Məhkəmə qərarları › İş №2-1(114)-1151/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1151/2024

28.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1151/2024 28.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdeh orqanın ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə qərarının qismən dəyişdirilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı cavabdeh orqanın ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə qərarının yardımın məbləği və təyin edilməsi müddətinə dair hissədə dəyişdirilərək, yardımın məbləğinin yenidən düzgün müəyyən edilməsi və xx.xx.2023-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 2065 nömrəli arayışına əsasən İddiaçı həqiqətən Gəncə şəhəri, İnşaatçılar küçəsi, ev 27 ünvanında qeydiyyatdadır və tək yaşayır.

2. İddiaçı orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi 2022-ci il üçün 180 manat, 2023-cü il üçün 220 manat məbləğində aylıq sosial müavinət təyin edilmişdir.

3. İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********65701-197 nömrəli müraciətinə əsasən, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış X1 nəticəsində ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 46 manat məbləğində ÜDSY ödənişi təyin olunmuşdur.

4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-255656/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 2-1-1/2- 12345/2024 nömrəli cavab məktublarında göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na (Qaydalar) əsasən Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. Qeyd edək ki, ünvanlı dövlət sosial yardımın (ÜDSY) təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilmişdir. Ailəni təmsil edən şəxs qismində İddiaçı ÜDSY-nin təyin edilməsi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" (VEMTAS) altsisteminə daxil etdiyi **********65701-197 nömrəli müraciətində, ailənin hər bir ailə üzvü üçün orta aylıq gəliri 200 manat məbləğində müəyyən olunmuşdur. Belə ki, vətəndaş İddiaçı orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi 2022-ci il üçün 180 manat, 2023-cü il üçün 220 manat məbləğində aylıq sosial müavinət təyin edilmiş, vətəndaş İddiaçı son 12 ay ərzində ümümilikdə 2400 manat məbləğində sosial müavinət almışdır. Sözügedən müraciətdə ailənin ÜDSY məbləğinin hesablanması, Qaydalara əsasən 1 nəfərlik ailə üçün aşağıdakı kimidir: 246 - 200 = 46; 46 x 1 = 46. Buna görə də, Qaydalara əsasən VEMTAS tərəfindən ailəyə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək aylıq 46 manat məbləğində ÜDSY təyin edilmiş, müddətin sonuna kimi təyin olunan yardım ödənilmişdir. Bundan sonra, ailənin ÜDSY almaq hüququnun müəyyən olunması ilə bağlı VEMTAS-a müraciəti olmamışdır. II. Məhkəmədə icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş ünvanlı sosial yardımın məbləğinin düzgün hesablanması və xx.xx.2023-cü il tarixdən ona ödənilməmiş ünvanlı sosial yardımın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə ona ünvanlı sosial yardım verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən 2-ci qrup əlil olmağı və ünvan 2 ünvanlı sosial yardım təyin edilmişdir. Həmçinin qeyd edir ki, ona ünvanlı sosial yardım verilməsi ilə bağlı cavabdeh orqanın nümayəndələri yaşdığı evə baxış keçirən zaman bir məhlədə 3 ev olmasına və ona aid evin qaz və işıq sayğaclarının olmasına baxmayaraq, digər evlərində qalan şəxsləri kirayəçi kimi qeyd etmişlər, nəticədə onun mənzil şəraiti və həyat tərzim nəzərə alınmamış və sonda ona 46 manat ünvanlı sosial yardım verilmişdir. Bundan başqa həmin şəxslər adlarını və hansı vəzifədə işlədiklərini ona bildirməmiş və iddiaçı onlara elektrik enerjisinə və qaz sərfiyyatı ilə bağlı borcu olduğunu bildirsə də buna əhəmiyyət verməmişlər. Həmçinin xeyli müddətdir ki, qaraciyər xəstəsi olmağını nəzərə almamışlar. Məhz bu səbəblərdən ona təyin edilmiş ünvanlı sosial yardımın məbləğinin düzgün hesablanması və xx.xx.2023-cü il tarixdən ona ödənilməmiş ünvanlı sosial yardımın verilməsi bağlı cavabdeh orqana müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edir və hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

8. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilmişdir.

9. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh orqanın ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə qərarının yardımın məbləği və təyin edilməsi müddətinə dair hissədə dəyişdirilərək yardımın məbləğinin yenidən düzgün müəyyən edilməsi və xx.xx.2023-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

11. Hazırkı iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.

12. İPM-in 2.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia).

13. İPM-ə görə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.

14. Mübahisələndirmə haqqında iddia növünə aid iddianın mümkün sayılması üçün İPM-in 38-ci maddəsində nəzərdə tutulmuş müddətlərə riayət edilməlidir.

15. Həmin maddəyə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

16. Bu səbəbdən hazırkı iddianın qaldırılması üçün nəzərdə tutulmuş iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirir (onun dəyişdirilməsini xahiş edir) və həmin iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

17. Cavabdeh orqanın qərarı VEMTAS vasitəsilə avtomatlaşdırılmış qaydada qəbul edildiyindən iddiaçıya rəsmi qaydada təqdim edilməsi həyata keçirilməmişdir. İddiaçı isə həmin qərardan 2023-cü ilin noyabr ayının 15-də ÜDSY ödənişini alarkən məlumat əldə etdiyini bildirmişdir.

18. Məhkəmə hesab edir ki, qanunda nəzərdə tutulmuş iddia müddəti ötürülməmişdir və müddətlə bağlı mümkünlük şərti iddiaçı tərəfindən ödənilmişdir.

19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

20. Məhkəmə hazırkı iddianın mübahisələndirmə haqqında iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

23. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişlər.

24. Cavabdeh orqanın yazılı etirazı məhkəməyə daxil olmamışdır. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

25. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

26. Cavabdehin nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 2065 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-255656/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 2-1-1/2- 12345/2024 nömrəli cavab məktubları; - İddiaçıya ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə icraat materialları; - Ailənin X1 barədə xx.xx.2023-cü il tarixli məlumat.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

29. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, İddiaçı orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi 2022-ci il üçün 180 manat, 2023-cü il üçün 220 manat məbləğində aylıq sosial müavinət təyin edilmişdir. İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********65701-197 nömrəli müraciətinə əsasən, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq, Dövlət Sosial Müdafiə Fondunun Maddi-məişətin müayinəsi üzrə mərkəzi filialı tərəfindən aparılmış X1 nəticəsində ailəyə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 46 manat məbləğində ÜDSY ödənişi təyin olunmuşdur.

30. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna görə: Maddə 1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.3. ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu; 1.0.4. ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq göstəricisi; 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.

32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na görə: Bənd 1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Bənd 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir.. Bənd 2.6. Elektron formada göndərilmiş müraciət həmin gün qeydiyyata alındıqdan sonra istifadəçinin ekranına və Təmsilçinin “Ərizə-bəyannamə”də qeyd etdiyi əks-əlaqə vasitələrinin birinə VEMTAS tərəfindən ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında bildiriş (3 nömrəli əlavə) 3 (üç) gün müddətində göndərilir. Ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır. Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur.

33. Göründüyü kimi, ərizənin qeydiyyata alındığı tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır və sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur.

34. Hazırki işdə iddiaçı ona təyin edilmiş sosial yardımın müraciət etdiyi ayın 1dən, yəni xx.xx.2023-cü il tarixdən təyin edilməsini xahiş edir.

35. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunun tələbinə əsasən, sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunsa da, cavabdeh orqan müraciət üzrə X1ni həyata keçirərkən apardığı araşdırması 2023-cü ilin oktyabr ayında başa çatdığı üçün həmin ayın 1-dən təyin etmişdir. Lakin bu halda belə, iddiaçıya təyinat tarixindən etibarən 1 il müddətinə ödənildiyi nəzərə alınmaqla, iddiaçıya sosial yardımın xx.xx.2023-cü il tarixdən deyil, xx.xx.2023-cü il tarixdən təyin edilməsi onun 1 il müddətində sosial yardım almaq hüququnu məhdudlaşdırmamışdır. İddiaçıya xx.xx.2023-cü il tarixdən təyin edilmiş sosial yardımın ödənişi xx.xx.2024-cü il tarixədək almışdır.

36. Məhkəmə iddia tələbinin yardımın məbləğinin yenidən düzgün müəyyən edilməsi ilə bağlı onu da qeyd edir ki, İddiaçı orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi 2022-ci il üçün 180 manat, 2023-cü il üçün 220 manat məbləğində aylıq sosial müavinət təyin edilmiş, o, son 12 ay ərzində ümümilikdə 2400 manat məbləğində sosial müavinət almışdır.

37. Sözügedən müraciətdə ailənin ÜDSY məbləğinin hesablanması, Qaydalara əsasən 1 nəfərlik ailə üçün aşağıdakı kimidir: - 246 - 200 = 46 - 46 x 1 = 46.

38. Buna görə də, Qaydalara əsasən VEMTAS tərəfindən ailəyə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək aylıq 46 manat məbləğində ÜDSY təyin edilmiş, müddətin sonuna kimi təyin olunan yardım ödənilmişdir.

39. Belə olan halda, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlı dövlət sosial yardım təminatının həyata keçirilməsində iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.

40. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

41. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

42. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar