Məhkəmə qərarları › İş №2-1(114)-1131/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1131/2023

15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1131/2023 15.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Gəncə şəhəri Əhalinin Sosial Müdafiə Naziriliyinin Sosial Müdafiə Fonduna qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası K.T.N-nin “İstehsalat və təchizat” İdarəsinin Kirovabad İstehsalat Sexində xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı ilədək, xx.xx.1976-cı ildən xx.xx.1982-ci ilədək Aztok, Reklam Kirovabad filialında Azərbaycan Respublikası MKTN-nin “İstehsalat və komlektləşdirmə” İdarəsinin Kirovabad İstehsalat Sexində xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü ilədək şüşə məmulatların üfürməklə (civə ilə) hazırlayan fəhlə, xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci ilədək "xxxx" ASC-də civə ilə şüşə üfürən vəzifəsində işləmişdir. Hal-hazırda təqaüd alır, ancaq bu işlədikləri illər düzgün qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququna malikdir. O, hazırki tələblə cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Gəncə şəhəri Əhalinin Sosial Müdafiə Naziriliyinin Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 15 may 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının xx.xx.1972-ci il tarixli əmək kitabçasının surətinə və AR-nın Dövlət Şəhərsalma və Arxitektura Komitəsini xx.xx.2016-cı il tarixli 10/06-İ-04-439 nömrəli arayışa əsasən 5 il 1 ay 15 gün güzəştli iş stajı vardır. İddiaçının təqdim etdiyi ARnın Dövlət Şəhərsalma və Arxitektura Komitəsini xx.xx.2016-cı il tarixli 10/06- İ-04-439 nömrəli arayışa əsasən iddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1976-cı il tarixədək AR Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Təchizat İdarəsinin sexində və xx.xx.1982ci il tarixdən xx.xx.1983-cü il tarixədək AR Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplektləşdirmə İdarəsinin Kirovabad İstehsalat sexində “şüşə məmulatların üfürməklə hazırlayan fəhlə” vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də şüşəüfürən vəzifəsində işlədiyini iddia edir. Həmin dövrlərdə iddiaçının 6 il 7 ay əmək fəaliyyəti dövrü "xxxx" ASC tərəfindən verilmiş arayış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaların na uyğun olmadığından güzəşti iş stajı dövrü kimi qəbul edilməmişdir. Bundan başqa iddiaçının mübahisəsiz güzəştli iş stajı 5 il 1 ay 15 gün və mübahisəli güzəştli iş stajı 6 il 7 aydır. Göründüyü kimi mübahisəsiz dövr nəzərə alındıqda iddiaçının güzəştli iş stajı 11 il 8 ay 15 gün təşkil edir ki, bu da qanunla nəzərdə tutulan 12 il 6 aydan azdır. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun filiala təqdim etdiyi "xxxx" ASC tərəfindən verilmiş arayış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na uyğun olmadığından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - işə əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci il tarixdə doğulmuşdur; - işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, iddiaçının güzəştli iş stajı qanunvericilikdə tələb olunan müddətdən az olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir; - işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini xx.xx.2016-cı il tarixli 10/06-İ-04-439 nömrəli arayışdan qeyd edilmişdir ki, Azərbaycan Respublikası Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Təchizat İdarəsinin Kirovabad İstehsalat sexində xx.xx.1972-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək və Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplekləşdirmə İdarəsinin Kirovabad İstehsalat sexində xx.xx.1982-ci il tarixindən xx.xx.1983-cü il tarixədək işlədiyi “şüşə məmulatlarını üfürməklə hazırlayan fəhlə (şüşəçi)” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 15-ci bəndinin “bütün növ şüşə və şüşə məmulatları istehsalı” 15-ci yarımbəndinə daxildir. -işə əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2014-cü il tarixli, 05 nömrəli arayışından görünür ki, xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də şüşəüfürən vəzifəsində işləmişdir. - işə əlavə edilmiş xx.xx.1972-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də 4-cü dərəcəli şüşəüfürən vəzifəsində işləmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1951-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu güzəştli iş stajının qanunvericilikdə tələb olunan müddətdən az olduğundan iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 01 yanvar 2006-cı ildən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, xırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, qanunun da mənasından göründüyü kimi iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün iki əsas şərt ödənilməlidir: 1) iddiaçının işlədiyi iş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında göstərilən işlərə aid olmalı, 2) iddiaçının azı 25 il iş stajı olmalı, bu müddətin azı 12 il 6 ayını Siyahıda göstərilən işlərdə çalışmalıdır. Məhkəmə hesab edir ki, şəxsin hansı vaxtdan pensiya hüququnun təmin edilməsi üçün müraciət edildiyindən asılı olmamalı, yəni onun müraciət etdiyi vaxt deyil, məhz hüququnun yarandığı tarix ona pensiyanın təyin edilməsi üçün nəzərə alınmalıdır. Belə ki, şəxsin pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş qanunvericiliyin tələbləri tətbiq edilməlidir. Yəni əgər iddiaçı pensiya hüququnun yarandığı tarixdə pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsəydi, həmin orqan həmin anda pensiya təminatı ilə bağlı qanunvericiliyin müddəalarını tətbiq etməli və onlara uyğun olaraq iddiaçının pensiyasını hesablamalı idi. Həmin müddətdən sonra qanunvericilikdə hər hansı bir dəyişikliyin baş verməsi iddiaçıya pensiyanın təyin edilməsi qaydasında dəyişikliyə səbəb ola bilməz, çünki yuxarıda istinad edilmiş maddədən də göründüyü kimi, pensiya hüququnun yarandığı tarixdən müraciət edilməsi iddiaçının pensiya təminatını hər hansı bir qaydada çətinləşdirə, əlverişsiz vəziyyətə qoya bilməzdi. Əks yanaşma həm konstitusion normalarda, həm inzibati qanunvericilikdə təsbit olunmuş bərabərlik prinsipininin pozulması kimi də qiymətləndirilə bilər, çünki eyni faktiki və hüquqi əsaslara söykənməklə pensiya ilə təmin olunmuş və vaxtında müraciət etmiş şəxslərlə müqayisədə daha sonra müraciət etmiş şəxslərə münasibətdə fərqli qaydaların tətbiq edilməsi ilə nəticələnə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 12.1. və 12.2 maddələrində qeyd edilir ki, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Sadalanmış maddələrin mənası onunla bağlıdır ki, 60 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı ilə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 06 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi siyahıda qeyd edilən işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajda işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də qanunvericiliyin müddəalarına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər. Məhkəmə iddiaçıya münasibətdə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün birinci şərtlə bağlı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək “şüşəüfürən” vəzifəsində işləməsinə dair arayışın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na uyğun olmadığından həmin dövrü güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iş stajına daxil etməkdən imtina etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan iddiaçının "xxxx" ASCdə xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək şüşəüfürən vəzifəsində işləməsini mübahisələndirməmişdir. Odur ki, məhkəmə iddiaçının "xxxx" ASC-də işlədiyi “şüşəüfürən” vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə olub-olmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mübahisəli dövrlə bağlı arayışın Qaydaya uyğun tərtib edilməməsinə baxmayaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsini xx.xx.2016-cı il tarixli 10/06-İ-04-439 nömrəli arayışdan da görünür ki, iddiaçının "xxxx" ASC-də işlədiyi “şüşəüfürən” vəzifəsinin iş xüsusiyyətləri sonuncunun Azərbaycan Respublikası Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Təchizat İdarəsinin Kirovabad İstehsalat sexi və Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin İstehsalat və Komplekləşdirmə İdarəsinin Kirovabad İstehsalat sexində işlədiyi “şüşə məmulatlarını üfürməklə hazırlayan fəhlə (şüşəçi)” vəzifəsi ilə funksional eynilik təşkil edir və bu səbəbdən də iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməlidir. Məhkəmə əlavə olaraq cavabdehin etirazın qeyd etdiyi “"xxxx" ASC-də xx.xx.1989cu il tarixdən xx.xx.1997-ci il tarixədək şüşəüfürən vəzifəsində işlədiyi illərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilsə belə iddiaçının güzəştli iş stajının 11 il 8 ay 15 gün, yəni qanunla nəzərdə tutulan 12 il 6 aydan az olması” ilə bağlı qeyd edir ki, etirazda xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrün 6 il 7 ay olması qeyd edilsə də, bu düzgün deyil, belə ki, həmin dövr 7 il 7 ay təşkil edir ki, həmin dövrün də güzəştli iş stajı kimi nəzərə alınması iddiaçının güzəştli iş stajı qanunla nəzərdə tutulan tələbi ödəyir. Bununla yanaşı məhkəmə qeyd edir ki, “şüşəüfürən” vəzifəsinin arayışın düzgün tərtib edilməməsi səbəbindən xx.xx.1989-cu il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrün dövrün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməməsi hüququn hamılıqla qəbul edilmiş bərabərlik və ədalətlilik prinsiplərinə ziddir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verilməsi üçün qanunvericiliklə tələb olunan ümumi iş stajı mübahisələndirilməmişdir. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət etmək hüququ verildiyindən hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyi tarixdən, yəni iddiaçının hüququ yarandığı tarxidən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, İddiaçı hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı hüququ yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar