Məhkəmə qərarları › İş №2-1(114)-115/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-115/2021

11.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-115/2021 11.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X12 nümayəndəsi X6, üçüncü şəxs “Qərb” X7 və Satışı İdarəsinin nümayəndəsi Məlikova Könül Yusif qızının iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X14 (üçüncü şəxs “Qərb” X7 və Satışı İdarəsinə) qarşı çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X12 (bundan sonra mətndə cavabdeh) xx.xx.2020-ci il tarixli məktubu ilə daşınmaz əmlaka dair mərhum X2 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması barədə İddiaçı (bundan sonra mətndə iddiaçı) müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılarkən müəyyən edilmişdir ki, torpaq sahəsinin orta hissəsinin üzərindən və fərdi yaşayış evindən isə 4.3 m aralı gərginliyi 1000 voltdan yuxarı olan yüksək gərginlik hava elektrik xətti keçir və daşınmaz əmlak qeyd olunan elektrik xəttinin mühafizə zolağına düşdüyünə görə hüquqların qeydiyyata alınması mümkün deyildir. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi və xx.xx.2021-ci il tarixdə isə iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə təqdim edərək ünvan 1 ünvanında 600 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə X2 mülkiyyət hüququnun tanınması və buna dair müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2006-cı il tarixdə, Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda atası nənəsi (ulu nənəsi) X8 bütün əmlakını, o cümlədən Ağstafa şəhəri, C.Cabbarlı küçəsi, 49 ünvanında yerləşən evini ona vəsiyyət etmiş, xx xxxxxx 2006-cı il tarixdə ulu nənəsi dünyasını dəyişmişdir. Müxtəlif səbəblərdən vərəsəlik işi 2019-cu ilə qədər açılmamış, lakin bütün bu müddət ərzində sözügedən evin kommunal və digər xərcləri tərəfindən qarşılanmışdır. Vərəsəlik işinin açılması ilə bağlı notariat ofisi tərəfindən cavabdehə təqdim etmək üçün xx xxxxxx 2019-cu il tarixli 542 nömrəli məktub verilmiş, məktubda idarəyə onun müraciəti əsasında müvafiq vərəsəlik işinin açılması bildirilmiş və qanunvericiliyə əsasən X1 miras qalmış daşınmaz əmlakın dövlət qeydiyyatına dair çıxarışın verilməsi xahiş edilmişdir. Müraciətə cavab olaraq xx xxxx 2020-ci il tarixli **********52 nömrəli “Daşınmaz əmlakın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasının dayandırılması barədə bildiriş”lə qeyd olunan ünvanda yerləşən torpaq sahəsinin orta hissəsindən, fərdi yaşayış evinin isə 4.3 metr məsafəsindən keçən hava elektrik xəttinin gərginliyi 110000 voltdan yuxarı olan elektrik şəbəkəsinə aid olmasına dair şübhənin yaranması və müvafiq araşdırmanın aparılması səbəbi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun (“Qanun”) 14-cü maddəsini rəhbər tutaraq ərizənin icrasının bir ay müddətinə dayandırılaraq “Qərb” X7 və Satışı idarəsinin X3 və “xxxx” ASC-nin “X10 Şəbəkəsi” MMC-yə müvafiq sorğuların göndərildiyi bildirilmiş, daha sonra müraciətin icrasından imtina edilmişdir. Tərəfindən daha sonra yuxarı inzibati orqana müraciət olunmuş və sonuncunun cavabından göründüyü kimi İdarənin etdiyi qanun pozuntuları Xidmət tərəfindən də təkrarlanmış, lakin bir fərq olmuşdur ki, Xidmət 439 nömrəli Fərmanın 2-ci hissəsinin tələbinə riayət edərək elektrik xəttinin çəkiliş tarixinin müəyyən edilməsi üçün müvafiq sorğu göndərmiş, sözügedən elektrik xəttinin tikintisi tarixini bilmədiyindən və əmlaka mülkiyyət hüququnun yaranması tarixindən sonrakı tarixdə inşa olunduğu təxmin etdiyindən sorğunun nəticəsi və yekun inzibati aktın çıxarılmasını gözləmişdir. Lakin sonradan elektrik xəttinin 1977-ci ildə tikilib istismara verilməsi müəyyən edilsə də, cavabdehin xx xxx 2020-ci il tarixli məktubu ilə hüquqların qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdi. İdarə tərəfindən istinad olunan “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalarda mühafizə zonasında yerləşən fərdi yaşayış evlərinə və (və ya) torpaqlara mülkiyyət hüququnun qeydiyyata alınmamasına dair heç bir müddəa mövcud deyildir. Əgər mövcud olsa belə bu Qərar 2005-ci ildə qəbul edilmiş, mülkiyyət sənədi isə 1986-cı ildə verilmişdir və həmin sənəd verilən zaman mühafizə zonası anlayışı yox idi, çünki mühafizə zonası anlayışı yalnız sözügedən qərarda qeyd edilmişdir. İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mülkiyyət hüququ qeydiyyata alınması tələb olunan fərdi yaşayış evinin tikintisinə 1960-ci ildə başlanılmış və 1986-cı ildə yekunlaşaraq həmin evə dair «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» pasport verilmişdir. Hazırda imtinaya səbəb olan xətt isə 1977-ci ildə inşa edilmişdir və həmin elektrik xətti hazırda fərdi yaşayış evi və torpaq sahəsinin üzərindən keçir. Hesab edir ki, «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» pasport mərhum nənəsi S.Ələkbərovanın hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır və cavabdehin imtinası qanunamüvafiq deyildir. Cavabdehin nümayəndəsi X11 iddianı qəbul etməyərək imtinanın əsaslarını müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» pasport S.Ələkbərovanın hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas olsa da, həmin hüquqların qeydə alınmasını istisna edən hal mövcuddur və bu barədə tərəflərindən araşıdırma aparılmış, iddiaçıya ətraflı cavab verilmişdir. Üçüncü şəxsin nümayəndəsi Məlikova Könül Yusif qızı iddianı qəbul etməyərək bildirdi ki, nümayəndəsi olduğu orqan tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, ünvan 3 ünvanında yerləşən mərhum X4 məxsus yaşayış evinə və torpaq sahəsinə baxış keçirilmiş, mərhuma məxsus 6,0 sot torpaq sahəsi və yaşayış evinin 1959cu ildən inşa edilmiş Ağstafa EŞ-nin balansında olan 2 dövrəli 110 kV 5-6-cı Ağstafa YGEVX-nin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Həmçinin fərdi yaşayış evi və torpaq sahəsinin üzərindən həmin xətt 1977-ci ildə deyil, 1959-cu ildə inşa edilmişdir. Odur ki, iddia tələbi üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: -«Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» pasportun notarial qaydada təsdiqlənmiş surəti; -Ağstafa rayon Notariat ofisinin xx.xx.2019-cu il, 542 nömrəli məktubun surəti; -«xxxx» ASC-nin «X13 şəbəkəsi» MMC-nin xx.xx.2020-ci il tarixli, 1-115/33 sayı məktubunun surəti; -«xxxx» ASC-nin «Qərb» RETSİ-nin Ağstafa Elektrik şəbəkəsinin xx.xx.2020-ci il tarixli, 239 nömrəli məktubun surəti; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X12 xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarının surəti; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi; - «Qərb X7 və Satışı» idarəsi Ağstafa Elektrik şəbəkəsinin xx xxxxxx 2021-ci il tarixli məktubu, xx.xx.2021-ci il tarixli akt və hava elektrik verilişi xətləri üçün pasportun surəti. Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Göründüyü kimi iddia tələbi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən ünvan 1 ünvanında 600 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mərhum X5 mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasından ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 439 saylı Fərmanının 1.11-ci bəndində müəyyən edilmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar obyektlər üzərində hüquqların əldə edilməsini üçün əsas hesab olunur. Həmin Fərmanın 2-ci bəndində qeyd edilir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi iddia tələbinin hüquqi əsasını təşkil edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli, 439 saylı Fərmanında hazırki iddianın təmin olunması üçün iki şərt: 1. Təqdim edilən hüquqmüəyyənedici sənədin həmin fərmanla təsdiq olunmuş siyahıda nəzərdə tutulması; 2. Siyahıda nəzərdə tutulmuş sənədlər üzrə müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməməsidir. Məhkəmə işin hallarını bu normanın dispozisiya şərtləri əsasında araşdıraraq müəyyən etmişdir ki, Fərmanda nəzərdə tutulan siyahıda «Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid» pasport nəzərdə tutulmuşdur və bu, işin mübahisəsiz halıdır. Yəni Fərmanın 1-ci bəndində nəzərdə tutulmuş birinci dispozisiya şərti mövcuddur. Lakin ikinci şərt üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırda hüquqların qeydə alınması tələb edilən daşınmaz əmlak yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasına düşür. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilir ki, İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətti keçir və həmin torpaq sahəsinin üzərindəki tikilinin 5 metrə qədər məsafəsindən keçir. 110 kvt-lıq elektrik xəttinin mühafizə zonası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il 103 nömrəli qərarı ilə 20 m. nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiqlənmiş «Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»nın 1-ci bəndinə əsasən mühafizə zonası elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəklində minimal məsafələrdir. Həmin Qaydaların 5-ci bəndinin “a” yarımbəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonası hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində - 110 kvt-lıq xətt üzrə 20 metr müəyyən edilmişdir. Həmin Qaydaların 12-ci bəndinin “a” yarımbəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi qadağandır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əsasnaməsinin: - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. - 1.2-ci maddəsinə əsasən xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. - 3.0.18-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək xidmətin vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olubolmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Eyni zamanda, hüquqların dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı torpaq ehtiyatlarından səmərəli istifadə və onların mühafizəsi məsələləri üzrə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qanunvericiliyin tələblərinə uyğun gəlməyən torpaq sahəsinin ayrılması (satılması) barədə qərarlarının icrasının dayandırılması və ya ləğv edilməsi barədə aidiyyəti orqanlar qarşısında məsələ qaldırmaqda və ya məhkəmədə iddia qaldırmaqda haqlıdır. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, ünvan 4 ünvanında 600 kv.m sahədə yerləşən fərdi yaşayış evi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına düşdüyündən, cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli fərmanının 2-ci bəndində torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını istisna edən bir hal kimi nəzərdə tutulmuşdur. Bundan başqa, məhkəmə iddianın mübahisə predmeti olan fərdi yaşayış evinin 1960-ci ildən tikilməsi, tikintisinin 1986-cı ildə yekunlaşaraq həmin evə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə dair pasport verilməsi, imtinaya səbəb olan yüksək gərginlikli xəttin isə 1977-ci ildə inşa edilməsi dəlilini araşdıraraq qeyd edir ki, «Qərb X7 və Satışı» idarəsi Ağstafa Elektrik şəbəkəsinin xx xxxxxx 2021-ci il tarixli məktubu, həmin məktuba əlavə edilmiş akt və hava elektrik verilişi xətləri üçün pasportun surəti ilə ünvan 5 ünvanında 600 kv.m sahədə yerləşən torpaq sahəsi və fərdi yaşayış evinin mühafizə zonasına düşdüyü Ağstafa EŞ-nin balansında olan 2 dövrəli 110 kV V-Vİ Ağstafa YGEVXnin 1959-cu ildə inşa edildiyi müəyyən edilmişdir. Göründüyü kimi mübahisə predmeti olan fərdi yaşayış evi tikilməyə başladığı zaman (1960-cı il) artıq həmin ərazidə yüksək gərginlikli hava elektrik verilişi xətləri mövcud olmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməli, iş üzrə keçirilmiş mütəxəssis rəyi üzrə 60,60 (altmış manat altmış qəpik) xərc iddiaçıdan alınaraq Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı X9rşı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş mütəxəssis rəyi üzrə 60,60 (altmış manat altmış qəpik) xərc İddiaçı alınaraq müxbir hesab AZ37NABZ********************, SWİFT:AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** saylı hesaba ödənilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar