Məhkəmə qərarları › İş №2-1(114)-1150/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1150/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1150/2020 30.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə hazırlıq icraatı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx xxxxxx 2020-ci il tarixli, 1/C-2727 nömrəli məktubu ilə döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni özbaşına tərk etdiyinə görə İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və X1 üzrə komissiyasının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx N66-cı il tarixdə Ağdam rayonunun Zəngişalı kəndində anadan olmuşdur. Ağdam rayon Hərbi Komissarlığından müddətdən artıq hərbi xidmətə çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxx N94-cü il tarixli, 109 nömrəli əmrinə əsasən qeyd olunan hərbi hissənin şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxx N94-cü il tarixli, 71 nömrəli əmrinə əsasən sıravi əsgər İddiaçı müvafiq hərbi qeydiyyata düşməsi üçün Ağdam rayon Hərbi Komissarlığının sərəncamına göndərilmişdir. O, xx xxxxx N94-cü il tarixdən xx xxxx N94-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissələrində sıravi əsgər kimi müddətdən artıq hərbi xidmət keçmiş və qeyd olunan dövrdə həmin hərbi xidməti dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüşlərdə bilavasitə iştirak etməsinə baxmayaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran Adlarının və X1 üzrə komissiyası xx xxxxxx 2020-ci il il tarixli imtina məktubu ilə ona müharibə veteranı vəsiqəsi verilməsindən imtina etmişdir. İddiaçının vəkili X3 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx xxxxxxxx 20N-cu il tarixli, 9/2-12727 nömrəli arayışına əsasən İddiaçı N (bir) aydan çox hərbi hissədən yayındığı üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 71 nömrəli əmrilə bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmişdir. İddiaçı döyüş əməliyyatları aparılan zaman N nömrəli hərbi hissəni özbaşına tərk etdiyi üçün ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xidmətdə olduğu müddətdə hərbi hissəni özbaşına tərk etmiş, bu hal işdə olan sənədlər öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.20N-cu il tarixli, 9/2-12727 nömrəli arxiv arayışından görünür ki, Ağdam RHK-dan çağırılmış İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 109 nömrəli əmrilə şəxsi heyətin siyahısına bütün növ təminatlara salınmışdır. N (bir) aydan çox hərbi hissədən yayındığı üçün sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 71 nömrəli əmrilə bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.20N-cu il tarixli məktubundan məlum olur ki, İddiaçı həqiqətən xx.xx.N85-ci ildən xx.xx.N87-ci il tarixədək keçmiş SSRİ silahlı qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 138 nömrəli və xx.xx.N94-cü il tarixli, 71 nömrəli əmrlərindən çıxarışlardan görünür ki, N (bir) aydan çox hərbi hissədən yayındığı üçün sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin əmri ilə bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis edilməməsidir. Belə ki, iş materiallarında olan əmrlərin surətindən məlum olur ki, N (bir) aydan çox hərbi hissədən yayındığı üçün sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin əmri ilə bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilsə də, daha sonra qanuni əsaslarla tərxis olunmamışdır. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N95-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, ….. tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Həmin bəndin qeydində göstərilir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 68.1. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar