Məhkəmə qərarları › İş №2-1(114)-1136/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1136/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1136/2021 17.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun Ağstafa rayon şöbəsinə qarşı Ağstafa rayon 8 saylı sənaye kombinatında işlədiyi 1980-2000-ci illərin əmək stajina daxil edilməsi barədə ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada baxaraq Müəyyən etdi: X2 04.05.2021-ci il tarixli ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Ağstafa rayon 8 saylı sənaye kombinatında işlədiyi 1980-2000-ci illərin əmək stajina daxil edilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13 və 46-cı maddələrinin tələblərinə əsasən 07 may 2021-ci il tarixli sərəncamı ilə iddiaçıya izah etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 27-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları iddiaçı, cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərdir. Həmin maddədə ərizəçi və maraqlı şəxsin prosessual statusu müəyyən edilməmişdir. Ona görə də iddiaçıya iddia qaldıran şəxsin iddiaçı, iddiaya qarşı cavab verməli tərəfin isə cavabdeh qismində göstərilməklə yeni iddia ərizəsi təqdim olunması təklif olunmuşdur. Həmin sərəncamda həmçinin, iddia ərizəsinin məzmunundan əsas tələbin iş illərinin sosial sığorta stajına daxil edilməsi olsa da, hüquqi marağın yaşa görə pensiya təyin olunması olduğu üçün iddiaçıya “iş illərinin sosial sığorta stajina daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi ilə bağlı iddia ərizəsi tərtib edilməsi izah edilməklə qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün 30 gün müddət təyin edilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə müvafiq olaraq iddianın mümkün sayılmaması, həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən iddianın geri götürülmüş sayıla biləcəyi barədə xəbərdarlıq edilmişdir. Təyin edilmiş müddətdə iddiaçı ərizəsini qanunvericiliyin tələbinə uyğunlaşdırmadığından məhkəmənin eyni məzmunlu 31.05.2021-ci il tarixli məktubu ilə iddiaçıya təkrar xəbərdarlıqlar edilməsinə baxmayaraq, iddiaçı göstərilən nöqsanları aradan qaldırmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə icraatından yayındığına görə iddia geri götürülmüş sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Həmin maddənin 5-ci bəndinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondun Ağstafa rayon şöbəsinə qarşı Ağstafa rayon 8 saylı sənaye kombinatında işlədiyi 1980-2000-ci illərin əmək stajina daxil edilməsi tələbinə dair iddiası geri götürülümş hesab edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar