Məhkəmə qərarları › İş №2-1(114)-1154/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1154/2021

06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1154/2021 06.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Naftalan Şəhər İcra Hakimiyyəti) Naftalan şəhəri, İ.Həsənzadə küçəsində yerləşən 24 kv.m torpaq sahəsində tikdirdiyi tikilinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 22.07.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Naftalan şəhəri, İ.Həsənzadə küçəsində yerləşən 24 kv.m torpaq sahəsində tikdirdiyi tikilinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 09.10.2020-ci il tarixli, 2-1(114)- 1519/2020 nömrəli qərardad ilə iddia mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin 09.10.2020-ci il tarixli, 2-1(114)-1519/2020 nömrəli qərardadından İddiaçı Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 04.03.2021-ci il tarixli, 2-1(104)-172/2021 nömrəli qərardad ilə apelyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 09.10.2020-ci il tarixli, 2-1(114)-1519/2020 nömrəli qərardadı ləğv edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə qaytarılmışdır. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 09.08.2021-ci il tarixli, 2-1(114)- 1154/2021 nömrəli qərardad ilə Naftalan Şəhər İcra Hakimiyyəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Naftalan şəhər XDS rəyasət heyətinin 21 yanvar 1993-cü il tarixli, 38 nömrəli qərarı ilə ona Naftalan şəhərində İ.Həsənzadə küçəsində Safıkürd dayanacağının yanında kommersiya məqsədilə mağaza tikintisi üçün 24 kv.m torpaq sahəsi ayrılmışdır. O, həmin torpaq sahəsində müvafiq smeta əsasında tikinti tikmişdir. O, artıq uzun müddətdir ki, tikdirdiyi tikilidən sahibkarlıq məqsədi üçün istifadə edir. O, tikdirdiyi tikilinin dövlət reyestrində qeydə alınması üçün cavabdeh orqana ərizə ilə müraciət etmiş. Lakin sonuncu bundan imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 06 sentyabr 2021-ci il tarixə təyin edilmişdir. Təyin edilmiş şifahi məhkəmə baxışı iclasına İddiaçı və cavabdehin etibarnamə üzrə X2 gəlmiş, üçüncü şəxs Naftalan Şəhər İcra Hakimiyyəti isə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, Naftalan şəhəri, İ.Həsənzadə küçəsində yerləşən 24 kv.m torpaq sahəsində tikdirdiyi tikilinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə X2 iddia tələbinə etiraz edərək, iddia ərizəsinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının əsasını aşağıdakı sənədlər təşkil etmişlər: - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Naftalan şəhər Dövlət arxivinin 16.09.2019-cu il tarixli, 50 nömrəli Arxiv arayışının əsli; - İddiaçı mağaza üçün verilmiş 24.0 kv.m torpaq sahəsinin yerquruluşu panının əsli; - Cavabdehin iddiaçıya ünvanladığı 06.09.2021-ci il tarixli imtina məktubunun əsli; - Məhkəmənin sorğusu əsasında alınmış Naftalan Şəhər İcra Hakimiyyətinin 07.07.2021-ci il tarixli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Naftalan Şəhər İcra Hakimiyyətinin 04.08.2021-ci il tarixli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Naftalan Şəhər İcra Hakimiyyətinin 17.08.2021-ci il tarixli cavab məktubu. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia aşağıdakılara görə əsaslı deyil. Belə ki, iddiaçı Naftalan şəhəri, İ.Həsənzadə küçəsində yerləşən 24 kv.m torpaq sahəsində tikdirdiyi tikilinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi iddiaçının müraciətinə imtina edərək, bildirmişdir ki, Naftalan şəhəri, İ.Həsənzadə küçəsində, 24 kvm torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması məqsədilə iddiaçının təqdim etdiyi sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, ərizəyə əlavə edilən Naftalan şəhər XDS Rəyasət Heyətinin 21 yanvar 1993-cü il tarixli, 38 nömrəli qərarından çıxarışdan məlum olmuşdur ki, Naftalan şəhəri, İ.Həsənzadə küçəsindən İddiaçı 24 kvm torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Həmin qərarda torpaq sahəsinə dair dövlət aktının hazırlanması göstərilsə də, araşdırma zamanı torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alnmadığı müəyyən olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən 24 kvm torpaq sahəsində inşa olunmuş qeyri-yaşayış binasına dair təsdiq olunmuş layihə, tikintiyə icazə barədə sərəncam və tikintinin istismara qəbul aktı da ərizəyə əlavə edilməmişdir. Bu səbəbdən də, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina olunmuşdur. Məhkəmənin sorğusu əsasında alınmış Naftalan Şəhər İcra Hakimiyyətinin 07.07.2021-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, İddiaçı məxsus Naftalan şəhəri, İslam Həsənzadə küçəsində yerləşən torpaq sahəsində heç bir tikinti-quraşdırma işləri aparılmamışdır. Məhkəmənin sorğusu əsasında alınmış Naftalan Şəhər İcra Hakimiyyətinin 04.08.2021-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Naftalan şəhər sakini İddiaçı məxsus Naftalan şəhəri, İslam Həsənzadə küçəsində Səfikürd dayanacağının yanında yerləşən torpaq sahəsində tikinti quraşdırma işlərinin aparılmaması barədə məlumat verilmişdir. Lakin sonradan vətəndaşın iştirakı ilə sözügedən əraziyə baxış keçirilmiş və məlum olmuşdur ki, vətəndaş İddiaçı məxsus 24 kv.m torpaq sahəsi ilkin göstərilmiş ərazinin yaxınlığında yerləşir və orada mişar daşından tikilmiş, 1 mərtəbəli ictimai iaşə obyekti yerləşir. Naftalan şəhər XDS Rəyasət heyətinin 21 yanvar 1993-cü il tarixli, 38 nömrəli qərarı ilə kommersiya fəaliyyəti üçün mağaza tikdirmək məqsədilə İddiaçı 24 kv.m torpaq sahəsi ayrılmış və 18 mart 1993-cü il tarixdə Texniki İnventarlaşma Bürosu tərəfindən mağazaya texniki pasport işlənərək vətəndaşa təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında alınmış Naftalan Şəhər İcra Hakimiyyətinin 17.08.2021-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Naftalan şəhər XDS Rəyasət heyətinin 21 yanvar 1993-cü il tarixli, 38 nömrəli qərarı ilə İddiaçı Naftalan şəhəri, İslam Həsənzadə küçəsində Səfikürd dayanacağının yanında yerləşən ərazidə kommersiya fəaliyyəti üçün mağaza tikdirmək məqsədilə 24 kv.m torpaq sahəsi ayrılmış və 18 mart 1993-cü il tarixdə Texniki inventarlaşma Bürosu tərəfindən mağazaya texniki pasport işlənərək vətəndaşa təqdim edilmişdir. Hal-hazırda həmin torpaq sahəsində vətəndaşa məxsus mişar daşından tikilmiş, 1 mərtəbəli ictimai iaşə obyekti fəaliyyət göstərir. Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı məxsus obyektə tikintiyə icazə ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd verilməmişdir. İş materiallarında olan və məhkəmənin sorğusu əsasında alınmış Naftalan şəhər Dövlət arxivinin 16.09.2019-cu il tarixli, 50 nömrəli Arxiv arayışından müəyyən edilir ki, Naftalan şəhər XDS Rəyasət heyəti 21.01.1993-cü il tarixli, 38 nömrəli qərarı ilə Ş.Qurbanov küçəsi, 26 nömrəli binanın 12-ci mənzilində yaşayan İddiaçı İ.Həsənzadə küçəsində Safıkürd dayanacağının yanından kommersiya məqsədilə mağaza üçün 24 kv.m torpaq sahəsi ayrılması, torpaq sahəsinin ayrılması barədə eskizə uyğun yerdə tikiləcək binanın xarici görünüşü və şərtləri müəyyən olunub şəhər İcra Hakimiyyəti Başçısı və şəhərin memarı ilə razılaşdırıldıqdan sonra tikintinin başlanmasına icazə verilməsinin vətəndaşa bildirilməsi qərar alınmışdır. Vətəndaşa torpaq sahəsi ayrılması barədə dövlət aktının verilməsi və qərarın icrasına nəzarət Rəyasət heyətinin Sədr müavinə tapşırılmışdır. Yuxarıda qeyd olunan məhkəmənin sorğusu əsasında alınmış sənədləri əsas tutan məhkəmə yekunda belə nəticəyə gəlir ki, Naftalan şəhər XDS Rəyasət heyəti 21.01.1993-cü il tarixli, 38 nömrəli qərar ilə iddiaçıya Safıkürd dayanacağının yanından kommersiya məqsədilə mağaza üçün 24 kv.m torpaq sahəsi ayrılsa da, ona bildirilmişdir ki, torpaq sahəsinin ayrılması barədə eskizə uyğun yerdə tikiləcək binanın xarici görünüşü və şərtləri müəyyən olunub şəhər İcra Hakimiyyəti Başçısı və şəhərin memarı ilə razılaşdırıldıqdan sonra tikintinin başlanmasına icazə veriləcəkdir. Lakin məhkəmə tərəfindən Naftalan Şəhər İcra Hakimiyyətinə tikintiyə icazə ilə bağlı iddiaçıya hər hansı hüquqmüəyyənedici sənədin verilib-verilməməsinə dair sorğu verilmiş, sonuncu sorğuya cavab olaraq bildirmişdir ki, tikintiyə icazə ilə bağlı iddiaçıya heç bir hüquqmüəyyənedici sənəd verilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (2.2-ci maddə). Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində sadalanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı əsas hesab olunur. Qanunun mənasına görə iddiaçının inşa etdiyi qeyri-yaşayış binasına hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktının olması zəruridir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarına, üçüncü şəxsin cavab məktublarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Göründüyü kimi qanunvericilik daşınmaz əmlakın üzərində hüquqların əmələ gəlməsi üçün əsas kimi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşmış lahiyə, müvafiq icra hakimiyyəti orqanının tikintisinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı qeyd edilmişdir. Lakin iddiaçı məhkəmə iclasında göstərilən sənədlərin hər-hansı birini məhkəməyə təqdim edə bilməmiş və bildirmişdir ki, qeyd edilən sənədlərin heç biri onda mövcud deyil. Məhkəmə iddiaçı tərəfindən verilmiş iddia ərizəsini, həmçinin iddiada mübahisələndirlən cavabdehin imtina məktubunu nəzərdən keçirib hesab edir ki, iddia əsassızdır və cavabdehin imtinası qanunidir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqanın hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Naftalan Şəhər İcra Hakimiyyəti) Naftalan şəhəri, İ.Həsənzadə küçəsində yerləşən 24 kv.m torpaq sahəsində tikdirdiyi tikilinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Naftalan Şəhər İcra Hakimiyyəti) Naftalan şəhəri, İ.Həsənzadə küçəsində yerləşən 24 kv.m torpaq sahəsində tikdirdiyi tikilinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar