Məhkəmə qərarları › İş №2-1(114)-1133/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1133/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1133/2021 02.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi X7 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə, Bərdə regional «ASAN Xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusuna (üçüncü şəxs X4) qarşı Bərdə rayonu Yeni Əyricə kəndi ərazisində yerləşən 0.25 ha pay torpaq sahəsi üçün 18.06.2019-cu il tarixdə verilmiş ********** saylı və 0.20 ha pay torpaq sahəsi üçün 18.06.2019-cu il tarixdə verilmiş ********** saylı çıxarışların və onların əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə, Bərdə regional «ASAN Xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusuna (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə rayonu Yeni Əyricə kəndi ərazisində yerləşən 0.25 ha pay torpaq sahəsi üçün 18.06.2019-cu il tarixdə verilmiş ********** saylı və 0.20 ha pay torpaq sahəsi üçün 18.06.2019-cu il tarixdə verilmiş ********** saylı çıxarışların və onların əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə üçüncü şəxs X4 doğma əmisidir. X1 adına ünvan 1ində 0,45 ha pay torpaq sahəsi olub. Nənəsi 13 iyun 2017-ci il tarixdə vəfat etməmişdən əvvəl 2006-cı ildə vəsiyyətnamə ilə ünvan 1 ünvanında yerləşən torpaq sahəsini və pay torpaq sahəsini kənd icra nümayəndəliyinin və qonşuların iştirakı ilə atası X3 vəsiyyət etmiş, atası isə 31.10.2013-cü il tarixdə vəfat etmişdir. Vəsiyyətnamə ilə ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və pay torpaq sahəsi mərhum atasına verilsədə həmin torpaq sahəsini atası və nənəsi vəfat etməmişdən əvvəldən və hal-hazıra kimi istifadə edir. Məhkəməyə müraciət etməzdən təxminən 1 həftə əvvəl ona məlum olmuşdur ki, əmisi Şaiq Məmmədov onun məlumatı olmadan ünvan 1 ünvanında yerləşən 0.25 ha və 0.20 ha pay torpaq sahələrinə dair 18.06.2019-cu il tarixdə ********** saylı və ********** saylı çıxarışlar almışdır. Vəsiyyətnamədə pay torpaq sahəsinin atasına vəsiyyət edildiyi yazılsada əmisi Şaiq Məmmədov onun xəbəri olmadan «pay» sözünün üzərini qələmlə qaralamış və həmin 0.45 ha pay torpaq sahəsini öz adına saxta yolla sənədləşdirərək qanunsuz yolla çıxarışlar almışdır. Ona görə də ünvan 1 ünvanında yerləşən 0.25 ha və 0.20 ha pay torpaq sahələrinə dair 18.06.2019-cu il tarixdə ********** saylı və ********** saylı çıxarışların etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X12 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək bildirdi ki, sözügedən əmlaklar üzərində qeydiyyat notarius tərəfindən təsdiq olunmuş vərəsəlik şəhadətnaməsi əsasında aparılmışdır. Odur ki, iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan, habelə iş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Bərdə rayon Vəkil Bürosunun vəkili X8 ünvanlanmış 08.02.2021-ci il tarixli **********09 nömrəli məktubdan görünür ki, Bərdə rayonu, Yeni Əyricə kəndi ərazisində yerləşən 0.25 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 18.06.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi və 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 18.06.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində X2 adına qeydiyyata alınmışdır. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarı ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, sözügedən daşınmaz əmlaklar barədə qeydiyyat tərəflərin bildirməsinə görə notarius tərəfindən təsdiq olunmuş vərəsəlik şəhadətnaməsi əsasında aparıldığından tələbə mahiyyəti üzrə inzibati icraat qaydasında baxılması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə q ə r a r a a l d ı : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə, Bərdə regional «ASAN Xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusuna (üçüncü şəxs X4) qarşı Bərdə rayonu Yeni Əyricə kəndi ərazisində yerləşən 0.25 ha pay torpaq sahəsi üçün 18.06.2019-cu il tarixdə verilmiş ********** saylı və 0.20 ha pay torpaq sahəsi üçün 18.06.2019-cu il tarixdə verilmiş ********** saylı çıxarışların və onların əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar