Məhkəmə qərarları › İş №2-1(114)-116/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-116/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-116/2022 27.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağıırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağıırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinə qarşı şəhid ailəsi statusunun bərpa olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağıırış üzrə Dövlət Xidmətinə qarşı xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin imtinasının qanunsuz hesab edilməsi, 19 aprel 1976-cı ildə Qazax rayonunda doğulmuş X3nun 30 oktyabr 1996-cı il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirməsi ilə əlaqədar aldığı güllə yarasından ölməsi nəzərə alınaraq, ona verilmiş “şəhid ailəsi” statusunun 2007-ci ildən bərpa olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə 2-1(112)-6733/2021 saylı inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsi ilə əvəz edilmiş inzibati işin baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1976-cı il təvəllüdlü oğlu X1 rayonunda doğulmuş, 24 may 1994-cü il ildə Qazax rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. O, Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmət etmiş və həmin hərbi hissədə xidməti vəzifə borcunu yetirməsi ilə əlaqədar aldığı güllə yarasından 30 oktyabr 1996-cı il tarixdə ölmüşdür. Bu barədə olan rəsmi məlumat N saylı hərbi hissə komandiri tərəfindən imzalanmış xx.xx.1996-cı il tarixli, N nömrəli əmrdə qeyd olunmuşdur. Həmin əmrin həqiqətən də tam qanuni olması xx.xx.2020-ci il tarixdə Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş Çıxarışla da təsdiq olunmuşdur. X3 şəhid olduqdan sonra ailələrinə “Şəhid ailəsi” statusu verilmiş və müvafiq müavinətlər ödənilmişdir. Lakin 2007-ci ildə “Şəhid ailəsi” adının verilməsi əsaslarının yoxlanılması adı ilə verilən güzəştlər və müavinətlər dayandırılmışdır. Həmin vaxtdan hal-hazıradək bu vəziyyət davam edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 103 saylı Arayışda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin Şəhid ailəsi üçün Azərbaycan Respublikasının Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında xx.xx.2006-cı il tarixli Fərmanının icrası ilə əlaqədar olaraq Qazax rayon Hərbi Komissarlığında aparılmış araşdırma nəticəsində bir sıra hərbi qulluqçuların ölüm səbəblərini dəqiqləşdirmək üçün sorğular edilmədən “şəhid” hesab edilərək qeydiyyata alındığı məlum olmuşdur. Ona görə də Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən müvafiq sorğulara cavab alınanadək bir sıra hərbi qulluqçularla yanaşı Mehralı Ələsgərova da ailəsinə verilən müavinətlərin dayandırılması barədə DSMF-nin Qazax rayon şöbəsinə xx.xx.2007-ci il tarixli 4/127 nömrəli məktub göndərilmişdir. Həmin vaxtdan (2007-ci ildən) uzun illər keçməsinə baxmayaraq hələ də “Şəhid ailəsi” statusu və bununla əlaqədar olaraq, müavinətlərin ödənilməsi bərpa olunmamışdır. Dəfələrlə müvafiq orqanlara etdiyi müraciətləri, o cümlədən cavabdehə edilən müraciətləri cavabsız qalmış və heç bir müsbət nəticə əldə olunmamışdır. Ona görə də “Şəhid ailəsi” adının verilməsinin bərpa olunması və bununla əlaqədar olan müavinətlərin dayandırıldığı vaxtdan ödənilməsi barədə hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Sonuncu dəfə cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etdiyi müraciətinə xx.xx.2021ci il tarixli, H/1229 saylı məktubla müsbət cavab verilməmiş, “Şəhid ailəsi statusu “nun bərpasından imtina edilmişdir. Həmin imtina məktubunu poçt vasitəsilə xx.xx.2021-ci il tarixdə alınmışdır. Şifahi məhkəmə baxışı iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, X7 şəhidlik statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağıırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin X10 izahat verərək, iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdı. Əvvəlki məhkəmə baxışı iclasında şahid X13 izahat verərək, N saylı hərbi hissədə bölük komandiri işlədiyini, onların bölüyündə rabitəçi olmadığına görə X6 bölüklərinə rabitəçi verildiyini, 30 oktyabr 1996-cı ildə təxminən saat 10 radələrində blindajda olarkən avtomat və qranad səsi eşidildiyini, həmin vaxt onlar blindajdan çıxmağa və nə baş verdiyini öyrənən zaman hadisə zamanı iki hərbiçilərinin şəhid olduğunu, bunlardan birinin X11, digərinin isə X6 erməni diversantlarının hücumunun qarşısını alarkən şəhid olduqlarını bildirmişdir. Əvvəlki məhkəmə baxışı iclasında şahidlər X24, X19, X15 şahid X13 ilə eyni məzmunlu izahat verərək, X11 və X6 erməni diversantlarının hücumunun qarşısını alarkən şəhid olduqlarını bildirdilər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir : - İddiaçıya məxsus AZE 0******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - İV-ЖГ 357089 nömrəli doğum haqqında şəhadətnamənin surəti; - İV-ЖГ 421815 nömrəli ölüm haqqında şəhadətnamənin surəti; - İ-ЖГ 255338 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surəti; - N saylı Hərbi Hissənin komandirinin N nömrəli, xx.xx.1996-cı il tarixli əmrinin arxiv çıxarışının surəti; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağıırış üzrə Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli, H/1229 nömrəli məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağıırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 103 nömrəli və xx.xx.2022-ci il tarixli,687 nömrəli məktubları; - Fizuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli, 17/14-28/1-20 nömrəli, xx.xx.2020-ci il tarixli, 17/1936 nömrəli məktubları; - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli, HPxx/xx-10695 nömrəli və xx.xx.2022-ci il tarixli, HP-xx/xx-9294 nömrəli məktubları; - Azərbaycan Respublikası Hərbi Komissarlığının xx.xx.2007-ci il tarixli, 4168 nömrəli məktubu; - Bakı Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmün surəti; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arxivinin xx.xx.2002-ci il tarixli, 26/2-2992 nömrəli, xx.xx.2007-ci il tarixli, 26/2-6848 nömrəli, xx.xx.2021-ci il tarixli, 4/2-1685 nömrəli, xx.xx.2021-ci il tarixli, 4/2-808 nömrəli məktubları; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 2/1860 nömrəli, xx.xx.2022-ci il tarixli, 1/3964 nömrəli və xx.xx.2022-ci il tarixli, 4/2- 5833 nömrəli məktubları; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağıırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 836 nömrəli məktubu; - Qazax rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/13-280 nömrəli məktubu. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin və məhkəmə sorğusu əsasında Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən göndərilmiş ölüm akt qeydinin surətlərindən görünür ki, X6 30 oktyabr 1996-cı il tarixdə hərbi əməliyyatlar gedən zonada güllə yarasından həlak olmuşdur. İş materialına əlavə edilmiş N saylı hərbi hissənin komandirinin N nömrəli əmrindən çıxarışdan görünür ki, 2 motoatıcı taburun atıcıları X14 və sıravi X11 xidməti vəzifə borclarını yerinə yetirdikləri zaman aldıqları güllə yarasından həlak olduqlarına görə xx.xx.1996-cı il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İş materialına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağıırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 1975-ci il təvəllüdlü X11xx.xx.1993-cü il tarixdə keçmiş İmişli RHK tərəfindən N nömrəli hərbi hissəyə müddətli həqiqi hərbi xidmətə göndərilmiş, xx.xx.1996-cı il tarixdə xidməti vəzifə borcunu yerinə yetirməsi ilə əlaqədar aldığı güllə yarasından həlak olmuş, xx.xx.1996-cı il tarixdən X23 RHK tərəfindən şəhid statusu verilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Həmin Qanunun 4-cü maddəsinə şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X5 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X2 Xidməti, X5 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X5 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: -1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; -11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; -Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; -Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; -Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; -Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. Azərbaycan Respublikası Konsititusiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair Plenum Qərarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı bəndinin “o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər” müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, xx.xx.1976-cı il təvəllüdlü X12 xx.xx.1996-cı il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidməti vəzifə borcunu yerinə yetirməsi ilə əlaqədar aldığı güllə yarasından həlak olmuşdur. Beləliklə işin faktiki hallarına və qanunvericiliyin müvafiq tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı şəhid ailəsi statusunun bərpa edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı şəhid ailəsi statusunun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağıırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar