Məhkəmə qərarları › İş №2-1(114)-116/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-116/2021

04.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-116/2021 04.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “xxxx LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********197970 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2018ci il tarixli, **********165977 nömrəli qərarına əsasən növbəti səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********167538 nömrəli səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Həmin akt əsasında xx.xx.2020-ci il tarixli **********197970 nömrəli qərar qəbul edilmişdir. Qərara əsasən ümumilikdə 278.648.83 manat vergi məbləği hesablanmış və 143.762,01 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. İddiaçı hesab edir ki, qeyd olunanlar əsassızdır. Belə ki, yoxlama xx.xx.2018ci il tarixdə başlamış. xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə 2 dəfə 30 iş günü müddətində uzadılmışdır. 269 gün vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi ilə əlaqədar dayandırılmışdır. Yuxarı vergi orqanının qərarına əsasən 30 gün müddətinə yoxlama aktının tərtibi təxirə salınmışdır. 269 dayandırılmış gündən, MMC rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi səbəbindən 60 gün, vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ya ekspertiza keçirilməsi səbəbindən isə 209 gün təşkil edir. Lakin yoxlama zamanı faktiki olaraq mütəxəssis rəy vermədiyindən və ya ekspertiza keçirilmədiyindən vergi orqanı 209 gün əsassız olaraq yoxlamanın müddətinin dayandırılması barədə qərar qəbul etmiş və bununla da vergi orqanının vəzifəli şəxsləri vəzifə saxtakarlığı edərək Ədliyyə Nazirliyinə təhrif olunmuş məlumatlar təqdim etməklə faktiki olaraq 341 təqvim günü müddətində səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlaması aktının 4-cü səhifəsində qeyd edilmişdir ki, tələb olunan sənədlər yoxlamaya təqdim edilmiş, xx.xx.2019-cu il tarixli protokolla rəsmiləşdirilmişdir. Daha sonra səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, Cəmiyyətin xammal kimi istifadə etdiyi metal tullantıların müxtəlif ərazilərdə yaşayan vergi orqanında uçotda olmayan şəxslərdən alındığı, daxili alış aktları tərtib edilməklə cəmiyyətə təhvil verildiyi müəyyən edilmişdir. Həmin metal tullantılarının faktiki satıcı ilə isə malların alışına dair heç bir sənəd tərtib edilməmişdir. Eyni zamanda metal tullantılarının istehsal ehtiyatı kimi anbara mədaxilinin, anbardan istehsala verilməsi, hazır məhsulun anbara mədaxilinin, satışının uçotu aparılmamış, mövcud qanunvericiliklə əks olunmuş sənədlərlə rəsmiləşdirilməmişdir. Yuxarıda qeyd olunduğu kimi cəmiyyətdə gəlir və xərclərin uçotu aparılmadığından, xərclərin tərkibinə daxil edilən xammalın alış sənədi olmadığından cəmiyyətin 2017-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Qeyd olunmalıdır ki, xx.xx.2017-ci il tarixədək metal tullantılarının istehsal ehtiyatı kimi anbara mədaxilinin, anbardan istehsala verilməsi, hazır məhsulun anbara mədaxilinin, satışının uçotunun aparılmasına imkan verən sənədlərin forması ümumiyyətlə dövlət orqanları tərəfindən müəyyən edilməmişdir. Bundan əlavə səyyar vergi yoxlaması aktında şərti rentabellik tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır ki, bu da əsassızdır. Müəssisə tərəfindən uçot aparıldığı, gəlir və xərclər barədə rəsmi sənədlər tam həcmdə xx.xx.2019-cu il tarixli **********194238 saylı qərar əsasında surətləri xx.xx.2019-cu il tarixli protokolla götürüldüyü halda (səyyar vergi yoxlaması aktının 1.8-ci bəndi), MMC-nin 2017-ci ildə mənfəətini birbaşa müəyyən edə bilməmək qənaətinə gəlinməsi yoxlayıcının qeyri-peşəkarlığına dəlalət edir. İddiaçının nümayəndəsi X2 hazırlıq icraatı iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, müəssisə metalı vergi ödəyicilərindən deyil, əhalidən yığır, belə olan halda isə mübadilənin hər-hansı qaimə ilə rəsmiləşdirməsi mümkün olmur. Cavabdehin nümayəndəsi X6 hazırlıq icraatı iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, məhsulların çeşidi müxtəlif olduğuna görə müxtəlif sahələr üzrə mütəxəssislər dəvət edilmişdir, ona görə də bir neçə dəfə mütəxəssis dəvət edilməsi barədə qərarlar qəbul edilmişdir. Hər qərarla 1 aylıq yoxlama dayandırılır, 1 ayın tamamında yenidən müddətin dayandırılması barədə qərar qəbul edilir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirmişdir ki, səyyar vergi yoxlamasinin keçirilməsi haqqında xx xxxxxxx 2018-ci il tarixli **********165977 nömrəli qərarla “xxxx” LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə tədiyəçisi olduğu vergilər üzrə yanvar 2017-avqust 2018-ci il dövrü əhatə olunmaqla Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması aparılmışdır. Səyyar vergi yoxlaması aktına əsasən 2017-ci il üzrə 276742,52 manat mənfəət vergisinin 2711,84 manat əlavə dəyər vergisinin azaldıldığı, 7,61 manat əmlak vergisinin artıq hesablandğı və Vergi Məclləsinin 58.1-ci maddəsində nəzərdə tutulan huquqpozmalara yol verildiyi müəyyən edilmiş, "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pazulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2020-ci il tarixli, **********197970 nömrəli qərarı ilə vergi ödəyicisi barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə asasən 143762,01 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün yuxarı vergi orqanı tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2018-ci il tarixli, **********170689 saylı və xx.xx.2019-cu il tarixli, **********179136 saylı qərarı ilə “xxxx” LTD MMC üzrə keçirilən yoxlamasının müddəti 2 dəfə 30 iş günü artırılmışdır. Həmçinin Baş idarənin mütəxəssisin dəvət edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********180119 saylı qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi nəzarətinin həyata keçirilməsi üzrə konkret hərəkətlərin aparılması üçün istilik və elektrik cihazları sahəsində xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssisin dəvət edilməsi zərurəti ilə əlaqədar olaraq “Azərekpertiza” Birliyindən mütəxəssis dəvət edilmişdir. Ekspertizanın təyin edilməsi haqqında xx.xx.2019-cu il tarixli, **********180120 saylı qərarı ilə səyyar vergi yoxlamasının aparılması zamanı yaranan sualların aydınlaşdırılması üçün istehsal olunmuş məhsulun və göstərilmiş xidmətin real bazar qiymətinin müəyyənləşdirilməsi sahəsində xüsusi biliklərə malik olan ekspertin cəlb olunması zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ticarət Sənaye Palatasının “Azərekspertiza” Birliyindən ekspert dəvət edilmişdir. Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasında mütəxəssis və ekspert dəvət edildikdə yoxlamanın aparılması dayandırılır. Cəmiyyətdə gəlir xərclərinin uçotu aparılmadığından xərclərin tərkibinə daxil edilən xammalın alış sənədi olmadığından cəmiyyətin 2017-ci il üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmamışdır. Mənfəət vergisinin Vergi Məcəlləsinin 57.4-cü maddəsinə uyğun olaraq hesablanması üçün analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2019-cu il tarixli xidməti məktubla müvafiq şöbəyə müracət olunmuş, alınmış cavab mətubunda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin uçot-baza məlumatlarına əsasən müəyyən edilmədiyi bildirilmişdir. Mənfəət vergisinin yoxlanılması zamanı cəmiyyətin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığına görə Vergi Məcəlləsinin 83.9 maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 55 saylı qərarı tətbiq edilməklə cəmiyyətin 2017-ci il üzrə mənfəət vergisi hesablanmışdır. 2017-ci il üzrə cəmiyyətin ümumi gəlirinin 8736248,34 manat və şərti rentabellik normasının 20% olduğu nəzərə alınmaqla cəmiyyətin mənfəəti 1456041,39 manat müəyyən edilmiş və cəmiyyətə 291208,28 manat mənfəət vergisi hesablanmışdır. Beləliklə cəmiyyət tərəfindən hesabatda göstərilmiş 14465,76 mənfəət vergisi nəzərə alınmaqla yoxlama ilə ümumilikdə 276742,52 manat mənfəət vergisi məbləğinin azaldılması aşkar olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********197970 nömrəli qərarının məzmunundan görünür ki, “xxxx LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən vergi ödəyicisi kimi əlavə hesabladığı vergilərə görə 278.570.51 manat və vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası qismində 143.762,01 manat, ümumilikdə 422332,52 (dörd yüz iyirmi iki min üç yüz otuz iki manat, əlli iki qəpik) manat məbləğində məsuliyyətə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********165977 nömrəli qərarına əsasən vergi orqanının əməkdaşları tərəfindən “xxxx LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinda səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlama xx.xx.2018-ci il tarixdə başlanılmış və xx.xx.2019-cu il tarixdə başa çatdırılmışdır. Yoxlama nəticəsində “xxxx LTD” Məhdud Məsuliyyətli Cəmiyyətində ümumilikdə 276742,52 manat mənfəət vergisi məbləğinin azaldılması, ƏDV üzrə isə 2711,84 manat kənarlaşma, eyni zamanda metal tullantıların istehsal ehtiyatı kimi anbara mədaxilinin, anbardan istehsala verilməsi, hazır məhsulun anbara mədaxilin, satışının uçotu aparılmamış, mövcud qanunvericiliklə əks olunmuş sənədlərlə rəsmiləşdirilməməsi barədə akt tərtib edilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cəmiyyətdə həyata keçirilən səyyar vergi yoxlaması Azərbaycan Respublikası Vergi Məcəllənin 38.2-ci maddəsinin tələblərinə zidd olaraq dayandırma müddətləri çıxılmaqla 131 gün (xx.xx.2018xx.xx.2019=81 gün, xx.xx.2019-xx.xx.2019=28 gün, xx.xx.2019-xx.xx.2019=23 gün) davam etmişdir. Yoxlama xx.xx.2019-cu il tarixdə başa çatmasına və Vergi Məcəllənin 49.1-ci maddəsinə əsasən 10 gün ərzində qərar qəbul edilməli olmasına baxmayaraq qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Həmçinin vergi orqanı xx.xx.2019-cu il tarixdə aktın tərtibi müddətinin ekspertiza keçirilməsi və mütəxəssis dəvət edilməsi əsası ilə 30 gün uzadılması barədə qərar qəbul etsə də həmin tarixdən sonra ekspertiza keçirilməmiş və mütəxəssis dəvət edilməmişdir. Bu hal aktın tərtibi ilə bağlı vaxt qazanmaq üçün formal sənədləşmə aparıldığını deməyə əsas verir. Aktın 1.9.4 və 1.9.5-ci bəndlərində də qeyd edilmişdir ki, yoxlamanın başa çatması ilə bağlı ekspert və mütəxəssis rəyinə zərurət yaranmamışdır. Bundan əlavə xx.xx.2018-ci il tarixli qərarla cəmiyyətin 2017-ci ilin yanvar ayından 2018-ci ilin avqust ayınadək olan dövr üzrə fəaliyyəti yoxlanılmış və vergi ödəyicisinin metal tullantıların istehsal ehtiyatı kimi anbara mədaxilinin, anbardan istehsala verilməsi, hazır məhsulun anbara mədaxilin, satışının uçotunun aparılması sahəsində vergi qanunvericiliyinin pozulması əsası ilə maliyyə sanksiyasına məruz qalmışdır. Halbuki “İstehsal fəliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir və həmin Qaydalara görə ciddi hesabat blanklarının forması Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Bu hal onu deməyə əsas verir ki, hələ mövcud olmayan hesabat blanklarının tətbiq edilməməsi əsası ilə vergi ödəyicisi vergi məsuliyyətinə məruz qalmışdır. Azərbaycan Respublikası Vergi Məcəllənin:- Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində həmin maddədə qeyd olunan qərarlardan birini çıxarır. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxxx 2003-cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı, işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********197970 nömrəli qərar qəbul olunarkən qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Qeyd olunan hal isə vergi orqanının mübahisələndirilən qərarının ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********197970 nömrəli qərar ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar