Məhkəmə qərarları › İş №2-1(114)-113/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-113/2021

01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-113/2021 01.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X8 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “JN 0094 Kod nömrəsi 61113028 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktında texniki səhv olaraq əskik yazılmış torpaq sahəsinin ölçüsünün dəqiqləşərək 2,71 ha ölçüdə göstərilməsi və yeni Dövlət aktının verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 14 saylı qərarı ilə Tərtər rayon Kəbirli kənd sakini İddiaçı və onun ailə üzvləri X3, X5, X7, X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2,21 hektar torpaq sahəsinin verilməsi barədə JN-0094 nömrəli 61113028 kodlu dövlət aktı tərtib edilmişdir. Dövlət aktı qeydiyyat kitabında xx.xx.2002-ci il tarixdə 89 nömrə qeydiyyata alınmışdır. Daha sonra İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdadəsinə (bundan sonra mətndə cavabdeh) müraciət edərək torpaq sahəsinin ölçüsünün düzəliş edilərək 2,71 ha yazılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********356 nömrəli imtina məktubu ilə bildirmişdir ki, dövlət aktında düzəlişin edilməsi səlahiyyətinin xaricindədir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər rayon Aqrar İslahat Komissiyasınn xx.xx.2001-ci il tarixli 14 saylı qərarı ilə ona və ailə üzvlərinin mülkiyyətinə verilmiş pay torpaq sahəsinin JN-0094 Kod nömrəsi 61113028 olan torpağa mülkiyyət hüququna dair Dövlət aktında texniki səhv olaraq əskik yazılmış torpaq sahəsinin ölçüsünün dəqiqləşərək 2,71 ha ölçüdə göstərilməsi və torpağa dair yeni Dövlət Aktı sənədinin verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onu və ailə üzvlərinin mülkiyyətində 0,36 ha və 0,34 ha həyətyanı torpaq sahəsi var. Bunun 0,14 ha həyətyanı olmaqla qaytanlanmış kitabda, qalan 0,55 ha isə zəbt edilmiş torpaq sahəsidir. Bu barədə lazımi arayışlar almışdır. Göstərilən torpaq sahələrinə görə Tərtər rayon Aqrar islahat komissiyası tərəfindən 0,34 ha həyətyanı torpaq sahəsinə görə JN085B kod nömrəsi 61113028 və 0,36 ha həyətyanı torpaq sahəsinə görə isə JN085A kod ******* olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələr verilmişdir. İddiaçının özü ilə birlikdə 5 ailə üzvü vardır. Onun yaşadığı ərazidə hər adama 0,68 ha pay torpaq sahəsi düşürdü. Onun 0,55 ha zəbt torpaq sahəsi olduğundan, zəbt etdiyi torpağa görə əlavə əmsal hesablanmaqla zəbt çıxıldıqdan sonra faktiki olaraq o vaxtkı komisisya tərəfindən Tərtər rayon Kəbirli kəndindən 2,71 ha pay torpaq sahəsi ölçülüb istifadəsinə verilmişdir. Lakin buna baxmayaraq torpaq payı veriləndən bir neçə il sonra o vaxt Tərtə rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 14 saylı qərarı ilə JN-0094 nömrəli 61113028 kodlu dövlət akt verilən zaman məlum oldu ki, həmin dövlət aktında Pay torpaq sahəsinin ölçüsü 2,71 ha əvəzinə texniki səhv olaraq 2,21 ha yazılıb göstərilmişdir. Bundan sonra yol verilmiş səhvə görə əlaqədar təşkilatlara müraciət etsə də, heç bir nəticə alınmadı. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə etmiş, iddia ərizəsində qeyd olunanlarla yanaşı əlavə olaraq bildirmişdir ki, hazırda faktiki ona verilməli olan 2,71 ha torpaq sahəsini istifadə edir. Dövlət aktında 50 sot əksik göstərilmişdir, hazırda əsas məqsədi odur ki, dövlət aktında 2,71 ha torpaq sahəsi qeyd olunsun və həmin 2,71 ha torpaq sahəsinə görə Dövlət tərəfindən verilən subsidiyalardan istifadə edə bilsin. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməmiş və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, onlarda olan elektron sistemdə dövlət aktının nömrəsi qeyd olunur. Həmin dövlət aktı ilə də vətəndaşa verilən torpaq sahəsinin ölçüsü qeyd olunur. Aqrar islahat zamanı vətəndaşlara verilən torpaq sahəsi barədə məlumatlar, sənədlər Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində saxlanılır. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Dövlət aktı qeydiyyat kitabında xx.xx.2002-ci il tarixdə 89 nömrə qeydiyyata alınmış JN-0094 nömrəli 61113028 kodlu dövlət aktından görünür ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 14 saylı qərarı ilə Tərtər rayon Kəbirli kənd sakini İddiaçı və onun ailə üzvləri X3, X5, X7, X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 2,21 hektar torpaq sahəsi verilmişdir. Həmin dövlət aktına əlavə edilmiş torpaq sahəsinin qaiməsində (sertifikatında) suvarılan əkin sahəsi 22131.00 kv.m qeyd olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X8 Xidməti xx.xx.2020ci il tarixli **********57 nömrəli məktubunda bildirmişdir ki, Xidmətin tabeliyində olan “xxxx” MMC-nin arxivində Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 14 saylı qərarından çıxarış mövcuddur, lakin mövcud siyahılarda İddiaçı və onun ailə üzvlərinin adları aşkar edilməmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X8 Xidməti xx.xx.2020ci il tarixli **********57 nömrəli məktubu ilə məhkəməyə Tərtər rayon V.Orucov kolxoz yerli aqrar islahatı komissiyasının xx.xx.1999-cu il tarixli 05 saylı protokolu və Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 03 saylı iclas protokolundan çıxarış təqdim edilmiş, həmin protokollara yerli aqrar islahat komissiyasının sədri və üzvləri tərəfindən təsdiq edilmiş “Tərtər rayonu Xoruzlu kənd inzibati ərazi vahidi nümayəndəliyinin V.Orucov adına kolxozun islahatı ilə əlaqədar Bayandur, Kəbirli, Xoruzlu kəndi üzrə torpaq payı alacaq subyektlərin siyahısı”ndan çıxarış və Tər-tər Rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən təsdiq edilmiş “Tər-Tər rayonun Kəbirli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahəsinə aid Cədvəl”dən çıxarış əlavə edilmişdir. -Qeyd olunan çıxarışlarda İddiaçı və onun ailə üzvləri X3, X5, X7, X6 adları qeyd olunmuş, onların qanuni istifadəsində olan həyətyanı sahənin 0,15, dövlət aktının nömrəsinin 94 olduğu qeyd olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2021-ci il tarixli **********69 nömrəli məktubunda bildirmişdir ki, aparılan araşdırma nəticəsində İddiaçı və onun ailə üzvləri X3, X5, X7, X2 adlarına Tərtər rayonu Kəbirli kəndində JN-0094 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktına əsasən 2,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar olunmuşdur. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərdə düzəlişlər olunması və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması barədə hüquq və vəzifələr cavabdeh inzibati orqana aid olduğundan hazırkı mübahisə üzrə tələb də ona qarşı yönəlməlidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2.0.1-ci bəndinə əsasən Azərbaycan Respublikası X8 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Belə əsaslardan biri kimi, 8.0.5ci maddədə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Bu Qanunun 16.1 və 16.2-ci maddələrinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. İddiaçı torpaq islahatı zamanı ona və ailə üzvlərinin mülkiyyətinə 2,71 hektar torpaq sahəsinin verildiyini və texniki səhv olaraq dövlət aktında 2,21 ha yazıldığını bildirsə də, məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində, o cümlədən dövlət aktına əlavə olunmuş torpaq sahəsinin qaiməsindən- sertifikatından və torpaq payı olan şəxslərin ümumi siyahı ilə müəyyən edildi ki, İddiaçı və onun ailə üzvləri X3, X5, X7, X4 2,21 ha torpaq sahəsi verilmiş və "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının tərtib olunmasında heç bir səhvə yol verilməmişdir. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə isə cavabdehin imtinasını zəruri edən şərtlərin mövcudluğu təsdiq olunsa da, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Ona görə də iddia rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X8 Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “JN 0094 Kod nömrəsi 61113028 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktında texniki səhv olaraq əskik yazılmış torpaq sahəsinin ölçüsünün dəqiqləşərək 2,71 ha ölçüdə göstərilməsi və torpağa görə yeni Dövlət aktının verilməsi” barədə iddia tələbi təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar