Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1156/2025 02.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********2059 saylı və xx.xx.2024-cü il tarixli, **********3011 saylı qərarlarının ləğv ediməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ailəsinin maddi vəziyyəti ağır olduğundan Gəncə şəhərində obyekt götürüb işlətmək qərarına gəlmişdir. Bu məqsədlə Gəncə şəhəri, Nizami prospekti, 2A ünvanında yerləşən “Tombik dönər” adlı obyekti 15 fevral 2024-cü il tarixdən etibarən icarəyə götürmüş və kafe-dönərxana kimi işlətməyə başlamışdır. Onun kafesində 3 nəfər işçi var: kassir, dönərçi və aşpaz. Hər bir işçi ilə ilk gündən əmək müqaviləsi bağlamış və obyekti kassa aparatı ilə və post terminalla təchiz etmişdir. İddiaçı hər ay vaxtlı-vaxtında vergilərini və digər ödənişlərini edir. xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 3 nəfər əməkdaşı onun işlətdiyi obyektə gələrək baxış keçirmişlər. Kafedə dönər (fırın) aparatının naqilləri xarab olduğu üçün işçilər həmin gün usta-elektrik çağırmışlar. Vergi İdarəsinin əməkdaşları gələn vaxt usta-elektrik fırın aparatını təmir edirmiş. Verginin əməkdaşları heç bir araşdırma aparmadan elektrik ustasını fırınçı kimi qəbul etmiş, əmək müqaviləsi olmadan işçi işlədilməsi barədə Akt tərtib etmişlər. İddiaçı həmin vaxt müalicəsi ilə bağlı Bakı şəhərində olmuşdur. Bundan başqa elə həmin gün Verginin digər bir əməkdaşı içəriyə daxil olaraq bir ədəd dönər sifariş verərək, dönərin pulunu kassirə vermiş, həmin vaxt obyektdə başqa müştərilər olduğu üçün kassir pulu kassaya vurmağı bir az gecikdirmiş, şərti müştəri isə çekini gözləməyib obyekti tərk etmişdir. Bundan sonra Verginin əməkdaşları dərhal obyektə daxil olmuş və bu barədə Akt tərtib etmişlər. Nəticədə iki Akta görə iddiaçıya obyekt sahibi kimi 3000 (üç min) manat, 1000 (bir min) manat qəbzə görə, 2000 (iki min) manat isə əmək müqaviləsiz işçiyə görə cərimə yazılmışdır. O, hər iki qərarla razı deyil. Buna görə hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3584/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş ərizə təmin olunmuş, İddiaçı dövlət hesabına vəkillə təmin edilmişdir. Cavabdehin etirazı Cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və iddianın rədd edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı (VÖEN: **********) cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********2059 nömrəli və xx.xx.2024-cü il tarixli **********3011 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən mübahisələndirilən qərar İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddianın predmetini təşkil edir. xx.xx.2024-cü il tarixli **********2059 nömrəli qərar Vergi Məcəlləsinin 58.10-cü maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsi iddiaçının işə cəlb etdiyinə görə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmişdir. Sözügedən qərarla 2000 manat maliyyə sanksiyası olmaqla İddiaçı vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli **********3011 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən isə İddiaçı Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən 1000 manat məbləğində maliyyə sanksiyası olmaqla vergi məsuliyyətinə cəlb olunmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt əsaslı və qanuni formada qəbul edilmişdir. Həm işin faktiki halları, həm də hüquqi əsaslarına görə qeyd edilməlidir ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. İşin faktiki halları ilə bağlı qeyd edilir ki, cavabdeh inzibati orqan olan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları vergi qanunvericiliyində əks olunmuş və vergi orqanlarına verilmiş hüquqi səlahiyyət çərçivəsində hazırkı iş üzrə iddiaçının Gəncə şəhəri, Nizami 2A ünvanında fəaliyyət göstərdiyi təsərrüfat subyektində (“Tombik” kafedə) operativ vergi nəzarəti tədbiri həyata keçirmişdir. xx.xx.2024-cü il tarixli **********1830 nömrəli qərar Vergi Məcəlləsinin 50.1.7-ci maddəsində əks olunmuş Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi və Vergi Məcəlləsinin 50.1.3-cü maddəsində əks olunmuş pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələləri üzrə operativ vergi nəzarətini əhatə etmişdir. Operativ vergi nəzarəti tədbiri KY242110747 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmışdır. Operativ vergi nəzarətinin həyata keçirilməsi həvalə olunmuş Baş İdarənin (cavabdeh inzibati orqan) əməkdaşları-S.Cənnətov, T.Əliyev, İ.Kusayev barədə məlumatlar müvafiq reyestrə daxil edilmişdir. Vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatda olan hazırkı işdə İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi kafedə (Obyektin kodu:**********-23001) xx.xx.2024-cü il tarixdə operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Həyata keçirilmiş yoxlama nəticəsində 1 (bir) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb edilməsi faktı aşkar edilmiş və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli DVX seriyalı 002114 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Vergi nəzarəti tədbiri aparılan zaman vergi ödəyicisi obyektdə olmamış, onunla mobil telefon vasitəsilə əlaqə saxlanılmış və Bakı şəhərində olduğu bildirilmişdir. Bu səbəbdən onun əmək müqaviləli işçisi X7 qərar və çıxarışla tanış edilmişdir. Vergi ödəyicisi yoxlama keçirilən zaman Gəncə şəhərində olmadığından aktları imzalaması mümkün olmamışdır. Qeyd olunan məlumatları iddiaçı iddia ərizəsində də qeyd etmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı həmçinin o da müəyyən edilmişdir ki, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən cəlb edilmiş işçi ünvan 3 ünvanında qeydiyyatda olan Şahid (FİN KOD: xxxxxxx) fırınçı işinə cəlb edilmişdir. İddiaçı iddia ərizəsində Şahid fırınçı deyil, dönər aparatının naqilləri xarab olduğundan çağırılan elektrik ustası olduğunu iddia etsə də, iş materiallarına əlavə olunmuş Şahid izahatından aydın olur ki, o heç də elektrik ustası deyil, fırınçı olaraq “Tombik Kafe”də işləyir. Belə ki, onun izahatından aydın olur ki, Şahid xx.xx.2024-cü il tarixindən “Tombik Kafe”də fırınçı olaraq çalışır. Gündəlik olaraq 20 manat əməkhaqqı alır. İş saatları 09:00-21:00 arası təşkil edir. Müəssisənin rəhbəri olaraq İddiaçı tanıyır. Hər hansı səbəbdən (ailə, şəxsi və s) işə gəlmədikdə bununla bağlı müdiriyyətdən icazə alır. Qeyd olunan halları iş materiallarına əlavə edilmiş Şahid izahatı və fotoşəkillər də sübut edir. Aydın olur ki, İddiaçı ilə Şahid arasındakı münasibətlər əmək münasibətləri olmuşdur. Həmçinin iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2024-cü il tarixli **********3011 nömrəli qərara əsasən vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli **********1830 nömrəli qərar əsasında yoxlanılan digər bir məsələ Vergi Məcəlləsinin 50.1.3-cü maddəsində əks olunmuş pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması ilə bağlı olmuşdur. “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli 022974 nömrəli Akta əsasən xx.xx.2024-cü il tarixdə saat 11:30-da Gəncə şəhəri Nizami 2A ünvanda yerləşən və fərdi sahibkar İddiaçı istifadəsində olan “Tombik Kafe”də müştəri tərəfindən alınmış 1 (bir) ədəd lavaşda toyuq dönəri və 1 (bir) ədəd ayran üçün ödənilmiş 2.80 (2 manat 80 qəpik) manat nağd pulun müqabilində NKA-ya çek vurulmamış və müştəriyə təqdim olunmamışdır. Bununla da əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Uçotdan yayındırılmış məbləğ operativ vergi nəzarəti zamanı NKA-ya bərpa olunmuşdur. 723 nömrəli bərpa çeki iş materiallarına əlavə edilir. İddia ərizəsində dönərin pulunun kassaya verildiyi, lakin həmin vaxt obyektdə müştərilər çox olduğundan kassirin məbləği kassaya daxil etməyi gecikdirdiyi və müştəri isə çeki gözləmədən obyekti tərk etdiyi qeyd edilmişdir. Bununla bağlı bildirilmişdir ki, nağd ödənilmiş məbləğin kassaya mədaxil edilməməsi vergi hüquq pozuntusunun törədilməsi əsasını təşkil edir. Həmçinin Mülki Məcəllənin 614.1-ci maddəsinə əsasən pərakəndə alğı-satqı müqaviləsinə görə malların pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 615-ci maddəsinə əsasən əgər pərakəndə alğı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alğı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. Hazırki işin hallarından aydın olur ki, satıcı alıcıya məhsulu təqdim etsə də, nağd ödənilmiş məbləği kassaya mədaxil etməmiş və alıcıya kassa çekini təqdim etməmişdir. Beləliklə, o, törədilmiş əmələ görə 1000 manat məbləğində maliyyə sanksiyasına cəlb olunmuşdur. İddiaçı iddia ərizəsində hər iki məsuliyyət qərarını mübahisələndirsə də, yuxarıda sadalanan dəlillərdən aydın olur ki, qərarların hər ikisi tam əsaslı və qanunidir. Məhkəmə icraatı iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İşin halları xx.xx.2024-cü il tarixli, **********1830 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən, İddiaçı məxsus olan Tombik Kafe adlı obyektdə 1. Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışdan görünür ki, Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı məxsus olan obyektdə Vergi Məcəlləsinin 50.2.4-cü maddəsinə vergi orqanlarının Vergi Məcələsinin 50.1 maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsasın olmasına əsasən cari fəaliyyətlə əlaqədar plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 022974 nömrəli “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktdan görünür ki, 22 may 2024-cü il tarixdə saat 11:30-da ünvan 5 ünvanında yerləşən və İddiaçı istifadəsində olan “Tombik Kafe”də müştəri tərəfindən alınmış 1 (bir) ədəd lavaşda toyuq dönəri və 1 (bir) ədəd ayran üçün ödənilmiş 2.80 (iki manat səksən qəpik) manat nağd pulun müqabilində NKA-ya çekin vurulmadığı, müştəriyə təqdim olunmadığı, bununla da əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydasının pozulması müəyyən olunmuş, uçotdan yayındırılmış məbləğ NKA-ya bərpa olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.9 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3 bəndinin tələblərini pozmuş və buna görə onun barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Tombik Kafe barəsində olan xx.xx.2024-cü il tarixli 11:37 vaxtlı X hesabatına əsasən, hesabat dövrü xx.xx.2024, dövriyyə 0.00; xx.xx.2024-cü il tarixli 11:39 vaxtlı Satış 723 nömrəli çekə əsasən, 1 mala görə 2.80 manat nağd ödənilib, gün ərzində vurulmuş 1ci çek. xx.xx.2024-cü il tarixli vergi ödəyicisinin ərazisinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxışın keçirilməsi barədə protokola əsasən, ünvan 5 ünvanında yerləşən təsərrüfat subyektinə (obyektinə) baxış keçirilmiş, baxış 11:40-da başlamış, baxış zamanı əmək müqaviləsiz işlərə cəlb edilmiş 1 (bir) nəfər, Şahid aşkar edilmişdir. Şahid 12 saylı Ərazi Vergilər Baş İdarəsinə verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, xx.xx.2024-cü il tarixdən “Tombik Kafe”də fırınçı vəzifəsində çalışır. İşə daxil olarkən müdriyyətlə danışmış, müdriyyətə özünə aid olan heç bir sənəd təqdim etməmiş, işə girərkən ona əmək müqaviləsi ilə bağlı heç bir sənəd verilməmiş, kafenin rəhbəri kimi İddiaçı tanımışdır. Gündəlik nağd qaydada 20 manat ödəniş alır, gündəlik iş saatı səhər saat 09:00-dan 21:00-a qədərdir. xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 002114 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktdan görünür ki, 22 may 2024-cü il tarixdə saat 11:45-də ünvan 5 ünvanında yerləşən “Tombik Kafe”də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. Akta əlavə edilmiş əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin siyahısına əsasən, fiziki şəxs Şahiddur. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2059 nömrəli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2024-cü il tarixədək 2000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3011 nömrəli qərarı ilə X13 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2024-cü il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, o, Gəncə şəhərində yaşayır. “Tombik dönər” adlı kafedə işləyir. İddiaçı onun xalasının yoldaşı, həmçinin müdiridir. Şahid kafeyə fırında yaranan problemlə bağlı onu düzəlmək üçün usta kimi gəlmişdir. İddiaçı həmin vaxt Bakıdan gəlirdi. Usta bir müddət İddiaçı gözlədikdən sonra fırını düzəltmədən çıxıb getmişdir. Obyektdə həmişə müştəridən alınan pul kassa aparatına vurulur. O, müştəridən alınan 2.80 manat pulu kassaya vurmuş, lakin müştəri çeki gözləmədən çıxıb getmişdir. Daha sonra həmin müştəri təkrar həmin obyektə qayıdaraq özünü vergi əməkdaşı kimi təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, Gəncə şəhərində yaşayır. “Tombik dönər” adlı kafedə işləyir. İddiaçı onun müdiridir. “Tombik dönər” adlı obyektdə fırın çox istifadə olunmur deyə fırınçıya ehtiyac olmur. Şahid kafeyə fırın xarab olduğu üçün onu düzəlməyə görə usta kimi gəlmişdir. O, həmin şəxsi tanımır və obyektdə birinci dəfə idi ki, görmüşdür. Kafedə hər müştəriyə münasibətdə alınan pul kassaya vurulur. Həmin gün də alınan pul kassaya vurulmuş, lakin müştəri çeki almadan çıxıb getmişdir. Obyektdə hər şey qanuni şəkildədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, o, Gəncə şəhərində yaşayır. “Tombik dönər” adlı kafedə işləyir. İddiaçı onun müdiridir. O, fırında işləyir və 300 manat əmək haqqı alır. Şahid kafeyə fırın xarab olduğu üçün usta kimi onu düzəltməyə gəlmişdir. Usta kafeyə bir gün gəlmiş, fırını düzəltmiş və çıxıb getmişdir. Müştəridən alınan pulun kassa aparatına vurulması ilə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, İddiaçı tanımır. “Tombik dönər” adlı obyektdə fırınçı kimi işləməmişdir, orada olan fırın xarab olduğu üçün ona zəng olunmuş və o, kafeyə fırını təmir etmək üçün getmişdir. Əvvəlcədən 20 manat məbləğində zəhmət haqqı tələb etmişdir. O, usta kimi həmin obyektə gələrək fırına baxış keçirmiş və fırını 2 3 gün ərzində düzəldə biləcəyini demişdir. Daha sonra ona 25 manat ödəniş edilmişdir. Onun qızı xəstə olduğu üçün günəmuzd işlərdə çalışır. Əvvəllər fəhlə və dönərçi kimi işləmişdir. Son 1 ildir və hal-hazırda ustalıqla məşğul olur. Obyektdə olan zaman vergi orqanının əməkdaşları gəlmiş, ona izahatında obyektdə fırınçı işlədiyini yazmağı bildirmiş, o etiraz etdikdə isə yazmayacağı təqdirdə, cərimə olunacağını bildirmişlər. O, isə məcbur olub o cür izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, vergi orqanında işləyir. İddiaçı tanımır və obyektdə görməmişdir. Digər əməkdaşla birgə müvafiq qərarla operativ vergi nəzarətini həyata keçirmişlər. İlk öncə onlar obyekti kənardan müşahidə etmişlər. Bir müştəri obyektdən çıxdıqdan sonra onlar müştəriyə yaxınlaşıb vəsiqələrini təqdim edərək suallar vermişlər. O, müştəridən nə aldığını və ona çek təqdim edilibedilmədiyini soruşmuş, müştəri isə cavabında təqdim edilmədiyini bildirmişdir. Bundan sonra obyektə daxil olub opertiv vergi nəzarətinin keçirilməsi barədə qərarı təqdim etmişlər. Qərarı alan X9 idi və çıxarışla da o, tanış olmuşdur. İşçi bildirmişdir ki, vergi ödəyicisinin özü obyektdə yoxdur. Ona görə də onunla telefonla əlaqə saxlanılmış və obyektdə nöqsanların mövcud olduğu nəzərə çatdırılmışdır. O, Şahid obyektdə nə işlədiyini görməmiş, sonuncunun izahatı digər əməkdaş tərəfindən alınmışdır. Ümumiyyətlə tərəflərindən heç vaxt güc tətbiq etməklə izahat alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, o, digər əməkdaşla birlikdə müvafiq qərara əsasən operativ vergi nəzarətini həyata keçirmişlər. İlk öncə obyekti müşahidə etmişlər. Obyektdə müştəri olmuş, bir dönər və bir ayran almış, lakin çek müştəriyə təqdim olunmamışdır. Həmin müştəri adi vətəndaş olmuşdur. Sonra obyektə daxil olmuş, orda da bir nəfər əmək müqaviləsiz işçi aşkar edilmiş və bununla bağlı akt tərtib edilmişdir. Şahid izahatını o almış, izahatı alınarkən Əbülfəzə heç bir güc tətbiq olunmamış, o cür izahatı özü vermişdir. Əbülfəz adi geyimdə olmuş, əynində hər hansı forma olmamışdır. Əmək müqaviləsi bildirişləri barədə məlumat qrafiklərindən görünür ki, Şahid xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək əmək müqaviləsi əsasında aşbaz işləmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Şahid vergi orqanında vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin elektron informasiya sisteminin məlumat bazasına əsasən, Şahid əmək müqaviləsi əsasında hər hansı bir yerdə işləmədiyi müəyyən edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.2. Operativ vergi nəzarətinin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.5. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39 –49cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. 50.8. Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: 50.8.1. vergi ödəyicisinin adı; 50.8.2. VÖEN; 50.8.3. çekin vurulmasının tarixi və saatı; 50.8.4. təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan; 50.8.5. malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin dərəcəsi və məbləği); 50.8.6. cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi; 50.8.7. nəzarət-kassa aparatının markası və zavod nömrəsi. 50.8.8. nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti). 50.8.9. malın sürətli məlumat kodu (X22); 50.8.10. ödənilmiş məbləğ; 50.8.10-1. avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ; 50.8.11. müştəriyə qaytarılan məbləğ (malın və ya xidmətin (işin) dəyərindən artıq ödənilən hissə üzrə); 50.8.12. nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc); 50.8.13. ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı); 50.8.14. çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş); 50.8.15. nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi; Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.7. Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarətkassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında uçota alınmamış və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçı tərəfindən iddia müddətinə riayət olunması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, cavabdeh Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********1830 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərara əsasən, İddiaçı məxsus olan Tombik Kafe adlı obyektdə, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək (xx.xx.2024-cü il tarixi daxil olmaqla) cari fəaliyyətlə əlaqədar növbədənkənar operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. Həmin qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 002114 nömrəli aktdan görünür ki, 22 may 2024-cü il tarixdə saat 11:45-də ünvan 5 ünvanında yerləşən “Tombik Kafe”də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunmuş, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2059 nömrəli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli, DVX seriyalı, 022974 nömrəli aktdan görünür ki, 22 may 2024-cü il tarixdə saat 11:30-da ünvan 5 ünvanında yerləşən və İddiaçı istifadəsində olan “Tombik Kafe”də müştəri tərəfindən alınmış 1 (bir) ədəd lavaşda toyuq dönəri və 1 (bir) ədəd ayran üçün ödənilmiş 2.80 (iki manat səksən qəpik) manat nağd pulun müqabilində NKA-ya çekin vurulmadığı, müştəriyə təqdim olunmadığı müəyyən olunmuş və 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3011 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hazırda cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2059 nömrəli və xx.xx.2024-cü il tarixli **********3011 nömrəli qərarlarının ləğv edilməsini xahiş edir. Məhkəmə əvvəla iddia tələbinin cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********2059 nömrəli qərarının ləğv edilməsi hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 22 may 2024-cü il tarixdə saat 11:45-də ünvan 5 ünvanında yerləşən “Tombik Kafe”də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsin, Şahid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar olunmuşdur. Şahid operativ vergi nəzarəti tədbiri zamanı 12 saylı Ərazi Vergilər Baş İdarəsinə verdiyi izahatında, o, xx.xx.2024-cü il tarixdən “Tombik Kafe”də fırınçı vəzifəsində çalışdığını, gündəlik nağd qaydada 20 manat ödəniş aldığını, gündəlik iş saatının səhər saat 09:00-dan axşam saat 21:00-a qədər olduğunu bildirmişdir. Lakin məhkəmə tədqiqatı zamanı Şahid qeyd olunan obyektdə fırınçı kimi işləmədiyini, orada olan fırın xarab olduğu üçün təmir etmək üçün getdiyini, fırını 2 3 gün ərzində düzəldərək 25 manat ödəniş aldığını, operativ vergi nəzarəti tədbiri zamanı verdiyi izahatı vergi orqanının əməkdaşları tərəfindən məcbur edilməklə verdiyini qeyd etmişdir. Göründüyü kimi Şahid ifadələri arasında ziddiyyətlər mövcuddur. Məhkəmə iddiaçının Şahid kafedə fırınçı kimi işləməməsi, kafeyə fırını düzəlmək üçün usta kimi gəlməsi əsası ilə razılaşmır. Eyni zmanda Şahid məhkəmə iclasında verdiyi ifadəsini inandırıcı hesab etməyərək qeyd edir ki, məhkəmə iclasında dindirilmiş digər şahidlərin ifadələri arasında da ziddiyyətlər vardır. Belə ki, “Tombik Kafe”nin işçiləri olan, şahid qismində dindirilən şəxslər Şahid kafeyə fırında yaranan nazsazlıqla bağlı onu təmir etmək üçün usta kimi gəldiyini bildirsələr də, X1 Mürsəlovun fırını düzəltmədən çıxıb getdiyi, X5 isə fırını düzəltiyini bildirmişdir. Həmçinin Şahid kafedə 2-3 gün olduğunu qeyd etmiş, lakin şahid Kəmalə Tağıyeva onun kafeyə bir gün gəldiyini göstərmişdir. Bundan başqa Şahid usta kimi fəaliyyət göstərdiyini bildirsə də, iş materiallarından müəyyən olunur ki, sonuncu hal-hazırda əmək müqaviləsi əsasında hər hansı bir yerdə işləmir, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi əsasında aşbaz işləmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Şahid artıq usta kimi fəaliyyət göstərməsi həqiqətə uyğun deyil. Məhkəmə cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********3011 nömrəli qərarı ilə bağlı isə aşağıdakıları qeyd edir. Cavabdeh tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı həmçinin 22 may 2024-cü il tarixdə saat 11:30-da ünvan 5 ünvanında yerləşən və İddiaçı istifadəsində olan “Tombik Kafe”də müştəri tərəfindən alınmış 1 (bir) ədəd lavaşda toyuq dönəri və 1 (bir) ədəd ayran üçün ödənilmiş 2.80 (iki manat səksən qəpik) manat nağd pulun nəzarət kassa aparatına vurulmadığı, müştəriyə çekin təqdim olunmadığı müəyyən olunmuşdur. Məhkəmə iddiaçının tələbinin müştəri tərəfindən alınmış 1 ədəd dönər və 1 ədəd ayran üçün ödənilmiş 2.80 manat pulun nəzarət kassa aparatına vurulacağını, lakin digər müştərilərin olması və vergi orqanı əməkdaşlarının obyektə daxil olmasından sonra pulun vurulmasının mümkün olmaması, yəni vaxtın çatmaması əsası ilə də razılaşmır. Belə ki, qanunvericiliyin tələbinə görə, müştəri tərəfindən mal alınıb pulun təqdim olunmasından sonra vergi ödəyicisi tərəfindən həmin pul nəzarət kassa aparatına vurulmaqla müştəriyə çek təqdim edilməlidir. Məhkəmə hesab edir ki, müştəri malı alıb kafedən çıxana və vergi orqanının əməkdaşları obyektə daxil olana qədər ödənilmiş pulun nəzarət kassa aparatına vurulması üçün kifayət edən vaxtın olması ehtimal edilir. Həmçinin kafedə digər müştərilərin olması vergi ödəyicisi tərəfindən qanunvericiliyin tələbinə riayət etməklə ödənilmiş nağd pulun nəzarət kassa aparatına vurulmasını istisna etmir. Eyni zamanda qeyd olunmalıdır ki, Tombik Kafe barəsində olan xx.xx.2024-cü il tarixli 11:37 vaxtlı X hesabatından görünür ki, hesabat dövrü üzrə xx.xx.2024-cü il tarixdə dövriyyə 0.00 olmuş, vergi orqanı tərəfindən bərpa edilmiş məbləğ üzrə xx.xx.2024-cü il tarixli 11:39 vaxtlı Satış 723 nömrəli çekə əsasən, 1 mala görə 2.80 manat nağd ödənilmiş və həmin çek gün ərzində vurulmuş 1-ci çek olmuşdur. Göründüyü kimi xx.xx.2024-cü il tarixdə nəzarət kassa aparatına sonradan vurulmuş 2.80 manat məbləğ üzrə çek gün ərzində vurulmuş 1-ci çek olmuşdur. Lakin məhkəmə iclasında dindirilmiş şahid X8 və X4 müştəridən alınan 2.80 manat pulun kassaya vurulduğunu, lakin müştərinin çeki gözləmədən çıxıb getdiyini bildirmişlər. Göründüyü kimi həqiqətdə olan vəziyyətlə şahidlərin ifadələri arasında ziddiyyət mövcuddur. Belə olan halda məhkəmə iddiaçının cavabdehin qeyd olunan qərarının ləğv olması tələbi ilə bağlı gətirdiyi əsasını həqiqətə uyğun hesab etmir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qərarları maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməklə qəbul edilmişdir. Odur ki, İddiaçı tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1156/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1156/2025
02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver