Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-113/2022 10.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə 16.08.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun əmək kitabçasında qeyd olunan 10.09.1979-cu il tarixdən 16.12.2005-ci il tarixədək Gəncə şəhəri "xxxx" ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və onun 2021-ci ilin mart ayından yaranmış pensiya hüququnun təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 10.09.1979-cu ildən sabiq “Kirovabad Süd kombinatına” fəhlə kimi işə başlamış, həmin yerdə 26 il müddətində işləmiş, 16.12.2005-ci il tarixdə Kombinat fəaliyyətini dayandırması ilə əlaqədar işdən çıxmışdır. 2013-ci ildə onun səhhətində ciddi xəstəliklər yaranmış və həkim-ekspert komissiyasından keçib, ikinci qrup əlil hesab olunmuşdur. Əlilliyə görə pensiya hüququnun yarandığına görə, 2013-cü ildən ona əliliyə görə pensiya təyin edilmiş və 2021-ci ilin mart ayına qədər cavabdeh təşkilatdan pensiya almışdır. Növbəti müayinə vaxtı son beş illik müddətdən sonra 2021-ci ilin mart ayına təsadüf etdiyi üçün mart ayında yenidən tibbi müayinədən keçməsilə əlaqədar pensiyası dayandırılmışdır. Lakin onun tibbi müayinədən keçməyinə zərurət qalmamışdır. Ona görə ki, cəmi bir aydan sonra, yəni aprel ayında onun yaşa görə pensiya almaq hüququ yaranmışdır. Buna görə də iddiaçı cavabdehə müraciət edərək ona yaşa görə pensiya təyin edilməsini xahiş etmiş, lakin cavabdeh orqan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmənin 10.01.2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o, 1993-2004-cü illərdə davamlı olaraq işləmiş və əmək haqqı almışdır. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı mübahisələndirilməyən ümumi iş satjı 10 il 3 aydır. İddiaçının 10.09.1979-cu il tarixdən 16.12.2005-ci il tarixədək Gəncə şəhəri "xxxx" ASC-də işlədiyini iddia etdiyi illər onun mübahisələndirilməyən ümumi iş stajına əlavə edildiyi təqdirdə iddiaçının pensiya almaq hüququ yaranır. Lakin iddiaçının işlədiyini iddia etdiyi illər onun sosial sığorta stajına daxil edilə bilməz. Çünki, Azərbaycan Respublikası X7 filialı tərəfindən verilən arxiv arayışından məlum olur ki, iddiaçının işlədiyini iddia etdiyi Gəncə şəhəri "xxxx" ASC-nin 1993-2004-cü illər əmr kitabları, 1990-1997-ci illər üzrə əmək haqqı cədvəlləri yoxlanmasına baxmayaraq İddiaçı adı aşkar olunmamışdır. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, arxiv arayışında iddiaçının işdən çıxması barədə əmr olmadığı bildirilmişdir, ona görə də iddiaçıya məxsus əmək kitabçası mötəbər sübut hesab edilə bilməz. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -İddiaçı məxsus 14.02.2003-cü il tarixli 111550 nömrəli əmək kitabçasının surətindən görünür ki, sonuncu 10.09.1979-cu il tarixdən 16.12.2005-ci il tarixədək "xxxx" ASC-də işləmişdir. -Azərbaycan Respublikası Dövlət X5 03.05.2021-ci il tarixli 5467(301)/4 nömrəli arxiv arayışından görünür ki, "xxxx" ASC-nin 1993-2004-cü illər üzrə əmr kitabları, eləcə də Ət kombinatının əmək haqqı cədvəlləri yoxlanılmış, İddiaçı adı aşkar olunmamış, həmçinin "xxxx" ASC-nin Süd Kombinatı üzrə əmək haqqı cədvəlləri X7 Filialına təhvil verilməmişdir. -DSMF publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının 18.05.2021-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, İddiaçı 25 il sığorta stajı, minimum pensiya təminatına imkan verən pensiya kapitalı və ya 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabında hər hansı bir məbləğ olmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 1993-2004-cü illərdə "xxxx" ASC-də olan iş stajını və əmək haqqını yerində yoxlamaq mümkün olmadığından görə həmin dövr onun sığorta stajına daxil edilməmiş və ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın həmin dövrü iddiaçının sığorta stajına daxil etməməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən iş stajı əmək kitabçası əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Lakin cavabdeh orqan "xxxx" ASC-nin 1993-2004-cü illər əmr kitabları, 1990-1997-ci illər üzrə əmək haqqı cədvəlləri yoxlanmasına baxmayaraq İddiaçı adı aşkar olunmadığına görə həmin dövrləri onun sığorta stajına daxil edilməsindən imtina etmişdir. İş materiallarına əlavə olunmuş Dövlət X5 müvafiq arxiv arayışları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" Kombinatının süd sexində işləmişdir və "xxxx" ASC-nin Süd Kombinatı üzrə 1993-2004-cü illər üzrə əmək haqqı cədvəlləri X7 Filialına təhvil verilməmişdir. Qeyd olunmalıdır ki, kombinatın əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi iddiaçının əmək haqqı almamasını deməyə əsas vermir. Bundan əlavə iddiaçı 2005-ci ildə işdən azad edilmişdir, "xxxx" ASC-nin 2005-ci ilə dair əmr kitablarının arxivə təhvil verilməməsi də iddiaçıya məxsus əmək kitabçasının doğruluğunu şübhə altına almağa əsas vermir. Başqa sözlə, arxiv məlumatlarının olmaması, yəni müəssisənin sənədlərinin arxivə təhvil verilməməsi iddiaçının ziyanına şərh olunmamalıdır, çünki iddiaçının qeyd olunan müddətdə işləməsi barədə qeydlər əmək kitabçasında mövcuddur və bu qeydlər hər hansı şübhə doğurmur. “İnziabti İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 01.04.2021-ci il tarixdə artıq tələb olunan yaş (62 yaş) həddində olmuşdur. Deməli iddiaçının 01.04.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Tələb olunan müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) münasibətdə isə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması müəyyən edilmişdir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixdən etibarən fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı olmasa da, 25 ildən çox (10.09.1979-cu il tarixdən 16.12.2005-ci il tarixədək olan dövr üzrə 26 il 03 ay 06 gün) sığorta stajının olması iş materialları ilə öz təsdiqini tapır. Deməli iddiaçı pensiya yaşında olmaqla həm də tələb olunan sığorta stajına (ümumilikdə 26 il 03 ay 06 gün) malikdir. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmək kitabçasında qeyd olunan müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 10.09.1979-cu il tarixdən 16.12.2005-ci il tarixədək işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-113/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-113/2022
10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver