Məhkəmə qərarları › İş №2-1(114)-1157/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1157/2021

09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1157/2021 09.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, iddaçı X2 iştirakı ilə, iddiaçı X4 cavabdeh Tərtər rayon Tərtər Bələdiyyəsinə qarşı Tərtər şəhəri, R.Kərimov küçəsində yerləşən kiçik sahibkarlıq üçün 19,72 kv.m torpaq sahəsinə alqısatqı aktının və sahəseçmə aktı sənədlərinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X4 (bundan sonra mətndə iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və Tərtər rayonu Tərtər Bələdiyyəsinə qarşı 22.07.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər şəhəri, R.Kərimov küçəsində yerləşən kiçik sahiblarlıq üçün 19,72 kv.m torpaq sahəsinə alqı-satqı aktının və sahəseçmə aktı sənədlərinin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 30.11.2020-ci il tarixi, 2-1(114)- 1521/2020 nömrəli qərardad ilə iddia mümkün sayılmamışdır. Gəncə İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixi, 2-1(114)-1521/2020 nömrəli qərardadından iddiaçı X1 Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişdir. Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş 04.03.2021-ci il tarixli, 2- 1(104)-294/2021 nömrəli qərardad ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(114)-1521/2020 nömrəli qərardadı ləğv edilmiş və iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçı 03.06.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində qoyduğu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin cavabdeh qismindən çıxarılaraq, 19,72 kv.m alqı-satqı aktı və sahəseçmə aktı sənədlərinin verilməsi vəzifəsinin Tərtər rayon Tərtər Bələdiyyəsinin (bundan sonra mətndə cavabdeh) üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş 03.06.2021-ci il tarixi, 2- 1(114)-1157/2021 nömrəli qərardad ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmişdir. İddiaçı X4 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Tərtər şəhərində doğulub, orada böyümüşdür və bərbərlik fəaliyyəti ilə məşğul olur. Ona görə də, Tərtər şəhərində özünə bərbərxana tikdirməyi qərara almış və bu məqsədlə 16 noyabr 2006-cı ildə ərizə ilə Tərtər Rayon İcra Hakimiyyətinə və Tərtər rayonu Tərtər bələdiyyəsinə müraciət etmişdir. 27 noyabr 2006-cı ildə 5 nömrəli qəbzlə Tərtər rayon Tərtər bələdiyyəsinin hesabına, “Kapital Banka” 79 manat pul ödəmişdir. 13 dekabr 2006- cı il tarixdə Tərtər rayonu Tərtər bələdiyyəsinin üzvlərinin iclasında digər məsələlərlə bağlı onunda ərizəsinə baxılmış və ərizəsi nəzərə alınaraq sahibkarlığın inkişafı məqsədi ilə bərbərxana tikdirmək üçün Tərtər şəhəri, R.Kərimov küçəsində bələdiyyə mülkiyyətində olan 19.72 kv.m torpaq sahəsinin satılması və satılan 19,72 kv.m torpaq sahəsinin kadastr planının hazırlanıb verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinə tapşırılması, onun Tərtər şəhər Bələdiyyəsinin hesabına alqı-satqı üçün 79 manat pul ödəməsinin nəzərə alınması barədə 14 saylı qərar qəbul edilmişdir. Tərtər rayonu Tərtər bələdiyyəsi 13.12.2006-ci il tarxli 14 saylı qərarın və tikdirəcəyi obyektin eskiz layihəsinin Tərtər Rayon İcra Hakimiyyətinə təqdim olunmasını təmin etmişdir. Tərtər Rayon İcra Hakimiyyəti Tərtər bələdiyyəsi tərəfindən təqdim edilən sənədlərə əsasən torpaq sahəsində bərbərxana açılması üçün 19,72 kv.m torpaq sahəsinin şəhər salma arxitektura normalarına uyğun olduğu üçün satılmasının məqsədəmüvafiq olması barədə rəy vermişdir. Bundan başqa Tərtər Rayon İcra Hakimiyyəti 25 aprel 2007-ci il tarixli qərarla ona Tərtər şəhəri, R.Kərimov küçəsində «Bərbərxana» tikintisi aparılmasına icazə vermiş və qərara alınmışdır ki, Tərtər şəhər sakini X3 şəhərin R.Kərimov küçəsində satılmış 19,72 kv.m torpaq sahəsində şəhərsalma və tikinti norma və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri göstərmək şərti ilə Tərtər Rayon İcra Hakimiyyətinə təqdim olunan obyektin «eskiz layihəsinə» uyğun, ümumi sahəsi 19.72 kv.m, o cümlədən faydalı sahəsi 16,2 kv.m olan bir mərtəbəli «Bərbərxana» tikintisinə icazə verilsin və obyektin eskiz layihəsi təsdiq edilsin, Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin böyük mühəndisi T.Kərimov və Tərtər şəhər İƏV üzrə nümayəndəsi S.Həsənova tapşırılsın ki, tikintinin qanunauyğun aparılmasına nəzarət etsinlər və obyektin tikintisi başa çatdırıldıqdan sonra Ərazi Vergi Müfəttişliyi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən qeydə alınsın. Həmçınin DT və XK-nin Tərtər rayon şöbəsi tərəfindən torpaq sahəsinin kənd təsərrüfatına yararsız olmaqla bərbərxana tikilməsi üçün satılmasının məqsədəmüvafiq olması barədə rəy verilmiş, ona alqı-satqı yolu ilə bərbərxana açılması məqsədi ilə ayrılmış 19,72 kv.m torpaq sahəsinin sxematik planı və Tərtər rayonu Tərtər şəhərinin yerquruluşu planından çıxarış tərtib edilmişdir. Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən 08 may 2019-cu ildə 05 nömrəli icazə ilə Tikinti obyektinin istismarına icazə verilmişdir. Bununla da 19,72 kv.m torpaq sahəsi və üzərində tikilmiş bərbərxana binası həmin vaxtdan, yəni 14 ildən artıqdır onun sahibliyində, istifadəsində və sərəncamındadır. Bələdiyyə tərəfindən satılan torpaq sahəsində tikilmiş obyekt onun adına sənədləşdirilməli, dövlət qeydiyyatına alınmaqla, torpaq və obyekt üzərində mülkiyyət hüququ tanınmalıdır. Ona görə də bu məqsədlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Bərdə Ərazi İdarəsinin 29 iyun 2020-ci il tarixli, **********04 nömrəli məktubuna əsasən torpaq sahəsinin sahəseçmə aktı, alqı-satqı aktı, torpaq sahəsinin plan və ölçü sənədi təqdim olunmadığına görə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. O alqı-satqı aktının bərpa edilməsi üçün Tərtər rayonu Tərtər Bələdiyyəsinə müraciət etmiş, lakin Tərtər Bələdiyyəsinin 15 iyul 2020-ci il tarixli, 116 saylı məktubuna əsasən 13 dekabr 2006-cı il tarixdə Tərtər şəhəri R.Kərimov küçəsində kiçik sahibkarlıq üçün 19,72 kv.m torpaq sahəsinin alqı-satqı aktı, sahəseçmə aktı sənədlərinin Tərtər Bələdiyyəsi tərəfindən verilməsi qanuna müvafiq deyildir. Ona görə də bələdiyyədən alqısatqı yolu ilə aldığı torpaq sahəsini başqa yolla öz adına sənədləşdirib, dövlət qeydiyyatına aldıra bilmədiyi üçün hüquqlarının təmin edilməsi məqsədi ilə məhkəməyə ərizə verməyə məcbur olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 09 avqust 2021-ci il tarixə təyin edilmiş və tərəflərə rəsmi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək Tərtər şəhəri, R.Kərimov küçəsində yerləşən kiçik sahibkarlıq üçün 19,72 kv.m torpaq sahəsinə alqı-satqı aktının və sahəseçmə aktı sənədlərinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Tərtər rayon Tərtər bələdiyyəsinin 13.12.2006-cı il tarixli qərarının surəti; - Tərtər rayon Tərtər bələdiyyəsinin 15.07.2020-ci il tarixli imtina məktubunun əsli; - Tərtər rayon Tərtər bələdiyyəsinin 13.12.2006-cı il tarixli, 14 saylı protokolunun surəti; - Tərtər rayonu Tərtər bələdiyyəsinin 13.12.2006-cı il tarixli, 14 saylı qərarının surəti; - 27.11.2006-cı il tarixli qəbzin surəti; - Tərtər şəhər sakini X2 şəhərin R.Kərimov küçəsində tiktirəcəyi «Bərbərxana»nın eskiz layihəsinin surəti; - Tərtər şəhər sakini X2 şəhərin R.Kərimov küçəsində «Bərbərxana» tikintisi aparmasına icazə verilməsi barədə 25.04.2007-ci il tarixli, 54 nömrəli qərarın surəti; - Tərtər şəhər sakini X3 «Bərbərxana» açılması məqsədi ilə 19.72 kv.m torpaq sahəsi satılması barədə təqdim edilmiş sənədlərə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş rəyin surəti; - Tərtər şəhər sakini X3 «Bərbərxana» açılması məqsədi ilə 19.72 kv.m torpaq sahəsi satılması barədə təqdim edilmiş sənədlərə DT və XK-nin Tərtər rayon şöbəsi tərəfindən verilmiş rəyin surəti; - Tərtər şəhər sakini X3 alqı-satqı yolu ilə «Bərbərxana» açılması məqsədi ilə ayrılmış 19.72 kv.m torpaq sahəsinin sxematik planının surəti; - Məhkəmənin sorğusu əsasında alınmış Tərtər rayon Tərtər bələdiyyəsinin 02.07.2021-ci il tarixli cavab məktubu; - Məhkəmənin sorğusu əsasında alınmış Tərtər rayon Dövlət arxivinin 02.07.2021-ci il tarixli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır və mümkün olmaqla yanaşı əsaslıdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 13 dekabr 2006- cı il tarixdə Tərtər rayonu Tərtər bələdiyyəsinin üzvlərinin iclasında X2 ərizəsinə baxılmışdır. Nəticədə bələdiyyə tərəfindən 13.12.2006-cı il tarixli, 14 nömrəli qərar qəbul edilmiş və nəticədə X2 ərizəsi nəzərə alınaraq sahibkarlığın inkişafı məqsədi ilə bərbərxana tikdirmək üçün Tərtər şəhəri, R.Kərimov küçəsində bələdiyyə mülkiyyətində olan 19.72 kv.m torpaq sahəsinin ona satılması və satılan 19,72 kv.m torpaq sahəsinin kadastr planının hazırlanıb verilməsinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinə tapşırılması, X2 Tərtər şəhər bələdiyyəsinin hesabına alqı-satqı üçün 79 manat pul ödəməsinin nəzərə alınması qərara alınmışdır. Tərtər rayonu Tərtər bələdiyyəsi 13.12.2006-ci il tarxli, 14 saylı qərarı və iddiaçının tikdirəcəyi obyektin eskiz layihəsini Tərtər Rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Tərtər Rayon İcra Hakimiyyəti Tərtər bələdiyyəsi tərəfindən təqdim edilən sənədlərə əsasən torpaq sahəsində bərbərxana açılması üçün 19,72 kv.m torpaq sahəsinin şəhər salma arxitektura normalarına uyğun olduğu üçün satılmasının məqsədəmüvafiq olması barədə rəy vermişdir. Həmçinin Tərtər Rayon İcra Hakimiyyəti 25 aprel 2007-ci il tarixli qərarla X3 Tərtər şəhəri, R.Kərimov küçəsində «Bərbərxana» tikintisi aparılmasına icazə vermiş və qərara alınmışdır ki, Tərtər şəhər sakini X3 şəhərin R.Kərimov küçəsində satılmış 19,72 kv.m torpaq sahəsində şəhərsalma və tikinti norma və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri döstərmək şərti ilə Tərtər Rayon İcra Hakimiyyətinə təqdim olunan obyektin «eskiz layihəsinə» uyğun, ümumi sahəsi 19.72 kv.m, o cümlədən faydalı sahəsi 16,2 kv.m olan bir mərtəbəli «Bərbərxana» tikintisinə icazə verilsin və obyektin eskiz layihəsi təsdiq edilsin, Tərtər Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin böyük mühəndisinə və Tərtər şəhər İƏV üzrə nümayəndəsinə tapşırılsın ki, tikintinin qanunauyğun aparılmasına nəzarət etsinlər və obyektin tikintisi başa çatdırıldıqdan sonra Ərazi Vergi Müfəttişliyi və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bərdə Ərazi İdarəsi tərəfindən qeydə alınsın. Həmçinin DT və XK-nin Tərtər rayon şöbəsi tərəfindən torpaq sahəsinin kənd təsərrüfatına yararsız olmaqla bərbərxana tikilməsi üçün satılmasının məqsədəmüvafiq olması barədə rəy verilmiş, ona alqı-satqı yolu ilə bərbərxana açılması məqsədi ilə ayrılmış 19,72 kv.m torpaq sahəsinin sxematik planı və Tərtər rayonu Tərtər şəhərinin yerquruluşu planından çıxarış tərtib edilmişdir. Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən 08 may 2019-cu ildə 05 nömrəli icazə ilə Tikinti obyektinin istismarına icazə verilmişdir. Bununla da 19,72 kv.m torpaq sahəsi və üzərində tikilmiş bərbərxana binası həmin vaxtdan, yəni 14 ildən artıqdır ki, X2 istifadəsindədir. İddiaçı Tərtər şəhəri, R.Kərimov küçəsində yerləşən kiçik sahibkarlıq üçün 19,72 kv.m torpaq sahəsinə alqı-satqı aktının və sahəseçmə aktı sənədlərinin verilməsi barədə ərizə ilə cavabdeh Tərtər rayon Tərtər bələdiyyəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehin üzərinə torpaq sahəsinə alqı-satqı və sahəseçmə aktının ona verilməsi öhdəliyinin qoyulmasını xahş etmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Tərtər rayon Tərtər bələdiyyəsinin 13.12.2006-cı il tarixli 14 saylı protokolu əsasında X3 bərbərxana açılması məqsədi ilə 19.72 kv.m bələdiyyə mülkiyyətində olan torpaq sahəsi satılması qərara alınmışdır. İş materiallarında olan Tərtər rayon Tərtər bələdiyyəsinin məhkəməyə göndərdiyi 02.07.2021-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsinə dair alqı-satqı aktının, sahəseçmə aktının sənədləri Tərtər rayon Dövlət arxivinə təhvil verilmişdir, lakin Tərtər rayon Dövlət arxivinin 02.07.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, həmin sənədlər arxivdə mövcud deyil. Həmçinin müəyyən olunmuşdur ki, hazırda iddiaçı uzun müddət bələdiyyə tərəfindən satılmış torpaq sahəsini istifadə edir və həmin torpaq sahəsinin zərində bərbərxana inşa etdirmiş, lakin bələdiyyə iddiaçının tələb etdiyi sənədləri torpaq ayırılan zaman ona təqdim etməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun:- - 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.6-cı maddəsinə əsasən Torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. - 6.7-ci maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir.Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. - 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. - 7.3-cü maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir:

1. Fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına;

2. Fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə;

3. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. - 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. - 9.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. - 9.3-cü maddəsinə əsasən bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. - 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. - 20.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, ipotekası, nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun:- - 7-ci maddəsinə əsasən yerli özünüidarəyə dair qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından və qanunlarından Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aktlarından (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasından və qanunlarından, Naxçıvan Muxtar Respublikası müvafiq icra hakimiyyəti orqanlarının aktlarından) ibarətdir. - 30-cu maddəsinin 1-ci bəndinə əsasən vətəndaşların bələdiyyələrə bələdiyyə orqanlarına və onların vəzifəli şəxslərinə fərdi və kollektiv surətdə müraciət etmək hüququ vardır, həmin maddənin 2-ci bəndinə əsasən bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri vətəndaşların müraciətlərinə mahiyyəti üzrə bir ay ərzində cavab verməlidirlər, bələdiyyələr torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslərin ərizələrinə 10 gün müddətində baxırlar. - 33-cü maddəsinin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə torpaqları, bələdiyyə müəssisələri və təşkilatları, bələdiyyə mənzil fondları və qeyri-yaşayış binaları, dövlət və xüsusi mülkiyyətdə olmayan yollar, bələdiyyə təhsil, tibb, mədəniyyət və idman müəssisələri, digər daşınar və daşınmaz əmlak daxildir, həmin maddənin 2-ci bəndinə əsasən bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər. Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan əmlak barəsində mülkiyyət hüququnu bələdiyyələr, Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş hallarda isə bilavasitə əhali həyata keçirir, həmin maddənin 3-cü bəndinə əsasən Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər, həmin maddənin 4-cü bəndinə əsasən Qanuna uyğun olaraq bələdiyyələr yerli əhalinin mənafeyi naminə, bələdiyyənin hüdudları daxilində olan torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə bilərlər. - 48-ci maddəsinin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər, həmin maddənin 2-ci bəndinə əsasən bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz, həmin maddənin 3-cü bəndinə əsasən bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir, həmin maddənin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər, 5-ci bəndinə əsasən bələdiyyə qərarlarının icra edilməməsi qanuna müvafiq surətdə məsuliyyətə səbəb olur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hazırki iş üzrə sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək iddianın təmin edilməsi qətanətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, Tərtər şəhəri, R.Kərimov küçəsində yerləşən kiçik sahibkarlıq üçün 19,72 kv.m torpaq sahəsinə alqı-satqı aktının və sahəseçmə aktı sənədlərinin verilməsi vəzifəsi Tərtər rayon Tərtər Bələdiyyəsinin üzərinə qoyulmalıdır.

N ə t i c ə v i h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Tərtər şəhəri, R.Kərimov küçəsində yerləşən kiçik sahibkarlıq üçün 19,72 kv.m torpaq sahəsinə alqı-satqı aktının və sahəseçmə aktı sənədlərinin verilməsi vəzifəsi Tərtər rayon Tərtər Bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar