Məhkəmə qərarları › İş №2-1(114)-1142/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1142/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1142/2025 19.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialı tərəfindən qəbul edilmiş tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərara əsas olmuş 19976.07 manat məbləğində artıq alınmış vəsaitin ödənilməsinə dair qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialı tərəfindən tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəsinə dair məlumatlarına əsasən, onun əlilliyi İİ dərəcə əlillik kimi qiymətləndirilmiş, lakin xx.xx.2020-ci il tarixdən əlillik etibarsız hesab edildiyi üçün nəticədə 19976.07 manat məbləğində artıq alınmış vəsait yaranmışdır. İddiaçı qeyd olunan qərarı, yəni inzibati aktı, qeyri obyektiv və qanunsuz hesab edir. Belə ki, o, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yoxlanışından keçərək müvafiq olaraq xx.xx.2017-ci il tarixdən əlillik dərəcəsi almışdır. Həmin dərəcə əsasında da Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialı tərəfindən ona müvafiq olaraq əlillik üzrə təqaüd təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən məktub ünvanlanmışdır ki, 10 gün ərzində yenidən müayinəyə gəlməlidir, əks halda pensiya ödənişinin dayandırılması məsələsinə baxılacaqdır. O, da daha sonra bununla bağlı yenidən tibbi müayinədən keçmiş və ona xx.xx.2020-ci il tarixədək təqaüd ödənilməsi davam etdirilmişdir. Lakin, bundan sonra Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona heç bir rəsmi qərar göndərilmədən, qabaqcadan xəbərdar edilmədən təyin olunmuş təqaüd əlilliyin etibarsız hesab edilməsi əsası ilə dayandırılmışdır. Ona əlilliyə görə təyin edilmiş təqaüd müvafiq komissiyanın qərarı ilə rəsmi sənədlərin yoxlanılmasına əsasən, araşdırılaraq təyin edilmiş, lakin sonradan heç bir əsas gətirilmədən təqaüd dayandırılmış və əlillik dərəcəsi ləğv edilmişdir. Əlilliyin ləğv edilməsinə dair heç bir əsaslı qərar indiyədək iddiaçının rəsmi ünvanına göndərilməmişdir. Halbuki, qərarda ünvana göndərildiyi qeyd olunur. İddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialı tərəfindən tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərardan növbəti dəfə pensiyanın bərpası məqsədi ilə DSMF-yə müraciət edən zaman üçün xəbər tutmuş və dərhal DSMF-nin X1na ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə qərarı rəsmi surətdə almışdır. Əlilliyə görə təyin olunan təqaüd xx.xx.2020-ci il tarixdə kəsildikdən sonra həmin ay özü DSMF-nin yerli filialına şifahi müraciət etdikdə ümumi şəkildə hamının təqaüd təminatının kəsilməsini və qısa müddətdə bərpa olunacağı və bu haqda məlumatlandırılacağı bildirilmişdir. Ancaq ona heç bir məlumat verilməmişdir. İddiaçı daha sonra yenidən həmin şöbəyə müraciət etsə də, əlillik ilə bağlı rəsmi sənədləri təqdim etsə də, əlaqə saxlanılacağı bildirilmiş, lakin hər hansı yekun məlumat verilməmişdir. Göründüyü kimi əlillik təyinatı və təqaüd üzrə ödəniş səlahiyyətli orqan tərəfindən qanuna müvafiq surətdə verilmişdir. Yəni təqaüd ödənişinin həyata keçirilməsində iddiaçının hər hansı bir qüsurlu və hüquqazidd hərəkəti olmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə etiraz daxil olmuş, etirazda göstərilmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci tarixədək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sonuncu müayinəyə dair məlumatına əsasən İddiaçı əlilliyi xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci tarixədək İİ dərəcəli əlillik kimi qiymətləndirilmiş, lakin həmin tarixdən etibarsız edildiyi üçün nəticədə 19976 manat 07 qəpik məbləğində artıq ödənilmiş vəsait yaranmışdır. Fondun X1 xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərar qəbul edərək İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 19976 manat 07 qəpik məbləğində artıq ödənilmiş vəsaitin geri qaytarılmasını tələb etmişdir. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar “İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli Fərmanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli, 1077 nömrəli Fərmanı ilə Dövlət Sosial Mudafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdır. X5 23 iyul 2020-ci il tarixli, **********1 nömrəli qərarı ilə Fondun X1nın əsasnaməsi təsdiq olunmuşdur. Həmin əsasnamənin 3.1.3-ci bəndinə əsasən sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması va bir növdən digərinə keçirilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) əsaslılığının araşdırılması, sənədlərin (məlumatların) qanuna uyğun olmadığı onların təhrif olunduğu aşkar edildikdə müvafiq tədbirlər görülməsini təmin etmək filialın vəzifələrinə aid edilmişdir. Qeyd olunanlardan göründüyü kimi Fondun X1 inzibati akt qəbul etmək səlahiyyətinə malikdir və inzibati orqan hesab olunduğundan İnzibati icraat haqqında qanunun 3.1-ci maddəsinə əsasən həmin qanun filialın fəaliyyətinə şamil olunur. Beləliklə, Filial əsasnaməsinin 3.1.3-ci bəndinə əsasən tədbirlər görərkən “İnzibati icraat haqqında” Qanuna əsaslanmaqla inzibati akt qəbul etməkdə haqlıdır. Pensiyanın təyin edilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və digər normativ hüquqi aktlanında qeyd olundğu kimi hüquqa və haqq-ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə hüquqi tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxarır. Odur ki, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5 il müddətinə ümumi xəstəlik ilə əlaqədar, “Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, infeksion allergik forma bronxial astam xəstəliyi tez-tez boğulma tutmaları ilə, hormondan asılı. Tənəffüs çatmamazlığı İİ dərəcə. Ağ ciyər emfizeması. Xroniki bronxitin kəskinləşməsi. Başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı, Tənəffüs çatmamazlığı İİ dərəcə. Emfizema. Ağ ciyərin emfizeması. Ağciyərin xroniki obstruktiv xəstəliyinin aşağı tənəffüs yollarının kəskin respirator infeksiyası ilə birgə müşahidə olunması, Xroniki bronxitin kəskinləşməsi.” diaqnozu ilə İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixli, **********8 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərara əsasən, vətəndaş İddiaçı (FİN 30QAPCO) tərəfindən 19976 manat 07 qəpik vəsaitin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə tələbkar Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi Filialının AZ26CTRE******************** saylı hesabına ödənilməsi qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondu X1 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər üzrə İcra İdarəsinə göndərilmiş xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərar və akt ona təqdim edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli “vətəndaşın əlillik vəziyyəti haqqında” məktubdan görünür ki, İddiaçı əlillik vəziyyəti Abbas Səhhət adına Gəncə şəhər xəstəxanasının 0452003AAGYJ nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixdə elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq ümumi xəstəlik səbəbilə 5 il müddətinə ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. Əlillik təyinatlarının əsaslılığının araşdırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində, G.Babayevə dair rəsmiləşdirilən 0452003AAGYJ nömrəli göndərişdə qeyd olunan stasionar müalicə tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi” və “Sığorta” altsistemlərində olan məlumatlara əsasən əmək haqqı ödənilmiş və əlillik təyinatı zamanı əsas götürülmüş müalicə müddətlərinə dair məlumatlar təsdiqini tapmadığından aparılmış əlilik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində İddiaçı dair Tibbi-Sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2020-ci il tarixdə ləğv olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı pensiya işi üzrə artıq ödənilmiş məbləğ aşkarlanmışdır və onun pensiya məbləğindən hər hansı növ tutulma aparılmır. Məlumat üçün bildirilmişdir ki, iddiaçının pensiya işinə dair sənədlərdə onun razılıq ərizəsi və bu barədə məhkəmə qərarı aşkar edilməmişdir. Tətbiq edilən hüquq Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Azərbaycan Resbublikasının Qanunu Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması müəyyən edilmişdir. Məhkəmə iddia müddəti ilə bağlı qeyd edir ki, hazırda mübahisələndirilən qərar cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, həmin qərar iddiaçıya sonuncunun müraciəti əsasında xx.xx.2024-cü il tarixli müşayiət məktubu ilə göndərilmiş, iddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə göndərmişdir. Daha əvvəl həmin qərarın iddiaçıya göndərilməsi iş materialları ilə təsdiq olunmur. Ona görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinə riayət olunmuşdur. Odur ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi ilə iddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialı tərəfindən qəbul edilmiş tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərarın ləğv edilməsini xahiş edir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5 il müddətinə ümumi xəstəlik ilə əlaqədar, İİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı dair Tibbi-Sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qeyd olunan qərarı ləğv olunmuşdur. xx.xx.2021-ci il tarixli, **********8 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərara əsasən, vətəndaş İddiaçı (FİN 30QAPCO) tərəfindən 19976 manat 07 qəpik vəsaitin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə tələbkar Dövlət Sosial Müdafiə Fondunun 18 saylı Regional Ərazi Filialının AZ26CTRE******************** saylı hesabına ödənilməsi qərara alınmışdır. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, iddiaçının pensiya işinə dair sənədlərdə onun razılıq ərizəsi və bu barədə məhkəmə qərarı aşkar edilməmişdir. Göründüyü kimi hazırda mübahisələndirilən qərar qəbul edilən zaman Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinin tələbləri pozulmuş, iddiaçının razılığı olmadığı halda iddiaçının artıq ödənilmiş əmək pensiyasının ödənilməsi barədə inzibati orqan tərəfindən qərar qəbul edilmişdir. Bundan başqa inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Resbublikasının Qanununun tələblərini pozaraq, inzibati icraat barədə iddiaçıya məlumat verməmiş, onun iştirakını təmin etməmiş, həmçinin qəbul etdiyi inzibati akt barədə iddiaçıya rəsmi məlumat göndərməmişdir. Yalnız iddiaçının özünün müraciətindən sonra mübahisələndirlən qərar ona təqdim olunmuşdur. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialı tərəfindən qəbul edilmiş tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərar ləğv edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1, 70.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialı tərəfindən qəbul edilmiş tələbin icraya yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, **********8 nömrəli qərar ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar