Məhkəmə qərarları › İş №2-1(114)-1140/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1140/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1140/2025 20.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun Gəncə Karlar Cəmiyyətində fəhlə kimi xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər işlədiyi dövrün əmək stajına hesablanmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Karlar Cəmiyyətində fəhlə kimi işlədiyi 18 noyabr 1998-ci il tarixdən 15 dekabr 2005-ci il tarixədək olan dövrün onun sığorta stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixindən ona yaşa görə pensiya təyin olunmuşdur. Pensiya təyin olunarkən 18 noyabr 1998-ci il tarixdən 15 dekabr 2005-ci il tarixədək olan işlədiyi dövrün onun sığorta stajına hesablanmasından imtina edilmişdir. İmtinanın səbəbi kimi isə əmək kitabçasındakı yazılarda olan hərflərin kiril və latın qrafikası ilə yazılması göstərilmişdir. Belə olan təqdirdə onun yaşa görə pensiyasının hesablanması düzgün aparılmamışdır. Onun əmək kitabçasında olan hərf fərqlərinin olması pensiya hüququndan məhrum olunmasına əsas ola bilməz. İddiaçı hesab edir ki, onun pensiya hüququ bərpa olunmalı 18 noyabr 1998-ci il tarixdən 15 dekabr 2005-ci il tarixədək olan işlədiyi dövr sığorta stajına hesablanmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1140/2025 nömrəli qərardadı ilə iddia tələbi “onun Gəncə Karlar Cəmiyyətində fəhlə kimi xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər işlədiyi dövrün əmək stajına hesablanmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, iddia tələbi üzrə iş materiallarından aydın olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət etmiş, iddiaçının müraciəti araşdırıldıqdan sonra İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bundan sonra iddiaçı Mərkəzi Filiala qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sığorta stajının qanuni sənədlər, əmək kitabçası əsasında təsdiq edildiyini və həmin sənədlərin mötəbərliyinin mübahisəsiz olduğunu iddia edir. Cavabdeh orqan hesab edir ki, iş üzrə iddia qanunauyğun olmuşdur. İddiaçının təqdim etdiyi ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş dövrlər və hərbi xidmət dövrləri daxil edilməklə mübahisələndirilməyən sığorta stajı ümumilikdə, 19 il 3 ay 2 gün təşkil edir və qanunvericiliyin minumum 25 il sosial sığora stajı tələbi ödənilmir. İddiaçının ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yarandığından sığorta stajına daxilməsi mümkünsüz olmuşdur. Belə ki, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zamanı aşağıdakılar müəyyən edilmişdir: 1. İddiaçı məxsus əmək kitabçasının surətinin 10-11-ci səhifələrində onun işə qəbul edilməsi barədə xx.xx.1998-ci il tarixli və işdən azad edilməsi barədə xx.xx.2005-ci il tarixli qeyd kiril qrafikalı əlifbadan istifadə edilməklə doldurulmuşdur. 2. Həmin səhifədə "X7 Evi" kimi göstərilmiş müəssisənin adı, iddiaçının işə qəbul və işdən azad edilməsi barədə qeydlər kiril və latın qrafikalı əlifbadan qarışıq şəkildə istifadə edilməklə yazılmışdır. Yəni, "məдəниййə, гəбул, əтр, вəзифəсипдəн" kimi qeyd edilmişdir. 3. Həmçinin, sözügedən səhifədə iddiaçının "X7 Evi"də işdən azad edilməsinə dair müvafiq qeydin təsdiq edilməsi üçün vurulmuş möhürün "X9"nə məxsus olduğu müəyyən olunmuşdur. Bununla da, cavabdeh orqan bu uyğunsuzluğun iddiaçının işlədiyi müəssisənin adının dəqiqləşdirilməsində çətinlik yaratdığını hesab edir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları"nın 3-cü maddəsinə uyğun olaraq xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət edilmədiyindən və mötəbərliyinə şübhə yaradan yetərli əsaslar olduğundan 7 il 27 gün mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində proaktiv qaydada yaşa görə sosial müavinət təyin edilmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixdək “Gəncə Karlar Cəmiyyəti”ndə işləmişdir. xx.xx.1978-ci il tarixli НЗ ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən 15 may 1980-ci il tarixədək hərbi xidmət keçmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubdan görünür ki, təqdim edilən sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarında olan məlumatlara əsasən ümumi sığorta stajı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla 19 il 3 ay 2 gün təşkil edir. Eyni zamanda xx.xx.2006cı il tarixinədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il 6 ay 2 gün sığorta staj uyğun olaraq 17639,43 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 608,18 manat olmaqla, ümumilikdə 18247,61 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Nazirliyin elektron informasiya ehtiyatlarında xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (qeydlərdə kiril və latın əlifbalarından qarışıq istifadə edilmişdir) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Sözügedən dövr üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) yaşayış yeri üzrə Fondun müvafiq qurumuna təqdim etməklə təkrar müraciəti əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Azərbaycan Karlar Cəmiyyəti” 1929-cu ildən fəaliyyət göstərir. “Azərbaycan Karlar Cəmiyyəti” İctimai Birliyinə xx.xx.2021-ci il tarixli № 05/681/3-14 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X1 Reyestrindən Çıxarışı təqdim olunmuşdur. “Gəncə Karlar Cəmiyyəti” İctimai Birliyində xx.xx.1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə kimi işləyib-işləməməsinə dair məlumatı mövcud deyil. Buna səbəb Azərbaycan Karlar Cəmiyyətinin arxivinin xx.xx.2021-ci ilə kimi qorunub saxlanmamasıdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Gəncə Karlar Cəmiyyəti” İctimai Birliyinin arxiv sənədləri Dövlət arxivinin Gəncə Filialına təhvil verilməmişdir. Bu səbəbdən sorğunun müsbət cavablandırılması mümkün deyil. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 5.2. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir:

Kişilərin yaş Qadınların yaş Dövr həddi həddi 1 iyul 2017 - 30 iyun 2018 63 il 6 ay 60 il 6 ay 1 iyul 2018 - 30 iyun 2019 64 il 61 il 1 iyul 2019 - 30 iyun 2020 64 il 6 ay 61 il 6 ay 1 iyul 2020 - 30 iyun 2021 65 il 62 il 1 iyul 2021 - 30 iyun 2022 65 il 62 il 6 ay 1 iyul 2022 - 30 iyun 2023 65 il 63 il 1 iyul 2023 - 30 iyun 2024 65 il 63 il 6 ay 1 iyul 2024 - 30 iyun 2025 65 il 64 il 1 iyul 2025 - 30 iyun 2026 65 il 64 il 6 ay 1 iyul 2026-cı il və sonrakı 65 il 65 il Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanunu (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuşdur) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 sentyabr tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüşdür)

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaları

1. Ümumi müddəalar 1.1. Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

3. Əmək kitabçasının doldurulması 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı onun Gəncə Karlar Cəmiyyətində fəhlə kimi xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsidir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2-ci bəndində görə, 1 iyul 2023 - 30 iyun 2024-cü illər arasındakı dövr üzrə kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş 65 ildir. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla xx.xx.2024-cü il tarixdə yaşı 65 olmuşdur. Cavabdeh tərəfindən iddiaçının 19 il 3 ay 2 gün sığorta stajı qəbul edilir, lakin xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər Gəncə Karlar Cəmiyyətində fəhlə kimi işlədiyi dövr mübahisələndirilir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasının mötəbərliyinə şübhələrin olmasını qeyd edərək həmin dövrü qəbul etmir. Belə ki, iddiaçının əmək kitabçasında onun işə qəbul edilməsi barədə xx.xx.1998-ci il tarixli və işdən azad edilməsi barədə xx.xx.2005-ci il tarixli qeyd kiril qrafikalı əlifbadan istifadə edilməklə doldurulmuş, "X7 Evi" kimi göstərilmiş müəssisənin adı, iddiaçının işə qəbul və işdən azad edilməsi barədə qeydlər kiril və latın qrafikalı əlifbadan qarışıq şəkildə istifadə edilməklə yazılmış, "X7 Evi"də işdən azad edilməsinə dair müvafiq qeydin təsdiq edilməsi üçün vurulmuş möhürün "X9"nə məxsus olduğu müəyyən olunmuşdur. Məhkəmə əvvəla qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər Gəncə Karlar Cəmiyyətində fəhlə kimi işlədiyi dövr mübahisələndirildiyindən həmin dövr məhkəmə tərəfindən araşdırılmış, Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyi tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubda Azərbaycan Karlar Cəmiyyətinin arxivinin xx.xx.2021-ci ilə kimi qorunub saxlanmadığı qeyd edilmiş, həmçinin Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən məhkəməyə ünvanlanmış məktubda “Gəncə Karlar Cəmiyyəti” İctimai Birliyinin arxiv sənədlərinin Dövlət arxivinin Gəncə Filialına təhvil verilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin tələblərinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 3.1-ci bəndində görə, əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. Məhkəmə cavabdehin mübahisələndirdiyi dövr üzrə əsasları ilə bağlı qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən əmək kitabçasının doldurulması Azərbaycan Respublikasının dövlət dilində aparılır. İddiaçıya məxsus əmək kitabçasında onun “Gəncə Karlar Cəmiyyəti”ndə işə qəbul və işdən azad olması və müəssisəsinin adı barədə qeydlərin kiril və latın qrafikalı əlifba ilə qarışıq şəklində yazılması həmin qeydlərin Azərbaycan Respublikasının dövlət dilində aparılmaması kimi qiymətləndirilməməlidir. Belə ki, həmin dövr üzrə göstərilən qeydlərin Azərbaycan Respublikasının dövlət dilində, lakin kiril və latın qrafikalı əlifba ilə qarışıq şəklində yazılmasının texniki səhv olması ehtimal edilməli, bu hal isə iddiaçının sosial təminat hüququnun pozulmasına gətirib çıxarmamalıdır. Bundan başqa, məhkəmə cavabdehin əmək kitabçasında göstərilən qeydlərin təsdiq edildiyi möhürün "X9"nə məxsus olması əsası ilə də razılışmır. Belə ki, möhürə diqqətlə baxış keçirildiyi zaman həmin möhürün Azərbaycan Karlar Cəmiyyətinə məxsusluğu müəyyən olunur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Gəncə Karlar Cəmiyyəti” İctimai Birliyində xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər işlədiyi dövr əmək stajına daxil edilməklə ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı “Gəncə Karlar Cəmiyyəti” İctimai Birliyində xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixə qədər işlədiyi dövr əmək stajına daxil edilməklə ona hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar