Məhkəmə qərarları › İş №2-1(114)-113/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-113/2023

19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-113/2023 19.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli 0400 nömrəli əmrin ləğv edilməsi, hərbi xidmətdən tərxis edildiyi vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyi həddində dəymiş ziyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1985-ci il tarixdə Qazax rayonu, Çaylı kəndində anadan olmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə - cavabdeh) qarşı iddia ərizəsi ilə “xx.xx.2022-ci il tarixli 0400 nömrəli əmrin ləğv edilməsi, hərbi xidmətdən tərxis edildiyi vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyi həddində dəymiş ziyanın ödənilməsi” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci ildə C.Naxçıvanski adına hərbi liseyə qəbul olmuş və 2003-cü ildə həmin liseyi bitirmiş, 2003-cü ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olaraq 2007-ci ldə həmin məktəbi başa vuraraq leytenant hərbi rütbəsi almış, 2007-ci ildən 2008-ci ilə kimi Silahlı Qüvvələrin Təlim-tədris Mərkəzində zabit hazırığı kursunu keçmişdir. 2008-ci ildə Naxçıvan Muxtar Respublikasında yerləşən N nömrəli hərbi hissədə tağım komandiri vəzifəsində hərbi xidmətə başlamışdır. 2009-cu ildə xidmət yeri dəyişdirirlərək Şahbuz rayonunda yerləşən N nömrəli hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin edilmiş, 2010-cu ildə 064 nömrəli xüsusi yəyinatlı hərbi hissədə məlumatların toplanması, təhlili və əsirlərin dindiriliməsi qrupunun zabiti, əməliyyat bölmə rəisinin köməkçisi, 2013-cü ildə Culfa rayonunda yerləşən N nömrəli hərbi hissədə maddi-texniki təminat bölük komandiri, 2016-cı ildə N nömrəli hərbi hissədə Təmir bərpa tabor komandirinin maddi texniki təminat üzrə müavini, növbəti illərdə müxtəlif məsul vəzifələrdə xidmət etmişdir. 2020-ci ildə N nömrəli hərbi hissədə 3-cü tabor komandirinin birinci müavini- qərargah rəisi, sonuncu dəfə isə həmin hərbi hissənin 4-cü tabor komandirinin birinci müavini-qərargah rəisi vəzifələrində xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0400 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə (xidmətə uyğunsuzluğa görə) ordu sıralarından ehtiyyata buraxılmışdır. İddiaçı hesab edir ki, qeyd edilən əmr qanunsuz və əsassız olduğuna görə məhkəmə qərarı ilə ləğv edilməlidir. Xidmətə uyğunsuzluqla tərxis edilməsi barədə Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli əmrinin verilməsinin əsasında N nömrəli hərbi hissə komandanlığının onunla qərəzli mövqe tutması olub. Belə ki, N nömrəli hərbi hissə komandanlığının iddiaçı qərəzli mövqe tutduğunu bildirən hallardan biri hərbi hissədə qanunvericiliklə hərbi qulluqçu statusu olmayan şəxs, X1rdaşı tərəfindən 2017-ci ilin sentyabr ayının axırında hərbi hissədə səxsi heyət qarşısısnda onu nalayiq sözlərlə təhqir etdiyinə görə cavab verməsi olmuşdur. Bunun nəticəsində qısa müddət ərzində heç bir qanuni əsas olmadan, yəni hər hansı intizam pozuntusu törətmədiyi halda mayor hərbi rütbənin bir pillə kapitan hərbi rütbəsinə aşağı salınması və tutduğu tabor komandirinin müavini vəzifəsində bölük komandiri vəzifəsinə salınması olmuşdur. N nömrəli həbi hissə komandanlığının onunla qərəzli münasibət saxlayaraq ordu sıralarından xidmətə uyğunsuzluğa görə tərxis edilməsinə səbəb olan hallardan biri də 2021-ci ilin dekabr ayının 14-də N nömrəli hərbi hissənin müddətdan artıq hərbi qulluqçusu tərəfindən yanacaq oğurlayaraq satdığı və sentyabrın 15-nə keçən gecə onun tərəfindən şəxsi heyətin yemək yediyi yeməkxananın yandırılması olmuşdur. İddiaçı bu iki hadisə barəsində N nömrəli hərbi hissənin komandirinə məruzə etsədə o, komandirlərin ümumi iclasında ona bu barədə yalan olaraq məruzə etmədiyini bildirmişdir. Sonuncu hadisə isə xx.xx.2022-ci il tarixdə saat 20:20 radələrində döyüş xidmətini (postunu) bitirib evə bazarlıq etmək üçün qayıdarkən tabor komandarinin ona telefon zəngi edərək evə gəlmiş qonaqlarına kabab bişirmək üçün tez onlara gəlməsini tapşırdı. Üstündən 5-6 dəqiqə sonra hərbi hissə komandirinin müavini də ona telefon zəngi edərək harada qaldığını soruşdu. İddiaçı dərhal evə bazarlıq etdikdən sonra tabor komandirinin evinə getmiş, onun evində tez kabaları bişirdikdən sonra evdə olan üç nəfər qadının kim olduğunu soruşduqda həmin şəxslərin hərbi hissə komandirirnin müavinin qonaqları olduqlarını bildirdilər. Kababları bişirdikdən sonra getmək istəyərkən hərbi hissə komandirinin müavini bir tikə kabadan yeməsini istəmiş, iddiaçı da kabbadan bir az götürüb evə qayıtmaq istədikdə bu zaman hərbi hissə komandiri və hərbi polis evə daxil olmuşlar. İddiaçı hərbi hissə komandirinə və hərbi polisin rəisinə bir az əvvəl hərbi hissə komnadirinin müavini və tabor komandirinin tapşırığı ilə kabab bişirmək üçün gəldiyini söyləmiş, evdə olan qadılar da iddiaçını tanımadıqlarını və hərbi hissə komandiri müavinin qonaqları olduqlarını bildirmişlər. Bu hadisədən dərhal sonra ertəsi gün Ordu Komandanının müavinləri onları qərargaha çağırmış, orada hərbi hissə komandirinin müavini həmin qadınların onun qonaqları olduğunu, bu şəxslərin iddiaçıya aidiyyəti olmadığını onlara bildirmişdir. X14 rəhbər şəxsləri deyilənlərə məhəl qoymamış, bundan sonra təhqiqat bölməsi tərəfindən izahat alınmış və aparılan araşdirma nəticəsində bu işdə iddiaçının təqsir olmadığı müəyyən edilmişdir. İddiaçı bildirir ki, xidmət etdiyi hərbi hissədə onun barədə zabitlərin şərəf məhkəməsi keçirilmiş, heç kimin, o cümlədən iddiaçının çıxış etməsinə imkan verilməmiş, yalnız tabor komandirim X10 mənim barədə müsbət çıxış etdi, xidməti fəaliyyətini müsbət xarakterizə etdi və haqqında yuxarıda qeyd edilən hadisəyə aidiyyətinin olmadığını bildirildi. İddiaçı şərəf məhkəməsinin keçirilməsindən yarım saat öncə hərbi hissə komandirinin yanına getmiş, sonuncu iddiaçıya demişdir ki, artıq tərxis ediməsi barədə Ordu Komandanlığından tapşırıq verilib, tərxis edildikdən sonra məhkəməyə müraciət edə bilər. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 0400 nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə (xidmətə uyğunsuzluğa görə) ordu sıralarından ehtiyyata buraxılmışdır. Bildirir ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 0400 nömrəli, xx.xx.2022-ci il tarixli əmri qüvvədə olan qaninvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 9-cu maddəsinin tələbinə uyğun olaraq tutduğu vəzifələrinə və hərbi rütbələrinə görə hərbi qulluqçular biri o birinə münasibətdə rəis və yaxud tabe olandır. Rəislər tabelikdə olanlara əmr vermək hüququna malikdirlər və verdikləri əmrlərin yerinə yetirilməsini yoxlamalıdırlar. Tabelikdə olanlar rəislərinə sözsüz tabe olmağa borcludurlar. İddiaçı bidirir ki, X1rdaşının hərbi qulluqçu statusu olmadığına görə N nömrəli hərbi hissənin şəxsi heyətinin qarşısında hər hansı tapşırıq və ya göstəriş vermək hüququ yoxdur. İddiaçı bildirir ki, 2022-ci ilin yanvar ayında mayor hərbi rütbəsi qanunsuz olaraq bir pillə kapitan rütbəsinə aşağı salınmış və bununla bağlı onun hərbi hissədə zabitlərlə söhbət aparmaq hüququ olmayan kadrlar rəisinin köməkçisi tərəfindən söhbətləşmə aparılmışdır. Zabitlərin şərəf məhkəməsinin keçirilməsindən bir neçə gün sonra kadrlar rəisi tərəfindən onunla yalnız bir dəfə söhbət aparılmış və söhbət zamanı sonuncu dəfə baş vermiş hadisə ilə əlaqəsinin olmadığı və xidmətə davam etmək istədiyini bildirmişdir. Beləliklə də, işin hallarından və qanunvericiliyin tələblərindən məlum olur ki, onun xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyyata buraxılması barəsində Müdafiə Nazirinin 0400 nömrəli, xx.xx.2022-ci il tarixli əmri qanunsuz və əsasızdır və bu səbəbdən məhkəmə qaydasında ləğv edilməlidir. İddiaçı bildirir ki, onun qanunsuz olaraq xidməti uyğunsuzluğa görə hərbi xidmətdən tərxis edilməsi, həmçinin gələcək əmək fəaliyyəti ilə məşğul olmasına çox ciddi əngəl törədir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı, onun nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2022-ci il tarixli, 11/4357 nömrəli etirazını təqdim etmişdir. Etirazda qeyd olunur ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. İşin tam və hərtərəfli araşdırılması üçün iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olmuş sənədlər əldə edilmiş və müəyyən edilmişdir. İddiaçı adına tərtib edilmiş xidməti xasiyyətnamədə Hərbi hissədə xidmət etdiyi müddətdə özünü mənəvi və işgüzar keyfiyyətləri aşağı olan bir zabit kimi göstərmişdir. O, vəzifə borcunu qüsursuz və keyfiyyətlə yerinə yetirə bilməmişdir. Tabeliyində olan şəxsi heyəti idarə edə bilmir, komandir heyətinin öz vəzifələrini layiqincə yerinə yetirmələrinə nəzarət etmir və bu istiqamətdə tələbkarlıq göstərmir. Etik norma və qaydalara əməl edə bilmir, şəxsi mənafeyini əxlaqi dəyərlərdən üstün tutur. Hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verir və bu cür hərəkətləri ilə tabeliyində olanlara və digərlərinə pis nümunə olur. Öz vəzifəsinin məsuliyyətini və ağırlığını dərk etmir, bilik və təcrübəsini artırmaq üçün öz üzərində çalışmır, öhdəsinə düşən vəzifə və işlərini vaxtında və tələb olunan qaydada yerinə yetirmir. Taborun şəxsi heyətinin döyüş və ictimai-siyasi hazırlığına, tərbiyəsinə, hərbi intizamına, silahların döyüş sursatlarının və digər əmlakların qorunub saxlanmasına, sazlığına, onlardan düzgün istifadə edilməsinə, uçotuna nəzarət etmir, tapşırıqları yerinə yetirən zamanı öz üzərində nəzarət olunmasına ehtiyac duyur. Vəzifəsinin icrası zamanı rəhbər sənədlərdən və təlimatlardan istifadə etmə bacarığı zəifdir. Həmçinin İddiaçı adına tərtib edilmiş xidməti vərəqəsindən müəyyən olunur ki, xidmət müddətində çoxlu intizam pozuntusuna yol vermiş və dəfələrlə intizam cəzası ilə cəzalandırılmışdır. Barəsində seçilmiş intizam cəzaları ilə Azərbaycan Respublikaının Silahlı X2 tələblərinə uyğun olaraq tanış olmuş və buna dair özü tərəfindən imza edilmişdir. Belə ki, iddiaçının adına tərtib edilmiş xidməti vərəqəsində "verilən tapşırıqların icrasına səhlənkar yanaşdığına, tabeçiliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə və böyük rəislərə yalan məlumat veridyinə" görə xx.xx.2021-ci il tarixdə "Töhmət" elan edilməklə, "verilən tapşırıqların icrasına səhlənkar yanaşdığına, tabeçiliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə" görə xx.xx.2021-ci il tarixdə "Şiddətli töhmət" elan edilməklə, "Tabeliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə, bölmələrdə olan maddi-texniki təminatın vəziyyətinin təşkili və aparılması vaxtlı-vaxtında yoxlamadığına" görə xx.xx.2022-ci il tarixdə "Şiddətli töhmət" elan edilməklə N nömrəli hərbi hissə komandiri tərəfindən intizam qaydasında cəzalandırılmışdır. Həmçinin "Tabeliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə, onlara qarşı lazımi tələbkarlıq göstərmədiyinə" görə xx.xx.2022-ci il tarixdə "Töhmət" elan edilməklə, "vəzifə borclarının icrasına laqeyd yanaşaraq bölmələrdə olan silah, texnika, və digər maddi vəsaitlərin qorunub saxlanmasına, onlardan düzgün istifadə edilməsinə zəif nəzarət etdiyinə" görə xx.xx.2022-ci il tarixdə "Şiddətli töhmət" elan edilməklə X12 komandanı tərəfindən intizam qaydasında cəzalandırılmışdır. Bundan başqa "Taborun bölmələrində silahların və optik cihazların istifadəsinə, qorunub saxlanmasına, döyüş və döyüşə hazırolma sənədlərini düzgün tərtib etmədiyinə" görə xx.xx.2022-ci il tarixdə "Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq" elan edilməklə X12 komandanın birinci müavini-qərargah rəisi tərəfindən intizam qaydasında cəzalandırılmışdır. İddiaçı "Hərbi xidmətkeçmə həqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə komandanlıq tərəfindən xx.xx.2022-ci il tarixli təqdimat göndərilmiş və təqdimat əsasında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçının adına tərtib edilmiş təqdimatdan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissədə xidmət etdiyi müddətdə özünü zahirən bacarıqlı, məsuliyyətli, ləyaqətli zabit kimi göstərərək komandanlıqda özünə qarşı müsbət fikir formalaşdırmağa, onların etimadını qazanmağa çalışmışdır. Həqiqətdə isə o, verilən tapşırıqların icrasına səhlənkar yanaşan, vəzifəsinin öhdəsindən layiqincə gələbilməyən, intizamsız, etik norma və qaydalara əməl edə bilməyən zabitdir. Xidmətə laqeyd münasibət göstərdiyindən, öhdəsinə düşən işlərini vaxtında və tələb olunan qaydada yerinə yetirə bilmədiyindən, komandir heyətinin öz vəzifələrini layiqincə yerinə yetirmələrinə nəzarət etmədiyindən, taborda baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlər görmədiyindən xx.xx.2022- ci il tarixdə onun hərbi rütbəsi bir pillə "kapitan" hərbi rütbəsinədək aşağı salınaraq cəzalandırılmışdır. Sonrakı xidmət dövründə dönüş yaratması tövsiyə olunmuş, lakin kapitan Qocayevin xidmətə laqeyd münasibət göstərməkdə davam etmiş, hərbi qulluqçuya yaraşmayan, hərbi qulluqçuların nüfuzunu aşağı salacaq hərəkətlərə yol vermişdir. Belə ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizmanaməsinin 3-cü maddəsinin tələblərini kobudcasına pozaraq xx.xx.2022-ci il tarixdə zabitlərə birlikdə Sədərək döyüş bölgəsində yerləşən hərbi şəhərcikdə xidməti mənzilə əxlaqsız qadınlar gətirərək onlarla birlikdə şənlik təşkil etmiş və əxlaqsız hərəkətlərə yol verərək ictimai asayişi pozmuşdur. Həmçinin İddiaçı ilə ehtiyata buraxılmadan əvvəl onunla söhbət aparılmış, söhbət zamanı geyd olunduğu kimi xidmətində yol verdiyi nöqsanlara görə xx.xx.2017-ci il tarixdə aşağı vəzifəyə təyin olunduğunu, lakin buna baxmayaraq heç vaxt həvəsdən düşmədiyini, nümunəvi xidməti ilə komandanlığın etimadını gazanacağını bildirmişdir. Göründüyü kimi iddiaçı ona verilən intizam cəzalarını xidmətində yol verdiyi nöqsanlara görə aldığını onunla aparılan söhbətləşmə zamanı təsdiq etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq komandanlıq tərəfindən iddiaçının barəsində "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair qərar qəbul edilmişdir. Bununlada İddiaçı müdafiə nazirinin xx.xx.2022-ci il tarixli 0400 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 168-ci maddəsinə əsasən "Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158 -ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.” Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş edir. Cavabdeh etirazında işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zeynalov X5 Qarnizonu Hərbi Polisinə verdiyi izahatında bildirmişdir ki, 2005-ci ildən Naxçıvandadır, hal-hazırda N nömrəli hərbi hissədə hərbi hissə komandirinin müavini vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə axşam saat 19:00 radələrində İradə ona zəng edərək ona dedi ki, işdən çıxmışdır. Onlara qalmağa yer lazımdır. Şahid də onlara Sədərək rayonuna gəlmələrini demişdir. Sədərək rayonunda yerləşən hərbi şəhərcikdə birinci binaya gəldilər. İradə ilə birlikdə Cəmilə gəldilər. İradə bildirdi ki, Bakıdan rəfiqəsi Şəlalə də gəldi və hamısı oturub çörək yeyirdilər. Bu zaman onun yanında həmin evdə yaşayan 4-cü taborun komandiri mayor Elxan Quliyev və taborun qərargah rəisi İddiaçı da var idi. Onlar çörək yeyən zaman spirtli içki qəbul edirdilər. xx.xx.2022-ci il tarixdə saat 20:15 radələrində briqada komandirinin müavini Şahid onun qonağı olduğunu və qalmağa yeri olmadığını və onun yaşadığı evdə yemək hazırlayıb, qonaqlara yemək verdikdən sonra yola salacaqlarını bildirdi. O, qonaqlara yemək hazırlaya bilmədiyi üçün taburçu qərargah rəisi kapitan İddiaçıə çağırdı və gələn qonaqlara yemək yeyerkən evə hərbi polisin əməkdaşları gəldi və bu məsələ ilə araşdırma aparıldı. Şahid Bəhmən oğlunun məhkəməyə təqdim etdiyi izahatın surətindən (tarixsiz və notariat qaydada təsdiq edilməmişdir) görünür ki, bildirir: N nömrəli hərbi hissədə hərbi hissə komandirinin müavini vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə qonaqları olduğu üçün onlara kəbab bişirməsi üçün kapitan X7 iddiaçını çağırmasını demişdir. Kapitan iddiaçıya zəng etdikdən 3-5 dəqiqə sonra özü yenidən iddiaçıya zəng edərək harada qaldığını, tez gəlməsini demişdir. İddiaçı marketdə olduğunu, evə bazarlıq etdiyini və işini bitirib gələcəyini dedi. Təxminən 25-30 dəqiqə sonra iddiaçı gəlmiş və birbaşa yuxarı ikinci mərtəbəyə qalxaraq balkonda kabab bişirməyə qalxdı. Kəbabı bişirib gətirdikdə otaqda olan qadınları görüb onların kim olduğunu soruşdu. Ona qonaqları olduğunu bildirdi. Bu zaman iddiaçı getmək istədikdə ona qalmasını, əziyyət çəkdiyi üçün heç olmasa bir-iki tikə götür yeyib get demişdir. İddiaçı onun sözünü yerə salmayıb dediyini yerinə yetirdi. Bu zaman evin qapısının açıq olmasında istifadə edərək qapını döymədən icazəsiz olaraq hərbi polisin əməkdaşları evə daxil oldular. Onlar tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, xanımlar qonağıdır və digər şəxslə, yəni iddiaçı ilə heç bir əlaqəsi yoxdur. İddiaçının sadəcə kəbab bişirməyə kömək etməs üçün gəlmişdir. Həmçinin, həmin xanımlar və kapitan Quliyev də onunla heç bir əlaqəsi olmadığını bildirdilər. xx.xx.2022-ci il tarixində təhqiqat bölməsinə çağırıldıqda həmin bölmənin əməkdaşlarına verdiyi izahatında da bu olanlarla bağlı iddiaçının heç bir əlaqəsi olmadığını bildirmişdir. Həmçinin, ƏÜOK-nın şəxsi heyətlə iş üzrə müavini general –mayor bu olanlarla bağlı onlarla söhbət etdikdə onlara da iddiaçının heç bir əlaqəsinin olmadığını, yalnız kəbab bişirməkdə kömək etməsi üçün orada olduğunu bildirdi, lakin dediklərinin heç birinə inanmadılar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid Bəhmən oğlu sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçını tanıyır, ədavəti, düşmənçiliyi yoxdur. Hazırda işləmir, ehtiyatda olan əsgərdir. O hərbi hissədə müavin imiş, iddiaçı isə onun tabeçiliyində olmuşdur. Hadisə günü iddiaçını o dəvət etmişdir. Həmin gün tanışları vardı, Türkiyəyə getməli idilər, ancaq sabaha qalmışdı. Ona dedilər, o, xanımları həmin gün evə gətirdi. Saat 5-6 radələri olardı, Qonaqları evə qoyub bazarlıq zad etdi, ev Sədərək rayonunda yerləşirdi. Rayonda 8 bina idi. Həmin binalar hərbçilər üçün nəzərdə tutulmuşdu, həmin binalar sərhəd ərazidə yerləşirdi, ev Elxan Quliyevin idi. O, saat 8-9 radələri evə qayıtdı. Digər yoldaş Quliyev Elxan da gəldi, yemək hazırlamağa başladılar. Əvvəl özü bişirirdi, sonra iddiaçıya zəng etdi, saat 10 olardı gəldi. Ev ikimərtəbəli həyət evi idi, kababı ikinci mərtəbənin balkonunda bişirirdilər. Elşad xidmətdən qayıdırdı, onlar çağırdı, gəldi, ikinci mərtəbədə yeməyi bişirdi, düşdü, süfrəyə dəvət etdilər, təzə yemək yeməyə başlayırdı, hərbi polis gəldi. Hərbi polis dedi ki, sizi başqa məqsədlə çağırıblar. 3 qadın idi, biri onun tanışı idi, digərləri isə onun rəfiqələri idi. X9 restoranda işləyirdi. Hadisədən sonrakı gün raport yazıb öz arzusu ilə tərxis oldu. Ona cəza olaraq rütbəsi endirildi. Bilirdi ki, ağır cəza alacaq ona görə özü raport yazmışdır. X3 Qarnizonu Hərbi Polisinə verdiyi izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20:15 radələrində briqada komandirinin müavini Şahid onun qonağı olduğunu və qalmağa yeri olmadığını və onun yaşadığı evdə yemək hazırlayıb, qonaqlara yemək verdikdən sonra yola salacaqlarını bildirdi. O, qonaqlara yemək hazırlaya bilmədiyi üçün taburçu qərargah rəisi kapitan İddiaçıə çağırdı və gələn qonaqlara yemək yeyerkən evə hərbi polisin əməkdaşları gəldi və bu məsələ ilə araşdırma aparıldı. X11 məhkəməyə təqdim etdiyi izahatında bildirir ki, xx.xx.2022-ci il tarixində saat 2220-2225 radələrində iddiaçıya zəng edərək harada olduğunu soruşmuş və qonaqları olduğu üçün kabab çəkmək lazım olduğunu bildirmişdir. İddiaçı marketdə olduğunu, evə bazarlıq etdiyini, işi bitdiyi zaman gələcəyini bildirmişdir. Onun zəngindən sonra hərbi hissə komadirinin müavini mayor Zeynalov iddiaçıya zəng edərək tez gəlməsini demişdir. Mayorun zəngindən 25-30 dəqiqə sonra iddiaçı bazarlığı evinə verərək gəlmişdir. Evin ikinci mərtəbəsinə qalxaraq kabab bişirmək üçün balkona çıxdı. Lakin iddiaının evdə olan qonaqlardan xəbəri yox idi. Çünki bu haqda ona bir söz deməmişdilər. Gec saat olduğundan evə daxil olan kimi 2-ci mərtəbəyə eyvana çıxdı. İddiaçı kabab bişirib gətirdikdə otaqda əlavə 3 qadının olduğunu gördü və onların kim olduğunu soruşdu. Hərbi hissə komandirinin müavini onun qonaqları olduğunu, Mingəçevirdən gəldiklərini bildirdi. İddiaçı işi olduğunu deyərək getmək istədikdə mayor ona getmə qal bir tikə ye gedərsən dedi. Bu zaman hərbi hissə komandiri və hərbi polisin əməkdaşları evin giriş qapısı açıq olduğundan qapını döymədən içəri girdilər. Bu olanlarla bağlı fikrini bildirsə də, ona inanmadılar. O və mayor, iddiaçının bu işlərlə heç bir əlaqəsi olmadığını bildirdilər. Həmçinin otaqda olan 3 nəfər qadında iddiaçını tanımadıqlarını, ilk dəfə gördüklərini və sadəcə kabab bişirmək üçün köməyə gəldiyini bildirsələr də inanmadılar. xx.xx.2022-ci il tarixində araşdırma ilə bağlı təhqiqat bölməsinə çağrıldılar. Həmin vaxt olanlarla bağlı təhqiqat bölməsinin əməkdaşlarına, ƏÜQK şəxsi heyətlə İş üzrə müavinina və ƏÜQK müavininə iddiaçının günahı olmadığını və gələn qonaqlardan da məlumatı olmadığını bildirdilər, ancaq inanmadılar. İddiaçı özü də günahsız olduğunu, gələn qonaqlardan xəbəri olmadığını bildirsə də, dediklərinin heç birinə inanmadılar. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İşdəki sənədlərə əsasən: Xidmət vərəqəsindən çıxarışa əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdə “töhmət”, xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət”, xx.xx.2022-ci il tarixdə “töhmət”, xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət”, xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət”, xx.xx.2022-ci il tarixdə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq”, xx.xx.2022-ci il tarixdə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” cəzası verilmişdir. İddiaçı barəsində xx.xx.2022-ci il tarixdə verilmiş xidməti xasiyyətnaməsinə əsasən o, hərbi hissədə xidmət etdiyi müddətdə özünü mənəvi və işgüzar keyfiyyətləri aşağı olan bir zabit kimi göstərmişdir. O, vəzifə borcunu qüsursuz və keyfiyyətlə yerinə yetirə bilməmişdir. Tabeliyində olan şəxsi heyəti idarə edə bilmir, komandir heyətinin öz vəzifələrini layiqincə yerinə yetirmələrinə nəzarət etmir və bu istiqamətdə tələbkarlıq göstərmir. Etik norma və qaydalara əməl edə bilmir, şəxsi mənafeyini əxlaqi dəyərlərdən üstün tutur. Hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verir və bu cür hərəkətləri ilə tabeliyində olanlara və digərlərinə pis nümunə olur. Öz vəzifəsinin məsuliyyətini və ağırlığını dərk etmir, bilik və təcrübəsini artırmaq üçün öz üzərində çalışmır, öhdəsinə düşən vəzifə və işlərini vaxtında və tələb olunan qaydada yerinə yetirmir. Taborun şəxsi heyətinin döyüş və ictimai-siyasi hazırlığına, tərbiyəsinə, hərbi intizamına, silahların, döyüş sursatlarının və digər əmlakların qorunub saxlanmasına, sazlığına, onlardan düzgün istifadə edilməsinə, uçotuna nəzarət etmir, Tapşırıqları yerinə yetirilməsi zamanı öz üzərində nəzarət olunmasına ehtiyac duyur. Vəzifələrinin icrası zamanı rəhbər sənədlərdən və təlimatlardan istifadə etmə bacarığı zəifdir. “N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsi”nin xx.xx.2022-ci il tarixli, 06 nömrəli protokol çıxarışından görünür ki, iddiaçı dinlənilən zaman xidməti zamanı nöqsanlara yol verdiyini və bu nöqsanlara görə cəzalandırıldığını, söhbətlər aparıldığını, lakin, heç zaman ruhdan düşmədiyini, xx.xx.2022-ci il tarixdə olan hadisədə isə günahının olmamasını, ümumiyyətlə həmin qadınların hərbi şəhərcikdə olmalarından xəbərdar olmadığını qeyd etmişdir. “N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsi”nin xx.xx.2022-ci il tarixli qərarına əsasən 4-cü motoatıcı tabor komandirinin birinci müavini-qərargah rəisi kapitan İddiaçı, işgüzar və mənəvi keyfiyyətlərinin, şəxsi intizamının aşağı olmasını, verilən əmr və tapşırıqların icrasına səhlənkar yanaşmasını, xidmətində müntəzəm olaraq ciddi nöqsanlara yol verməsini, xidmətə laqeyd münasibətini və verilmiş intizam cəzalarından heç bir nəticə çıxarmadığını, əxlaqının və tərbiyəsinin aşağı olmasını, etik norma və qaydalara əməl etməyi bacarmadığını, həmçinin bu cür davranışları və hərbi qulluqçuya yaraşmayan hərəkətləri ilə tabeliyində olanlara və ətrafındakılara mənfi nümunə olmasını nəzərə alıb, onun Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Qərardan sonra iddiaçı ilə aparılmış söhbətlə bağlı xx.xx.2022-ci il tarixdə söhbət vərəqəsi tərtib edilmişdir. 607 nömrəli arayışdan görünür ki, X6 Hərbi-Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 424 nömrəli qərarına əsasən iddiaçı sağlam və hərbi xidmətə yararlıdır. xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissə komandiri tərəfindən Kiçik zabitlərin şərəf məhkəməsinin vəsatəti əsasında Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına vəsatət qaldırılmışdır. Təqdimat onunla əsaslandırılmışdır ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq kiçik zabitlərin şərəf məhkəməsinin vəsatəti əsasında həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün təqdim olunur. İddiaçının xidmət illəri az olduğu üçün hesablanmayıb. Hərbi həkim komissiyasına təqdim olunub və "hərbi xidmətə yararlıdır" qərarı verilmişdir. Kapitan İddiaçı, xx.xx.2020-ci il tarixdən hərbi hissədə xidmət edir. Xidmət etdiyi müddətdə özünü zahirən bacarıqlı, məsuliyyətli, ləyaqətli zabit kimi göstərərək komandanlıqda özünə qarşı müsbət fikir formalaşdırmağa, onların etimadını qazanmağa çalışmışdır. Həqiqətdə isə o, verilən tapşırıqların icrasına səhlənkar yanaşan, vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən, intizamsız, etik norma və qaydalara əməl edə bilməyən zabitdir. Xidmətə laqeyd münasibət göstərdiyindən, öhdəsinə düşən işlərini vaxtında və tələb olunan qaydada yerinə yetirə bilmədiyindən, komandir heyətinin öz vəzifələrini layiqincə yerinə yetirmələrinə nəzarət etmədiyindən, taborda baş verə biləcək hadisələrin qarşısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlər görmədiyindən xx.xx.2022-ci il tarixdə onun hərbi rütbəsi bir pillə "kapitan" hərbi rütbəsinədək aşağı salınaraq cəzalandırılmışdır. Sonrakı xidmət dövründə də ona, mənəvi və işgüzar keyfiyyətlərinin aşağı olduğu bildirilmiş, xidmətində və davranışında dönüş yaratması tövsiyə olunmuşdur. Lakin, kapitan Qocayev, xidmətə laqeyd münasibət göstərməkdə davam edir, hərbi qulluqçuya yaraşmayan, hərbi qulluqçuların nüfuzunu aşağı salacaq hərəkətlərə yol verir. Belə ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 3-ci maddəsinin tələblərini kobudcasına pozaraq xx.xx.2022-ci il tarixdə zabitlərlə birlikdə Sədərək döyüş bölgəsində yerləşən hərbi şəhərcikdə xidməti mənzilə əxlaqsız qadınlar gətirərək onlarla birlikdə şənlik təşkil etmiş və əxlaqsız hərəkətlərə yol verərək ictimai asayişi pozmuşdur. Qeyd olunan fakt Naxçıvan Qarnizonu Hərbi Polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Yuxarıda göstərilənləri və kiçik zabitlərin şərəf məhkəməsinin vəsatətini nəzərə alaraq, kapitan İddiaçı Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğ görə ehtiyata buraxılmasına da təqdim olunur. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2022-ci il tarixli, 0400 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq N nömrəli hərbi hissənin 2174-cü motoatıcı tabor komandirinin birinci müavini – qərargah rəisi kapitan İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçıya xx.xx.2022-ci il tarixdə SHXÇ DX-nin Qazax rayon şöbəsi rəisinin sərəncamına qeydiyyata durmaq üçün 2896 nömrəli təyinat vərəqəsi verilmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddətə (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) riayət edilmişdir. Belə ki, mübahisələndirilən qərar barədə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş, iddiaçı isə xx.xx.2022-ci il tarixdə (zərfdəki möhür tarixindən) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət açıq-aşkar gözlənilmişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. İnzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Başqa sözlə, cavabdeh orqanın inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparıb-aparılmaması yoxlanılır. Hazırkı iş üzrə cavabdeh vergi orqanının “xx.xx.2022-ci il tarixli, 0400 nömrəli əmri” mübahisələndirildiyindən, həmin əmrin qəbul edilməsi ilə bağlı aparılmış inzibati icraatın qanunauyğun aparılması yoxlanılmalıdır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: -155-ci bəndində göstərilir ki, Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndinə əsasən yerinə yetirilir. -156-cı bəndinin e) yarımbəndinə əsasən, hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. -162-ci bəndində qeyd olunur ki, Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. -163-cü bəndinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularında başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı hüququ olan şəxslər. ehtiyatda olmağın son yaş həddinə çatmış şəxslər. Bu Əsasnamənin 156-cı maddəsinin «ə» bəndi, 158-ci maddəsinin «b» bəndi ilə buraxılmaya təqdim olunanlar, habelə ehtiyatdan çağırılan və 156-cı maddəsinin «q» bəndi ilə buraxılmaya təqdim olunanlar adətən hərbi-həkim komissiyasının müayinəsinə göndərilmirlər. -168-ci bəndində deyilir ki, hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.2003-cü il tarixdən xidmətdədir. Xidmət vərəqəsindən çıxarışa əsasən iddiaçıya “verilən tapşırıqların icrasına səhlənkar yanaşdığına, tabeçiliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə və böyük rəislərə yalan məlumat verdiyinə görə” xx.xx.2021-ci il tarixdə “töhmət”, “verilən tapşırıqların icrasına səhlənkar yanaşdığına və tabeçiliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə görə” xx.xx.2021-ci il tarixdə “şiddətli töhmət”, “tabeliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə, onlara qarşı lazımi tələbkarlıq göstərmədiyinə görə” xx.xx.2022-ci il tarixdə “töhmət”, “tabeliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə, bölmələrdə olan maddi-texniki təmnatın vəziyyətinin, qoşun xidmətinin təşkili və aparılması vaxtlı-vaxtında yoxlamadığına görə” xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət”, “vəzifə borclarının icrasına laqeyd yanaşaraq bölmələrdə olan silah, texnika və digər maddi vəsaitlərin qorunub saxlanılmasına, onlardan düzgün istifadə edilməsinə nəzarət edilməsinə zəif nəzarət etdiyinə görə” xx.xx.2022-ci il tarixdə “şiddətli töhmət”, “taborun bölmələrində silahların və optik cihazların istifadəsinə, qorunub saxlanmasına, döyüş və döyüşə hazırolma sənədlərini düzgün tərtib etmədiyinə görə” xx.xx.2022-ci il tarixdə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq”, “taborun şəxsi heyətinin tərbiyəsinə, hərbi intizamına və mənəvi vəziyyətinə, siahların, hərbi sursatın qorunub saxlanmasına, döyüş növbətçiliyin təşkili və aparılmasına nəzarət etmədiyinə görə” xx.xx.2022-ci il tarixdə “vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq” cəzası verilmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə əsasən, ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. İddiaçı hərbi xidmət üzrə nizam-intizam qaydalarına əməl etməmiş, bir neçə dəfə intizam tənbehi tətbiq edilmiş, bundan sonra cavabdehin əmri ilə ehtiyata buraxılmışdır. İddiaçının xidmət etdiyi hərbi hissə komandirinin təqdimatında və xidməti xasiyyətnaməsində də iddiaçının hərbi hissədə xidmət etdiyi müddətdə özünü mənəvi və işgüzar keyfiyyətləri aşağı olan bir zabit kimi göstərdiyi, vəzifə borcunu qüsursuz və keyfiyyətlə yerinə yetirə bilmədiyi, tabeliyində olan şəxsi heyəti idarə edə bilmədiyi, komandir heyətinin öz vəzifələrini layiqincə yerinə yetirmələrinə nəzarət etmədiyi və bu istiqamətdə tələbkarlıq göstərmədiyi, etik norma və qaydalara əməl edə bilmədiyi, şəxsi mənafeyini əxlaqi dəyərlərdən üstün tutduğu, hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verdiyi və bu cür hərəkətləri ilə tabeliyində olanlara və digərlərinə pis nümunə olduğu, öz vəzifəsinin məsuliyyətini və ağırlığını dərk etmədiyi, bilik və təcrübəsini artırmaq üçün öz üzərində çalışmır, öhdəsinə düşən vəzifə və işlərini vaxtında və tələb olunan qaydada yerinə yetirmədiyi, taborun şəxsi heyətinin döyüş və ictimai-siyasi hazırlığına, tərbiyəsinə, hərbi intizamına, silahların, döyüş sursatlarının və digər əmlakların qorunub saxlanmasına, sazlığına, onlardan düzgün istifadə edilməsinə, uçotuna nəzarət etmədiyi, tapşırıqları yerinə yetirilməsi zamanı öz üzərində nəzarət olunmasına ehtiyac duyduğu, vəzifələrinin icrası zamanı rəhbər sənədlərdən və təlimatlardan istifadə etmə bacarığı zəif olduğu qeyd edilmişdir. Göründüyü kimi, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixli 0400 nömrəli əmrin ləğv edilməsi, hərbi xidmətdən tərxis edildiyi vaxtdan məhkəmə qərarının qəbul edildiyi günə kimi zabitlər üçün nəzərdə tutulmuş bütün təminat xərcliyi həddində dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar