Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1136/2020 09.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsi) qarşı iş illərinin sosial sığorta stajına daxil edilməklə əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci ildən xx.xx.1974-cü ilə kimi və xx.xx.1976-cı ildən xx.xx.1997-ci ilə kimi Şəmkir rayonunda yerləşmiş keçmiş “Klara Setkin” adına sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona əmək pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayonunda yerləşmiş keçmiş “Klara Setkin” adına sovxozun xx.xx.1971-ci il tarixli 1 nömrəli əmrilə sovxozun 3 nömrəli briqadasına fəhlə qəbul edilmiş və xx.xx.1974-cü il tarixli 119 nömrəli əmrilə hərbi xidmətə görə işdən azad olunmuşdur. Daha sonra “Klara Setkin” adına sovxozun xx.xx.1976-cı il tarixli 179 nömrəli əmrilə 2 nömrəli briqadaya fəhlə qəbul edilmiş, sovxozun xx.xx.1996-cı il tarixli 10 nömrəli əmrilə 1995-ci ilin hesabına 21 təqvim günü müddətində növbəti məzuniyyətə buraxılmış, xx.xx.1997-ci il tarixli 17 nömrəli əmrlə 1996-cı ilin hesabına 21 təqvim günü müddətində növbəti məzuniyyətə buraxılmış, lakin işdən azad olunması barədə əmr aşkar edilməmişdir. İddiaçı pensiya almaq üçün DSMF-nin Şəmkir rayon şöbəsinə müraciət etsə də işlədiyi illər əmək kitabçasında qeyd olunmadığından cavabdeh orqan ona pensiya təyin etməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının 1971-1974-cü illər üzrə əmək haqqı alması barədə məlumat olmadığına, həmçinin işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyinə görə həmin illər ona sosial sığorta stajı kimi hesablanmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, **********5 nömrəli bildirişinin surətindən görünür ki, İddiaçı 1971-1997-ci illərdə işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. -Şəmkir rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, k-177 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Şəmkir rayonunda yerləşmiş keçmiş “Klara Setkin” adına sovxozun xx.xx.1971-ci il tarixli 1 nömrəli əmrilə sovxozun 3 nömrəli briqadasına fəhlə qəbul edilmiş, xx.xx.1974-cü il tarixli 119 nömrəli əmrilə hərbi xidmətə görə işdən azad olunmuş, daha sonra həmin sovxozun xx.xx.1976-cı il tarixli 179 nömrəli əmrilə 2 nömrəli briqadaya fəhlə qəbul edilmiş, sovxozun xx.xx.1996-cı il tarixli 10 nömrəli əmrilə 1995-ci ilin hesabına 21 təqvim günü müddətində növbəti məzuniyyətə buraxılmış, xx.xx.1997-ci il tarixli 17 nömrəli əmrlə 1996-cı ilin hesabına 21 təqvim günü müddətində növbəti məzuniyyətə buraxılmış, lakin işdən azad olunması barədə əmr aşkar edilməmişdir. -Şəmkir rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, k-177 nömrəli arxiv arayışından görünür ki, İddiaçı “Klara Setkin” adına sovxozda işlədiyi 1977-1996-cı illərdə müvafiq aylar üzrə əmək almışdır. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəmkir rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, k-177 nömrəli arxiv arayışına əsasən İddiaçı hərbi xidmət illəri də daxil edilməklə xx.xx.1971-ci il tarixdən xx.xx.1997-ci il tarixədək cəmi 26 il 02 gün sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində 19266,97 manat pensiya kapitalı olmasına baxmayaraq işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığı üçün cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; - 3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. - 21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1. maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2. maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda əmək pensiyasının təyin edilməsi üçün əsas hesab olunur. Təqdim edilmiş arxiv arayışından görünür ki iddiaçı həqiqətən xx.xx.1971-ci ildən xx.xx.1974-cü ilə kimi və xx.xx.1976-cı ildən xx.xx.1997-ci ilə kimi Şəmkir rayonunda yerləşmiş keçmiş “Klara Setkin” adına sovxozda müvafiq aylar üzrə işləmiş və əmək haqqı almışdır. Qeyd olunan dövrlər üzrə iddiaçının ümumilikdə 24 il 01 ay 7 gün sığorta stajı yaranır. Məhkəmə qeyd olunan arxiv arayışını mötəbər sübut kimi qəbul edir. Bundan başqa iddiaçıya məxsus hərbi biletə əsasən onun 2 il sığorta stajı yaranmışdır ki, bu işin mübahisəsiz halıdır. İddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur ki, hazırki halda arxiv arayışında öz təsdiqini tapmış sığorta stajı və hərbi xidmət dövrü də nəzərə alındıqda onun ümumilikdə 26 il 1 ay 7 gün (24 il 1 ay 7 gün + 2 il) sığorta stajı yaranmış olur. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəmkir rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, k-177 nömrəli arxiv arayışına əsasən İddiaçı xx.xx.1971-ci ildən xx.xx.1974-cü ilədək və xx.xx.1976-cı ildən xx.xx.1997ci ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1136/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1136/2020
09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver