Məhkəmə qərarları › İş №2-1(114)-1130/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1130/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1130/2021 07.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X5, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” **********665900 nömrəli, 10.06.2020-ci il tarixli qərar ilə İddiaçı 2019-cu il üzrə bəyənnamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 4,706,17 manat vergi haqqı hesablanmışdır. Qərarla razılaşmayan İddiaçı qeyd edilən qərardan yuxarı vergi orqanına şikayət etmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********356100 nömrəli 05 aprel 2021-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Bundan sonra, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 04.05.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” **********665900 nömrəli, 10.06.2020-ci il tarixli qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun tərəfindən 11.03.2020-ci il tarixdə 33615,52 manat məbləğində aparılan valyuta mübadiləsi əməliyyatı əsas götürülərək 33615,52 manat pul vəsaiti onun gəliri kimi qiymətləndirilmiş və 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10.06.2020-ci il tarixli **********665900 nömrəli qərar əsasında ona 33615,52 manatın 14 faizi miqdarında, yəni 4 706,17 manat gəlir vergisi hesablanmışdır. Bununla bağlı tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 07.01.2021-ci il tarixli **********086500 nömrəli inzibati şikayət ünvanlanmış və 33615,52 manat pul vəsaitinin formalaşması barədə aşağıda qeyd olunan müvafiq məlumatlar və aidiyyəti təsdiqedici sənədlər vergi orqanına təqdim edilmişdir: 1) Özünə məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış evi 14.06.2013-cü il tarixli ******* saylı alqı-satqı müqaviləsi əsasında 7850 (yeddi min sıkkiz yüz əlli) manata X1; 2) X6 ayda 542.87 (beş yüz qırx iki manat, səksən yeddi qəpik) manat təqaüd alır. Eləcə də, atası X16 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçısı olduğundan Azərbaycan Respublikası Prezidentinin “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” müvafiq sərəncamlarına əsasən 2020-ci ildə 750 manat, 2019-cu ildə 500 manat birdəfəlik müavinət almışdır; 3) Həyat yoldaşı X14 isə Gəncə Dövlət Universitetinin “Musiqi fənləri” kafedrasında baş müəllim işləməklə ayda 794,37 manat əmək haqqı alır; 4) özü 2015-ci ilədək “xxxx”nın Gəncə filialında işləmiş və aylıq 600 (altı yüz) manat əmək haqqı almışdır; 5) bir neçə il işsiz olduğundan 2019-cu ildə “Mercedes Sprinter” markalı mikroavtobus alaraq sərnişin və yükdaşıma fəaliyyətini həyata keçirmək məqsədilə qohumu X9 8000 manat pul borc almış, lakin həmin vaxt COVİD-19 pandemiyası səbəbindən mikroavtobusun alınması və sərnişin və yükdaşıma fəaliyyətinin həyata keçirilməsi ilə bağlı planlarının həyata keçməsi mümkün olmamışdır. Göründüyü kimi, 33615,52 manatın 7850 manatı daşınmaz əmlakın satışından əldə edilmiş, 8000 manatı borc alınmış, yerdə qalan 17765,52 manatı isə ailəsinin (anası, özü və yoldaşı) aylıq gəlirləri hesabına formalaşmışdır. 2020-ci ilin mart ayında ABŞ dollarının manata olan məzənnəsinin artacağından ehtiyat edərək həmin məbləği ABŞ dollarına konvertasiya etmişdir. Vergi orqanı tərəfindən yuxarıda qeyd olunan inzibati şikayətə baxılmasının nəticəsi barədə 05.04.2021-ci il tarixli **********356100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərar qəbul edilmişdir. Vergi orqanı lüzumsuz yerə inzibati araşdırmanın müddətini uzadaraq onun qanunvericiliklə qorunan hüquqlarını kobud şəkildə pozmuş və inzibati şikayətin araşdırmasının nəticəsinə dair qanunsuz və əsassız qərar qəbul etmişdir. Hesablanmış vergi məbləğlərinə münasibətdə bildirir ki, daşınmaz əmlakın satışından əldə edilmiş 7850 manat Vergi Məcəlləsinin 1 yanvar 2016-cı il tarixədək qüvvədə olmuş 102.1.9-cu maddəsinə (vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəlir) əsasən gəlir vergisindən azad olunmuşdur. X4 aldığı təqaüd və müavinətlər Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən gəlir vergisindən azaddır. X2 və özünün aldığı əmək haqqı məbləğləri Vergi Məcəlləsinin 101-ci maddəsinə əsasən ödəmə mənbəyində vergiyə cəlb edildiyindən vergi tutulmuş məbləğlərdən təkrara vergi tutulması qanunsuzdur. X9 aldığı 8000 (səkkiz min) manat borc məbləği Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən onun gəliri olmadığından həmin məbləğdən verginin tutulması qanunsuzdur. Vergi orqanı heç bir əsaslandırma aparmadan, onun 33615,52 manat gəliri olduğu qənaətinə gəlinmiş, həmin gəlirin əldə olunma mənbələri araşdırılmadan gəlirin əldə olunmasında görə ona kameral qaydada 4706,17 manat gəlir vergisi hesablamışdır. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, İddiaçı Hadi oğlu vergi orqanında 23.04.2005-ci il tarixdə ********** saylı VÖEN-lə əsas fəaliyyət növü “Dənli (çəltik istisna olmaqla) bitkilərin becərilməsi” olmaqla qeydiyyatdan keçmiş, AZ2001, Gəncə şəhəri, Ş.İ.Xətai ev.93B, m.2 ünvanında fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətindən əldə olunmuş məlumata əsasən İddiaçı Hadi oğlu tərəfindən 11.03.2020-ci il tarixdə 33615,52 manat məbləğində aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində 19747 USD məbləğində xarici valyuta əldə edildiyi müəyyən olunmuşdur. İddiaçı Hadi oğlu 01.04.2020-ci il tarixli **********001800 nömrəli məktubla qeyd olunan vəsaitin əldə edilməsi (muzdlu işdən gəlir, sahibkarlıq fəaliyyətindən gəlir, qeyri-sahibkarlıq fəaliyyətindən (faiz, dividend, icarə haqqı, royalti və s.) borc, kredit və s.)) ilə bağlı bağlı ətraflı izahatın verilməsi üçün Baş İdarənin inzibati binasına dəvət olunmuşdur. Lakin İddiaçı Hadi oğlu tərəfindən yuxarıda qeyd olunan məktuba cavab verilməmiş, onun tərəfindən əldə edilmiş vəsaitin mənbəyi ilə bağlı hər hansı sənəd təqdim olunmamışdır. **********283900 saylı 22.05.2020-ci il tarixli “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktuba əsasən vergi ödəyicisi İddiaçı Hadi oğlu (VÖEN: **********) 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanı vergi ödəyicisinin vergi öhdəliklərini Baş İdarənin **********665900 saylı 10.06.2020-ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə yenidən hesablamışdır. İddiaçı ərizəsində valyuta mübadiləsi aparılmış 33615,52 manatın 7850 manatı daşınmaz əmlakın satışından əldə edilmiş, 8000 manatı borc alınmış, yerdə qalan 17765,52 manatı isə ailəsinin aylıq gəlirləri hesabına formalaşdığını qeyd etmişdir. İddiaçının ərizəsində qeyd etdiyi ünvan 1 ünvanında yerləşən yaşayış evi iddiaçı tərəfindən 14.06.2013-cü ildə 7850 manata təqdim edilmişdir. Göründüyü kimi iddiaçının valyuta mübadiləsində istifadə olunan vəsaitin mənbəyi olduğunu iddia etdiyi ev valyuta mübadiləsinin həyata keçirilməsindən uzun illər öncə satılmışdır. İddiaçı ərizəsində bir neçə il işsiz olduğundan 2019-cu ildə “Mercedes Sprinter” markalı mikroavtobus alaraq sərnişin və yükdaşıma fəaliyyətini həyata keçirmək məqsədilə qohumu X9 8000 manat borc pul aldığını, pandemiya səbəbindən mikroavtobus alınması ilə bağlı planlarının baş tutmadığını qeyd edir. İddiaçı ərizəsində 33615,52 manat vəsaitin mənbəyinin 2013-cü ildə 7850 manata satılmış daşınmaz əmlak, borca alınmış 8000 manat pul və yerdə qalan 17765,52 manat isə ailəsinin aylıq gəlirləri ilə formalaşan vəsait olduğunu bildirir. Bu zaman haqlı olaraq belə bir sual yaranır: Əgər iddiaçının valyuta mübadiləsində istifadə etdiyi pul vəsaitinin mənbəyi ailənin illərlə formalaşmış gəlirləri, 2013-cü ildə satılmış daşınmaz əmlakın dəyəri olan 7850 manat idisə, o zaman iddiaçı niyə 2019-cu ildə avtomobil almaq üçün borca 8000 manat pul götürmüşdür? İddiaçının bu dəlili ilə getsək, burdan belə bir nəticəyə gəlmək olar ki, 2019-cu ildə iddiaçı tərəfindən borc pul alınarkən 2013-cü ildə daşınmaz əmlakın satışından əldə edilmiş 7850 manat pul, eyni zamanda iddiaçının iddia etdiyi ailənin aylıq gəlirləri ilə formalaşmış 17765,52 manat vəsait mövcud olmamışdır. Lakin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 16.11.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, həmin müqavilədə tərəflərin imzaları notarial qaydada təsdiq olunmamışdır. İddiaçı ərizəsində X4 542.87 manat təqaüd aldığını, həyat X2 Gəncə Dövlət Universitetində baş müəllim işləməklə 794.37 manat əmək haqqı aldığını, özünün 2015-ci ilədək xxxxnın Gəncə filialında işlədiyini və aylıq 600 manat əmək haqqı aldığını qeyd etmişdir. İddiaçı mübahisələndirilən qərardan yuxarı vergi orqanına şikayət etmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********356100 nömrəli 05 aprel 2021-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Həmin inzibati araşdırma zamanı İddiaçı 11.06.2016-cı ildən 05.03.2019-cu il tarixədək bağlanmış əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 200 manat olmaqla “xxxx" MMC-də “kreditor” vəzifəsində işlədiyi, özünə “xxxx”dan təqdim edilmiş kart hesabına 14.03.2014-cü il tarixədək orta hesabla 400,0 manat ödənildiyi, araşdırmaya təqdim etdiyi bank çıxarışlarına əsasən 2019-2020-ci il ərzində X4 uyğun olaraq 465,58 və 542.87 manat məbləğində aylıq təqaüd aldığı müəyyən edilmiş, lakin anasının onunla birgə yaşamasını təsdiq edən arayışı vergi orqanına təqdim etməmişdir. Eyni zamanda araşdırma ilə həyat X2 Gəncə Dövlət Universitetində baş müəllim olaraq müqavilə üzrə işlədiyi və aylıq orta hesabla 800,0 manat maaş aldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçının ailə üzvlərinin aylıq gəlirləri yaşayış minimumun təmin edilməsinə və həyat səviyyəsi göstəriciləri üzrə mövcud xidmətlərin əldə edilməsinə uyğundur və bu vəsaitin bir hissəsinin əlavə ehtiyatlara (yığıma) yönəldilməsi real deyil. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş, əlavə olaraq bildirmişdir ki, vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdan keçsə də, 03.07.2015-ci il tarixdən fəaliyyəti və digər vergi tutulan əməliyyatları müvəqqəti dayandırılmışdır. Hazırki məbləği ailə üzvləri ilə birlikdə uzun müddət əldə etdikləri vəsait, yəni pensiya, əmək haqqı, daşınmaz əmlakın satışından əldə edilən və borc aldığı vəsait hesabına toplamış və ehtiyatda saxlamaq niyyəti olmuşdur. Bu səbəbdən də topladığı məbləği dollara çevirmişdir. Həmçinin ümumiyyətlə mübahisələndirilən qərar qəbul edilən zaman inzibati orqana dəvət olunmamış və gəliri ilə bağlı izahatı alınmamışdır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. İddiaçının nümayəndəsi və vəkili X12 da məhkəmə iclasında iddiaçı ilə eyniməzmunlu izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X15 məhkəmə iclasında iddianı qəbul etməyərək məhkəməyə ünvanladıqları etiraz məktubu ilə eyni məzmunda izahat verdi, əlavə olaraq bildirdi ki, iddiaçının inzibati orqana dəvət edilməsi ilə bağlı 01.04.2020-ci il tarixli məktub (məktubun tarixi texniki olaraq səhv olaraq 01.04.2021 kimi qeyd edilmişdir) tərəflərindən göndərilsədə həmin məktubun iddiaçıya göndərilməsini və çatdırılmasını təsdiq edən sənədin məhkəyə təqdim edilməsi mümkün deyildir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Cavabdehin 16.05.2021-ci il tarixli **********62500 nömrəli məktubuna əlavə edilmiş 01.04.2020-ci il tarixli **********001800 nömrəli vergi orqanına dəvət məktubundan görünür ki, İddiaçı Adil oğlu valyuta mübadiləsi əməliyyatı nəticəsində əldə edilmiş vəsaitin əldə edilməsi ilə bağlı ətraflı izahatın verilməsi üçün vergi orqanına dəvət edilmişdir. - Cavabdehin 16.05.2021-ci il tarixli **********62500 nömrəli məktubuna əlavə edilmiş 22.05.2020-ci il tarixli **********283900 nömrəli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubundan görünür ki, İddiaçı Adil oğlundan valyuta mübadiləsi əməliyyatı nəticəsində əldə edilmiş vəsaitin əldə edilməsi ilə bağlı 5 gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etməsi tələb olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 19.05.2021-ci il tarixli **********135400 nömrəli məktubuna əlavə edilmiş məlumatdan görünür ki, İddiaçı Hadi oğlu valyuta mübadiləsi əməliyyatı vasitəsilə 11.03.2020-ci il tarixdə «xxxx» ASC-nin Gəncə filialından 11.747 ABŞ dolları (19.999,3 manat ekvivalentində) məbləğində, «xxxx» ASC-nin Gəncə filialından 500 ABŞ dolları (851 manat ekvivalentində) məbləğində, 12.03.2020-ci il tarixdə «xxxx» ASC-nin Gəncə filialından 500 ABŞ dolları (851,3 manat ekvivalentində) məbləğində, «xxxx» ASC-nin Gəncə filialından 7000 ABŞ dolları (11914,0 manat ekvivalentində) məbləğində xarici valyuta əldə etmişdir. - Fiziki şəxsin onlayn fəaliyyət dayandırma ərizəsindən görünür ki, vergi ödəyicisi İddiaçı Adil oğlunun fəaliyyətinin və digər vergi tutulan əməliyyatların müvəqqəti olaraq dayandırılması barədə vergi ödəyicisi tərəfindən qərar qəbul edilmişdir. Qərara əsasən fəaliyyətin dayandırılmasının başlanma tarixi 03.07.2015-ci il, bitmə tarixi 03.07.2020-ci ildir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir və iddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış, məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 33615,52 manat məbləğində valyuta mübadiləsi əməliyyatı aparılmış, tərəfindən konvertasiya olunmuş vəsaitin vergiyə cəlb olunmadığı aşkar edildiyi üçün həmin şəxsin belə gəliri onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmiş, Vergi Məcəlləsinin 16 və 33-cü maddələrinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınmış, həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə gəlir vergisi hesablanmaqla 4 706,17 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” **********665900 nömrəli, 10.06.2020-ci il tarixli qərarın qanuniliyinin yoxlanılmasıdır. Göründüyü kimi inzibati orqan tərəfindən İddiaçı Hadi oğlu 5 (beş) gün ərzində əsaslandırılmış yazılı izahatı və zəruri olan sənədləri (məlumatları) vergi orqanına təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinin müddəalarına əsasən **********665900 saylı 10.06.2020-ci il tarixli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qəbul edilmişdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 61.1-ci maddəsinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.4-cü maddəsinə müvafiq olaraq inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olumuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd edilən maddi hüquq normalarına görə, inzibati orqanın qəbul etdiyi aktı qiymətləndirərkən ilk olaraq onun inzibati icraat qaydalarına riayət edilib-edilməməsi yoxlanılmalı, başqa sözlə inzibati orqanının şəxsin hüququna müdaxiləsinin qanuni olubolmaması qiymətləndirilməlidir. Belə bir müdaxilə qanuni olduğu halda, inzibati orqan maddi-hüquqi əsaslardan çıxış etməklə inzibati icraatı aparmaq səlahiyyətinə malik olur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi orqanı valyuta mübadiləsi ilə bağlı iddiaçıya qeyd olunan vəsaitin əldə edilməsi ilə bağlı ətraflı izahatın verilməsi, habelə vergi orqanında aparılan araşdırma zamanı konvertasiya olunmuş vəsaitin mənbəyi, konvertasiya olunmuş vəsaitin hansı dövrün gəlirinə aid olması və vergiyə cəlb edilib-edilməməsi, aylıq gəlirin növü və miqdarı, aylıq gəlirdən vergilərin ödənilməsi və ya tutulması qaydası və işin faktiki hallarından asılı olaraq digər zəruri olan məlumatlar araşdırılması və konkret hallar ilə bağlı təsdiqedici sənədlər əldə edilməsi üçün 01.04.2020-ci il tarixli **********001800 nömrəli dəvət məktubu göndərməsini, həmçinin 22.05.2020-ci il tarixli **********283900 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubu ilə iddiaçıdan bəyənnamənin təqdim olunması və kameral vergi yoxlamasının başa çatdırılması üçün yazılı izahatı və zəruri olan sənədlərin vergi orqanına təqdim edilməsini tələb etdiyini bildirmiş, lakin qeyd olunan məktubların poçt göndərişi ilə iddiaçının yaşadığı ünvana göndərilməsi, habelə həmin məktubların iddiaçıya çatdırılması barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, vergi orqanı tərəfindən göndərilmiş məktub iddiaçıya təqdim olunmadığına görə onun tərəfindən əldə edilmiş vəsaitin mənbəyi ilə bağlı hər hansı sənəd təqdim etməsi də mümkünsüz olmuş, buna baxmayaraq iddiaçı tərəfindən konvertasiya olunmuş vəsaitin vergiyə cəlb olunmadığı aşkar edildiyi üçün həmin şəxsin belə gəliri onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, bir halda ki, iddiaçının tələb olunan sənədləri təqdim etmə imkanı ondan asılı olmayan səbəbdən mümkün olmamışdır, o halda vergi orqanı tərəfindən tələb olunan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilmədiyinə görə **********665900 nömrəli, 10.06.2020-ci il tarixli "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarın qəbul edilməsi qanunsuz olmuşdur. Yəni inzibati orqan tərəfindən inzibati icraat çərçivəsində heç bir araşdırılma aparılmamış (inzibati icraatın aparılmasına dair hər hansı bir sənəd etiraza əlavə edilməmiş və məhkəməyə təqdim olunmamışdır), iddiaçıya sənədlərin təqdim edilməsi üçün real şərait yaradılmamış, əlaqəli məlumatlardan istifadə edilməklə iddiaçının barəsində əlverişsiz inzibati akt qəbul edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********356100 nömrəli 05 aprel 2021-ci il tarixli qərarında və cavabdehin etiraz məktubundan iddiaçının gətirmiş olduğu dəlillərə münasibət bildirilərək qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi iddiaçı tərəfindən valyuta mübadiləsindən uzun illər öncə satılmış, 2019-cu ildə iddiaçı tərəfindən 8000 manat borc pul alınarkən 2013-cü ildə daşınmaz əmlakın satışından əldə edilmiş 7850 manat pul, eyni zamanda iddiaçının iddia etdiyi ailənin aylıq gəlirləri ilə formalaşmış 17765,52 manat vəsait mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin cavabdeh orqan ehtimallara əsaslanaraq iddiaçının xarici valyutaya çevirdiyi məbləğin daşınmaz əmlakın alqı-satqısından, ailə üzvlərinin pensiya və əmək haqlarından, eləcə də, borc almasından ibarət olmasına dair dəlillərini əsaslı sübutlarla təkzib edərək qərar qəbul edən zaman həmin qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. - 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. - 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. - 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. - 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qəbul etdiyi **********665900 nömrəli, 10.06.2020-ci il tarixli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar