqda hərbi qeydiyyat və hərbi xidmətə dair sənədlərinin olmadığı göstərilmişdir.
29. İkinci tərəfdən isə, hərbi qanunvericilik ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşların hərbi qeydiyyata götürülməsini qadağan edir.
30. İddiaçı xx.xx.1974-cü il təvəllüdlü olduğundan o, xx.xx.2024-cü il tarixdə 50 yaşına çatdığından artıq onun hərbi qeydiyyata alınması da mümkünsüzdür.
31. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
32. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
33. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
34. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
35. Göründüyü kimi, iddiaçının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş tələb hüququ olmadığından, o, hüququnun cavabdeh tərəfindən pozulmasını iddia edə bilməz.
36. Belə olan halda isə məhkəmə hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
38. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva