Məhkəmə qərarları › İş №2-1(114)-1139/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1139/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1139/2024 23.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-18575/2023 nömrəli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və ona xx.xx.2023-cü il tarixdən müvafiq əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.2001-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, hazırda Gəncə şəhəri, Kəpəz rayonu, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək AR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Saatlı RMX PHŞ-nin Cərrahiyə şöbəsində “Kontuziya. Kəskin stress pozğunluğu” diaqnozu ilə stasionar müalicə almışdır. Həmin diaqnoz əsasında iddiaçıya N nömrəli hərbi hissə tərəfindən travma haqqında arayış da verilmişdir. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 dekabr tarixli 2362 nömrəli sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli, 842 nömrəli rəyinə əsasən iddiaçıya “Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə F62.0 diaqnozu qoyulmuşdur. İddiaçı “Respublika Psixiatriya Xəstəxanası”nda “Posttravmatik stress pozuntusu. Orta dərəcəli depressiv epozid” diaqnozu ilə xx.xx.2022-xx.xx.2022, xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə, “Fəlakət (müharibə) keçirtdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə diaqnozu ilə xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək stasionar müayinə və müalicədə olmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən iddiaçı xx.xx.2023-cü il tarixdə şəhadətləndirilmiş və Komissiyanın qərarı ilə “orta (mülayim) dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla və özünə xəsarət hərəkətləri ilə. Partlayış travması (xx.xx.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020). Sol təbil pərdəsinin posttravmatik ikincili bərpası. Sol saidin iç səthinin çoxsaylı paralel kəsiklərindən sonrakı dəri çapıqları” diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbli əlaqəsi təsdiq olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Gəncə Psixiatrik xəstəxanasında stasionar müalicədə olmuş, bu zaman ona F62.0-Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi əsas xəstəlik; F33.3-Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod və S06.0-Baş beynin silkələnməsi yanaşı xəstəlik kimi diaqnoz qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə keçirilən qiymətləndirmə zamanı “Partlayış travması (xx.xx.2020), Keçirilmiş kəllə-beyin travması, baş beynin silkələnməsi. Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə” diaqnozu əsasında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuş, imtinanın səbəbi diaqnozun öz təsdiqini tapmaması olmuş və diaqnozun təsdiqlənməməsi barədə xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-18575/2023 nömrəli qərar qəbul edilmişdir. İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinə qarşı əvvəl iddia ərizəsi, daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3- 18575/2023 nömrəli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və ona xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin olunması vəzifəsinin cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını təqdim etsə də, yalnız iddiaçının müayinə nəticələrini qeyd etmiş və müvafiq normaları sadalamışdır. Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı hərbi xidmətdə olan zaman xx.xx.2020-ci il tarixdə hərbi travma almış, müxtəlif tarixlərdə xx.xx.2020-xx.xx.2020-ci; xx.xx.2022-xx.xx.2022-ci, xx.xx.2022-xx.xx.2022-ci, xx.xx.2023-xx.xx.2023-cü; xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə stasionar müayinə və müalicədə olmuşdur. İddiaçıya F62.0- Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi əsas xəstəlik; F33.3-Qayıdan depressiv pozğunluq, psixotik əlamətlərlə müşahidə olunan ağır dərəcəli növbəti epizod və S06.0-Baş beynin silkələnməsi yanaşı xəstəlik kimi diaqnoz qoyulmuşdur. İddiaçının diaqnozu əsasında xx.xx.2023-cü il tarixdə müvafiq əlillik dərəcəsinin təyin olunması üçün göndəriş cavabdeh quruma təqdim edilsə də, cavabdeh xx.xx.2023-cü il qiymətləndirmə zamanı diaqnoz əsasında iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina etmiş və bu barədə xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-18575/2023 nömrəli qərar qəbul etmişdir. İddiaçıya əlilliyin imtina səbəbi diaqnozun öz təsdiqini tapmaması qeyd edilsə də, həmin hal aydın şəkildə ifadə olunmamış, diaqnozun səhv qoyulub-qoyulmaması, səhv qoyulmuşdursa iddiaçının diaqnozunun nədən ibarət olması, ümumiyyətlə həmin diaqnozun əlilliyin təyini üçün əsas olub-olmaması barədə məlumat göstərilməmişdir. Məhkəməyə təqdim edilmiş icraat materiallarında həmin faktları müəyyən etmək mümkün olmamışdır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh qurum tərəfindən iddiaçı əyani müayinəyə dəvət olunarkən onun adına verilmiş göndərişlərdəki əsas diaqnoz xəstəliyinin olub-olmamasının müəyyən edilməsi məqsədilə müvafiq instrumental həkim müayinələri aparılmamış, tibbi texniki avadanlıqların köməyilə baxışdan keçirilməsi ilə bağlı müvafiq sənədlər tərtib olunmamışdır. Bununla da cavabdeh qurum tərəfindən iddiaçıya tələb etdiyi əlilliyin təyin olunmasından müvafiq araşdırmalar aparılmadan formal imtina etmiş, nəticədə də öz səlahiyyətlərindən irəli gələn vəzifələrini lazımi qaydada icra etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Digər tərəfdən, iddiaçıya qoyulmuş “Partlayış travması (xx.xx.2020), Keçirilmiş kəlləbeyin travması, baş beynin silkələnməsi. Fəlakət (müharibə) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi depressiv daxilolmalar və özünə xəsarət hərəkətləri ilə” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli 2022-ci il 13 may tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “7.7.1. fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” sırasında öz əksini tapmışdır. Həmin xəstəliklərə görə orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə əlillik təyin olunması nəzərdə tutulmuşdur. Oxşar işlər üzrə formalaşmış Azərbaycan Respublikasının Ali Məhkəməsinin mövqeyinə istinad edilməlidir. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməli, əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina etməsi qanunsuz və əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçıya müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən orqanizmin funksiyasının 35-60 faiz pozuntusuna görə 2 il müddətinə əlillik təyin olunması öhdəliyi cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar