Məhkəmə qərarları › İş №2-1(114)-1155/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1155/2021

15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1155/2021 15.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti) qarşı «mənzilin özəlləşdirilməsi» tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə ünvan 1 ünvanında yerləşən 19 saylı mənzilin onun adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3-un orderi əri Hüseynov Qədimin qardaşı X2 adınadır. X8 və əri X6 vəfat etmişlər. O, mənzildə yeganə qeydiyyatda olan şəxs kimi mənzilin adına özəlləşdirilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətimdən imtina etmişdir. Ona görə də ünvan 4-un onun adına özəlləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin 27.08.2021-ci il tarixli qərardadı ilə Gəncə şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X3 iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən 19 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 23 iyun 2020-ci il tarixli müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı mənzil sahəsinin İddiaçı adına qeydiyyata alınması üçün orderinin və ya mənzil kirayə müqaviləsinin, yaxud mənzilin verilməsinə dair sərəncamın və dövlət rüsumunun ödənilməsi barədə sənədin əlavə edilmədiyi aşkar edilmişdir. «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzilin özəlləşdirilməsi ilə bağlı qanunla müəyyən edilmiş sənədlər təqdim edilmədiyi üçün müraciətin icrası mümkün olmamış və bu barədə iddiaçıya rəsmi məktub göndərilmişdir. Ona görədə iddiaçının tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini 30.09.1973-cü il tarixli A3 '224654 nömrəli nikahın bağlanması haqqında şəhadətnamə, 01.03.1968-ci il tarixli 546 nömrəli order, 01.01.2002-ci il tarixli AZ 052781 nömrəli ölüm haqqında şəhadətnamə, 07.10.2005-ci il tarixli 259678 nömrəli ölüm haqqında arayış, 06.12.2012-ci il tarixli 2594 nömrəli arayışforma 2, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin 15.09.2021 -ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, cavabdehin iddiaçıya ünvanlandığı 30.06.2020-ci il tarixli **********01 nömrəli imtina məktubu və cavabdehin 15.09.2021-ci il tarixli **********96 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını və iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə «İnzibati icraat haqqında» Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1 -ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia aşağıda qeyd olunanlara əsasən əsaslı deyildir. Cavabdeh 30.06.2020-ci il tarixli **********01 nömrəli imtina məktubunda göstərmişdir ki, aparılan araşdırma zamanı mənzil sahəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq verilmiş orderin və ya mənzil kirayə müqaviləsinin müraciətə əlavə edilmədiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmə 05.08.2021-ci il tarixli məktubla iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərin surətlərini cavabdehə göndərməklə iddiaya qarşı öz münasibətini (etirazını) bildirməsini tələb etdikdən sonra cavabdeh 15.09.2021-ci il tarixli **********96 nömrəli etiraz göndərərək, göstərmişdir ki, müraciətə əlavə edilmiş orderin yararsız (cırılmış vəziyyətdə) olduğu, həqiqiliyinin təsdiqlənmədiyi, orderə dair arxiv arayışının əlavə edilmədiyi, həmçinin təqdim edilmiş orderdə vətəndaşın adının olmadığı, həmin mənzilə istifadə hüququnun sonradan yarandığı, habelə təqdim edilmiş 06.12.2012ci il tarixli Forma2 arayışın köhnə tarixli olması, hal-hazırda qeydiyyatda olsan şəxslər barədə məlumatın olmadığı müəyyən edildiyindən ərizənin icrası mümkün olmamışdır. «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 saylı forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncamı iddia ərizəsinə əlavə etmədiyi üçün iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan 30.09.1973-cü il tarixli A3 224654 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X6 və X7 30.09.1972-ci il tarixdə nikahlarını bağlamış, bu barədə Kirovabad şəhər Zaks şöbəsinin nikahın bağlanması haqqında akt qeydləri kitabında 891 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə «Hüseynov», arvada «Hüseynova» soyadı verilmişdir. İşdə olan 01.03.1968-ci il tarixli 546 nömrəli orderdən və həmin orderin çıxarışından görünür ki, SU-61-də işləyən X4 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə, 2 otaqdan, 32.0 kv.m-dən ibarət mənzil verilmişdir. İşdə olan 01.01.2002-ci il tarixli AZ 052781 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 29.12.2001-ci il tarixdə 64 yaşında ölmüşdür. Bu barədə 01.01.2002-ci il tarixdə qeydiyyat kitabının 01 səhifəsində qeydiyyat aparılmışdır. İşdə olan 07.10.2005-ci il tarixli 259678 nömrəli ölüm haqqında arayışdan görünür ki, X8 15.05.1998-ci il tarixdə Gəncə şəhərində ölmüşdür. Bu barədə 16.05.1998-ci il tarixdə qeydiyyat kitabının 252 səhifəsində qeydiyyat aparılmışdır. İşdə olan 06.12.2012-ci il tarixli 2594 nömrəli arayış-forma 2-dən görünür ki, ünvan 3 ünvanında yerləşən 2 otaqdan, 32.0 kv.m- dən ibarət mənzil Dövlət fonduna məxsusdur və həmin mənzildə İddiaçı tək yaşayır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 15.09.2021-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, xx.xx.1951-ci il tarixində Gəncə şəhərində doğulmuş İddiaçı 01.06.2005-ci il tarixdən ünvan 4 ünvanında yaşayır. «Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin» Əsasnaməsinin 2.0.5-ci maddəsinə əsasən dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və dövlət mülkiyyətində olan torpaqların özəlləşdirilməsini həyata keçirmək Xidmətin əsas fəaliyyət istiqamətlərindən biridir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi qeyd olunan maddənin tələbinə görə mənzilin özəlləşdirilməsi üçün müraciət olunan anda şəxsin mənzil kirayə müqaviləsində göstərilməsi imperativ xarakter daşıyır. İddiaçı faktiki olaraq sözügedən mənzildə yalnız özü qeydiyyatda olub, tək yaşamasına baxmayaraq, onun adına kirayə müqaviləsi bağlanmamışdır. Beləliklə iş üzrə tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının tələbi ilə bağlı cavabdeh tərəfindən həyata keçirilən tədbirlər «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. Ona görədə məhkəmə iddia tələbinin rədd olunmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsigöstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə şəhər İcra Hakimiyyəti) qarşı «mənzilin özəlləşdirilməsi» vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar