Məhkəmə qərarları › İş №2-1(114)-115/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-115/2020

09.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-115/2020 09.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1nə (üçüncü şəxs Bərdə rayonu Maliyyə İdarəsi) qarşı kompensasiyanın ödənilməsi və s. tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1nə xx.xx.2014-cü il tarixli ərizə ilə müraciət edərək Bərdə rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli, 2-278 saylı qətnaməsinin icrası və 2006-cı ildən işdən çıxarıldıqdan sonra istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın və əmək müqaviləsi üzrə digər haqların ödənilməsi ilə əlaqədar müvafiq göstəriş verilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı cavabdehlər Cavabdeh1nə və Bərdə rayonu Maliyyə İdarəsi qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1992-2006-cı illər üçün istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın, əmək müqaviləsi üzrə əmək haqqının və qanunla müəyyən edilmiş digər ödənilməmiş və verilməli olan əmək haqqını gecikdirdiyinə görə xx.xx.1992-ci il tarixdən başlayaraq qətnamə qəbul edilən günə qədər, azı 27 il iş stajının ona hesablanması öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması, Cavabdeh1 ona ödənilməmiş 116458 (bir yüz on altı min dörd yüz əlli səkkiz) manat məbləğində haqqın hesablanıb ödənilməsinə dair sərəncamı əsasında ona ödəməsi öhdəliyinin Bərdə rayonu Maliyyə İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə vəiddiaərizəsinəəlavətəqdim edərək, Cavabdeh1 cavabdeh, Bərdə rayonu Maliyyə İdarəsinin isə üçüncü şəxs kimi göstərilməsini, Cavabdeh1 Samux kənd X4 üzrə nümayəndəsi işlədiyi dövr üzrə istifadə etmədiyi məzuniyyətə görə 9465 (doqquz min dörd yüz altmış beş) manat kompensasiyanın, əmək müqaviləsi üzrə 375 (üç yüz əlli yeddi) manat may 2006-cıilüçünəmək haqqının və qanunla müəyyən edilmiş digər ödənilməmiş və verilməli olan 164820 (bir yüz altmış dörd min səkkiz yüz iyirmi manat, cəmi ödənilməli olan 177858 (bir yüz on yetmiş yeddi min səkkiz yüz əlli səkkiz) manat məbləğində vəsaitin tutularaq ödnilməsi vəzifəsinin Cavabdeh1 üzərinə qoyulmasına, ona verilməli olan əmək haqqı (kompensasiya ilə birlikdə) işəgötürənin günahı ucbatından geçikdirildiyinə görə onun iş stajının (1992-ci ildən bu ilə qədər) 27,8 (iyirmi yeddi il səkkiz, yəni 27 il 9 ay) il hesablanmasına dair qəraq qəbul edilməsini xahiş etmiş və ərizələr məhkəmənin icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 başçısının xx.xx.1992-ci il tarixli, 52 saylı sərəncamı ilə Bərdə rayonu Samux Kənd İƏV üzrə nümayəndə vəzifəsinə təyin edilmişdir. xx.xx.1993-cü il tarixli, 641 saylı sərəncamı ilə əsassız olaraq işdən azad olunmuşdur. Bərdə rayon Xalq Məhkəməsinin xx xxxxxxxx 1993-cü il tarixli, 2-278 saylı qətnaməsi ilə Cavabdeh1 başçısının həmin sərəncamı etibarsız hesab olunmuş, məcburi işdən qalma günləri üçün, əlavə və dəyişikliklər nəzərə alınmaqla, əmək haqqı ödənməklə Samux kənd İƏV üzrə nümayəndə vəzifəsinə bərpa olunmuşdur. Həmin vaxtı İcra başçısı işləyən mərhum Azay Abdıyev xx.xx.1993-cü il tarixli, 641 saylı sərəncamla onu öz vəzifəsinə bərpa etsə də faktiki olaraq xx xxxxxx 1994-cü il tarixə qədər işə başlamağına imkan verməmişdir. xx xxxx 1993-cü ildən xx xxxxxx 1994-cü ilə kimi olan 205 günlük dövr üçün, dəfələrlə tələb etməyinə baxmayaraq, İcra Başçısı Azay Abdıyev məhkəmə qətnaməsini icra etməyərək, məcburi işdən qalmağı ilə əlaqədar əmək haqqının ödənilməsini təmin etməmişdir, əksinə əmək haqqının verilməsində israrlı olduğu üçün xx.xx.1994-cü il tarixli, 234 saylı sərəncamla əsassız olaraq onu yenidən tutduğu vəzifədən azad etmişdir. Bundan sonra, Cavabdeh1 başçısı təyin olunmuş Elman Allahverdiyev xx xxxxxxxx 1997-ci ildə sərəncamla onu həmin vəzifəyə təyin etmiş, lakin məhkəmə qətnaməsinin icrası ilə bağlı əmək haqqının verilməsini təmin etməmişdir. Məlum məhkəmə qətnaməsinin icrası ilə bağlı əmək haqqının verilməsini, israrla tələb etdiyinə görə, aprel 2006-cı ildə Cavabdeh1 başçısı təyin edilmiş İlham Ağayev xx xxx 2006-cı il tarixli, 82 saylı sərəncamı ilə əsassız olaraq, onu işdən azad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135, 144.2 və 172.4,5 və 6-cı maddələrini kobud şəkildə pozaraq, son hesablaşma əmək haqqını və qeyd etdiyi məhkəmə qətnaməsinin icrası ilə bağlı əmək haqqının verilməsini təmin etməmişdir. Əmək kitabçanı isə vəzifədən çıxarılandan 6 ay sonra, çətinliklə ala bilmişdir. Cavabdeh1 başçısı vəzifəsində işləyən Vidadi İsayev isə uzun müddət keçməsini bəhanə gətirərək məhkəmə qətnaməsinin icrası və ona verilməli olan əmək haqqının verilməsini təmin etməkdən imtina edir. Dəfələrlə tələb etsə də, Cavabdeh1 və Cavabdeh2 xx xxx 2006-cı ildən sonra alacağı axırıncı hesablaşma hesabını, məcburi işburaxma günləri üçün əmək haqqını və 126 ay müddətində istifadə edilməmiş məzuniyyət pulunu, ildə dörd dəfə bir aylıq əmək haqqı məbləğində əlavə verilməli pulunun ona verilməsini təmin etməyiblər və etmirlər. Bu barədə onun davamlı olaraq Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına etdiyi müraciətlər cavabsız qalmışdır və qalır. 2012-ci ildə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə iddia tələbi ilə etdiyi müraciəti əsassız olaraq, 3 manat dövlət rusumunun ödənilməməsinə görə, xx xxxxxx 2012-ci il tarixli, 2-1-3(84) ***-**** saylı qərardadla mümkün sayılmamışdır. Bundan sonra, o Cavabdeh1ndən 1992-2006-cı illər üçün istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın, əmək müqaviləsi üzrə və qanunla müəyyən edilmiş digər ödənilməmiş haqların hesablanmasına dair sənədlərdəki məlumatlar əsasında hesablanmış 43756 manat əmək haqqının pul şəklində alınıb ona verilməsinə və heç bir əsas olmadan yol verilmiş gecikdirməni əsas tutaraq iş stajının xx.xx.1992-ci ildən qətnamə qəbul edilən günə qədər təxmini 25 il hesablanması barədə dəqiqləşdirilmiş iddia tələbi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin iddia ərizəsində buraxılmış texniki səhvi iddia ərizəsinin forma və məzmununa əməl olunmaması kimi əsas götürüb, xx xxxxxxx 2017-ci il tarixli 2(021)-5092/2017 saylı qətnaməsi ilə iddia tələbini təmin olunmamışdır. Bu qətnamədən narazı qaldığına görə verdiyi apellyasiya şikayəti isə Gəncə Apellyasiya Məhkəməsində məhkəmə kollegiyasnın 2(104)-1107/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə qismən təmin olunaraq Bərdə Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(021)-5092/2017 saylı qətnaməsi ləğv olunmuş, iddia ərizəsi baxılmamış saxlanılmış və ona izah olunmuşdur ki, ümumi əsaslarla məhkəməyə iddia vermək hüququ vardır. O, yenidən Cavabdeh1ndən 1992-2006-cı illər üçün istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın, əmək müqaviləsi üzrə və qanunla müəyyən edilmiş digər ödənilməmiş haqların hesablanmasına dair sənədlərdəki məlumatlar əsasında hesablanmış 100898 manat əmək haqqının pul şəklində alınıb ona verilməsinə və heç bir əsas olmadan yol verilmiş gecikdirməni əsas tutaraq iş stajının xx.xx.1992-ci ildən qətnamə qəbul edilən günə qədər, təxminən 26 il, hesablanması barədə iddia tələbi ilə Bərdə Rayon Məhkəməsinə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(021)-361/2019 saylı qətnaməsi ilə iddiası təmin edilməmiş, qətnamədən narazı qaldığına görə verdiyi apellyasiya şikayəti isə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2542/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə qismən təmin olunaraq Bərdə Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(021)-361/2019 saylı qətnaməsi ləğv olunmuş, iddia ərizəsinə mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında baxılmalı olduğu əsas götürülüb mülki işin icraatına xitam verilmişdir. Ona görə də o yenidən Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edir və hesab edir ədalətli məhkəmə orqanı onun pozulmuş hüquqlarının bərpa olunması üçün iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparacaq və demokratik dövlətin vətəndaşı kimi onun hüquqlarının bərpa olunmasına dair ədalətli qərar çıxaracaqdır. O, avqust 1992-ci ildən may 2006-cı ilədək 10 il altı ay Cavabdeh1 başçısının Samux kənd X4 üzrə nümayəndəsi vəzifəsində işləmişdir. xx xxx 2006-cı ildə Cavabdeh1 başçısının Samux kənd X4 üzrə nümayəndəsi vəzifəsindən azad olunduqdan sonra, ona istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın və əmək müqaviləsi üzrə digər ödənməmiş haqlar ödənməli idi. Azərbaycan Respublikasınin Maliyyə Nazirliyinin xx xxxx 2008-ci il tarixli,17/04-150-3447 saylı məktubu da Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələrinə ziddir. Cavabdeh1 və birinci instasiya məhkəməsi Azərbaycan Respublikasınin Maliyyə Nazirliyinin xx xxxx 2008-ci il tarixli, 17/04-150-3447 saylı, əsassız, qanunazidd, məktubuna istinad edərək onun məlum iddianı təmin etməmişlər və etmirlər. Beləliklə, Bərdə rayon Samux kənd X4 üzrə nümayəndə vəzifəsində işlədiyi müddətdə bir dəfə də olsun məzuniyyətə buraxılmamış və on ay yarımlıq məzuniyyətindən istifadə edə bilməmişdir. Hazırda icra nümayəndəsinin bir aylıq əmək haqqı 447 manatdır və nümayəndəyə ildə dörd dəfə, bir aylıq əmək haqqına bərabər mükafat və ya yardım verilir ki, bu da il ərzində 1788 manat, hər ay üçün isə, 149 manat əlavə ödəniş deməkdir. Beləliklə, icra nümayəndəsinin orta aylıq qazancı 596 manat edir. 10,5 ay üçün məzuniyyət pulu 6258 manat olur. 2006-cı ilin may ayındakı 12 günlük əmək haqqı isə 238 manat edir. Cəmi alacağı əmək haqqı 6496 manat olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək haqqının verilməsi işə götürənin təqsiri üzündən gecikdirildiyinə görə orta hesabla hər bir gün üçün 596 manat 2,5%-i 14,90 manat, bir ay üçün 447 manat, 1 il üçün 5364 manat məbləğində ona ödənc verilməlidir. Ödənilməli olan əmək haqqı, orta hesabla 7 il və 2006-cı ilin may ayından bu günə qədər 13,5 il olmaqla cəmi 20,5 il geçikdirildiyinə görə bu ödənc məbləği 109962 manat edir. Ona əmək haqqı ilə birlikdə verilməli olan yekun məbləğ 116458 manatdır. Hesab edir ki, ona veriləcək əmək haqqı işəgötürənin günahı ucbatından gecikdirildiyinə, onun iş stajı 1992-ci ilin avqust ayından məhkəmə qətnaməsi qəbul olunub, icra edilən günədək, azı 27 il hesalanmasına və 116458 manat məbləğdə əmək haqqının ona, nəğd pul şəkildə verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. İddiaçı iddia tələbinə uyğun izahat vermiş və tələbin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsini qanunsuz və əsassız hesab edir, ona görə ki, Bərdə rayon Hakimiyyəti başçısının ərazi dairələri üzrə icra nümayəndəlikləri bankda müstəqil hesabı, müstəqil büdcəsi və mühasibatlığı olan hüquqi şəxslərdir. Onların büdcəsi ilin əvvəlindən öz mühasibləri tərəfindən tərtib olunur və kənd icra nümayəndəlikləri tərəfindən təsdiq olunur. Rayon Maliyyə idarəsi ilə kənd icra nümayəndəliyinin bütün işçilərinin əmək haqları, məzuniyyət pulu və son haqqhesabları nümayəndəliyin mühasibi tərəfindən hesablanır və kənd icra nümayəndəsinin imzası ilə təsdiq olunur. Kənd icra nümayəndəsi rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə vəzifəyə təyin olunur, məzuniyyətə buraxılır və işdən azad olunur. İddiaçı Samux kənd X4 üzrə nümayəndəsi vəzifəsində işləmiş, xx xxx 2006-cı il tarixdə öz ərizəsinə əsasən rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə qanuni olaraq tutduğu vəzifəsindən azad olunmuşdur. Həmin sərəncamda nümayəndənin son haqq-hesabın hesablanıb verilməsi kənd icra nümayəndəliyinin mühasibinə tapşırılmışdır. Onun da son haqq-hesabı və digər ödənişləri yuxarıda göstərilən qaydada Samux kənd X4 üzrə nümayəndəliyi tərəfindən ödənilmişdir. Bununla yanaşı iddiaçı tələb üzrə iddia müddətini də ötürmüşdür. Üçüncü şəxs Bərdə rayonu Maliyyə İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddia tələbinin təmin edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdehə və üçüncü şəxsə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi- hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Göründüyü kimi iddia ərizəsində iddiaçı tərəfindən dörd - 1. istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın; 2. əmək müqaviləsi üzrə ödənilməyən əmək haqqının; 3. qanunla müəyyən edilmiş digər ödənilməmiş və verilməli olan vəsaitin tutularaq ödnilməsi; 4. ona verilməli olan əmək haqqı (kompensasiya ilə birlikdə) işəgötürənin günahı ucbatından gecikdirildiyinə görə iş stajının 27,8 (iyirmi yeddi il səkkiz ay) il hesablanması tələbi irəli sürülmüşdür. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia, yəni öhdəliyin icrası haqqında iddiadır və inzibati prosessual qanunvericilikdə hazırki iddianın qaldırılması üçün hər hansı müddət olması müəyyən edilməsə də, belə bir müddət şəxsin hüququnun inzibati orqan tərəfindən pozulduğunu iddia etdiyi zaman qüvvədə olan mülki-prosessual və əmək qanunvericiliyində nəzərdə tutulmuşdur. Belə ki, hazırda mübahisə olunan inzibati orqanın hərəkətiszliyi İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl olmuşdur. Yəni iddiaçı ilə əmək hüquq münasibətlərinə xitam verildiyi tarix xx.xx.2006-cı il olmuş, hazırkı iddia tələbində iddiaçı 1992-2006-cı illər üzrə orqan tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29cu fəsillər çıxarılanadək qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ.İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər). «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 1. maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanunun 34. maddəsinə əsasən Qanunda və ona uyğun qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan Respublikası Əmək Məccəlsinin 296. maddəsinin 4. bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi dövlət qulluğu haqqında qanunun müddəlarına əsasən qəbul edilmiş qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək qanunvericiliyində isə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçinin, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilməsi nəzərdə tutulub. Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları, həmçinin əmək qanunvericiliyi ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. İddiaçının iddia ərizəsində qeyd olunduğu və iş materiallarına əlavə olunan məhkəmə aktlarından da göründüyü kimi ilkin müraciəti məhz 2012-ci ildə olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 24.4. maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddəti buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və x xxxxxxxx 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, x xxxxxx 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti x xxxxxx 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1nə (üçüncü şəxs Bərdə rayonu Maliyyə İdarəsi) qarşı kompensasiyanın ödənilməsi və s tələbinə dair iddiası mümkün sayılmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddianın kompensasiya, əmək haqqının və digər ödəmələrin ödənilməsinə dair hissəsi mümkünlük şərtlərinə cavab vermədiyindən, həmin hissə ilə əsaslandırılan əmək stajının müəyyən edilməsi üzrə mümkünlük şərtlərinin yoxlanılmasına ehtiyac qalmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 35.1. maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35 və 80. maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdeh1nə (üçüncü şəxs Bərdə rayonu Maliyyə İdarəsi) qarşı kompensasiyanın ödənilməsi və s. tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar