Məhkəmə qərarları › İş №2-1(114)-115/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-115/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-115/2022 14.12.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Göygöl rayonu, Üçbulaq kəndi ərazisində 0,07 hektar torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə Göygöl rayonu, Üçtəpə kəndi ərazisində 0,07 ha torpaq sahəsi verimiş və bu barədə JN-069F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib olunmuşdur. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakn dövlət reyestrində qeydiyyata alınması barədə xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh orqana müraciət etsə də, sonuncu araşdırma zamanı sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluğun olduğu müəyyən edildiyindən bundan imtina etmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 14 dekabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, aparılan araşdırma zamanı, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Belə ki, sənəd üzrə olan JN-060F saylı "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamənin aid olduğu hissədən digər şəxsin istifadə etdiyi, faktiki vəziyyət ilə sənəd üzrə vəziyyət arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini JN-060F (KOD ********) nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin təsdiqlənmiş surəti, "xxxx" MMC 3 saylı Gəncə Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********14 nömrəli bildirişi və xx.xx.2021-ci il tarixli, **********96 nömrəli məktubu təşkil etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Göygöl rayonu, Üçbulaq kəndi ərazisində 0,07 hektar torpaq sahəsi Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə iddiaçıya verilmişdir. İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. İş materiallarında olan: JN-060F (KOD 50805028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Göygöl (Xanlar) rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə Göygöl rayonu, Üç Bulaq kəndi ərazisindən 0,07 ha torpaq sahəsi İddiaçı verilmişdir. İnzibati orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi Göygöl rayonu, Üçbulaq kəndi ərazisində yerləşən torpaq sahəsinin iddiaçının adına qeydə alınmasından imtina etməsini, aparılan araşdırma zamanı, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluğun olması ilə əsaslandırmışdır. "xxxx" MMC 3 saylı Gəncə Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ekspertiza baxışı zamanı, İddiaçı iddia edərək naturada təqdim etdiyi mübahisəli torpaq sahəsi faktiki olaraq 1080,36 kv.m təşkil edir. Lakin "Torpağın mülkiyyətə verilməsinə dair" JN-060F (KOD ********) nömrəli Şəhadətnamayə əsasən İddiaçı mülkiyyətində 700,0 kv.m torpaq sahəsi vardır. İddiaçının naturada mübahisələndirdiyi torpaq sahəsindən, faktiki olaraq istifadə edə bilmədiyini bildirmişdir. İddiaçı Olirza oğlunun iddia edərək naturada təqdim etdiyi mübahisəli 1080,36 kv.m torpaq sahəsinin 700,0 kv.m hissəsi, elektron baza məlumatlarında öz əksini tapmış ərazinin kompleks yerquruluşu layihəsinə və adlı siyahıya istinadən "Torpağın mülkiyyətə verilməsinə dair" JN-060F (KOD ********) nömrəli Şəhadətnaməyə əsasən İddiaçı öz mülkiyyəti, 121,95 kv.m hissəsi həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyəti, 194,88 kv.m hissəsi JN-037F nömrəli Şəhadətnaməyə əsasən X3 və ailə üzvlərinin ümumi mülkiyyəti və 63,53 kv.m hissəsi isə kəndarası yol kimi istifadə olunan bələdiyyə mülkiyyətidir. 2-ci sualın cavabında qeyd olunduğu kimi, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin müəyyən hissələri bələdiyyə və digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsi, Yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla, həyətyanı məqsədlər üçün nəzərdə tutulmuş torpaq sahəsidir. İşin faktiki hallarına və aşağıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan' istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tiklilər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət huququ, istifadə hüququ ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələgəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Belə əsaslardan biri kimi, 8.0.5ci maddədə, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri nəzərdə tutulmuşdur. Göründüyü kimi mövcud qanunvericiliyə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş torpaq sahələri üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Xanlar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 15 saylı qərarı ilə Göygöl rayonu, Üçtəpə kəndi ərazisində 0,07 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. "Torpağın mülkiyyətə verilməsinə dair" JN-060F (KOD ********) nömrəli Şəhadətnamayə əsasən verilmiş Göygöl rayonu, Üçbulaq kəndi ərazisində 0,07 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar