Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1148/2025 17.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “minik avtomobilinin təyinatına tibbi göstərişin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, сavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, сavabdeh tərəfindən onun barəsində minik avtomobilinə tibbi göstəriş verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. İddiaçı ƏƏSMN-in yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət etmişdir. X5 tərəfindən verilmiş, ******* nömrəli sənədə əsasən, ona ümumi xəstəlik, əlilliyin müəyyən olunması meyarı ilə - sağ ayaq pəncəsində qanqren 1-ci barmağın amputasiyası diaqnozu qoyulmuşdur. Xəstənin ümumi vəziyyəti ağırdır. Huşu yarıqaranlıqdır. Vəziyyəti passivdir, A/100-50mmg tənəffüsü aydındır, diurezlə qeyd edilmiş epikrizlə AR Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xəstəlik əlilliyə dair çıxarışla. Belə ki, Forma № 027, 149 № 08 iyun 1992-ci il tarixdə qeydə alınmışdır. İddiaçı xx.xx.2007-ci il tarixli ambulator müalicə, daha sonra xx.xx.2008-ci il tarixdə stasionar müalicəyə göndərilmişdir. Xəstəlik diaqnozu şəkərli diabet, insulin asılılıqlı, sağ ayağın tamamilə fəaliyyətsizliyi, İ dərəcəli əlillik müəyyən olunmuşdur. İddiaçının müraciətinə ƏƏSMN-in X1 X4 vasitəsilə əlillik alt sistemində müvafiq olaraq Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən qiymətləndiriləcəkdir cavabı verilmişdir. Daha sonra iddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 saylı qərarına əsasən avtomobil va motorlu araba ilə təmin edilməsinə tibbi göstərişin verilməsi barədə müraciətlər ünvanlanmışdır. X6 Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 saylı qərarına əsasən minik avtomobilinə tibbi göstərişin təyininə əsas verilmədiyi bildirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyətinə DTSERA-da baxılmış və xx.xx.2017-ci il tarixdən ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası"nın 3-cü bəndində qeyd edilmişdir ki, 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə olan siyahıda hansı diaqnozu olan şəxslərin avtomobil və motorlu araba almaq hüququ olması qeyd olunmuşdur. İddiaçının qeyd edilən diaqnozu həmin siyahıda olmadığı üçün ona “əks göstəriş yoxdur” səbəbi ilə imtina verilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh nümayəndəsinin iştirakının təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İşin halları Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli qərarına əsasən, İddiaçı “Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, tez-tez baş verən psixotik hallarla. Şəxsiyyətin dəyişkənliyi ilə. Şəkərli diabet, 2-ci tip, orta ağırlıqda, insulinə ehtiyacı olan, diabetik angiopatiya, diabetik retinopatiya. Eşitmə sinirinin postravmatik nevriti” diaqnozu ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2017-ci il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, ona xx.xx.2017-ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Göndərişdə qeyd edilən əsas diaqnoz (Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, tez-tez baş verən psixotik hallarla. Şəxsiyyətin dəyişkənliyi ilə. Şəkərli diabet, 2ci tip, orta ağırlıqda, insulinə ehtiyacı olan, diabetik angiopatiya, diabetik retinopatiya. Eşitmə sinirinin postravmatik nevriti) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əsasən minik avtomobilinin təyinatına əsas vermir. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Maddə 30. Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsi 30.1. Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi reabilitasiya vasitələrinin növlərinin siyahısına əsasən dövlət büdcəsi hesabına həyata keçirilir. 30.2. Əlilliyi olan şəxslərin bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 30.3. Bu Qanunun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarət və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” 1.2. Şəxsin reabilitasiya vasitələri ilə təmin edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (bundan sonra – Agentlik) və Sosial Xidmətlər Agentliyi vasitəsilə Nazirlik üçün hər il üzrə dövlət büdcəsindən ayrılan vəsait çərçivəsində həyata keçirilir. 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X2 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüququları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 2.4. Şəxs reabilitasiya vasitələri ilə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş sayda, həmçinin tibbi göstərişlər, əks göstərişlər nəzərə alınmaqla hazırlanma, dəyişdirilmə və ya təmir müddətləri çərçivəsində təmin edilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Əlavə Əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əksgöstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətlər
6. Digər reabilitasiya vasitələri 6.1. Minik avtomobili (Reabilitasiya vasitəsinin adı və növü) Aşağıdakı tibbi göstərişlər olduğu hallarda təyin edilir: (Reabilitasiya vasitəsinin verilməsinə dair tibbi göstərişlər) 1) ikinci (İİ B) dərəcəli xroniki qan dövranı çatışmazlığı; 2) ağciyər çatışmazlığı, İİ dərəcəli; 3) bir aşağı ətrafın iflici və ya nəzərə-çarpan parezi; 4) hemiplegiya, nəzərəçarpan hemiparez; 5) nəzərəçarpan ataksiya, hiperkinetik amiostatik sindrom; 6) hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri, İİ dərəcə arterial çatışmazlıqları, aşağı ətraf venalarının xəstəlikləri, hər iki aşağı ətrafda İİ-İİİ dərəcə venoz çatışmazlığı, trofiki pozuntularla; 7) hər iki aşağı ətrafın fillik xəstəliyi; 8) hər iki pəncənin Şopar və yaxud daha yüksək səviyyədə güdülü; 9) aşağı ətrafın baldır və yaxud bud səviyyəsində güdülü; 10) hər iki bud-çanaq oynağının ankilozu; 11) onurğanın ayaq üstə durmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyaları; 12) onurğa sütunu funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşahidə olunan İİİ-İV dərəcəli əyilmələr; 13) bir aşağı ətraf və ya çanaq qurşağı sümüklərinin xroniki osteomieti (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə); 14) aşağı ətrafda böyük ölçülü (sümük çevrəsinin yarısından artığı dağıldıqda) sümük defekti və yaxud uzun müddət sağalmayan xora (10 sm2-dən böyük) olduqda; 15) hər iki bud və yaxud baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində aşağı ətrafın funksiyasının kəskin pozulması, hər iki bud-çanaq və yaxud hər iki diz oynaqlarında kəskin kontraktura olduğu halda; 16) əlilliyi olan şəxsin hər iki gözünün görmə itiliyi 0,04-dən aşağı və ya görmə sahəsi 5 (beş) dərəcədən aşağı olduqda 1 ədəd (Sayı və ölçü vahidi) istifadə müddəti müəyyən edilmədən (İstifadə müddəti)
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona cavabdeh tərəfindən minik avtomobilinin təyin edilməsinə dair tibbi göstərişin verilməsidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2017-ci il tarixdə “Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, tez-tez baş verən psixotik hallarla. Şəxsiyyətin dəyişkənliyi ilə. Şəkərli diabet, 2-ci tip, orta ağırlıqda, insulinə ehtiyacı olan, diabetik angiopatiya, diabetik retinopatiya. Eşitmə sinirinin postravmatik nevriti” diaqnozu ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydasının tələblərinə əsasən, reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda həyata keçirilir. Şəxs reabilitasiya vasitələri ilə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər nəzərə alınmaqla təmin edilir. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə əlilliyi müəyyən olunmuş şəxslərə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəxsin əlilliyinin müəyyən olunması xüsusi səbəblərdən biridir. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na Əlavədə minik avtomobili verilməsinə dair tibbi göstərişlərin siyahısı qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcəli əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olsa da, iddiaçıya həmin əlilik “Keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, tez-tez baş verən psixotik hallarla. Şəxsiyyətin dəyişkənliyi ilə. Şəkərli diabet, 2-ci tip, orta ağırlıqda, insulinə ehtiyacı olan, diabetik angiopatiya, diabetik retinopatiya. Eşitmə sinirinin postravmatik nevriti” diaqnozu ilə təyin edilmişdir. Qeyd olunan diaqnoz “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na Əlavədə minik avtomobili verilməsinə dair tibbi göstərişlərin siyahısında nəzərdə tutulmamışdır. Belə olan halda iddiaçı barəsində minik avtomobilinin təyin edilməsinə dair tibbi göstərişin verilməsi istisna edilir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva