Məhkəmə qərarları › İş №2-1(114)-1131/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1131/2025

13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1131/2025 13.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə qarşı “hərbi xidmətin müəyyən olunması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun xx.xx.N-ci ildən xx.xx.1994-cü ilə kimi hərbi xidmətinin müəyyən olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1971-ci ildə Bərdə rayon, 2-ci Qaradəmirçi kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, 2 il müddətində sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması, erməni qəsibkarlarından torpağların azad olunması üçün N-ci ilin avqustun 16-da Qorxmaz Qarayevin komandirlik etdiyi dəstədə xidmət etməyə başlamışdır. 31 yanvar 1994-cü ildə bədənini qar donu vurduğundan Gəncə şəhər Mərkəzi Xəstəxanasında aylarla müalicə olunmuşdur. O, 1-ci Qarabağ müharibəsində qanlı döyüşlərin iștirakçısı olmuş və layiqincə xidmətini aparmışdır. Həmçinin Bərdə rayon 5-ci taborunun siravi əsgəri kimi qulluq etmişdir. İddiaçı dəfələrlə Müdafiə Nazirliyinə və SHXÇDX Bərdə rayon şöbəsinə müraciət etsə də, həmin orqanlar onun tələblərini rədd etmiş və heçbir köməklik göstərməmişlər. O, hesab edir ki, hərbi xidmət faktının müəyyən olunması məqsədə uyğundur. İşin halları Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2015-ci il tarixli, 9/2-8963 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin avqust N-ci il tarixli və sentyabr 1994-cü il tarixli əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli H/3950 nömrəli məktubuna əsasən İddiaçı döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və ya möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq olunmuş surəti) olduğu təqdirdə ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla bilər. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyinin xx.xx.2022-ci il tarixli 4B- 9787 nömrəli məktubuna əsasən İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2018-ci il tarixli iclasında baxılmış, 531 nömrəli protokol ilə onun barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən “Müharibə veteranı” adı və vəsiqəsi şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata ve istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq tələb olunan sənədlər əsasında aidiyyəti üzrə müvafiq dövlət orqanları nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Gəncə İnzibati Məhkəməsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli sərəncamından görünür ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərlə bağlı xətaların aradan qaldırılması üçün xx.xx.2024-cü il tarixədək vaxt verilmişdir. Gəncə İnzibati Məhkəməsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli sərəncamından görünür ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərlə bağlı xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək vaxt verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Məhkəmənin mövqeyi

Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə qarşı hazırkı iddia tələbi ilə onun xx.xx.N-ci ildən xx.xx.1994-cü ilə kimi hərbi xidmətinin müəyyən olunmasını xahiş edir. İş materiallarında olan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının ərizəsində qeyd etdiyi iddia tələbinə Mülki-Prosessual Məcəllənin 307- 311 maddələrinə əsasən xüsusi icraat şəklində mülki məhkəmə icraatı qaydasında baxılır. Bundan başqa iddia ərizəsində qeyd olunan tələblə cavabdeh orqan tərəfindən verilmiş imtina məktubunlarındakı tələb eynilik təşkil etmir. Belə ki, iddia ərizəsində tələb “xx.xx.N-ci il tarixdən xx.xx.1994-cü il tarixədək hərbi xidmətin müəyyən olunması” qeyd olunmuş, ancaq Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş imtina məktubu “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı olmuşdur. Qeyd edilənlərlə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə sərəncamlar göndərilərək qeyd olunan xətaların aradan qaldırılmasının zəruriliyi qeyd edilmiş, bununla əlaqədar vaxt verilmiş, lakin İddiaçı tərəfindən sərəncamlara əməl edilməmiş, göstərilən xətalar aradan qaldırılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə qarşı “hərbi xidmətin müəyyən olunması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin, iddiaçıya izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinə qarşı “hərbi xidmətin müəyyən olunması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar