Məhkəmə qərarları › İş №2-1(114)-1158/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1158/2020

18.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1158/2020 18.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehAzərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixdə könüllü olaraq Şəmkir Rayon Hərbi Komissarlığına gələrək vətən uğrunda gedən döyüşlərə qatılmaq istəmiş və Seyfəli poliqonuna gətirilərək orada yeni formalaşan N nömrəli hərbi hissəyə qəbul olunmuş, hazırlıq keçəndən sonra döyüş bölgəsinə Gədəbəy rayonuna göndərilmişdir. O dövrdə hərbi hissə döyüşlər gedən ərazidə yerləşmişdir və o, döyüş tapşırığını yerində yerinə yetirmişdir. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçıiddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 1/Ə-3104 nömrəli məktubunun məzmunundan görünür ki, döyüş əməliyyatları aparılan zaman İddiaçı N nömrəli hərbi hissəyə daxil olması barədə hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 190 nömrəli əmri olmadığına, N nömrəli hərbi hissəyə daxil olması barədə hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 21 nömrəli əmri olmadığına və beləliklə 1993-cü ilin iyun ayından 1993-cü ilin dekabr ayına kimi hərbi hissəni özbaşına tərk etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin məqsədəmüvafiq olmadığı bildirilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 9/2-18744 nömrəli arxiv arayışının məzmunundan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 112 nömrəli əmri ilə Seyfəli təlim mərkəzinə ezam olunmuş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 18 nömrəli əmri ilə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərildiyi üçün şəxsi heyətin siyahısından çıxarılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 82 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 07 nömrəli əmri ilə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 01 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, 18-ci maddənin “D” bəndinə əsasən (ailə vəziyyətinə görə) Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarından ehtiyata tərxis edildiyi üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 235 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir RHK-na göndərilmişdir. -Daxili İşlər Nazirliyinin xx.xx.2019-cu il Ə-46636 nömrəli arayışından görünür ki, DİN-in mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən İddiaçı məhkumluğu yoxdur. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, SB/465 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi Xidmətdə olmuşdur. -Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2019-cu il HP01/880 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda təqsirləndirci material və ya cinayət işi müəyyən edilməmişdir. -İddiaçı məxsus НЗ ******* nömrəli xx.xx.1992-ci il tarixli hərbi biletdə sonuncunun 1992-1993-cü illərdə N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli, 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsində göstərilmişdir ki, Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı həqiqətən 1992- 1993-cü illərdə N nömrəli hərbi hissənin tərkibində hərbi xidmətdə olmuş, həmçinin qanuni əsaslarla (N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 235 nömrəli əmri ilə) ehtiyata buraxılmışdır. Lakin cavabdeh orqan onun hərbi hissəni özbaşına tərk etdiyinə görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sözügedən Əsasnamənin qeyd hissəsində döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərdən söhbət gedir ki, hazırki iş üzrə iddiaçının barəsində qeyd olunan cinayətlərə görə cinayət işinin olmasını, eləcə də cinayət məsuliyyətindən azad edilməsini təsdiq edən müvafiq sübutlar cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin1-ci bəndinin Qeyd hissəsində nəzərdə tutulan istisna iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:- -68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -73.1 maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədəöhdəlik qoyur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar