Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-114/2022 07.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə 18.08.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 25.05.2021-ci il tarixli **********147061 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 14 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 22.02.2021-ci il tarixli **********144766 nömrəli qərarına əsasən onun sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.01.2018-ci il tarixdən 01.01.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 16.04.2021-ci il tarixli **********145143 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsində göstərilir ki, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Lakin vergi orqanı 30 günü 30 iş günü kimi nəzərdə tutmuş, kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş müddəti səyyar vergi yoxlamasının keçirilməsi üçün tətbiq etmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Ağstafa Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə iddiaçıya icarəyə verilmiş Ceyrançöl qışlağında 205 ha örüş sahəsidə heyvandarlıq kompleksi, heyvanların bəslənməsi üçün fermalar, otlaq sahəsi, suvarma sistemi və çobanların yaşaması üçün tikililər mövcuddur. Səyyar vergi yoxlaması zamanı qeyd olunan əraziyə baxış keçirilməmişdir. Diri çəkisi 35-80 kq olan heyvanların kəsim və ya bəslənmədən satılması faydalı deyildir, yoxlanılan dövrdə 8440 baş belə heyvan idxal olunub ki, bunların da 90%-i dişi və ya boğaz heyvandır, yəni boğaz heyvanların balaları bəslənilərək böyüdüldükdən sonra satılır. Səyyar vergi yoxlamasına malların satışı ilə bağlı bütün sənədlər təqdim edilmişdir, lakin vergi orqanı əsassız olaraq, guya ki, gəliri birbaşa müəyyən etmək mümkün olmadığından xərclərə əsasən Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq edərək, 20% şərti rentabellik norması ilə gəlir vergisi hesablamışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı kimi qanunamüvafıq qaydada mühasibat uçotu aparılmış, səyyar vergi yoxlamasına kənd təsərrüfatı məhsullarının istehsalçısı kimi bütün sənədlər təqdim edilmişdir. Səyyar vergi yoxlaması aktı rəsmiləşdirilərkən iddiaçı vergi yoxlaması aktı ilə razılaşmamışdır və vergi orqanına aktı imzalamamağın səbəblərini izah etmişdir. İlkin sənədlər iddiaçı tərəfindən vergi orqanına təqdim edilməsinə baxmayaraq, yoxlamanın materiallarına müəssisənin və ya nümayəndənin iştirakı olmadan baxılmışdır ki, bu hal da vergi orqanın qərəzli mövqe tutduğunu bir daha sübut edir. Həmçinin, səyyar vergi yoxlaması zamanı nə ekspertiza keçirilmiş, nə də ki, mütəxəssis dəvət edilmişdir, bu hal da vergi orqanının qərəzli mövqe nümayiş etdirməsini sübut edir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı hesab edir ki, həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iribuynuzlu heyvanları xarici ölkədən idxal edir, onları bəsləyir, çoxaldır sonra satışa çıxarır. Bundan əlavə xırda buynuzlu heyvanların da saxlanılması və satışı il məşğul olmuşdur. İddiaçının vəkilləri X5 və X1 iddianı müdafiə etmişlər. Cavabdehin nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İdarənin 22 fevral 2021-ci il tarixli qərarı ilə İddiaçı fəaliyyəti üzrə 01 yanvar 2018-ci il tarixdən 01 yanvar 2021-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Vergi yoxlaması vergi ödəyicisi tərəfindən təqdim olunmuş yük gömrük bəyannamələri vergi ödəyicisinin vergi orqanının məlumat bazasında olan elektron qaimə-fakturalar barədə məlumatlar və idxal-ixrac əməliyyatları barədə məlumatlar əsasında aparılmışdır. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə təqdim edilməsinə baxmayaraq iddiaçı tərəfindən yoxlama ilə əhatə olunan dövrdə malların hərəkətinə dair məlumat cədvəlləri, malların təqdim edilməsinə dair müqavilələr və satış sənədləri yoxlamaya təqdim edilməmiş və iddiaçı tərəfindən yoxlama ilə əhatə olunan dövrdə malların hərəkətinə dair məlumat cədvəllərinin, malların təqdim edilməsinə dair müqavilələrin və satış sənədlərinin təqdim edilməməsinə görə izahat verilmişdir. Bununla bağlı 16 mart 2021-ci il tarixdə imtina aktı tərtib edilmiş, akt vergi ödəyicisi tərəfindən imzalanmış və aktın bir nüsxəsi vergi ödəyicisi tərəfindən götürülmüşdür. Səyyar vergi yoxlamasına malların satışı ilə bağlı sənədlər təqdim edilmədiyi üçün gəliri birbaşa müəyyən etmək mümkün olmamışdır, bu səbəbdən vergi ödəyicisinin xərclərinə əsasən (idxala görə - il ərzində idxal edilmiş malların invoys dəyəri əsasında) Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbləri tətbiq edilməklə 20% şərti rentabellik norması ilə gəlir vergisi hesablanmışdır. Beləliklə səyyar vergi yoxlaması zamanı 2018-ci il üzrə müəyyən edilmiş 1292172,95 manat gəlir məbləğinə 20,0 % vergi dərəcəsi ilə 258434,59 manat (1292172,95 x 20,0 % = 258434,59) gəlir vergisi hesablanmış və nəticədə fərdi sahibkar tərəfindən 2018-ci il üçün təqdim edilmiş gəlir vergisinin bəyannaməsində 256434,46 manat (258434,59 - 2000,13 = 256434,46) büdcəyə çatacaq gəlir vergisinin azaldıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2019-cu il üzrə müəyyən edilmiş 931041,71 manat gəlir məbləğinə 20,0 % vergi dərəcəsi ilə 186208,34 manat (931041,71 x 20,0 % = 186208,34) gəlir vergisi hesablandı və nəticədə fərdi sahibkar tərəfindən 2019-cu il üçün təqdim edilmiş gəlir vergisinin bəyannaməsində 183230,12 manat (186208,34 - 2978,22 = 183230,12) büdcəyə çatacaq gəlir vergisinin azaldıldığı müəyyən edilmişdir. Həmçinin, səyyar vergi yoxlaması zamanı 2020-ci il üzrə müəyyən edilmiş 655683,43 manat gəlir məbləğinə 20,0 % vergi dərəcəsi ilə 131136,69 manat (655683,43 x 20,0 % = 131136,69) gəlir vergisi hesablandı və nəticədə fərdi sahibkar tərəfindən 2020-ci il üçün təqdim edilmiş gəlir vergisinin bəyannaməsində 129550,24 manat (131136,69 - 1586,45 = 129550,24) büdcəyə çatacaq gəlir vergisinin azaldıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı fərdi sahibkar tərəfindən yoxlama ilə əhatə olunan dövrün müvafiq ayları üzrə təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrinin düzgünlüyünü yoxlayarkən fərdi sahibkar tərəfindən təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrində əvəzləşdirilən dövriyyənin 2018-ci ilin yanvar ayı üzrə 89729,17 manat və iyun ayı üzrə 173005,72 manat artıq göstərilməsi nəticəsində 2018-ci ilin yanvar ayı üzrə 16151,25 manat və iyun ayı üzrə 31141,03 manat, cəmi 47292,28 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin azaldıldığı və əvəzləşdirilən dövriyyənin 2018-ci ilin mart ayı üzrə 200,06 manat və 2019-cu ilin sentyabr ayı üzrə 11566,78 manat az göstərilməsi nəticəsində 2018-ci ilin mart ayı üzrə 36,01 manat və 2019-cu ilin sentyabr ayı üzrə 2082,02 manat, cəmi 2118,03 manat büdcəyə çatacaq əlavə dəyər vergisinin artıq hesablandığı müəyyən edilmişdir. Kənarlaşmaya səbəb vergi ödəyicisi tərəfindən təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrinin əlavəsinin 1-ci bölməsinin 310-cu sətrində idxal edilmiş malların dəyərinin 2018-ci ilin yanvar ayında 89729,17 manat və iyun ayında 173005,72 manat artıq göstərilməsi nəticəsində əvəzləşdirilmiş əlavə dəyər vergisi məbləği artıq göstərilmiş və nəticədə 2018-ci ilin yanvar ayı üzrə 16151,25 manat və iyun ayı üzrə 31141,03 manat, cəmi 47292,28 manat büdcəyə çatacaq əlavə dəyər vergisi azaldılması və vergi ödəyicisi tərəfindən təqdim edilmiş əlavə dəyər vergisinin bəyannamələrinin əlavəsinin 1-ci bölməsinin 310-cu sətrində idxal edilmiş malların dəyərinin 2018-ci ilin mart ayında 200,06 manat və 2019-cu ilin sentyabr ayında 11566,78 manat az göstərilməsi nəticəsində əvəzləşdirilmiş əlavə dəyər vergisi məbləği az göstərilmiş və nəticədə 2018-ci ilin mart ayı üzrə 36,01 manat və 2019-cu ilin sentyabr ayı üzrə 2082,02 manat, cəmi 2118,03 manat büdcəyə çatacaq əlavə dəyər vergisi artıq hesablanması olmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin 22.02.2021-ci il tarixli **********144766 nömrəli qərarından görünür ki, yanvar 2018- dekabr 2020-ci il vergi dövrləri üzrə İddiaçı barəsində 30 iş günü müddətində növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. -surəti işə əlavə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin 23.02.2021-ci il tarixli **********03144877 nömrəli tələbnaməsindən görünür ki, səyyar vergi yoxlaması keçirilərkən İddiaçı 15 iş günü ərzində müvafiq sənədləri təqdim etməsi tələb olunmuşdur. -surəti işə əlavə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin 16.04.2021-ci il tarixli **********145143 nömrəli aktından görünür ki, səyyar vergi yoxlaması zamanı İddiaçı tərəfindən vergilərin azaldılması və əlavə dəyər vergisinin artıq hesablanması nəticəsində ümumilikdə 614389,07 manat vergilərin azaldılması müəyyən edilmişdir. -surəti işə əlavə edilmiş 25.05.2021-ci il tarixli **********147061 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərardan görünür ki, İddiaçı 2018-2019-cu illər üzrə cəmi 616507.1 manat ƏDV və gəlir vergisi hesablanmış, həmin məbləğə görə isə 308293.55 manat maliyyə sanksiyası tətbiq edilmişdir. -işə əlavə edilmiş Ağstafa Rayon İcra Hakimiyyəti başçısının qıraq Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 20.05.2021-ci il tarixli arayışda İddiaçı iri və xırda buynuzlu heyvanları yetişdirib satması, 60 ha biçənək, 25 ha arpa, 4.5 ha yonca əkin sahəsi olduğu, hal-hazırda təsərrüfatında 1327 baş iribuynuzlu, 530 baş xırda buynuzlu heyvanları olması bildirilir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş 14.05.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli «Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış»dan görünür ki, İddiaçı qoyun və keçilərin yetişdirilməsi üzrə ilkin istehsalçı kimi qeydiyyatdan keçmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından qismən əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 14 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 22.02.2021-ci il tarixli qərarına əsasən onun sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 01.01.2018-ci il tarixdən 01.01.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 16.04.2021-ci il tarixli **********145143 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, eyni zamanda həmin yoxlamanın nəticələrinə əsasən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25.05.2021-ci il tarixli **********147061 nömrəli qərara əsasən iddiaçıya vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş vergi borcu, maliyyə sanksiyaları üzrə və sığorta haqlarını vaxtında ödənilməməsinə görə ümumilikdə 922682.62 manat məbləğində vergi borcu hesablanmışdır. İddiaçı hazırki iddia tələbi ilə qeyd olunan qərarı mübahisələndirir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş 25.05.2021-ci il tarixli **********147061 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Qeyd edilməlidir ki, mövcud vergi qanunvericiliyinin tələblərinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Bunun üçün Azərbaycan Respublikası Vergi Məcəllənin 67.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -67.1-ci maddəsinə əsasən Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. -67.2-ci maddəsinə əsasən Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Qeyd olunan normaların məzmunundan aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və.s) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə rəsmi məlumatlardan və.s) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 67.14-cü maddəsinin tələbinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələbinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır, yəni yalnız bu halda yoxlanılan dövr üçün mənfəətin (gəlirin) hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən hesablama tətbiq edilə bilir. Nəticə etibarı ilə 55 nömrəli qərarın tətbiqi üçün Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan hallar olmalıdır ki, bundan sonra Vergi Məcəlləsinin 67.1-ci maddəsinin digər alt maddələrində nəzərdə tutulan situasiyalar üçün gəlirlər və ya xərclər müəyyənləşdirilsin və yalnız bundan sonra həmin gəlirlər və ya xərclər üçün Vergi Məcəlləsinin 83.9-cü maddəsi tətbiq olunsun. İddiaçının xarici ölkədən iribuynuzlu heyvanları idxal etməsi və satması işin mübahisəsiz halıdır. Bununla yanaşı işdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı təsərrüfatında xırdabuynuzlu heyvanlar da yetişdirir və satışını həyata keçirir. X2 tərəfindən verilmiş sənəddən də görünür ki, iddiaçı xırdabuynuzlu heyvanların ilkin istehsalı ilə məşğul olur. Bu hal onu deməyə əsas verir ki, vergi orqanı vergi ödəyicisinin Vergi Məcəlləsinin 106-cı maddəsində nəzərdə tutulmuş vergidən azad edilməli olan fəaliyyətini nəzərə almamışdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən idxal edilmiş heyvanların sayı və çəkisi bəlli olduğu halda vergi orqanı Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən mütəxəssis dəvət etməklə həmin heyvanların satış dəyərini müəyyən edə və iddiaçının gəlirlərini hesablaya bilmək imkanı olduğu halda bunu etməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli qərarına istinad etmişdir. Bundan başqa iddiaçı məhkəmə iclasında vergi orqanı tərəfindən onun təsərrüfatına baxış keçirilmədiyini bildirmişdir. İşə əlavə edilmiş 16.04.2021-ci il tarixli Aktın 1-9.3-cü bəndində də vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilmədiyi qeyd edilmişdir. Eyni zamanda, Aktın 1.9.2-ci bəndində vergi ödəyicisinə məxsus obyektdə invertarizasiya aparıldığı və mal qalığının müəyyən edildiyi qeyd edilmişdir ki, bu hallar vergi yoxlanmasının öz-özlüyündə ziddiyyətli olduğunu deməyə və bu ziddiyyətin iddiaçının xeyrinə şərh edilməli olduğunu deməyə əsas verir. Azərbaycan Respublikası Vergi Məcəllənin:- -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -54.0.1-ci maddəsinə əsasən, vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən 25.05.2021-ci il tarixli **********147061 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 25.05.2021-ci il tarixli **********147061 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-114/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-114/2022
07.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver