Məhkəmə qərarları › İş №2-1(114)-1153/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1153/2024

20.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1153/2024 20.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ayda 80 manat olmaqla hesablanması və qalan məbləğin ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, ona xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrdə müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin yenidən ayda 80 manat olmaqla hesablanması və qalan məbləğin ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehlər əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsinin iştirakçısıdır, Məhkəmə qərarı ilə ona xx.xx.2011-ci il tarixdən 08 fevral 2014-cü il tarixədək olan dövrdə müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin DSMF-nin Publik Hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının üzərinə qoyulması qət edilmişdir. Ona 26 ay ona müavinət verilməli olsa da 2021ci ilin oktyabr, noyabr ayları üçün cəmi 160 manat (hər aya əlavə 80 manat), dekabr ayında 735 manat,815 manat pul ödənilmişdir. Odur ki, cavabdehə rəsmi müraciətlər edərək, ona məhkəmə qərarında göstərilən 26 ay müddətində ödəniləcək məbləğin hər ayda 80 manat olmaqla hesablanmasını və həmin məbləğlə ödənilməmiş fərqin ona ödənilməsini xahiş etmiş, lakin müraciəti müsbət həll edilməmişdir. Hesab edir ki, ona ödənilməli məbləğ hər ay üçün 80 manatla götürülməli, həmin məbləğə uyğun hesablama aparılmalı, həmin nəticə ilə ödənilmiş məbləğin fərqinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçıya məhkəmə iclasının yeri vaxtı barədə məlumat verilməsinə baxmayaraq, gəlməmiş, səbəbləri barədə məlumat verməmuişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya xx.xx.2014-cü ildə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Ona xx.xx.2011ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət tam ödənilmişdir. İddiaçı iddia ərizəsində ona ödənilmiş məbləğin ayda 80 manat olaraq ödənilməsini iddia edir. xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək həmin vaxt qüvvədə olan maddi hüquq norması tətbiq edilməlidir. Belə ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci tarixli 567 nömrəli Fərmanına əsasən müharibə veteranı adı almış şəxslərə xx.xx.2011-ci il tarixdən sosial müavinətin məbləği 33 manat müəyyən edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-ci tarixli 973 nömrəli Fərmanına əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə xx.xx.2013-cü tarixdən sosial müavinətin məbləği 37 manat müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ayda 80 manat olaraq ödənilməsi qanunvericiliyin tələbi baxımından mümkün deyildir. Surəti iş materiallarına əlavə edilmiş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(083)-1677/2019 nömrəli qanuni qüvvəyə minmiş qərarından görünür ki, iddiaçıya xx.xx.2011-ci il tarixdən 08 fevral 2014-cü il tarixədək olan dövrdə müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyinin DSMF-nin Kəpəz rayon şöbəsinin üzərinə qoyulması qət edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, işin hallarından müəyyən olunduğu kimi iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət 888,58 manat məbləğində tam ödənilmişdir. Həmçinin, iddiaçıya xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən müharibə veteranları üçün nəzərdə tutulmuş 80 manat məbləğində prezident təqaüdü təyin edilmiş və hazırda ödənilməkdədir. Hazırkı iddia ilə iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək ödənilmiş müavinətin də 80 manat həcmində hesablanmasını və yaranmış fərqin ödənilməsini tələb edir.. “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, sosial müavinətlər – bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikasında ayrı-ayrı vətəndaşların ölkə qarşısında xidmətlərinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamlarına əsasən onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdləri hüququn yarandığı tarixdən təyin olunaraq ödənilir və təqaüdün Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri, fəxri adlara görə aylıq təqaüdlər, Azərbaycan Respublikası Milli Qəhrəmanlarına və onların ailə üzvlərinə verilən Prezident təqaüdü, 20 Yanvar şəhidinin ailə üzvlərinə Prezident təqaüdü, şəhid ailə üzvlərinə Prezident təqaüdü, müharibə əlillərinə Prezident təqaüdü, 20 Yanvar əlillərinə Prezident təqaüdü, X1 əlillərinə Prezident təqaüdü kimi növləri vardır. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanının 1,2 və 5-ci hissələrinə əsasən:

1. Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.

2. Müəyyən edilsin ki: bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (X1 iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.

5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə verilir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq olunmuş “müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəalarını nəzərə almaqla məhkəmə hesab edir ki, sosial müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin tətbiqi zamanı yəni xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək həmin vaxtı qüvvədə olan maddi hüquq norması tətbiq edilməlidir. Belə ki, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci tarixli 567 nömrəli Fərmanına əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə xx.xx.2011-ci il tarixdən sosial müavinətin məbləği 33 manat müəyyən edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-ci tarixli 973 nömrəli Fərmanına əsasən əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə xx.xx.2013-cü tarixdən sosial müavinətin məbləği 37 manat müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ayda 80 manat olaraq ödənilməsi qanunvericiliyin tələbi baxımından mümkün deyildir. Beləliklə, iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinət tam ödənildiyindən, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki illər üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçıya xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ayda 80 manat olaraq ödənilməsi üçün hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

N ə t i c ə h i s s ə s i:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ayda 80 manat olmaqla hesablanması və qalan məbləğin ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar