Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1143/2022 17.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 26 il 3 ay əmək stajının nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının 26 ildən artıq iş stajı olmasına baxmayaraq ona pensiya təyin edilməmişdir. Hansı ki, təqdim olunmuş sənədlərdə, yəni 1974-1998-ci illərdə Bərdə rayon Çaparidze adına kolxozda işləməyinə dair 412 saylı əmək kitabçasına əsasən 20 il 6 ay, xx.xx.1975-xx.xx.1977-cı il tarixədək hərbi xidmətdə olduğu dövr üzrə 2 il, xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "MKT"-Bərdə filialında mexanik vəzifəsində işlədiyi 3 il 7 ay olmaqla, cəmi 26 il 3 ay əmək stajı vardır. Lakin buna baxmayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ailəsində və kənddə onu “Asif” deyə çağırıblar, ona görə də bəzi sənədlərdə adı “Asif” kimi yazılmışdır. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, icraat materiallarına əsasən iddiaçının mübahisələndirilən sığorta stajı 1974, 1977-1990, 1995- 1998-ci illərdə Boyəhmədli kolxozunda (16 il 1 ay 27 gün) işlədiyi dövrlərdir. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun Qarabağ regional filialı tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli yoxlama aktına əsasən iddiaçının 1991-ci il tarixdən 1994-cü il tarixədək Bərdə rayonu sabiq "Boyəhmədli" kolxozunda işləməsi faktı müəyyən edilmişdir. İddiaçının işlədiyini iddia etdiyi 1974, 1977-1990, 1995-1998-ci illərin şəxsi heyətə dair arxiv sənədlərində iddiaçının adı qeyd edilməmişdir. Qeyd olunan səbəbdən həmin dövrlər sığorta stajna daxil edilməmişdir. İddiaçının ümumi iş stajı 9 il 2 ay 18 gün, pensiya kapitalının məbləği 8444,53 manatdır, pensiya qanunvericiliyinə əsasən tələb olunan sığorta stajı və pensiya kapitalı ödənilmədiyindən onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli 576 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -surəti işə əlavə edilmiş xx.xx.1980-ci il tarixli, 412 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 1974, 1977-1998-ci illərdə sabiq Boyəhmədli kolxozunda işləmişdir. -Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarxli, 44 nömrəli arayışından görünür ki, İddiaçı 1974, 1977-1998-ci illərdə sabiq Boyəhmədli kolxozunda işləmiş və əmək haqqı almış, 1974, 1977-1990, 1995-1998-ci illərdə adı “Asif” kimi qeyd olunmuşdur. -Bərdə RİH başçısının Mustafaağalı kənd üzrə nümayəndəliyinin 56 nömrəli, xx.xx.2022-ci il tarixli arayışında bildirilir ki, xx.xx.2022-ci il arixli, 44 nömrəli arxiv arayışında göstərilən Asim və Asif eyni şəxslərdir. -“MKT-Bərdə” filialının xx.xx.2022-ci il tarixli 05 nömrəli arayışında bildirilir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən hal-hazıradək “MKT-Bərdə” filialında mexanik vəzifəsində işləyir. -ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının ümumi iş stajının 9 il 2 ay 18 gün, pensiya kapitalı məbləğinin 8444,53 manat olmasına görə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Bununla bağlı məhkəmə bildirir ki, yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur ki, o, 1974, 1977-1998-ci illərdə kolxozda işləmişdir. Cavabdehin etirazında iddiaçıya pensiya təyin edilməsindən imtinaya səbəb kimi Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 44 nömrəli arayışında 1974, 1977- 1990, 1995-1998-ci illərdə iddiaçının adının “Asif” kimi qeyd edilməsi və nəticə etibarı ilə həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmaması olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, əmək haqqı kitablarında iddiaçının adı bir halda “Asim”, digər halda “Asif” kimi yazılsa da, ona məxsus əmək kitabçasından görünür ki, həmin dövr bu sənəddə öz əksini tapmışdır. Odur ki, ilkin olaraq nəzərə alınmalı olan sənəd əmək kitabçası olduğundan, arxiv sənədlərində iddiaçının adının düzgün qeyd olunmaması onun ziyanına şərh edilməməlidir. Çünki iddiaçının qeyd olunan müddətdə işləməsi barədə qeydlər əmək kitabçasında mövcuddur və bu qeydlər hər hansı şübhə doğurmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Hazırda qüvvədə olmayan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş materiallarına əlavə edilmiş arxiv arayışına əsasən müəyyən olunur ki, iddiaçı 1980 və 1982-1998-ci illər üzrə əmək günü normasını tam yerinə yetirməklə 18 il əmək stajı qazanmış, 1974-cü ildə 39 gün, 1977-ci ildə 122 gün, 1978-ci ildə 70 gün, 1979-cu ildə 187 gün və 1981-ci ildə 89 gün faktiki əmək günü toplamışdır. Qeyd edilməlidir ki, iddiaçının qeyd olunan illər üzrə iş stajı yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. Bu qaydada hesablama ilə iddiaçının faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir: 1974, 1977-1979 və 1981-ci illər üzrə:- 39+122+70+187+89=507; 507x12=6084; 6084/200≈30 ay (2 il 6 ay) Beləliklə, iddiaçının 1980 və 1982-1998-ci illər üzrə 18 il, 1974, 1977-1979 və 1981-ci illər üzrə 2 il 6 ay olmaqla kolxozdakı iş stajı ümumilikdə 20 il 6 ay hesablanmalıdır. Bundan əlavə iddiaçının stajını təsdiq edən sənədlərə əsasən onun xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 2 il 26 gün hərbi xidmət müddəti və xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "MKT"-Bərdə filialında mexanik vəzifəsində işlədiyi 3 il 7 ay olmaqla ümumilikdə 5 il 7 ay 26 gün sığorta stajı cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajıdır. Beləliklə iş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının ümumilikdə 26 il 1 ay 26 gün sığorta stajı var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən şəxsə yaşa görə əmək pensiyası təyin olunması üçün iki şərt ödənilməlidir, yəni şəxs müəyyən olunmuş yaş həddində olmalı və müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) malik olmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla xx.xx.2021-ci il tarixdə artıq tələb olunan yaş (65 yaş) həddində olmuşdur. Deməli iddiaçının xx.xx.2021-ci il tarixdə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Tələb olunan müvafiq staja (və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına) münasibətdə isə qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün azı 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması müəyyən edilmişdir. Beləliklə, iddiaçının ümumilikdə 25 ildən çox (26 il 1 ay 26 gün) sığorta stajının olması iş materialları ilə öz təsdiqini tapır. Deməli iddiaçı pensiya yaşında olmaqla həm də tələb olunan sığorta stajına (ümumilikdə 26 il 1 ay 26 gün) malikdir. Göründüyü kimi qeyd olunan müddətlərin iddiaçının sosial sığorta stajına hesablanması pensiya təyinatı baxımından da onun maraqlarına uyğundur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1143/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1143/2022
17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver