Məhkəmə qərarları › İş №2-1(114)-1144/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1144/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1144/2022 18.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X22, X23, X12, X18, X13, X25) dövlət aktında düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 09.03.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il, 12 saylı qərarı ilə Ağstafa rayonu Muğanlı kəndi ərazisindən 2.96 ha torpaq sahəsinə dair JN 312 kod ******* saylı dövlət aktına düzəliş edilərək nənəsi X5 ata adının Səməd deyil Süleyman kimi qeyd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya və ailə üzvlərinə Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli, 12 saylı qərarı ilə Ağstafa rayonu Muğanlı kəndi ərazisindən 2.96 ha torpaq sahəsi onların mülkiyyətinə verilmiş, JN 312 kod 50200078 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı verilmişdir. Müvafiq aktda iddiaçının nənənsi X5 ata adı Səməd kimi göstərilmişdir. Bu isə iddiaçıya vərəsəliklə bağlı sənədlərin əldə edilməsində maneələr yaradır. İddiaçı qeyd olunan aktda düzəlişin edilməsi üçün cavadbehə müraciət etsə də, sonuncu bundan imtina etmidir. Məhkəmənin 11.03.2022-ci il tarixli, 2-1(114)-1144/2022 nömrəli qərardadı ilə X22, X23, Nəbiyeva Fərqanə Alpaşa qızı, X18, X13, X25 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin 18.05.2022-ci il tarixli qərardadı ilə ilkin iddia X5 ata adının “Səməd” deyil “Süleyman” kimi və X1 “Nəbiyeva” kimi deyil “İsmayılova” kimi qeyd edilməsi barədə iddia tələbi dəyişdirilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 01.08.2012-ci il tarixli AZ-İ 515111 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 15.07.2012-ci il tarixdə vəfat etmişdir. -surəti işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin **********45 nömrəli, 22.02.2022-ci il tarixli məktubundan görünür ki, JN-312 nömrəli toprağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumatla uyğunluğu yoxlanılarkən məlum olmuşdur ki, torpaq sahəsinin JN-312 nömrəli dövlət aktında göstərilən məlumatların baza məlumatları ilə eyni olduğundan iddiaçının müraciətinə imtina edilmişdir. -surəti işə əlavə edilmiş JN-312 KOD 50200078 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli 12 nömrəli qərarı ilə X24, X14, X15, X6, X9, X7, X20, İddiaçı 2.96 ha torpaq sahəsi verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 04.04.2022-ci il tarixli, **********19 nörməli məktubuna əlavə edilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilən şəxslərin adlı siyahısından görünur ki, torpaq payı almaq hüququ olan subyektlərin sırasında X21, X10, X11, X3, X8, X4, X16, İddiaçı adları qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli, 12 saylı qərarın əsasında X24, X14, X15, X6, X9, X7, X20, İddiaçı 2.96 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair JN 312 KOD 50200078 saylı “torpağa mülkiyyət hüququna dair ” Dövlət Aktı tərtib edilmişdir. İddiaçı dövlət aktında adı qeyd olunan X5 ata adının «Səməd» əvəzinə «Süleyman» kimi yazıldığı, eləcə də, X1 « Nəbiyeva » deyil « İsmayılova » kimi yazıldığını iddia edərək müvafiq düzəliş edilməsini tələb etmiş, cavabdeh orqan isə dövlət aktında düzəliş edilməsinin idarənin səlahiyyətləri xaricində olduğunu bildirərək bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddiaçın dövlət aktında müvafiq düzəliş edilməsindəki hüquqi marağı Ağstafa rayon Aqrar İslahat Komissiyasının 29.11.1997-ci il tarixli 12 saylı qərarı ilə verilmiş torpaq sahəsi ilə bağlı hüquqi sənədlərin əldə edilməsidir. Qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. İş materiallarında olan sənədlərdən, eləcə də məhkəmə tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, JN-312 kod 50200078 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında, eləcə də Ağstafa rayonu Muğanlı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilən şəxslərin adlı siyahısında adı qeyd olunan “X19”nın “X26”, eləcə də, “X17”nın “X23” olması hər hansı sübutla öz təsdiqini tapmır. Digər tərəfdən həmin şəxslərin iddia olunan şəxslər olması öz təsdiqini tapdığı halda belə Dövlət aktında qeyd edilmiş ad, soyad və ata adları ilkin sənəd hesab olunan “adlı siyahı” ilə eynilik təşkil etdiyindən cavabdeh orqan Dövlət aktında düzəliş etmək öhdəliyi daşımır. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar