Məhkəmə qərarları › İş №2-1(114)-1159/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1159/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1159/2025 15.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X4, X10, X7,X11 və Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Komunal X1) qarşı “mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısı aparatının xx.xx.1995-ci il tarixli 19 nömrəli orderinə əsasən Gülüstan qəsəbəsi, İİİ mikrorayon ev 1, mənzil 33 də yerləşən 3 otaqdan ibarət 38,05 kv.m olan yaşayış mənzili İddiaçı və onun ailə üzlərinə yaşamaq üçün verilmişdir. Azərbaycan Respublikası Dövlət X5 xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən Gəncə şəhər Polis İdarəsinin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin 10/Xİİ-1994-cü il tarixli birgə iclasının 12 №-li protokolunun qərarına əsasən Gəncə şəhər Polis İdarəsinin DYPŞ-nin mühəndisi 11 A/ll-1979-cu il tarixdən ümumi əsaslarla mənzil növbəsində üçüncü olan İddiaçı Abduləli oğluna Gülüstan qəsəbəsi İİİ mikrorayon 1 №-li binanın 33 №-li sahəsi 38,05 kv. metr olan 3 (üç) otaqlı mənzilinin verilməsi təsdiq edilməsi və həmin şəxsin adına 5 (beş) nəfər ailə üzvüləri ilə birlikdə order yazılması qərara alınmışdır. (Qeyd: Sərəncamda İddiaçı ata adı Abduləli yazılmışdır) İddiaçı (bundan sonra mətndə - iddiaçı) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) müraciət edərək ünvan 1 ünvanında yerləşən 33 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-ci il tarixli, 3-21-3-33/2-6867/2024 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərmişdir ki, binanın istismara yararlı olmadığı həmçinin, Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, Gəncə şəhəri Gülüstan massivi 3-cü mikrorayon 1 saylı bina Birliyinin balansına qəbul edilmədiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək Gəncə şəhər Polis İdarəsinin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin 10/Xİİ- 1994-cü il tarixli birgə iclasının 12 nömrəli protokolunun qərarına əsasən Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 1142 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, həmin Sərəncama əsasən 19 nömrəli Orderlə onun mülkiyyətinə verilmiş, ünvan 2 ünvanında yerləşən 33 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illər Polis orqanlarında işləmiş, X2. Gəncə şəhər Polis İdarəsinin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin 10/Xİİ-1994-cü il tarixli birgə iclasının 12 nömrəli protokolunun qərarına əsasən Gəncə şəhər Polis İdarəsinin DYPŞ-nin mühəndisi kimi 11/Vİİ-1979-cu il tarixdən ümumi əsaslarla mənzil növbəsində üçüncü olduğu üçün, Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 1142 nömrəli Sərəncamı ilə ünvan 2, mənzil 33-də, 3 otaqdan ibarət, 38.05 kv mənzil sahəsi 19 nömrəli Orderlə onun mülkiyyətinə verilmişdir. Həmin mənzil üzərində hüquqların Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinə,souncu tərəfindən imtina cavabı vermişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2024-cü il tarixində X6 tərəfindən verilmiş ərizə ilə müəyyən edilir ki, o, ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı adına bütövlüklə özəlləşdirilməsinə razılıq vermişdir. xx.xx.2024-cü il tarixində X8 tərəfindən verilmiş ərizə ilə müəyyən edilir ki, o, ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı adına bütövlüklə özəlləşdirilməsinə razılıq vermişdir xx.xx.2024-cü il tarixində X4 tərəfindən verilmiş ərizə ilə müəyyən edilir ki, o, ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı adına bütövlüklə özəlləşdirilməsinə razılıq vermişdir. xx.xx.2024-cü il tarixində X11 tərəfindən verilmiş ərizə ilə müəyyən edilir ki, o, ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı adına bütövlüklə özəlləşdirilməsinə razılıq vermişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs X4 məhkəmə iclasında iddia tələbinin təmin edilməsinə etirazının olmadığnı bildirmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Gəncə Şəhəri Nizami Rayonu İcra Hakimiyyəti başçısı aparatının xx.xx.1995-ci il tarixli 19 nömrəli orderinə əsasən Gülüstan qəsəbəsi, İİİ mikrorayon ev 1, mənzil 33 də yerləşən 3 otaqdan ibarət 38,05 kv.m olan yaşayış mənzili İddiaçı və onun ailə üzlərinə yaşamaq üçün verilmişdir. İddiaçı həmin sənədi cavabdeh orqana təqdim etməklə, ünvan 1 ünvanında yerləşən 33 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciət etmiş, cavabdeh orqan binanın istismara yararlı olmaması,Ərazi İdarəsinin arxiv məlumatlarında öz əksini tapmamaması əsası ilə ərizənin icrasından imtina edilmişdir. Məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edərək, aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 1982-ci il redaksiyalı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə görə: Maddə 48. Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Göründüyü kimi, qanunvericilik Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) hüquqların qeydiyyatı üçün əsas qismində dövlət mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini nəzərdə tutmuşdur. Hazırkı işdə də iddiaçıya mənzil verilən dövrdə qüvvədə olan qanunvericiliyə tam müvafiq olaraq Gəncə şəhər Polis İdarəsinin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin xx.xx.1994-ci il tarixli 12 nömrəli protokol qərarına əsasən 04.021995-ci il tarixli orderlə Gülüstan qəsəbəsi, İİİ mikrorayon ev 1, mənzil 33 də yerləşən 3 otaqdan ibarət 38,05 kv.m olan yaşayış mənzili İddiaçı və onun ailə üzlərinə yaşamaq üçün verilmişdir. Göründüyü kimi, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda mənzilin özəlləşdirilməsi ilə bağlı nəzərdə tutulmuş şərtlərin hamısı iddiaçıya münasibətdə ödənilir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Gəncə şəhər Polis İdarəsinin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin 10/Xİİ-1994cü il tarixli birgə iclasının 12 nömrəli protokolunun qərarına əsasən Gəncə şəhər Nizami rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 1142 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, həmin Sərəncama əsasən 19 nömrəli Orderlə İddiaçı mülkiyyətinə verilmiş, ünvan 2 ünvanında yerləşən 33 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar