Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1156/2021 29.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 və (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə qarşı 21.05.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1979-cu il tarixdən 1996-cı il tarixədək Goranboy rayon Faxralı kolxozunda, 15.11.1996-cı il tarixdən 01.05.2002-ci il tarixədək X7 Təsərrüfatında və 01.05.2002-ci il tarixdən 31.12.2005-ci il tarixədək Goranboy rayonu X7 Təsərrüfatı MMCdə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 09.12.2020-ci il tarixli, 2-1(114)- 1234/2020 nömrəli qərardad ilə iddia mümkün sayılmamışdır. İddiaçı Gəncə İnzibati Məhkəməsinin 09.12.2020-ci il tarixli, 2-1(114)-1234/2020 nömrəli qərardadından Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 04.03.2021-ci il tarixli, 2-1(104)- 282/2021 nömrəli qərardad ilə Gəncə İnzibati Məhkəməsinin 09.12.2020-ci il tarixli, 2- 1(114)-1234/2020 nömrəli qərardadı ləğv edilmiş və iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 21.06.2021-ci il tarixli, 2-1(114)- 1156/2021 nömrəli qərardad ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Goranboy rayon filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra mətndə cavabdeh) ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə Goranboy rayonu, Faxralı kəndində anadan olmuşdur. 1979-1996-cı illərdə Goranboy rayonu, Faxralı kolxozunda işləmişdir. 15 noyabr 1996-cı il tarixdə Goranboy rayonu, Faxralı kəndi “xxxx” KFT başçısı vəzifəsinə təyin edilərək, “xxxx” KFT-də 01.05.2002-ci ilədək işləmiş, 01.05.2002-ci il tarixdə “xxxx” KFT-nin adı dəyişdirilərək Goranboy rayonu “xxxx” KFT MMC olmuş, 01.05.2002-ci il tarxidən 2005-ci ilin sonunadək Goranboy rayonu “xxxx” KFT MMC-də işləmişdir. Hal-hazırda yaşa görə əmək pensiyasına çıxmaq istəyir. Ancaq 1979- 1996-cı illərdə Goranboy rayonu, Faxralı kolxozunda, 15.11.1996-01.05.2002-ci illərdə “xxxx” KFT-də və 01.05.2002-31.12.2005-ci illərdə Goranboy rayonu “xxxx” KFT MMC-də işlədiyi illər sosial sığorta stajına hesablanmamışdır. Bununla bağlı, cavabdeh inzibati orqana rəsmi ərizə ilə müraciət etmiş, sonuncu 08.05.2020-ci il tarixdə **********2 saylı məktub göndərərək, kolxozda və “xxxx” KFT-də işləməsi əmək kitabçasında qeyd olunmadığından əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. İddiaçının kolxozda, Goranboy rayonu, Faxralı kəndi “xxxx” KFT və Goranboy rayonu “xxxx” KFT MMC-də işləməsi arxiv arayışları ilə təsdiq olunur. İddiaçı cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 29 iyun 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımı qaydada məlumat verilmişdir. Təyin edilmiş şifahi məhkəmə baxışı iclasına iddiaçının nümayəndələri Nümayəndə1, Vəkil (vəkili) və cavabdehin nümayəndəsi X2 gəlmişlər. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndələri Nümayəndə1 və Vəkil (vəkili) ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiaçının 1979-cu il tarixdən 1996-cı il tarixədək Goranboy rayon Faxralı kolxozunda, 15.11.1996-cı il tarixdən 01.05.2002-ci il tarixədək X7 Təsərrüfatında və 01.05.2002-ci il tarixdən 31.12.2005-ci il tarixədək Goranboy rayonu X7 Təsərrüfatı MMCdə işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iş illəri sosial siğorta stajına daxil edildiyi halda qanunvericiliklə müəyyən olunan 25 illik əmək stajı yaranır, lakin iddiaçının iddia etdiyi illər onun əmək kitabçasında öz əksini tapmadığı üçün ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin izahatında qeyd etmişdir ki, iddiaçının “xxxx” KFT-də işlədiyi iş illəri staj kimi qəbul edilir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin iddiaçıya ünvanladığı 08.05.2020-ci il tarixli, **********2 nömrəli imtina məktubunun əsli; - Goranboy rayon Dövlət Arxivinin 06.04.2020-ci il tarixli, 43 nömrəli arxiv arayışının əsli; - Goranboy rayonu X7 Təsərrüfatı MMC-nin 08.05.2020-ci il tarixli, 14 nömrəli arayışının əsli; - Goranboy rayonu X7 Təsərrüfatı MMC-nin 08.05.2020-ci il tarixli, 13 nömrəli arayışının əsli; - Məhkəmənin sorğusu əsasında alınmış 12 saylı Ərazi ergilər Baş İdarəsinin 18.06.2020-ci il tarixli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Goranboy rayon Dövlət arxivinin 15.06.2020-ci il tarixli, 22 nömrəli məktubu; - Azərbaycan Dövlət Aqrar Universitetinin 19.03.2020-ci il tarixli, 12/14 nömrəli arayışının surəti; - Məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Goranboy rayon filialının 07.12.2020-ci il tarixli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu iddiaçıya 08.05.2020-ci il tarixli, **********2 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, onun kolxozda, X7 Təsərrüfatında işlədiyi iş stajı əmək kitabçasına yazılmadığına görə əmək pensiyası təyin etmək mümkün deyil. Məhkəmə cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini iddiaçının qanunla qorunan hüquqlarının pozulması kimi qiymətləndirir. Belə ki, məhkəmənin sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Goranboy rayon filialının 07.12.2020-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, İddiaçı 17 il X5 verdiyi arayışa əsasən Faxralı kolxozunda işlədiyi dövr, 4 il 7 ay 21 gün əyani təhsil aldığı dövr, 1 il əmək kitabçasına əsasən Oğuz rayonu Kommunizm kolxozunda işlədiyi dövr, 1 il 9 ay “xxxx “ kəndli fermer təsərrüfatı MMC-nin arayışına əsasən xxxx kəndli-fermer təsərrüfatında işlədiyi dövr, 3 il 3 ay “xxxx “ kəndli fermer təsərrüfatı MMC-nin arayışına əsasən “xxxx” kəndli-fermer təsərrüfatı MMC-də işlədiyi dövr, cəmi toplam 27 il 7 ay 21 gün sığorta stajı qeydə alınmışdır. Vətəndaşın 4 il 7 ay 21 gün əyani təhsil müddəti və 1il Oğuz rayonu Kommunizm kolxozunda işlədiyi dövr sığorta stajı kimi nəzərə alınır, lakin 1979-1996-cı illərdə Faxralı kolxozunda işlədiyi dövr, 1997- 1998 illər “xxxx “ kəndli fermer təsərrüfatında işlədiyi dövr və 2002-2005-ci illərdə xxxx fermer təsərrüfatı MMC-də işlədiyi dövr əmək kitabçasında qeyd edilmədiyi üçün sığorta stajı kimi nəzərə alınmır. İddiaçının tələb etdiyi və qeyd edilən arayışlarla təsdiqlənən işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması onun tələb etdiyi illərinin sosial siğorta stajına daxil edilməməsinə əsas ola bilməz. ’’Əmək pensiyaları haqqında” Azərbaycan Respublkasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq,bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənatə gəlir ki, iddiaçının əmək stajı yuxarıda qeyd edilən arayışlarla və iş materiallarındakı digər sənədlərlə təsdiq olunmuş, ümümilikdə iddiaçının topladığı iş stajı 27 il 7 ay 21 gün təşkil etmişdir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” 10 aprel 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İş materiallarında olan Goranboy rayon Dövlət Arxivinin 06.04.2020-ci il tarixli, 43 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Goranboy rayonu Faxralı kolxozunda kolxozçu vəzifəsində 1979-cu il tarixdən 1996-cı il tarixədək işləmiş, həmin arayışda İddiaçı adamgünü və əmək haqqı alması qeyd olunmuşdur. Goranboy rayon Dövlət arxivinin 15.06.2020-ci il tarixli, 22 nömrəli məktubunda qeyd edilmişdir ki, Fəxralı kolxozun 1973-1983-cü illərdə kişilər üçün adam günü 220, qadınlar üçün isə 160 olmuşdur. 1983-cü ildə kişilər üçün 180, qadınlar üçün isə 130 minimum adamgünü götürülmüşdür. İş materiallarında olan Goranboy rayonu X7 Təsərrüfatı MMC-nin 08.05.2020-ci il tarixli, 13 nömrəli arayışından görünür ki, İddiaçı Goranboy rayonu X7 Təsərrüfatında başçı vəzifəsində 1997-ci il tarixdən 1998-ci il sentyabr ayınadək işləmiş, həmin arayışda İddiaçı əmək haqqı alması qeyd olunmuşdur. İş materiallarında olan Goranboy rayonu X7 Təsərrüfatı MMC-nin 08.05.2020-ci il tarixli, 14 nömrəli arayışından görünür ki, İddiaçı Goranboy rayonu X7 Təsərrüfatı MMC-də başçı vəzifəsində 2002-ci il oktyabr ayından 2005-ci il tarixədək işləmiş, həmin arayışda İddiaçı əmək haqqı alması qeyd olunmuşdur. Azərbaycan Dövlət Aqrar Universitetinin 19.03.2020-ci il tarixli, 12/14 nömrəli arayışının surətində qeyd edilmişdir ki, İddiaçı həqiqətən 1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun kənd təsərrüfatının iqtisadiyyatı və təşkili ixtisasının birinci kursuna qəbul olmuş və 1976-cı il tarixdə Azərbaycan Kənd Təsərrüfatı İnstitunun həmin ixtisas üzrə əyani təhsil formasını birimişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəflərin izahatlarına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar əsaslı olduğundan, iddiaçının iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanılmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 1979-cu il tarixdən 1996-cı il tarixədək Goranboy rayon Faxralı kolxozunda, 15.11.1996-cı il tarixdən 01.05.2002-ci il tarixədək X7 Təsərrüfatında və 01.05.2002-ci il tarixdən 31.12.2005-ci il tarixədək Goranboy rayonu X7 Təsərrüfatı MMC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 1979-cu il tarixdən 1996-cı il tarixədək Goranboy rayon Faxralı kolxozunda, 15.11.1996-cı il tarixdən 01.05.2002-ci il tarixədək X7 Təsərrüfatında və 01.05.2002-ci il tarixdən 31.12.2005-ci il tarixədək Goranboy rayonu X7 Təsərrüfatı MMC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1156/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1156/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver